Alternative content

18:25 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
03:05 20.05.2012

 

Məhkəmə qətnaməsi əsasında pul ödəməli olan şəxs qətnaməni könüllü icra etməsə, onun ölkədən kənara çıxmağı məhdudlaşdırıla bilər?

 

Nadir CƏFƏROV,

Bakı şəhəri

 

- "İcra haqqında" qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin qanunun 84-1.2-ci maddəsinə müvafiq olaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir.

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli, 928 saylı qərarı ilə təsdiq edilmiş "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 2-ci bəndində göstərildiyi kimi, vətəndaş heç bir dövlət orqanı və ya vəzifəli şəxs tərəfindən ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. ...Məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varsa,  pasportu verən müvafiq dövlət orqanının səlahiyyətli şəxsinin qərarı ilə vətəndaşa pasport verilməsindən imtina edilməklə onun ölkədən getmək və ölkəyə gəlmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Vətəndaşın ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas verən hallar ona pasport verildikdən sonra əmələ gəlmişsə, vətəndaşın sərhəd nəzarət məntəqəsinin səlahiyyətli vəzifəli şəxsinin qərarı ilə ölkədən getməsi müvəqqəti məhdudlaşdırılır. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnu məhdudlaşdıran əsaslar qanunla müəyyən edilmiş qaydada aradan qaldırıldıqdan sonra vətəndaş öz hüququnu həyata keçirə bilər.

Odur ki, məhkəmə qətnaməsini könüllü icra üçün müəyyənləşdirilmiş vaxtda üzrsüz səbəbdən icra etməyən şəxsin ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.

 

Şəxsiyyət vəsiqəmi itirmişəm. Yeni şəxsiyyət vəsiqəsi alanadək xarici pasportdan şəxsiyyət vəsiqəmi əvəz edən sənəd kimi istifadə edə bilərəm?

 

Kazım SÜLEYMANZADƏ,

Qobustan rayonu

 

- "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının pasportu (bundan sonra - pasport) Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir.

"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Odur ki, pasport Azərbaycan Respublikasının ərazisindən kənarda, şəxsiyyət vəsiqəsi isə ölkəmizin ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəddir. Bu baxımdan, ölkə ərazisində sizin şəxsiyyətinizi təsdiq edən sənəd şəxsiyyət vəsiqəniz olduğundan pasportunuzun şəxsiyyət vəsiqənizi əvəzləməsi mümkün deyildir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi