Alternative content

05:49 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 317
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 317
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:09 03.09.2016

 

№ 317                                    Bakı şəhəri, 24 avqust 2016-cı il

 

“Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları”nın təsdiq edilməsi barədə

 

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1143-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 29 dekabr tarixli 435 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam Qaydaları” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 24 avqust tarixli 317 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin daxili intizam

 

Q A Y D A L A R I

 

  1. 1.            Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin (bundan sonra – Məcəllə) 85.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 86-cı maddəsinin tələbləri nəzərə alınmaqla hazırlanmışdır və qanunsuz miqrantların saxlanılması mərkəzlərində (bundan sonra - Mərkəz) Məcəllə ilə müəyyən edilmiş qaydada Mərkəzdə yerləşdirilmişəcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin (bundan sonra - əcnəbilər)Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hüquqlarının və qanuni mənafelərinin qorunmasına, onların üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə və saxlanılması şəraitinə yönəldilmiş qaydaları təmin edən rejimi müəyyən edir.

1.2. Mərkəzdə rejim  Mərkəzin rəisi və işçiləri tərəfindən təmin edilir. Onlar qulluq vəzifələrini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 

1.3. Bu Qaydalar Mərkəzin işçiləri, orada saxlanılan əcnəbilər və bu Mərkəzlərə baş çəkən şəxslər üçün məcburidir.

1.4. Mərkəzdə yerləşdirilmişəcnəbilərin Məcəllə ilə müəyyən edilmiş hüquqları daxili intizam qaydaları ilə məhdudlaşdırıla bilməz. 

1.5. Mərkəzdə yerləşdirilmişəcnəbilər Məcəllə ilə onların üzərinə qoyulmuş vəzifələri yerinə yetirməyə və davranış qaydalarına riayət etməyə borcludurlar.

1.6. Mərkəzdə əcnəbilərin yerləşdirilməsi həddi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (bundan sonra – Xidmət) rəisi (Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi) tərəfindən müəyyən edilir. 

1.7. Mərkəzin fəaliyyətinin kompleks yoxlanılması ən azı iki ildə bir dəfə həyata keçirilir. Yoxlamaya Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin əmri ilə təyin edilmiş işçilər cəlb olunurlar.

 

2. Mərkəzin quruluşuna dair ümumi tələblər

 

2.1. Mərkəz orada yerləşdiriləcək əcnəbilərin hüquqi vəziyyəti nəzərə alınmaqla, xüsusi layihələr üzrə tikilir və ərazisində Mərkəzin inzibati binası, nəzarət buraxılış məntəqəsi, ziyarətçilər üçün gözləmə otağı, görüş otağı, fotoçəkilişlərin və daktiloskopik qeydiyyatın aparıldığı otaq, axtarış otağı, yataqxana tipli adi yaşayış binaları, müsahibə otağı, sanitar-təmizləmə otağı, Mərkəzə yeni qəbul edilmiş əcnəbilər üçün ilkin (müvəqqəti) saxlanılma otaqları (karantin yerləri), yeməkxana, kitabxana, istirahət otağı, idman meydançası, uşaqlar üçün oyun meydançası, camaşırxana və hamam, bərbərxana, tibb məntəqəsi, gəzinti üçün yerlər, anbar, qaraj, nəqliyyat vasitələrinin dayanacaq yeri və digər yardımçı xidməti tikililər yerləşir, zəruri avadanlıqlarla və ləvazimatlarla təchiz edilir.

2.2. İdman oyunları üçün lazımi əşyalarla təchiz olunmuş idman meydançası, uşaqlar üçün oyun meydançası və gəzinti üçün yerlər təmiz havada və ya təmiz havanın daxil olduğu yerlərdə təşkil edilir.

2.3. Mərkəzin anbarı yataq ləvazimatlarının, geyim formasının, gündəlik istifadə olunan şəxsi əşyaların və ərzaq məhsullarının, o cümlədən Mərkəzdə saxlanılan əcnəbilərin anbara təhvil verdikləri əşyaların saxlanılması üçün nəzərdə tutulur.

2.4. Mərkəzin ərazisi hündürlüyü 3 metrdən az olmayan hasarla hasarlanır.

 

3. Əcnəbilərin Mərkəzdə saxlanıldıqları binaların yaşayış otaqlarının quruluşu

 

3.1. Mərkəzdə yerləşdirilən əcnəbilər Mərkəzdə saxlanıldıqları binaların yaşayış otaqlarında hər əcnəbi üçün 4 kv.m-dən az olmayaraq yaşayış sahəsi ilə təmin olunurlar.

3.2. Əcnəbilərin Mərkəzdə saxlanıldıqları binalarda yaşayış otaqlarının pəncərələri zərbəyədavamlı materialdan hazırlanır və orada saxlanılan əcnəbinin normal təbii işıqlanma şəraitində oxuması və təmiz hava ilə təmin edilməsi üçün kifayət qədər böyük (0.25 m2-dən az olmayaraq) olmalıdır.

3.3. Yaşayış otaqlarının döşəmələri taxta ilə örtülür, divarları sement qatışığı ilə malalanır və rənglənir. Yaşayış otaqları sanitar qovşağı, istilik sistemi, hər saxlanılan əcnəbi üçün yaşayış sahəsinin normasına uyğun çarpayı, yataq ləvazimatları, stol, oturacaq və dolabla təchiz olunur.

3.4. Mərkəzdə yaşayış otaqlarının qapıları 6 sm qalınlığında olmalıdır. Mərkəzdə məcburi yerləşdirilən və bir nəfərlik xüsusi otaqda saxlanılan əcnəbilərin davranışına nəzarət etmək məqsədi ilə onların saxlanıldığı otaqların qapılarının mərkəzi hissəsində döşəmədən 1,2-1,4 metr hündürlüyündə 28x28 sm ölçüdə pəncərə qoyulur.

3.5. Yaşayış otaqları siqnalizasiya ilə təchiz edilir, radioreproduktor və nəzarətçilərin çağırılması üçün siqnal düymələri quraşdırılır.

3.6. İşıqlandırma avadanlıqları, qızdırıcı radiatorlar Mərkəzdə saxlanılan əcnəbilərin toxunması mümkün olmayan dəmir konstruksiyalarla əhatə olunur, həmçinin elektrik və kommunikasiya xətləri onlar üçün əlçatmayan yerlərdə quraşdırılır.

3.7. Əcnəbilərin Mərkəzdə saxlanıldıqları binaların dəhlizlərində daxili intizam qaydaları, Mərkəzdə yerləşdirilən əcnəbilərin hüquq və azadlıqları, müvafiq dövlət orqanlarının, habelə təşkilatların ünvanları barədə məlumatları əks etdirən lövhələr asılır.

3.8. Daxili intizam qaydalarını pozan Mərkəzdə yerləşdirilən əcnəbilərin saxlanılması üçün bir  nəfərlik xüsusi otaqlar (bundan sonra - bir  nəfərlik xüsusi otaqlar) bu Qaydaların 3.2-3.6-cı bəndlərinin tələblərinə uyğun təşkil edilir. Bir  nəfərlik xüsusi otaqların pəncərələri qaynaq olunmuş metal barmaqlıqla təchiz olunur, qapıları isə xüsusi tipli mexaniki və ya elektromexaniki qıfıllarla təchiz olunmaqla içəri tərəfdən polad təbəqə ilə örtülür.

 

4. Əcnəbinin Mərkəzə qəbul edilərək yerləşdirilməsi, onun qeydiyyatının və şəxsi axtarışının aparılması, əşyalarının yoxlanılması, tibbi müayinədən keçirilməsi və Mərkəzdən

azad edilməsi (və ya buraxılması)

 

4.1. Mərkəzdə yerləşdirilməsi üçün gətirilən və ya gələn əcnəbilər Mərkəzin mühafizə heyətinin rəhbəri – Mərkəz növbətçisi (bundan sonra - Mərkəz növbətçisi), tibb məntəqəsinin həkimi və psixoloq tərəfindən qəbul edilirlər.

4.2. Mərkəzə gətirilmiş əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin (mövcud olduqda) və onun Mərkəzə yerləşdirilməsinə əsas verən sənədlərin yoxlanılması, o cümlədən Mərkəzdə saxlanılan əcnəbilərin uçotu kitabında (1 nömrəli əlavə) qeydiyyatının aparılması və uçot vərəqinin (2 nömrəli əlavə) doldurulması Mərkəz növbətçisinin rəhbərliyi ilə digər növbətçilər tərəfindən həyata keçirilir. Uçot vərəqi Mərkəzdə saxlanılan əcnəbinin şəxsi işinə əlavə edilir.

4.3. Əcnəbinin Mərkəzdə saxlanılması müddəti onun Mərkəzdə yerləşdirilməsi barədə qərara uyğun olaraq, Mərkəzə qəbul edildiyi vaxtdan hesablanır.

4.4. Yanında 3 yaşınadək uşağı olan qadının Mərkəzə qəbul edilməsi üçün uşağın doğum haqqında şəhadətnaməsi və ya qadının həmin uşağın valideyni olduğunu təsdiq edən digər sənədlər, bu sənədlər olmadıqda isə məhkəmənin müvafiq qərarı olmalıdır. 

4.5. Əcnəbilərin Mərkəzə yerləşdirilməsinə əsas verən sənədlərdə göstərilən məlumatlarla onun şəxsiyyətini təsdiq edən sənədlərdəki (mövcud olduqda) məlumatlar uyğun gəlmədikdə və ya Mərkəzə yerləşdirilməsinə əsas verən sənədlərin düzgünlüyünə şübhə yarandıqda, yaxud çatışmazlıq olduqda, Mərkəz növbətçisi dərhal bu haqda Mərkəzin rəisinə məruzə etməklə həmin əcnəbinin Mərkəzə qəbulunu dayandırır və onun Mərkəzə qəbulunun dayandırılmasına səbəb olan halın dəqiqləşdirilməsi istiqamətində tədbir görür. Əcnəbinin Mərkəzə qəbulunun dayandırılmasına səbəb olan hal aradan qalxdıqdan sonra onun Mərkəzdə yerləşdirilməsi barədə qərarda göstərilən müddət nəzərə alınmaqla həmin əcnəbi Mərkəzə qəbul edilir.

4.6. Mərkəzə yeni qəbul edilmiş əcnəbilərin fotoşəkilləri çəkilir və əl-barmaq izlərinin götürülməsi təmin edilir. Fotoşəkillər və izlərin bir nüsxəsi Mərkəzə yeni qəbul edilmiş əcnəbinin şəxsi işinə əlavə olunur və bu barədə müvafiq kitabda qeydlər edilir (3 nömrəli əlavə).

4.7. Mərkəzə yeni qəbul edilmiş əcnəbilər barəsində toplanılmış məlumatlar kompüter məlumat bazasına daxil edilir.

4.8. Mərkəzə yeni qəbul edilmiş əcnəbilər Məcəllə ilə və bu Qaydalarla tanış edilirlər və  bu barədə müvafiq qeydlər aparılır. Bu normativ hüquqi aktların müddəaları (Mərkəzdə saxlanılma rejimi, Mərkəzdə saxlanılan əcnəbilərin  hüquqları və s.) əcnəbilərə onların başa düşdükləri və ya başa düşmələri ehtimal olunan dildə (zərurət olduqda tərcüməçi vasitəsilə) izah olunur.

4.9. Mərkəzdə saxlanılan əcnəbilərə siyahısı bu Qaydalarla (4 nömrəli əlavə) müəyyən edilmiş qadağan olunmuş əşyaların (bundan sonra – qadağan olunmuş əşyalar) hazırlanmasının, saxlanılmasının, gəzdirilməsinin, daşınmasının və ya istifadəsinin, o cümlədən onlar tərəfindən daxili intizam qaydalarının pozulmasının tənbeh tədbirlərinin tətbiqinə səbəb olacağı barədə yazılı iltizam (5 nömrəli əlavə) alınmaqla məlumat verilir, sonra onların üstləri axtarılır və yanlarında olan əşyaları yoxlanılır. Həmin şəxs iltizamı imzalamaqdan imtina edərsə, Mərkəz növbətçisi tərəfindən imtinanın səbəbləri göstərilməklə, akt tərtib edilir. İltizam və ya onun imzalanmasından imtina barədə akt Mərkəzə yeni qəbul edilmiş əcnəbinin şəxsi işinə əlavə edilir.

4.10. Qəbul zamanı əcnəbilərin üzərində şəxsi axtarış, onlara məxsus əşyalara isə baxış keçirilir.

4.11. Əcnəbilər üzərində şəxsi axtarış paltarları soyunmaqla keçirilən tam və ya paltarları soyunmadan keçirilən natamam axtarış formalarda aparılır. Axtarış zamanı xüsusi texniki avadanlıqdan istifadə etmək olar. Rentgen avadanlığından yalnız paltar və əşyaların yoxlanılmasında istifadə olunur.

4.12. Axtarış əcnəbilərin fərdi surətdə üstlərinin axtarılması, eləcə də onların yanında olan əşyaların yoxlanılması ilə həyata keçirilir. Bu axtarış və yoxlamalar onlar hər dəfə Mərkəzə daxil olarkən, Mərkəzdən gedərkən və ya azad edilərkən, habelə təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Mərkəzin rəisi, Mərkəz növbətçisi və ya yoxlama aparan şəxsin göstərişi ilə həyata keçirilir. Axtarış zamanı əcnəbiyə ilk növbədə qadağan olunmuş əşyaları təhvil vermək təklif edilir.

4.13. Mərkəzdə saxlanılan əcnəbi özü ilə hər hansı dərman preparatları gətirdiyi halda, onlardan istifadə olunması ilə əlaqədar qərarı həkim qəbul edir.

4.14. Tam axtarış üstü axtarılanla eyni cinsdən olan şəxs tərəfindən onların bədənini, paltarını, ayaqqabısını diqqətlə nəzərdən keçirməklə yerinə yetirilir. Axtarılan şəxsə üst paltarını, ayaqqabısını, yüngül paltarlarını (alt paltarı istisna olmaqla) çıxarmaq barədə göstəriş verilir. Bundan sonra əl və ayaq barmaqlarının arası, əllərin içi və üstü, dəri örtüyü, qulağın içi, qoltuq altları, ağızın içi, bədəndəki cərrahi tikişlər, həmçinin protezlər nəzərdən keçirilir. Başın saçı daranır. Üstü axtarılan əcnəbinin paltarı, paltarların tikiş yerləri, astarı və digər qat yerləri əllə diqqətlə yoxlanılır. Paltara tikilmiş əşya varsa, həmin yerdən bizlə deşilib çıxarılır. Paltarın ciblərinin, qollarının, eləcə də şalvarların və corabların astarı üzünə çevrilir. Ayaqqabının iç və çöl tərəflərinə baxılır, ayaqqabının dabanları xüsusi olaraq yoxlanılır. Yaşayış otaqlarında  saxlamağa   icazə  verilmiş   əşyalar,  mallar   və   ərzaq   məhsulları, həmçinin   saxlanmaq   üçün   anbara təhvil verilməsi nəzərdə tutulmuş əşyalar diqqətlə yoxlanılır (6 nömrəli əlavə). Axtarış zamanı üstü axtarılan əcnəbi tərəfindən hər hansı bir əşyanın gizlədilməsinin, tullanılmasının və udulmasının qarşısının alınması məqsədi ilə onun hərəkətlərinə ciddi nəzarət olunmalıdır.

4.15. Natamam axtarış üstü axtarılanla eyni cinsdən olan şəxs tərəfindən və paltarlar soyunulmamaqla diqqətlə yerinə yetirilir.

4.16. Axtarış qurtardıqdan sonra yoxlamanı aparan şəxs tərəfindən yoxlamanın nəticəsi haqqında protokol (7 nömrəli əlavə) tərtib olunur və imza edilməsi üçün yoxlanılan şəxsə təqdim edilir. Şəxs imzalamaqdan imtina etdikdə, bu barədə və onların irəli sürdükləri iddialar barədə axtarış protokolunda qeyd aparılır.

4.17. Mərkəzdə saxlanılan əcnəbilərdə qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar tərtib edilmiş axtarış protokolunda müvafiq qeydlər aparılmaqla götürülür və anbara təhvil verilir, yaxud Mərkəz rəisinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bununla əlaqədar əcnəbilərə Məcəllənin 90.1-ci və 90.2-ci maddələrində nəzərdə tutulan tənbeh tədbirlərindən biri tətbiq edilir. Protokol və əşyanın məhv edilməsi barədə Mərkəz rəisinin qərarı əcnəbinin şəxsi işinə əlavə olunur.

4.18. Qadağan edilmiş əşyalar istisna olmaqla, əcnəbilər könüllü olaraq anbarda saxlanılması üçün öz şəxsi əşyalarını, ərzaq məhsullarını və digər malları müvafiq təhvil-təslim aktı əsasında təhvil verə bilərlər. Tərtib edilmiş akt əcnəbinin şəxsi işinə əlavə edilir.

4.19. Mərkəzdə saxlanılan əcnəbilərdən götürülüb anbara təhvil verilmiş əşyalar və ya ərzaq məhsulları yaxşı vəziyyətdə saxlanılmalıdır. Təhvil verilmiş əşyaların və ya ərzaq məhsullarının təbii səbəblərdən anbarda saxlanılması mümkün olmadıqda, onların məhv edilməsi barədə qərar qəbul edilir və bu barədə Mərkəzdə saxlanılan əcnəbiyə məlumat verilir.

4.20. Mərkəzdə saxlanılan əcnəbi bir Mərkəzdən başqa Mərkəzə keçirildikdə, həmin əcnəbilərdən götürülmüş əşyalar və könüllü olaraq anbarda saxlanılması üçün təhvil verdikləri əşyalar siyahıya alınaraq, onları qəbul edən Mərkəzə göndərilir.

4.21. Mərkəzdə saxlanılan əcnəbilərin könüllü olaraq anbara təhvil verdikləri əşyaları və ya ərzaq məhsullarını onların öz vəsatətləri ilə Mərkəz rəisinin qərarı əsasında yaxın qohumlarına və ya digər şəxslərə onların razılığı olduqda verilir.

4.22. Mərkəzdə saxlanılan əcnəbilər vəfat etdikdə, ona məxsus əşyalar Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin şəxsin varisinə verilir və bu barədə təhvil-təslim aktı tərtib olunur. Akt vəfat etmiş əcnəbinin şəxsi işinə əlavə edilir.

4.23. Mərkəzə yeni qəbul edilmiş əcnəbilər mövcud sanitar-epidemioloji normalarla müəyyən edilmiş qaydada tibbi müayinədən və eynicinsli şəxslər tərəfindən sanitar təmizləmədən keçirilir, münasib paltarları olmadıqda iqlimə və insan ləyaqətinə uyğun paltarla təmin edilirlər. Kompleks sanitar təmizləmə zamanı əcnəbilərin (kişilərin) razılığı ilə onların saçları və saqqalları qırxılır.

4.24. Mərkəzdə əcnəbilərin tibbi müayinəsi bu Qaydaların 19-cu hissəsinə uyğun olaraq həyata keçirilir və bu barədə müvafiq qeydiyyat aparılır (8, 9 nömrəli əlavələr və nümunəsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tibbi kitabça (bundan sonra – tibbi kitabça).

4.25. Mərkəzdə məcburi yerləşdirilmiş əcnəbi üçün yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək məqsədi ilə telefonla zəng etmək şəraiti yaradılır. Bu barədə müvafiq kitabda (11 nömrəli əlavə) lazımi qeydlər aparılır. Müdafiəçisi ilə telefon danışıqları istisna olmaqla, Mərkəzdə saxlanılan əcnəbinin telefonla zəng etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesinin araşdırılmasını həyata keçirən orqanın və ya Mərkəzdə rejimi təmin etmək zərurəti yarandıqda, Mərkəz rəisinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə, Mərkəzdə saxlanılan əcnəbi həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın və ya vəzifəli şəxsin yazılı razılığı olduqda istifadə edir. Bu bənddə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

4.26. Mərkəzdə saxlanılan əcnəbilər onların Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən vaxtdan artıq Mərkəzdə saxlanıla bilməzlər. Bu müddət bitənədək həmin əcnəbilərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə əcnəbinin Mərkəzdə yerləşdirilməsi müddətinin başa çatmasına 1 iş günü qalmış Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinə şifahi və ya yazılı qaydada məlumat verir.

4.27. Mərkəzdə saxlanılan əcnəbinin azad edilməsi (və ya buraxılması) haqqında qərar Mərkəzə daxil olduqda bu Qaydaların 4.29-cu bəndi nəzərə alınmaqla, dərhal icra edilməlidir.

4.28. Mərkəzdə saxlanılan əcnəbinin Mərkəzdə yerləşdirilməsi müddətinin uzadılması və ya Mərkəzdən azad edilməsi barədə qərar Mərkəzə daxil olduqda, Mərkəz növbətçisi həmin qərarın düzgün tərtib edilməsini və şəxsi işin materiallarına uyğunluğunu diqqətlə yoxlayır. Barəsində yeni qərar qəbul edilmiş əcnəbinin şəxsiyyəti dəqiqləşdirildikdən sonra həmin əcnəbi onun barəsində qəbul edilmiş qərarla yazılı surətdə tanış edilir.

4.29. Daxil olmuş qərarda göstərilən məlumatlarla şəxsi işdəki məlumatlar uyğun gəlmədikdə və ya qərarın düzgünlüyünə şübhə yarandıqda, Mərkəz növbətçisi dərhal bu haqda Mərkəzin rəisinə məruzə edir və qərarın icrasını dayandırır.

4.30. Əcnəbilərin Mərkəzdə yerləşdirilməsimüddətinin uzadılması və ya Mərkəzdən azad edilməsi barədə qərarın icrasının dayandırılması barədə Mərkəzin rəisi Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinə məlumat verir.

4.31. Bu Qaydaların 4.29-cu bəndində nəzərdə tutulan hallarda, həmin qərar əlavə olaraq yoxlanılmalıdır. Bu barədə Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinə məlumat verilməklə, qərarı çıxarmış orqandan telefaksla və ya teleqrafla təcili olaraq müvafiq təsdiq tələb edilir.

4.32. Mərkəzdən azad olunan əcnəbilər barədə Mərkəzdən azad edilmə haqqında arayış (12 nömrəli əlavə) tərtib edilir. Azad edilmə barədə arayışda əcnəbinin Mərkəzdə saxlanıldığı zaman hüquqlarının təmin olunması, ona qarşı qanunazidd hərəkətlərə yol verilib-verilməməsi barədə müvafiq qeydlər aparılır. Azad edilmə barədə arayış aydın şəkildə, səliqə ilə doldurulmalı, imzalar və fotoşəkil Mərkəzin gerbli möhürü ilə təsdiq edilməlidir. Azad edilmə barədə arayış Mərkəzdən azad olunan əcnəbinin şəxsi işinə əlavə olunur. Mərkəzdən azad edilmiş əcnəbilərə onların xahişi ilə azad olunma barədə arayışın surəti verilir.

4.33. Mərkəzin rəisi aşağıdakı hallarda müvafiq qərar olmadan protokol tərtib edir və bu barədə əcnəbinin Mərkəzdə məcburi yerləşdirilməsi barədə qərar qəbul etmiş vəzifəli şəxsə və ya hakimə məlumat verməklə, Mərkəzdə yerləşdirilmiş əcnəbini azad edir (13 və 14 nömrəli əlavələr):

4.33.1. əcnəbinin Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarla müəyyən olunmuş müddət başa çatdıqda və bu müddət uzadılmadıqda; 

4.33.2. əcnəbilərin Mərkəzdə yerləşdirilməsinin Məcəllədə nəzərdə tutulmuş son müddəti başa çatdıqda.

4.34. Mərkəzdən azad edilmiş əcnəbilərlə təhvil-təslim işinin vaxtında aparılması məqsədi ilə Mərkəz növbətçisi lazımi tədbirlər görür. Mərkəzdən azad edilən əcnəbilər anbara verdikləri əmlakı geri alır və əmlakın alınmasını imzaları ilə təsdiq edirlər (15 nömrəli əlavə). 

4.35. Əcnəbilərlə təhvil-təslim işinin vaxtında aparılmaması və ya digər səbəblər əcnəbinin Mərkəzdən azad edilməsiningecikdirilməsi üçün əsas ola bilməz.

4.36. Əcnəbilərin Mərkəzdən azad edilməsinin tarixi və vaxtı müvafiq kitabda qeyd edilir (1 nömrəli əlavə).

4.37. Mərkəzdən azad edilən əcnəbilərin Mərkəzdə saxlanılan şəxsi işləri və müvafiq məlumatlar kompüter məlumat bazasına daxil edildikdən bir il sonra akt üzrə məhv edilir.

4.38. Əcnəbilər Mərkəzdən azad edildikdə, bu barədə onların vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinə və ya konsulluğuna və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlara məlumatın verilməsi üçün Mərkəzin tabe olduğu dövlət orqanının beynəlxalq əməkdaşlıq idarəsinə məlumat verilir və bu barədə uçot vərəqində (2 nömrəli əlavə) lazımi qeydlər aparılır.

 

5. Əcnəbinin  Mərkəzdə saxlanılması şəraiti və şərtləri, mühafizəsi və müşayiəti, o cümlədən bir Mərkəzdən digər Mərkəzə köçürülməsi

 

5.1. Mərkəzdə saxlanılan əcnəbilər Mərkəzdə mühafizə olunur və nəzarət altında saxlanılırlar. Mərkəzdə saxlanılan əcnəbilər Mərkəzin ərazisində işçilərin nəzarəti ilə hərəkət edirlər. Nəzarət həyata keçirilərkən, foto-video və ya digər texniki vasitələrdən istifadə edilə bilər.

5.2. Mərkəzin işçilərinin əcnəbilərlə qarşılıqlı münasibətləri bu Qaydalara ciddi riayət edilməklə və etik davranışa uyğun rəftar gözlənilməklə həyata keçirilir. 

5.3. Mərkəzin işçiləri əcnəbilərlə münasibətdə özlərinin əxlaqi və vəzifə borclarının yerinə yetirilməsi ilə yüksək nümunə göstərməli, əcnəbilərin rəğbətini qazanmalıdırlar. Mərkəzin işçilərinə orada saxlanılan əcnəbilərə hər hansı bir əşyanı, malları və ərzaq məhsullarını vermək və ya ötürmək, Mərkəzdə saxlanılan əcnəbilərlə onların qohumları və yaxınları ilə qulluqdan kənar əlaqə yaratmaq, habelə onların xidmətlərindən istifadə etmək qadağandır.

5.4. Mərkəzdə saxlanılan əcnəbilər heç bir halda işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməzlər.

5.5. Mərkəzdə saxlanılan əcnəbilər Mərkəzin işçiləri ilə münasibətdə nəzakətli olmağa, onların qanuni tələblərini yerinə yetirməyə borcludurlar. 

5.6. Mərkəzdə saxlanılan əcnəbilər Mərkəzin işçilərinə “siz” sözü və ya rütbəsi, yaxud tutduğu vəzifənin adı ilə müraciət edirlər. Mərkəzin işçiləri Mərkəzdə saxlanılan əcnəbilərə “siz” və ya onların soyadı ilə müraciət edirlər. 

5.7. Əcnəbilər Mərkəzdə 2, 6 və daha çox nəfərlik xüsusi yaşayış otaqlarında bir ailəyə mənsub olmaları, yaşı, cinsi, məhkumluğu, səhhəti nəzərə alınmaqla saxlanılırlar.

5.8. Aşağıdakı əcnəbilər Mərkəzdə ayrı saxlanılırlar:

5.8.1. məcburi saxlanılanlar könüllü saxlanılanlardan;

5.8.2. qadınlar kişilərdən (ailə üzvləri istisna olmaqla);

5.8.3. yetkinlik yaşına çatmayanlar yetkinlik yaşına çatanlardan (ailə üzvləri istisna olmaqla);

5.8.4. Mərkəzdə saxlanılan əcnəbilər onların həyat və ya sağlamlığına təhlükə törədən Mərkəzdə saxlanılan digər əcnəbilərdən (Mərkəzin rəisinin qərarı ilə).

5.9. Qadınlar kişi cinsindən olan 12 yaşınadək uşaqları öz yanlarında saxlaya bilərlər.

5.10. Hamilə və ya yanında uşağı olan qadınlar, yetkinlik yaşına çatmayanlar, habelə tibbi nəzarətə ehtiyacı olan əcnəbilər yaxşılaşdırılmış maddi-məişət şəraiti olan yaşayış otaqlarında yerləşdirilirlər, xüsusi tibbi yardım və xüsusi yemək normaları ilə təmin edilirlər.

5.11. Mərkəzdə yerləşdirilən əcnəbilərin saxlanıldığı yerdə axtarış aparıla, onların əşyaları, bağlamaları, sovqatları və banderolları yoxlanıla bilər.

5.12. Mərkəzdə mühafizənin təşkil edilməsi məqsədi ilə Mərkəzdə yerləşdirilən əcnəbilərin üzərində, Mərkəzin ərazisindəki tikililərdə, yaşayış otaqlarında və digər obyektlərdə axtarış, o cümlədən əcnəbilərin əşyalarına baxış tədbirləri həm planlı, həm də qəflətən keçirilir. Axtarış-baxış tədbirləri keçirilərkən yataq ləvazimatlarına, inventarlara, daşınan və digər əşyalara ziyan vurulmasına yol verilmir. Axtarış-baxış tədbirləri zamanı texniki vasitələrdən istifadə edilir. 

5.13. Qadağan edilmiş əşyalar aşkar edildikdə, Mərkəzin işçiləri tərəfindən bu Qaydaların 4.17-ci bəndində nəzərdə tutulan müvafiq tədbirlər həyata keçirilir.

5.14. Bu Qaydaları pozan Mərkəzdə saxlanılan əcnəbi barəsində tənbeh tədbiri yol verilmiş pozuntu haqqında onlardan izahat alındıqdan və yoxlanıldıqdan sonra pozuntunun xarakteri və saxlanılan şəxsin davranışı nəzərə alınmaqla, Mərkəz rəisinin əsaslandırılmış qərarı ilə (16 nömrəli əlavə) aşağıdakı müddətlərə tətbiq edilir:

5.14.1. Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər barəsində:

5.14.1.1. bir nəfərlik xüsusi otaqda saxlanılması – bir gün;

5.14.1.2. telefon əlaqəsindən istifadə etmək hüququnun məhdudlaşdırılması – iki günədək;

5.14.1.3. yaxın qohumları ilə görüşmək hüququnun məhdudlaşdırılması – üç günədək;

5.14.1.4. gəzintiyə çıxarılmaq hüququnun məhdudlaşdırılması– beş günədək;

5.14.1.5. televiziya verilişlərinə baxmaq hüququnun məhdudlaşdırılması – yeddi günədək;

5.14.1.6. idmanla məşğul olmaq və stolüstü oyunlar oynamaq hüquqlarının məhdudlaşdırılması – on günədək.

5.14.2. Mərkəzdə könüllü yerləşdirilən əcnəbilər barəsində:

5.14.2.1. bu Qaydaların 5.14.1.1-ci, 5.14.1.2-ci, 5.14.1.5-ci və 5.14.1.6-cı yarımbəndlərində nəzərdə tutulan tənbeh tədbirləri;

5.14.2.2. Mərkəzdən xaric olunma.

5.14.3. Bu Qaydaları pozan Mərkəzdə saxlanılan əcnəbi izahat verməkdən imtina etdikdə, bu barədə imtinanın səbəbləri göstərilməklə, akt tərtib edilir və həmin akt əcnəbinin şəxsi işinə əlavə olunur.

5.15. Bir pozuntuya görə yalnız bir tənbeh tədbiri tətbiq edilir.

5.16. Tənbeh tədbiri pozuntunun aşkar edildiyi gündən ən geci 5 gün keçənədək, pozuntu ilə əlaqədar yoxlama aparıldıqda isə yoxlama başa çatdıqda, lakin pozuntu törədildiyi gündən ən geci 1 ay keçənədək tətbiq edilir.

5.17. Tənbeh tədbiri barədə qərar əcnəbiyə Mərkəzin rəisi və ya onun tapşırığı ilə Mərkəzin digər işçisi tərəfindən şikayət etmək hüququ ona izah olunmaqla elan edilir və həmin qərar əcnəbinin şəxsi işinə əlavə edilir.

5.18. Şəxs tənbeh tədbirindən yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət edə bilər. Bu Qaydaların 5.19-cu bəndinə əsasən tənbeh tədbirinin tətbiqinin dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, şikayətin verilməsi tənbeh tədbirinin tətbiqini dayandırmır.

5.19. Şikayətin verildiyi hallarda, şikayət olunan tənbeh tədbirinin tətbiqinin dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.

5.20. Barəsində bir nəfərlik xüsusi otaqda saxlanılması növündə tənbeh tədbiri tətbiq edilmiş əcnəbilərin bir nəfərlik xüsusi otaqlara qəbulu və oradan azad edilməsi Mərkəz növbətçisinin rəhbərliyi altında nəzarətçilər tərəfindən həyata keçirilir və bu barədə müvafiq kitabda (17 nömrəli əlavə) qeyd edilir. Bir nəfərlik xüsusi otaqlara yerləşdirilərkən, əcnəbilərin üzərində tam axtarış aparılır.

5.21. Əcnəbilər bir nəfərlik xüsusi otaqda olduqları müddətdə, onların anbara təhvil verdikləri əşyaların və ərzaq məhsullarının qorunub saxlanılması təmin edilir və onlar azad edildikdən sonra onlara geri qaytarılır. Təbii səbəblərdən xarab olmuş ərzaq məhsulları əcnəbilərin iştirakı ilə anbardan götürülür və məhv edilir. Bu barədə akt tərtib olunur və Mərkəzin növbətçisi, bir nəfərlik xüsusi otaq üzrə nəzarətçi və əcnəbi tərəfindən imzalanır.

5.22. Bir nəfərlik xüsusi otaqda olduğu müddətdə könüllü yerləşdirilən əcnəbinin Mərkəzi tərk etməsi qadağandır.

5.23. Bir nəfərlik xüsusi otaqda saxlanıldıqları müddətdə rejim pozuntusuna yol vermiş əcnəbilərə bir nəfərlik xüsusi otaqda saxlanılma təkrarən tətbiq edilir. Bu halda tənbehin yeni müddəti əvvəlki tənbehin müddəti başa çatdıqdan sonra hesablanır.

5.24. Bir nəfərlik xüsusi otaqda özünə xəsarət yetirmə və özünü xəstəliyə vurma halları istisna olmaqla, Mərkəzin tibb məntəqələrinə keçirilmiş əcnəbilərin burada saxlanılma vaxtı verilən tənbehin çəkilmə müddətinə hesablanır.

5.25. Bir nəfərlik xüsusi otaqda saxlanılan əcnəbilərin səhhətinə tibb məntəqəsinin tibb işçiləri tərəfindən gündəlik nəzarət edilir. Bu barədə əcnəbinin tibb kitabçasında müvafiq qeydlər aparılır.

5.26. Səhhəti ilə əlaqədar bir nəfərlik xüsusi otaqda saxlanılmasının qeyri-mümkünlüyü barədə tibbi rəy olduqda, əcnəbi bir nəfərlik xüsusi otaqdan Mərkəzin rəisinin qərarı ilə azad edilir.

5.27. Bir nəfərlik xüsusi otaqda saxlanılma növündə tənbehin müddəti başa çatdıqda, əcnəbi oradan dərhal azad edilir.

5.28. Bu Qaydaların 5.26-cı bəndində qeyd edilən hallar istisna olmaqla, əcnəbilərin bir nəfərlik xüsusi otaqdan vaxtından əvvəl azad edilməsinə yol verilmir. 

5.29. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar, yetkinlik yaşına çatmayan əcnəbilər bir nəfərlik xüsusi otaqlarda saxlanıla bilməzlər.

5.30. Mərkəzdə ilin fəsli və yerli şərait nəzərə alınmaqla, ciddi nizamlanmış gün bölgüsü müəyyən olunur. Gün bölgüsü bu Qaydalarla müəyyən edilmiş nümunəyə (18 nömrəli əlavə) uyğun hazırlanaraq, Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyi tərəfindən təsdiq edilir, əcnəbilərin, Mərkəzin işçilərinin nəzərinə çatdırılır və diqqəti cəlb edən yerdə asılır.

5.31. Bu Qaydaların 5.10-cu bəndində nəzərdə tutulan əcnəbilər üçün bu Qaydalarla müəyyən edilmiş nümunəyə uyğun olaraq xüsusi gün bölgüsü müəyyənləşdirilir.

5.32. İstirahət, bayram, ümumxalq hüzn və digər əlamətdar günlərdə gücləndirilmiş iş rejimində xidmət aparılır. Mərkəzdə saxlanılan əcnəbilərin davranışına və onlar tərəfindən gün bölgüsünə riayət edilməsinə nəzarət prosesinə Mərkəz növbətçisi rəhbərlik edir.

5.33. Mərkəzdə saxlanılan əcnəbilər tərəfindən gün bölgüsünə riayət olunmasını təmin etmək məqsədi ilə onların yaşadığı binalarda  siqnal və komandaların verilməsi üçün texniki vasitələrdən istifadə edilir.

5.34. Mərkəzdə saxlanılan əcnəbilərə nümunəvi davranışına görə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq edilir:

5.34.1. təşəkkür elan etmək;

5.34.2. verilmiş tənbeh tədbirini vaxtından əvvəl götürmək.

5.35. Mərkəzdə saxlanılan əcnəbilərə həvəsləndirmə tədbirləri Mərkəzin rəisinin və ya onu əvəz edən şəxsin qərarı ilə tətbiq edilir.

5.36. Təhlükəsizliyin təmin edilməsi, tikililərin  texniki vəziyyətinin öyrənilməsi məqsədi ilə Mərkəzin rəisi tərəfindən təsdiq edilmiş cədvələ əsasən yaşayış otaqlarında və digər obyektlərdə Mərkəz növbətçisinin rəhbərliyi ilə mühafizə heyəti tərəfindən həftədə bir dəfə, Mərkəz rəisinin rəhbərliyi ilə ayda bir dəfə ümumi baxış tədbirləri keçirilir. Keçirilən tədbirlərin nəticələri aktla rəsmiləşdirilir. Bu tədbirlər keçirilərkən, əcnəbilər gəzinti yerlərinə çıxarılırlar.

5.37. Nəzarətçilər tərəfindən hər gün Mərkəzdə saxlanılan əcnəbilərin saxlanılma şəraiti yoxlanılır, ehtiyacı olan əcnəbilərə tibbi yardım göstərilməsi, müəyyən edilmiş nöqsanların aradan qaldırılması və əcnəbilərin əsaslı şikayətlərinin təmin edilməsi üçün tədbirlər görülür və bu barədə müvafiq qeydlər aparılır (19 nömrəli əlavə).

5.38. Mərkəzdə saxlanılan əcnəbinin həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı Mərkəzdə saxlanılan digər əcnəbilər və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, Mərkəzin rəhbərliyinə təhlükəsizliyinin təmin olunması üçün ərizə ilə və ya şifahi müraciət etmək hüququna malikdir. Mərkəzin rəhbərliyi belə təhlükəyə məruz qalan əcnəbilərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməlidir.

5.39. Təhlükənin qarşısının alınması məqsədi ilə ehtiyac olduqda, əcnəbilərin bir nəfərlik xüsusi otaqlarda müvəqqəti yerləşdirilməsinə yol verilir.

5.40. Mərkəzdə saxlanılan əcnəbinin təhlükəsizliyini təmin etmək məqsədi ilə onun bir nəfərlik xüsusi otaqda yerləşdirilməsi tənbeh tədbiri hesab edilmir və ona belə yerlərə tənbeh tədbiri qaydasında keçirilmiş əcnəbilər üçün tətbiq olunan qaydalar və məhdudiyyətlər şamil olunmur.

5.41. Mərkəzdə saxlanılan əcnəbilərin həyatına və sağlamlığına qarşı Mərkəzin işçiləri tərəfindən təhlükə yaranarsa, Mərkəzin rəhbərliyi belə təhlükəyə məruz qalan əcnəbilərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməli və bu barədə Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyini məlumatlandırmalıdır. 

5.42. Mərkəzin mühafizəsi və müdafiəsi, habelə buraya buraxılış rejimi Mərkəzin mühafizə heyəti tərəfindən həyata keçirilir və bu məqsədlə Mərkəz mühəndis-texniki mühafizə, müşahidə vasitələri, qurğu və avadanlıqlarla təchiz olunur. Mühafizə heyəti növbətçilərdən və nəzarətçilərdən ibarət olmaqla, Mərkəz növbətçisi tərəfindən idarə edilir.

5.43. Mərkəzin mühafizə heyəti Mərkəzdə saxlanılan əcnəbilərin Mərkəzdə mühafizəsini təşkil etməklə yanaşı, Mərkəzdə məcburi yerləşdirilən əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə köçürülməsi və Mərkəzdən kənarda digər hərəkətləri zamanı onları müşayiət edirlər.

5.44. Mərkəzdə məcburi yerləşdirilən əcnəbilərin müşayiəti xüsusi vasitələrin mühafizəsi altında və müşayiət vərəqi (20 nömrəli əlavə) əsasında həyata keçirilir. Onların müşayiəti dövlət hesabına həyata keçirilir və daşınma zamanı anonimliyin və konfidensiallığın təmin edilməsi üçün tədbirlər görülür.

5.45. Mərkəzdə saxlanılan əcnəbilərin bir Mərkəzdən digər Mərkəzə köçürülməsi Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin əmri əsasında həyata keçirilir və əcnəbi köçürüldüyü Mərkəzə qəbul edilərkən, onun üzərində bu Qaydalarda nəzərdə tutulmuş tələblərə uyğun olaraq tam axtarış aparılır və ona məxsus əşyalara baxış keçirilir.

5.46. Mərkəzin fəaliyyətinə nəzarət Xidmət tərəfindən həyata keçirilir.

 

6. Mərkəzdə saxlanılan əcnəbilərin daktiloskopik qeydiyyatının aparılması

 

6.1. Mərkəzdə saxlanılan əcnəbilərin daktiloskopik qeydiyyatı aparılır və fotoşəkilləri çəkilir. Onların hər birinə bir ədəd daktiloskopik qeydiyyat vərəqi (21 nömrəli əlavə) və altı ədəd (üç ədəd anfas və üç ədəd profil) 4,5x6 sm və 6x9 sm ölçüdə fotoşəkil hazırlanır. Daktiloskopik qeydiyyat vərəqi şəxsi işin birinci hissəsinə əlavə edilir. İki fotoşəkil (anfas və profil) Mərkəzdə saxlanılan əcnəbinin anketinə, iki fotoşəkil şəxs digər Mərkəzə keçirilməyə hazırlandıqda onun şəxsi işi üzrə arayışa yapışdırılır, iki fotoşəkil isə şəxsi işin üzlüyünün iç tərəfinə yapışdırılmış zərfə qoyulur. Həmin zərfə fotoşəkillərin neqativləri də qoyulur.

6.2. Mərkəzdə saxlanılan əcnəbinin şəxsi işi itdikdə, şəxsi iş bərpa olunur. Bunun üçün əcnəbi daktiloskopiya edilir, onun fotoşəkli çəkilir və cavablar uçot sənədlərində olan məlumatlarla tutuşdurulmaqla, onunla ətraflı sorğu-sual aparılır. Əcnəbinin Mərkəzdə yerləşdirilməsi ilə bağlı qərar qəbul etmiş orqandan və ya məhkəmədən qərarın surəti tələb edilir.

 

7. Bağlamaların, sovqatların və banderolların Mərkəzə gətirilməsi vəonların qəbulu, o cümlədən Mərkəzdə saxlanılan əcnəbinin şəxsi hesabları vasitəsilə pul baratları alması və ya göndərməsi

 

7.1. Mərkəzdə saxlanılan əcnəbilər iş günlərində bağlama, sovqat və banderol qəbul etmək, o cümlədən şəxsi hesabları vasitəsilə pul baratları almaq və ya göndərmək hüququna malikdirlər.

7.2. Bir bağlama və ya banderolun yuxarı çəkisi mövcud poçt göndərişləri qaydaları ilə müəyyən edilir. Bir sovqatın çəkisi bir bağlama üçün müəyyən olunmuş çəkidən artıq olmamalıdır. Yetkinlik yaşına çatmayanlar, ağır xəstəlikdən əziyyət çəkənlər (bu barədə tibbi rəy olduqda), I və ya II qrup əlillər, hamilə qadınlar və ya yanında 3 yaşınadək uşağı olan qadınlar say məhdudiyyəti olmadan bağlama, sovqat və banderol qəbul etmək hüququna malikdirlər.

7.3. Tibbi rəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilərin aldığı dərman vasitələri bağlama, sovqat və ya banderolların sayına daxil edilmir. Belə dərman vasitələri Mərkəzin müvafiq kitabında (22 nömrəli əlavə) qeydiyyata alınır və həkimlərin təyinatı əsasında Mərkəzdə saxlanılan həmin əcnəbilərin ambulator və stasionar müalicəsi zamanı istifadə olunur.

7.4. Sovqat gətirmiş şəxs və ya şəxslərdən biri bu Qaydalarla müəyyən edilmiş formada iki nüsxədən ibarət ərizə blankını (23 nömrəli əlavə) doldurur və imzalayır. Həmin şəxslər bu blankın arxa tərəfində qadağan olunmuş əşyaların siyahısı ilə, habelə bu siyahıda göstərilən əşyaların hər hansı bir üsulla verilməsinin və ya ötürülməsinin məsuliyyətə səbəb olacağı barədə məlumatlandırılırlar. Ərizənin hər iki nüsxəsi sovqat gətirmiş şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədlə birlikdə görüş otağına təhkim olunmuş nəzarətçiyə təqdim edilir. Nəzarətçi ilk növbədə Mərkəzdə saxlanılan əcnəbinin sovqat almaq hüququnun olub-olmamasını yoxlayır, belə hüququ varsa, sovqat gətirmiş şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədini və ərizənin hər iki nüsxəsinin tələb edilən qaydada tərtib edilməsini yoxlayır. Əgər ərizənin arxa tərəfində göstərilən məlumatlar imza ilə təsdiq olunmayıbsa, habelə şəxsiyyətini təsdiq edən sənədlə ərizələrdəki imzalar bir-birindən fərqlidirsə, nəzarətçi sovqatı gətirmiş şəxsə bir daha bu barədə məlumat verir, ərizələri yenidən düzgün tərtib edilməsi və imzalaması üçün sovqatı gətirmiş şəxsə qaytarır. Əgər sovqat gətirmiş şəxs (şəxslər) ərizənin arxa tərəfində göstərilmiş məlumatı imzalamaqdan imtina edərsə və ya sovqat gətirmiş şəxsin (şəxslərin) təqdim etdiyi sənədlə onun şəxsiyyətinin uyğun gəlmədiyi müəyyən olunarsa, nəzarətçi bu barədə Mərkəzin rəhbərliyinə məlumat verir və səbəbi bildirilməklə, sovqatın qəbul edilməsindən imtina edilir. Bu barədə müvafiq akt tərtib olunur. Aktın surəti sovqatın ünvanlandığı Mərkəzdə saxlanılan əcnəbinin şəxsi işinə əlavə edilir.

7.5. Nəzarətçi sovqatı gətirən şəxsin iştirakı ilə sovqatın içindəki məhsulların çeşidini və çəkisini yoxlayır, sovqatın qəbul edilməsi barədə ərizənin birinci nüsxəsini imzalayır və həmin nüsxəni şəxsiyyəti təsdiq edən sənədlə birlikdə sovqatı gətirmiş şəxsə qaytarır. Ərizənin ikinci nüsxəsi sovqatın qəbul edilməsi barədə Mərkəzdə saxlanılan əcnəbi tərəfindən imzalandıqdan sonra əcnəbinin şəxsi işinə tikilir. Mərkəzdə saxlanılan əcnəbi ərizəni imzalamaqdan imtina edərsə, bu barədə ərizədə müvafiq qeydiyyat aparılır.

7.6. Mərkəzdə saxlanılan əcnəbilərə gətirilmiş sovqatda, bağlamada və banderolda olan mallar və onların əcnəbilər tərəfindən qəbul edilməsi və ya qəbulundan imtina olunması barədə bu Qaydalarla müəyyən edilmiş xüsusi kitabda qeydiyyat aparılır (22 nömrəli əlavə).

7.7. Mərkəzdə saxlanılan əcnəbilərə qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədi ilə sovqata onu gətirmiş şəxsin, bağlama və banderollara isə Mərkəzdə saxlanılan əcnəbilərin iştirakı ilə və Mərkəz növbətçisinin rəhbərliyi ilə baxış keçirilir.

7.8. Mövsümi sanitar-epidemioloji vəziyyətdən asılı olaraq, ərzaq məhsullarının qəbulu müvafiq dövlət sanitar orqanlarının qərarı ilə müvəqqəti dayandırıla bilər.

7.9. Mərkəzdə saxlanılan əcnəbilərin adına göndərilən bağlama və banderollarda, gətirilən sovqatlarda qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyalar tərtib edilmiş axtarış protokolunda müvafiq qeydlər aparılmaqla götürülür və anbara təhvil verilir, yaxud Mərkəz rəisinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Protokol və əşyanın məhv edildiyi halda, Mərkəz rəisinin qərarı əcnəbinin şəxsi işinə əlavə olunur.

7.10. Sovqat aşağıdakı hallarda səbəbi izah edilməklə qəbul olunmur (həkimin rəyi əsasında dərman preparatları istisna olmaqla) və onu gətirmiş şəxsə qaytarılır: 

7.10.1. Mərkəzdə saxlanılan əcnəbi Mərkəzdən azad edildikdə;

7.10.2. Mərkəzdə saxlanılan əcnəbi vəfat etdikdə;

7.10.3. Mərkəzdə saxlanılan əcnəbinin sovqatı şəxsən qəbul etmək imkanı olmadıqda (huşsuz vəziyyətdə tibb məntəqəsinə yerləşdirildikdə);

7.10.4. sovqatın çəkisi bu Qaydaların 7.2-ci bəndinə əsasən müəyyən edilmiş çəkidən artıq olduqda;

7.10.5. sovqatı gətirmiş şəxs şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədikdə;

7.10.6. Mərkəzdə saxlanılan əcnəbi sovqatı qəbul etməkdən yazılı imtina etdikdə.

7.11. Bağlama və banderollar bu Qaydaların 7.10.1-ci, 7.10.2-ci, 7.10.4-cü və 7.10.6-cı yarımbəndlərində nəzərdə tutulmuş hallarda onları göndərmiş şəxsə geri qaytarılır. Bağlama və banderollar onları göndərmiş şəxslərə geri qaytarılarkən, içindəki məhsulların keyfiyyətinin itirilməsinə görə Mərkəzin rəhbərliyi məsuliyyət daşımır. 

7.12. Poçtla göndərilmiş bağlama və banderollar başqa Mərkəzə köçürülmüş əcnəbilərə ünvanlandığı halda, həmin poçt göndərişləri Mərkəzin hesabına onların köçürüldüyü Mərkəzə göndərilir. 

7.13. Bağlama və banderollar qəbul olunduğu vaxtdan üç saat ərzində Mərkəzdə saxlanılan əcnəbilərə təqdim edilir.

7.14. Bir nəfərlik xüsusi otaqda saxlanılan əcnəbinin adına gəlmiş bağlama və banderollar Mərkəzin anbarına təhvil verilir və əcnəbinin bir nəfərlik xüsusi otaqda saxlanılma müddəti başa çatdıqdan sonra onlara təqdim edilir.

7.15. Mərkəzdə saxlanılan əcnəbilər yaxın qohumlarına bağlama və ya banderol göndərmək, həmçinin öz şəxsi hesabları vasitəsilə pul baratları əldə etmək və ya göndərmək hüququna malikdirlər.

7.16. Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər bu Qaydaların 7.15-ci bəndində nəzərdə tutulan hüquqlarını Mərkəzin rəhbərliyinin razılığı ilə və Mərkəzin işçilərinin müşayiəti ilə poçtda, bankda və sair bu kimi yerlərdə həyata keçirirlər.

 

8. Mərkəzdə məcburi yerləşdirilən əcnəbinin Mərkəzə yerləşdirilməsindən dərhal sonra bu barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla məlumat verməsi

 

8.1. Mərkəzə məcburi yerləşdirilən əcnəbi Mərkəzə qəbul edildikdən dərhal sonra Mərkəzdə saxlanılması barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla bu barədəməlumat verməsi bu Qaydaların 8.2-ci bəndinin tələbləri gözlənilməklə həyata keçirilir.

8.2. Mərkəzin işçiləri Mərkəzdə məcburi yerləşdirilən əcnəbinin qocalığı, yetkinlik yaşına çatmaması, sağlamlıq və psixoloji vəziyyəti ilə bağlı hallar istisna olmaqla, belə məlumatları öz təşəbbüsləri ilə verə bilməzlər.

8.3. Mərkəzə məcburi yerləşdirilən əcnəbi Mərkəzdə saxlanılması barədə məlumat verməkdən imtina edərsə, bu barədə akt tərtib olunur və həmin akt onun şəxsi işinə əlavə edilir. 

 

9. Əcnəbinin öz dövlətinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, habelə ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqə yaratması

 

9.1. Mərkəzdə yerləşdirilən şəxsin Mərkəzdə saxlanıldığı (tutularaq gətirilən şəxslər barədə isə harada tutulduğu) barədə onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinə və ya konsulluğuna dərhal məlumat verilir və belə məlumatın verildiyi qeydə alınır (2 nömrəli əlavə).

9.2. Mərkəzdə saxlanılan əcnəbilərə öz dövlətinin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, habelə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla təxirə salınmadan əlaqəyə girmək imkanı yaradılır.

9.3. Əcnəbilərin Mərkəzdə saxlanılması barədə onların vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, habelə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla məlumat mübadiləsi Mərkəzin tabe olduğu dövlət orqanının beynəlxalq əlaqələr idarəsi vasitəsilə aparılır.

 

10. Mərkəzdə saxlanılan şəxsin ərzaq məhsulları və ən zəruri malları əldə etməsi, yazışması, telefon əlaqəsindən istifadə etməsi

 

10.1. Mərkəzdə saxlanılan əcnəbilər gigiyena, daxili intizam qaydaları və təhlükəsizlik tələbləri nəzərə alınmaqla, şəxsi istifadə məqsədi ilə öz vəsaitləri hesabına ərzaq məhsulları və ən zəruri mallar əldə edə bilərlər. Mərkəzdə saxlanılan əcnəbilərə öz vəsaitləri hesabına ticarət şəbəkəsindən əldə etməyə icazə verilən ərzaq məhsulları və ən zəruri mallar bu Qaydaların 6 nömrəli əlavəsindəki siyahı üzrə müəyyənləşdirilir.

10.2. Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər, o cümlədən bir nəfərlik xüsusi otaqda saxlanılan əcnəbilər nəzarətçi vasitəsilə ticarət şəbəkəsindən ərzaq məhsulları və ən zəruri mallar əldə edirlər. Bununla əlaqədar, bu Qaydalarla müəyyən edilmiş ərzaq məhsullarının və ən zəruri malların ticarət şəbəkəsində satış qiymətləri göstərilməklə, siyahısı Mərkəzdə məcburi yerləşdirilən əcnəbilərin, o cümlədən bir nəfərlik xüsusi otaqda saxlanılan əcnəbilərin yaşayış otaqlarına paylanılır.

10.3. Mərkəzdə məcburi yerləşdirilən və ya bir nəfərlik xüsusi otaqda saxlanılan əcnəbi ticarət şəbəkəsindən siyahısı bu Qaydalarla müəyyən edilmiş ərzaq məhsulları və ya ən zəruri mallar əldə etmək üçün Mərkəzin rəisinə ərizə (24 nömrəli əlavə) ilə müraciət edir və ərizədə əldə etmək istədiyi məhsul və malların adını, miqdarını (çəkisini) qeyd edir. Alınmış ərzaq məhsulları və digər mallar əcnəbiyə ərizədə imza etdirilməklə verilir, ərizə əcnəbinin şəxsi işinə əlavə olunur.

10.4. Mərkəzdə saxlanılan əcnəbiyə xərcləməyə icazə verilən məbləğ məhdudlaşdırılmır. Ödəniş nağd və nağdsız qaydada şəxsi hesabında olan vəsaitlə aparılır. Nağdsız qaydada ödəniş Mərkəzdə saxlanılan əcnəbinin hesabında vəsaitin kifayət qədər olub-olmamasıyoxlanıldıqdan sonra aparılır.

10.5. Saxlanılma müddəti bitmiş və ya həkimin əsaslandırılmış rəyi olduqda, ərzaq məhsullarının və ya ən zəruri malların əldə edilməsinə icazə verilmir.

10.6. Mərkəzdə saxlanılan əcnəbilər bu Qaydaların 10.10-cu bəndində nəzərdə tutulan hallardan başqa, məhdudiyyətsiz sayda məktub, teleqram almaq və ya öz vəsaitləri hesabına göndərmək hüququna malikdirlər.

10.7. Mərkəzdə saxlanılan əcnəbilər dövlət hesabına bir ay ərzində iki dəfə məktub və ya teleqram göndərmək hüququna malikdirlər.

10.8. Mərkəzdə saxlanılan əcnəbilər poçt ləvazimatlarını (konvert, marka, teleqram blankları) ticarət şəbəkəsindən ərzaq məhsulları və ən zəruri malların alınması qaydasında əldə edirlər.

10.9. Mərkəzdə saxlanılan əcnəbilərin məktub və teleqram göndərməsi bu Qaydaların 18-ci hissəsinə uyğun olaraq həyata keçirilir.

10.10. Mərkəzdə saxlanılan əcnəbilərin müdafiəçi və ya hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onların aldıqları və göndərdikləri digər yazışmalar hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya Mərkəzdə rejimi təmin etmək üçün Mərkəz rəhbərliyinin əsaslandırılmış qərarı ilə məhdudlaşdırıla və ya senzuradan keçirilə bilər. Bu bənddə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

10.11. Qadağan olunmuş əşyaların ötürülməsinin qarşısını almaq məqsədi ilə Mərkəzdə saxlanılan əcnəbilərin adına gələn və onlar tərəfindən göndərilən məktublar onların iştirakı ilə Mərkəzin növbətçisi tərəfindən açıla bilər. Bu halda həmin məktubların oxunmasına yol verilmir.

10.12. Mərkəzdə saxlanılan əcnəbilərin aldıqları və göndərdikləri yazışmalar daxil olduğu və göndərildiyi vaxt göstərilməklə, xüsusi qeydiyyat kitablarında (25 və 26 nömrəli əlavələr) qeydiyyata alınır. 

10.13. Mərkəzdən azad edilmiş əcnəbilərin ünvanına daxil olan məktublar Mərkəzin rəhbərliyi tərəfindən ən gecibir iş günü müddətində həmin əcnəbilərin yaşadığı ünvana (yerə) göndərilir.

10.14. Azərbaycan Respublikasının ərazisini tərk etmiş əcnəbilərin ünvanına gələn məktub və teleqramlar həmin məktubu və ya teleqramı göndərən şəxsə qaytarılır.

10.15. Mərkəzdə saxlanılan əcnəbi digər Mərkəzə köçürüldükdə, onun ünvanına gələn məktub və teleqramlar köçürüldüyü Mərkəzə göndərilir.

10.16. Əcnəbi Mərkəzə məcburi yerləşdirildikdən sonra yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə, sonradan isə həftədə dörd dəfə 25 dəqiqəyədək müddətinə telefonla danışmaq hüququna malikdir. Şəhərlərarası və mobil telefon danışıqlarının haqqı Mərkəzdə saxlanılan əcnəbinin, onun yaxın qohumlarının və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərin vəsaiti hesabına ödənilir.

10.17. Müstəsna hallarda (yaxın qohumunun ölümü, həyatını təhlükə altına alan ağır xəstəliyi, təbii fəlakətlə əlaqədar), Mərkəzdə məcburi saxlanılan və ya məcburi yerləşdirilənəcnəbilərə Mərkəzin rəisi tərəfindən əlavə telefon danışığına icazə verilir.

10.18. Mərkəzdə saxlanılan əcnəbilərin telefon danışıqlarının uçotu, onların adına açılmış xüsusi vərəqdə (27  nömrəli əlavə) qeydə alınır və əcnəbinin şəxsi işinə əlavə edilir.

10.19. Müdafiəçisi və ya hüquqi yardım göstərən digər şəxslərlə telefon danışıqları istisna olmaqla, Mərkəzdə saxlanılan əcnəbinin telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya Mərkəzdə rejimi təmin etmək zərurəti yarandıqda, Mərkəzin rəhbərliyinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə, Mərkəzdə saxlanılan əcnəbi həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş vəzifəli şəxsin yazılı razılığı olduqda istifadə edir. Bu bənddə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.

10.20. Mərkəzdə saxlanılan əcnəbilərin telefon danışıqları Mərkəz növbətçisinin nəzarəti  altında həyata keçirilir.

11. Mərkəzdə məcburi yerləşdirilən şəxsin gəzintiyə çıxarılması

 

11.1. Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər hər gün üç saatdan az olmayaraq, gündəlik gəzintiyə çıxarılmaq hüququna malikdirlər. Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər gəzintiyə gün bölgüsünə uyğun olaraq və bu Qaydaların 5.8-ci bəndinin tələbləri gözlənilməklə, sutkanın yalnız gündüz vaxtı çıxarılırlar.

11.2. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınların müəyyən edilmiş gündəlik gəzintisi 5 saatdan az olmamalıdır.

11.3. Yetkinlik yaşına çatmayanların müəyyən edilmiş gündəlik gəzintisi 4 saatdan az olmamalıdır.

11.4. Bir nəfərlik xüsusi otaqda saxlanılan əcnəbilər hər gün ən çoxu 2 saat gəzinti hüququna malikdirlər. 

11.5. Barəsində müvafiq tibbi rəy olan əcnəbilər gəzintiyə çıxarılmırlar. 

11.6. Gəzintiyə çıxarılan əcnəbilər Mərkəz tərəfindən mövsümə uyğun geyimlə təmin edilirlər.

11.7. Gəzintinin keçirilməsinə nəzarət Mərkəz növbətçisinin rəhbərliyi ilə nəzarətçilər tərəfindən həyata keçirilir. Gəzintidən əvvəl Mərkəz növbətçisi gəzinti yerlərinə diqqətlə baxış keçirir və oranın vəziyyətini yoxlayır.

11.8. Gəzintinin keçirilməsi üçün Mərkəzin mühafizə olunan ərazisində xüsusi gəzinti həyəti nəzərdə tutulur. Gəzintinin keçirilməsi əlverişsiz hava şəraiti, fövqəladə hadisə, təbii fəlakət, yanğının baş verməsi ilə əlaqədar Mərkəz rəisinin göstərişi ilə ləğv edilir. 

11.9. Gəzinti yerləri bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş qaydada təşkil edilir və oturacaqlarla (skamyalarla) təchiz olunur. Gəzinti yerlərinin üstünün bir hissəsi gündən və yağışdan qorunmaq üçün dam örtüyü ilə bağlanılır. 

11.10. Mərkəzdə könüllü yerləşdirilən əcnəbilərin gün bölgüsünə uyğun olaraq, Mərkəzin ərazisini müvəqqəti tərk etmək və geri qayıtmaq, o cümlədən Mərkəzin ərazisində (xidməti istifadə üçün nəzərdə tutulan ərazilər istisna olmaqla) sərbəst hərəkət etmək hüquqları vardır.

 

12. Mərkəzə girişin və çıxışın tənzimlənməsi

 

12.1. Mərkəzə girişin və çıxışın tənzimlənməsi məqsədi ilə buraxılış rejimi tətbiq olunur. Buraxılış rejiminin tətbiqinin məqsədi Mərkəzdə saxlanılan əcnəbilərin təhlükəsizliyinin, onların etibarlı mühafizəsinin təmin edilməsi, Mərkəzə nəzarətsiz daxil olmanın, qadağan olunmuş əşyaların gətirilməsinin, müvafiq icazə olmadan xidməti sənəd və əşyaların Mərkəzin ərazisindən çıxarılmasının qarşısını almaqdır.

12.2. Mərkəzdə buraxılış rejiminin təmin olunması Mərkəzin mühafizə heyəti tərəfindən təmin edilir.

12.3. Mərkəzin ərazisinə giriş və ya bu ərazidən çıxış zamanı Mərkəzin nəzarət-buraxılış məntəqəsi üzrə növbətçisi tərəfindən gələn və gedən şəxslərin əşyaları və geyimi, o cümlədən daxil olan və çıxan nəqliyyat vasitələri yoxlanılır, qadağan olunmuş əşyalar aşkar edildikdə, həmin əşyaların Mərkəzin ərazisinə buraxılmasına yol verilmir və qanunla bu əmələ görə məsuliyyət nəzərdə tutulmamışdırsa, belə əşyalar onları gətirmiş şəxslərə  geri qaytarılır.

12.4. Mərkəzin ərazisinə giriş və ya bu ərazidən çıxış zamanı Mərkəzdə saxlanılan əcnəbilərdə qadağan olunmuş əşyalar aşkar edildikdə, bu Qaydaların 4.17-ci bəndində nəzərdə tutulan müvafiq tədbirlər həyata keçirilir.

12.5. Yalnız aşağıdakı sənədlər əsasında Mərkəzə girişə və oradan çıxışa icazə verilir:

12.5.1. xidməti vəsiqə;

12.5.2. buraxılış vərəqi (28 nömrəli əlavə);

12.5.3. Mərkəzdə könüllü yerləşdirilən əcnəbilərin giriş və çıxışı üçün buraxılış vərəqi (29 nömrəli əlavə).

12.6. Bu Qaydaların 12.5-ci bəndində nəzərdə tutulan buraxılış vərəqləri Mərkəzin rəisi tərəfindən təsdiq edilir və müvafiq kitabda qeydiyyata alınır (30 nömrəli əlavə).

12.7. Mərkəzə giriş və oradan çıxışa icazə verən sənədlər şəxsiyyəti təsdiq edən sənədlərlə birlikdə təqdim olunmalıdır. Mərkəzə girişə icazə verən sənədlər şübhə doğurduqda və ya etibarlılıq müddəti başa çatdıqda, yaxud başqa çatışmazlıq aşkar edildikdə, bu barədə dərhal Mərkəz rəhbərliyinə məlumat verilməklə, həmin şəxsin Mərkəzə girişi çatışmazlıq aradan qalxanadək məhdudlaşdırılır.

12.8. Mərkəzin işçilərindən başqa, Mərkəzə daxil olan şəxslərin müvafiq kitabda (31 nömrəli əlavə) qeydiyyatı aparılır.

12.9. Mərkəzdə könüllü yerləşdirilən əcnəbilərə verilən buraxılış vərəqədə əcnəbinin Mərkəzdən gedə biləcəyi və Mərkəzə qayıtmalı olduğu vaxt göstərilir.

12.10. Üzərində xidməti silah olan kənar şəxslər Mərkəzə daxil olarkən, xidməti silahı Mərkəzin nəzarət-buraxılış məntəqəsi üzrə növbətçisinə təhvil verir. Mərkəzin növbətçisi təhvil aldığı xidməti silahları müəyyən olunmuş yerdə qorunub saxlanılmasını təmin edir və bu barədə müvafiq kitabda qeydlər aparır (32 nömrəli əlavə).

 

13. Mərkəzdə saxlanılan əcnəbinin idmanla məşğul olması, stolüstü oyunlar oynaması və televiziya verilişlərinə baxması

 

13.1. Mərkəzdə saxlanılan əcnəbilər gün bölgüsünə uyğun olaraq, Mərkəzdə idmanla məşğul olmaq və stolüstü oyunlar (şahmat, dama, domino, nərdtaxta) oynamaq, habelə televiziya verilişlərinə baxmaq hüququna malikdirlər.

13.2. Mərkəzdə saxlanılan əcnəbilər bədən tərbiyəsi ilə yataq otaqlarında, idmanla isə gəzinti yerlərində və ya idman ləvazimatları ilə təchiz edilmiş idman zallarında, meydançalarda məşğul ola bilərlər.

13.3. Yaşayış binalarında Mərkəzdə saxlanılan əcnəbilərin asudə vaxtlarının maraqlı keçməsi üçün stolüstü oyun ləvazimatları ilə təchiz edilmiş otaqlar və televiziya verilişlərinə baxmaq üçün mərkəzləşdirilmiş qoşucu qurğu ilə idarə olunan televizor quraşdırılmış istirahət otaqları nəzərdə tutulur.

 

14. Mərkəzdə saxlanılan əcnəbinin müdafiəçisi, qanuni nümayəndəsi, qohumları, hüquqi yardım göstərən və ya əlaqələri onun üçün maraq doğuran digər şəxslərlə görüşlərinin təmin edilməsi

 

14.1. Mərkəzdə saxlanılan əcnəbiyə Mərkəzdə yerləşdirilməsi barədə qərarın ona elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşməsinə və konfidensial ünsiyyət saxlamasına şərait yaradılır.

14.2. Hüquqi yardım almaq üçün Mərkəzdə saxlanılan əcnəbiyə özlərinin, yaxın qohumlarının və ya onların qanuni nümayəndələrinin ərizəsinə əsasən vəkillərlə görüş verilir. Görüşlər Mərkəzdə saxlanılan əcnəbilərə Mərkəzin iş vaxtı (9:00-dan 18:00-dək) ərzində təqdim edilir. 

14.3. Müdafiəçi Mərkəzə onun şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədi, qanuni nümayəndə isə əcnəbinin qanuni nümayəndəsi olduğunu təsdiq edən müvafiq sənədi və şəxsiyyətini təsdiq edən sənədi təqdim etdikdə buraxılır. Belə görüşlər tərəflərin arzusu ilə təklikdə və bu Qaydalara riayət edilməklə keçirilir.

14.4. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Milli Preventiv Qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən Mərkəzə daxil olmaq, orada könüllü və ya məcburi yerləşdirilən əcnəbilərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin, yaxud tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə yerləşdirilməsinin və saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin əcnəbilərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq hüquqları vardır.

14.5. Mərkəzin rəisi İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) və Milli Preventiv Qrupun üzvlərinin təxirə salınmadan Mərkəzə daxil olmasını, orada könüllü və ya məcburi yerləşdirilən əcnəbilərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək görüşmələrini və söhbət etmələrini, habelə onların həmin yerlərdə yerləşdirilməsinin və saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin əcnəbilərlə rəftara və onların saxlanılma şəraitinə aid olan bütün sənədlərlə tanış olmalarını və surətlərini almalarını dərhal təmin etməlidir. 

14.6. Görüşün keçirilməsi üçün Mərkəzdə xüsusi otaq ayrılır. Mərkəzdə saxlanılan əcnəbinin İnsan Hüquqları üzrə Müvəkkillə (Ombudsmanla), Milli Preventiv Qrupun nümayəndələri ilə, müdafiəçisi və ya qanuni nümayəndəsi ilə keçirilən görüşləri zamanı onların danışıqlarına qulaq asmaq yolverilməzdir. 

14.7. Beynəlxalq təşkilatların və respublikada akkreditə olunmuş diplomatik missiyaların nümayəndələrinin Mərkəzdə saxlanılan əcnəbilərlə görüşlərinin keçirilməsi beynəlxalq normalara uyğun olaraq, diplomatik kanallar vasitəsilə onların müraciətlərinə əsasən təmin edilir. 

14.8. Mərkəzdə saxlanılan əcnəbilərlə təklikdə keçirilən görüşlər Mərkəzin işçisinə görmək imkanı verən, lakin eşitməyi istisna edən şəraitdə həyata keçirilir.

14.9. Mərkəzdə saxlanılan əcnəbi yaxın qohumları ilə və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə ayda dörd dəfə və hər dəfədə 4 saatadək müddətə müvafiq şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir.

14.10. Mərkəzdə saxlanılan əcnəbinin qohumları ilə, hüquqi yardım göstərən və ya əlaqələri onun üçün maraq doğuran digər şəxslərlə görüşünə icazə Mərkəzin rəisi tərəfindən həmin əcnəbinin, yaxud görüşə gəlmiş şəxsin ərizəsi, şəxsiyyətini (şəxsiyyət vəsiqəsi, pasport, hərbi qulluqçuların və hüquq mühafizə orqanları əməkdaşlarının xidməti vəsiqəsi və qəyyumluq orqanlarının sənədləri) və qohumluq əlaqəsini təsdiq edən sənəd əsasında verilir. Mərkəzdə saxlanılan əcnəbilər və görüşə gəlmiş şəxslər Mərkəzin rəisinə müraciət etmək üçün ərizə blankları (33 nömrəli əlavə) ilə təmin edilirlər.

14.11. Görüşə gəlmiş şəxs və ya şəxslərdən biri bu Qaydalarla müəyyən edilmiş formada ərizə yazır, bu ərizənin arxa tərəfində göstərilmiş qadağan olunmuş əşyaların Mərkəzdə saxlanılan əcnəbilərə hər hansı bir üsulla verilməsinin və ya ötürülməsinin məsuliyyətə səbəb olacağı barədə məlumat verilir və onu imzalayır. Əgər görüşə bir neçə şəxs gəlmişdirsə, onların hər birinin adı və soyadı ərizədə göstərilir, şəxsiyyəti təsdiq edən sənədlər qeyd edilir, hər birinə ayrılıqda xəbərdar olunaraq, bu barədə imza edirlər. Ərizə görüşə gəlmiş şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədlə birlikdə görüş otağına təhkim edilmiş nəzarətçiyə təqdim edilir. Nəzarətçi ilk növbədə Mərkəzdə saxlanılan əcnəbinin görüş almaq hüququna malik olub-olmamasını yoxlayır, belə hüquq müəyyən edildikdə, nəzarətçi görüşə gəlmiş şəxsin (şəxslərin) şəxsiyyətini təsdiq edən sənədini və ərizənin hər iki nüsxəsinin tələb edilən qaydada yazılmasını yoxlayır.

14.12. Ərizənin arxa tərəfində məlumatla tanış olmaq barədə imza olmadıqda və ya imza onu imzalayan şəxsin şəxsiyyətini təsdiq edən sənəddəki imzadan fərqləndikdə, nəzarətçi bu barədə görüşə gəlmiş şəxsə (şəxslərə) bir daha xəbərdarlıq edir və ərizələri imzalamaq üçün şəxsə qaytarır. Əgər görüşə gəlmiş şəxs (şəxslər) ərizənin arxa tərəfində göstərilmiş məlumatları, habelə ərizələri tələb olunan qaydada imzalamaqdan imtina edərsə və ya görüşə gəlmiş şəxsin (şəxslərin) təqdim etdiyi sənədlə onun şəxsiyyətinin uyğun gəlmədiyi müəyyən edilərsə, bu halda nəzarətçi dərhal Mərkəzin rəhbərliyinə məlumat verir və səbəbi bildirilməklə, görüşün verilməsindən imtina olunaraq, bu barədə müvafiq akt tərtib edilir. Aktın surəti Mərkəzdə saxlanılan əcnəbinin şəxsi işinə əlavə edilir.

14.13. Görüş verilməzdən əvvəl görüşə gəlmiş şəxsə (şəxslərə) və Mərkəzdə saxlanılan əcnəbiyə görüşdən əvvəl görüş zamanı davranış qaydaları izah olunur, bu qaydalar pozulduqda, ona görüşün dərhal dayandırılacağı barədə xəbərdarlıq edilir.

14.14. Mərkəzdə saxlanılan əcnəbilərlə görüşə gəlmiş şəxsin (şəxslərin) üst-başına və əşyalarına baxış keçirilir. Görüşə gəlmiş şəxslərin üzərinə və ona məxsus əşyalara axtarış-baxış eyni cinsdən olan nəzarətçi tərəfindən həyata keçirilir.

14.15. Görüşə gəlmiş şəxsin (şəxslərin) qadağan olunan əşyaları Mərkəzdə saxlanılan əcnəbilərə verməsini və ya Mərkəzdə saxlanılan əcnəbilərdən hər hansı əşyanı almasını ehtimal etməyə kifayət qədər əsaslar olduqda, Mərkəzin rəisi görüşə gəlmiş şəxsə, onun üst-başına və əşyalarına görüşdən əvvəl və sonra baxışın keçirilməsinə razılıq verəcəyi təqdirdə, görüşün təqdim ediləcəyini elan edir.

14.16. Görüşə gəlmiş şəxs baxışdan imtina etdikdə, ona Mərkəzdə saxlanılan əcnəbi ilə görüşə icazə verilmir. Qadağan olunmuş əşyaları yoxlamadan gizlətməyə və ya bu əşyaları Mərkəzdə saxlanılan əcnəbilərə verməyə cəhd edən şəxslər aşkar edildikdə, bu barədə protokol tərtib edilərək qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir.

14.17. Mərkəzdə saxlanılan əcnəbi ilə görüşdə yetkinlik yaşına çatmış üç nəfərədək şəxsin və Mərkəzdə saxlanılan əcnəbinin övladlarının sayı məhdudlaşdırılmadan iştirakına icazə verilir.

14.18. Mərkəzdə saxlanılan əcnəbilər görüşə səliqəli görkəmdə gəlməlidirlər. Onların üzərində görüşdən əvvəl və sonra tam axtarış aparılır.

14.19. Görüşə gəlmiş şəxslərə özləri ilə görüş otağına ərzaq məhsulları və əşyalar keçirmələrinə icazə verilmir. Onlarda aşkar olunmuş pulun, qiymətli kağızların və əşyaların müvəqqəti saxlanca təhvil verilməsi və görüş başa çatdıqdan sonra geriyə alınması barədə xüsusi kitabda (34 nömrəli əlavə) qeydlər aparılır, əməkdaş və əşyaların sahibi tərəfindən həmin kitabda imza edilir.

14.20. Görüş zamanı Mərkəzdə saxlanılan əcnəbilərə və ya onlar tərəfindən görüşə gəlmiş şəxslərə icazəsiz hər hansı sənədlərin, sxemlərin, yazıların və digər əşyaların verilməsinə icazə verilmir.

14.21. Mərkəzdə saxlanılan əcnəbilərə qohumları ilə və əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşləri nəzarətçinin iştirakı ilə həyata keçirilir.

14.22. Görüş zamanı danışıq görüşə gəlmiş şəxslər tərəfindən seçilən dildə aparılır. Nəzarətçinin bilmədiyi dildə danışıq aparıldıqda, tərcüməçi dəvət oluna bilər. Tərcüməçi qismində Mərkəzdə saxlanılan digər əcnəbiləri cəlb etmək qadağandır.

14.23. Görüşlərin keçirilməsi zamanı Mərkəzdə saxlanılan əcnəbilərlə görüşə gələn şəxslərin təhlükəsizliyi Mərkəzin mühafizə heyəti tərəfindən təmin edilir.

14.24. Görüşdə davranış qaydaları pozulduqda, nəzarətçi dərhal görüşü dayandırır və bu barədə Mərkəz növbətçisinə məlumat verir. Bu halda həmin fakt protokollaşdırılır və Mərkəzdə saxlanılan əcnəbinin şəxsi işinə əlavə edilir.

14.25. Mərkəzdə saxlanılan əcnəbilərin müdafiəçisi, qanuni nümayəndəsi, qohumları, hüquqi yardım göstərən və ya əlaqələri onun üçün maraq doğuran digər şəxslərlə görüşmələri müvafiq kitabda qeyd olunur (35 nömrəli əlavə). 

14.26. Bir görüşün hissə-hissə verilməsinə icazə yoxdur.

14.27. Həkimin rəyinə əsasən ağır xəstəliyi ilə əlaqədar həyatı üçün təhlükə yaranan Mərkəzdə saxlanılan əcnəbinin yaxın qohumlarına ona baş çəkmək üçün Mərkəz rəhbərliyi tərəfindən imkan yaradılmalıdır.

14.28. Görüş lazımi avadanlıqlarla təchiz olunmuş xüsusi otaqda təşkil edilir. Həmin otaq üzərində yazı ləvazimatları olan masa, oturacaq, ərizə və şikayətlər üçün qutu ilə və digər zəruri avadanlıqlarla təchiz edilir. Həmin otaqların görünən yerlərində sovqatların qəbulu, sovqatların təqdimetmə qaydaları, Mərkəzdə saxlanılan əcnəbilərə verilməsi və ya ötürülməsi, sovqatlarda gətirilməsi, bağlama və banderollarda göndərilməsi qadağan olunmuş əşyaların siyahısı barədə məlumat, habelə bu siyahıda göstərilən əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi (göndərilməsi və ya ötürülməsi) ilə bağlı məsuliyyəti müəyyən edən normativ hüquqi aktların mətni, habelə həmin otaqların iş rejimi və müraciət edən şəxslərin qəbul günləri barədə məlumat lövhələri asılır.

14.29. Epidemioloji və ağır yoluxucu xəstəliklər, təbii fəlakətlər və Mərkəzin normal fəaliyyət göstərməsinə mane olan digər fövqəladə hallar zamanı görüşlərin təqdim edilməsi müvəqqəti dayandırılır. 

14.30. Mərkəzdə saxlanılan əcnəbinin  müdafiəçisi istisna olmaqla, digər şəxslərlə görüşmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya Mərkəzdə rejimi təmin etmək üçün Mərkəz rəhbərliyinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə Mərkəzdə saxlanılan əcnəbi həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş vəzifəli şəxsin yazılı razılığı olduqda istifadə edir. Bu bənddə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.

 

15. Mərkəzdə saxlanılan əcnəbinin Mərkəzin rəisi tərəfindən qəbul edilməsi

 

15.1. Mərkəzin rəisi Mərkəzdə saxlanılan əcnəbilərin yazılı, yaxud şifahi müraciətləri əsasında onları iş günü ərzində qəbul edir.

15.2. Mərkəzdə saxlanılan əcnəbi tərəfindən qaldırılan məsələnin Mərkəzin rəisinin səlahiyyəti çərçivəsində həll edilməsi mümkün olduqda, həmin məsələ yerində həll olunur, digər müraciətlərlə bağlı müvafiq tədbirlər görülür. Qəbul edilənlərin qeydiyyatı xüsusi kitabda aparılır (36 nömrəli əlavə).

 

16. Mərkəzdə saxlanılan əcnəbi tərəfindən dini ayinlərin yerinə yetirilməsi

 

16.1. Rejim qaydalarına riayət etmək şərtilə Mərkəzdə saxlanılan əcnəbilərə Mərkəzdə dini ayinlərin yerinə yetirilməsinə icazə verilir.

16.2. Mərkəzdə saxlanılan əcnəbilərə dini ayinlərin icrası üçün fərdi əşyaların və dini ədəbiyyatın saxlanılmasına icazə verilir. Tarixi və mədəni sərvət hesab edilən qiymətli metal və daşlardan hazırlanan, həmçinin kəsici-deşici alət şəklində olan dini əşyaların saxlanılması qadağandır.

16.3. Mərkəzdə saxlanılan əcnəbilərin vicdan və din azadlığına təminat verilir. Onlar Mərkəzlərdə dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək hüququna malikdirlər. Dini ayinlərin yerinə yetirilməsi üçün Mərkəzin rəhbərliyi tərəfindən müvafiq şərait yaradılır. Mərkəzdə saxlanılan əcnəbilərin saxlandıqları yaşayış otaqlarında və yaxud bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi otaqlarda dini ayinlərin yerinə yetirilməsi Mərkəzdə saxlanılan digər əcnəbilərin  hüquqlarını pozmamalıdır.

16.4. Mərkəzdə saxlanılan əcnəbilərin xahişi ilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş dini birliklərdən onlara mənəvi yardım göstərilməsi və dini ayinləri icra edilməsi üçün din xadimləri dəvət oluna bilərlər.

 

17. Mərkəzdə saxlanılan şəxsin yemək və maddi-məişət təminatı və normaları

 

17.1. Mərkəzdə saxlanılan əcnəbilər gündə üç dəfə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş yemək və maddi-məişət normalarına (37, 38, 39, 40, 41 və 42 nömrəli əlavələr) uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, Mərkəzdə hazırlanmış isti yeməklə təmin edilirlər.

17.2. Yeməklər hazırlanarkən, Mərkəzdə saxlanılan əcnəbilərin yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri nəzərə alınır.

17.3. Yetkinlik yaşına çatmayanlar, hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş xüsusi yemək normaları (38 və 39 nömrəli əlavələr) ilə təmin edilirlər.

17.4. Mərkəzdə saxlanılan əcnəbilər yeməkdən imtina etdikdə, Mərkəzin rəisi və ya onu əvəz edən şəxs, həkimin iştirakı ilə onun səbəbini aydınlaşdırmalı, bu barədə Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinə yazılı formada məlumat verməlidir.

17.5. Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, Mərkəzin rəisi Mərkəzdə saxlanılan əcnəbi tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün təcili tədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, Mərkəzdə saxlanılan əcnəbiyə müvafiq izahat verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür.

17.6. Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbi Mərkəzin rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə Mərkəzdə saxlanılan digər əcnəbilərdən ayrı saxlanılır və ona həkim nəzarəti təyin edilir.

17.7. Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin Mərkəzdə saxlanılma rejiminin  öhdəliklərindən azad edilməsi həkimin tibbi rəyi əsasında həyata keçirilir.

17.8. Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbiyə bu Qaydalarla müəyyən edilmiş normalar üzrə bu barədə müvafiq qeydiyyat aparılmaqla səhər, günorta və şam yeməyi verilir və ona yeməyi qəbul etmək təklif olunur. Bu təklif rədd edildikdə, yeməkdən imtina yeməklərin gətirilməsi haqqında qeydiyyatın aparıldığı vərəqdə qeyd olunur və həmin vərəq əcnəbinin şəxsi işinə əlavə edilir (43 nömrəli əlavə). 

17.9. Mərkəzin rəisi Mərkəzdə saxlanılan əcnəbinin yeməkdən imtina etməsi anından 24 saat keçdikdə yemək qəbulundan imtina edən əcnəbinin axırıncı psixi və somatik vəziyyətini müəyyən etmək məqsədi ilə tibbi müayinəsinin keçirilməsinə göstəriş verir.

17.10. Yemək qəbulundan imtina edən Mərkəzdə saxlanılan əcnəbi hər gün həkim tərəfindən müayinə edilir, onun psixi və somatik vəziyyəti, o cümlədən fizioloji göstəriciləri qeydə alınır və bu barədə Mərkəzdə saxlanılan əcnəbinin tibbi kitabçalarında (8 və 9 nömrəli əlavə) qeydlər aparılır.

17.11. Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin həyatı üçün təhlükə yarandıqda və o, özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə, həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin səhhətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilir.

17.12. Mərkəzdə saxlanılan əcnəbinin yemək qəbulundan imtina etməsi onun digər Mərkəzlərə göndərilməsinə mane olmur. Yemək qəbulundan imtina edən Mərkəzdə saxlanılan əcnəbinin digər Mərkəzlərə göndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir.

17.13. Mərkəzdə saxlanılan əcnəbilər Mərkəzdə sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Onlar Mərkəzdə insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməzlər.

17.14. Mərkəzdə əcnəbilərin saxlanıldığı yaşayış otaqarı 1 və ya 2 yaruslu fərdi çarpayılarla, adambaşına 0,4 paq.metr hesabı ilə masa və oturacaqlarla, 10 nəfərə 1 paq.metr hesabı ilə üst paltarlarının asılması üçün asılqanla, divar şkafı və çarpayıyanı tumbalarla, əlüzyuyanla, sanitar qovşağı ilə təchiz olunurlar.

17.15. Mərkəzdə saxlanılan əcnəbilər istifadə sahəsi hər nəfərə 4 kv.m-dən az olmayan yaşayış otaqlarında saxlanılır və yataq ləvazimatları ilə (yastıq, döşək, adyal, döşəkağı, balışüzü) təmin olunurlar.

17.16. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlar, yetkinlik yaşına çatmayanlar daha işıqlı yaşayış otaqlarında yerləşdirilirlər.

17.17. İlin soyuq mövsümündə yaşayış otaqlarında havanın hərarətinin müsbət 18 dərəcədən az olması yolverilməzdir.

17.18. Mərkəzdə əcnəbilərin saxlanıldığı hər bir yaşayış binasında içməli su üçün plastik kütlədən hazırlanmış dolça və stəkan, zibil vedrəsi qoyulur, yaşayış otaqlarının yığışdırılması zamanı süpürgə və plastik kütlədən hazırlanmış xəkəndaz verilir.

17.19. Mərkəzdə saxlanılan əcnəbilərin münasib paltarı olmadıqda, onlar mövsümə uyğun paltarla təmin edilirlər. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə verilən paltardan fərqlənməlidir.

17.20. Yeməklər üçün qab-qacağın yuyulması, yuyucu-dezinfeksiyaedici vasitələrdən mütləq istifadə edilməklə, mətbəxdə həyata keçirilir.

17.21. Yaşayış binalarında, o cümlədən yaşayış otaqlarında hər gün təmizlik işləri aparılır. Əsaslı təmizlik işləri yuyucu-dezinfeksiyaedici vasitələrdən istifadə edilməklə, həftədə 1 dəfədən gec olmayaraq aparılır.

17.22. Həftədə 1 dəfədən az olmayaraq yaşayış binalarının, kommunal-məişət otaqlarının, yeməkxananın, mətbəxin, anbarların, xidməti və digər otaqların dezinfeksiyası, dezinseksiyası və deratizasiyası keçirilir.

17.23. Mərkəzdə məcburi yerləşdirilən əcnəbilərə həftədə 1 dəfədən az olmayaraq, yataq ləvazimatları (mələfə, balışüzü, adyal, adyalüzü, əl-üz dəsmalı) dəyişdirilməkləMərkəzin  duşxanasında çimmək üçün müvafiq şərait yaradılır. Havaların isti keçdiyi günlərdə Mərkəzdə saxlanılan əcnəbilərə həftədə ən azı iki dəfə yuyunmaq imkanı verilir.

17.24. Sanitar-epidemioloji nəzarət xidmətinin həkimi tərəfindən Mərkəzin sanitar vəziyyətinin müayinəsinin nəticələri və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə məlumatlar müvafiq kitabda qeyd olunur (10 nömrəli əlavə).

17.25. Mərkəzdə məcburi yerləşdirilən əcnəbi kişilər üzqırxandan nəzarətçinin iştirakı ilə istifadə edirlər.

 

18. Mərkəzdə saxlanılan əcnəbi tərəfindən təkliflərin, şikayətlərin və ərizələrin göndərilməsi

 

18.1. Mərkəzdə saxlanılan əcnəbilər ərizə, şikayət və təklifləri yazılı və şifahi verə bilərlər. Bunun üçün Mərkəzdə saxlanılan əcnəbiyə onun xahişi ilə kağız və qələm verilir.

18.2. Mərkəzdə saxlanılan əcnəbilərin yazılı ərizə, şikayət və təklifləri ünvan sahibinə Mərkəzin dəftərxanasında qeydiyyata alınmaqla, bir iş günü müddətində göndərilir. Şifahi ərizə, şikayət və təkliflər isə xüsusi qeydiyyat kitablarında (44 nömrəli əlavə) qeydiyyata alınır.

18.3. Mərkəzdə saxlanılan əcnəbilərin yazılı şikayət, ərizə və təklifləri (Mərkəzdən kənara ünvanlandıqda onların surətləri) şəxsi işə tikilir.

18.4. Mərkəzdə saxlanılan əcnəbilərin ərizə, şikayət və təklifləri ilə əlaqədar Mərkəzin ünvanına daxil olan cavab məktubları bir gündən gec olmayaraq, teleqramlar isə dərhal  Mərkəzdə saxlanılan əcnəbilərə imza etdirilməklə elan edilir və istəyi olduğu halda cavab məktublarının və teleqramların  surətləri onlara verilir.

18.5. Mərkəzdə saxlanılan əcnəbilərin müstəntiqə, prokurora, məhkəməyə, Mərkəzin fəaliyyətinə nəzarəti həyata keçirən orqana, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) və Milli Preventiv Qrupuna 24 saat müddətində, BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumlarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə və ya işgəncənin və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinə (CPT) ünvanladıqları təkliflər, ərizələr və şikayətlər təxirə salınmadan (istirahət və iş günü hesab edilməyən bayram günləri, səsvermə və ümumxalq hüzn günü istisna olmaqla) aidiyyəti üzrə göndərilir. Bu təkliflər, ərizələr və şikayətlər, habelə onlara verilən cavablar senzuradan keçirilmir.

18.6. Mərkəzdə saxlanılan əcnəbilər təklif, ərizə və ya şikayət göndərdiklərinə görə hər hansı şəkildə təqib edilə bilməzlər.

18.7. Mərkəzdən kənara ərizə, şikayət və təkliflərin göndərilməsi məktubların və teleqramların göndərilməsi qaydasında həyata keçirilir.

18.8. Mərkəzdə saxlanılan əcnəbinin şəxsi hesabında kifayət qədər vəsaitin olmadığı təqdirdə, bu Qaydaların 18.5-ci bəndində nəzərdə tutulmuş ünvanlara təkliflərin, ərizələrin və şikayətlərin göndərilməsi xərcləri Mərkəzin saxlanılması üçün smeta ilə nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir.

 

19. Mərkəzdə saxlanılan əcnəbiyə tibbi və psixoloji yardım göstərilməsi,habelə onun tibbi-sanitariya təminatı, tibbi-müayinəsi, tibb müəssisələrində yerləşdirilməsi və ya saxlanılması

 

19.1. Mərkəzdə saxlanılan əcnəbilərin tibbi müayinədən keçirilməsi və onlara tibbi yardım göstərilməsi üçün orada tibb məntəqəsi yaradılır. 

19.2. Mərkəzdə saxlanılan əcnəbilər Mərkəzə qəbul edildiyi andan 24 saat müddətində tibbi müayinədən (rentgenoloji, laborator və s.) keçirilir, hər bir qəbul edilən əcnəbiyə tibbi kitabça tərtib olunur. Tibbi müayinə digər şəxslərin iştirakı olmadan (təhlükəsizlik tədbirləri ilə bağlı hallar istisna olmaqla) tibb işçiləri tərəfindən təklikdə aparılır. Tibb işçisi ixtisasca həkim olmalıdır.

19.3. Mərkəzdə saxlanılan əcnəbilər aşağıdakı müayinələrdən keçirilir və nəticələrinə dair tibbi kitabçada qeydiyyat aparılır:

19.3.1. boyu, çəkisi, bədənin hərarəti, arterial qan təzyiqi, nəbzi, huşu, dəri örtüyü;

19.3.2. zöhrəvi xəstəliklərə, qan qrupuna, hepatit B və C, o cümlədən İİV-yə (insanın immunçatışmazlığı virusuna) görə laboratoriya müayinəsi;

19.3.3. döş qəfəsi orqanlarının rentgenoloji müayinəsi;

19.3.4. anamnestik məlumatların toplanılması və obyektiv müayinə;

19.3.5. diaqnozun müəyyən edilməsi üçün göstərilən müayinələr kifayət etmədikdə, əlavə instrumental və digər müayinələr (EKQ, USM, bəlğəmin bakterioloji müayinəsi, kliniki və biokimyəvi analizlər və s.), həkim-mütəxəssislərin baxışı (ftiziatr, narkoloq, psixiatr, nevropatoloq, ginekoloq və s.).

19.4. Mərkəzdə 7 (yeddi) günədək yerləşdirilən əcnəbilər barəsində bu Qaydaların yalnız 19.3.1-ci və 19.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş tədbirlər tətbiq olunur.

19.5. Tibbi müayinə zamanı əcnəbidə bədən xəsarətləri və ya Mərkəzə yerləşdirilənə qədər onun hər hansı işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması müşahidə olunarsa, bu barədə tibb işçisi tərəfindən dərhal Mərkəz növbətçisinə məlumat verilir.

19.6. İşgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarla əlaqədar şikayətlər, habelə tibbi müayinə zamanı müəyyən edilən işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi güman edilən bədən xəsarətləri barədə yazılı məlumatlar Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyi vasitəsilə müvafiq araşdırma aparılması üçün dərhal müvafiq prokurorluq orqanına göndərilir.

19.7. Mərkəzdə saxlanılan əcnəbi xəstələndikdə və ya bədən xəsarəti aldıqda, onun tibbi müayinəsi tibb işçiləri tərəfindən dərhal həyata keçirilir. Tibbi müayinənin nəticələri qeydə alınaraq, Mərkəzdə saxlanılan əcnəbiyə, eləcə də müraciət olduqda, həmin əcnəbinin müdafiəçisinə təqdim edilir.

19.8. Zərurət yarandıqda, Mərkəzdə saxlanılan əcnəbinin, yaxud onun müdafiəçisinin vəsatəti ilə Mərkəzin rəisinin qərarı əsasında tibbi müayinəyə başqa tibb müəssisələrinin həkim mütəxəssisləri cəlb edilə bilərlər. Bu halda, dəvət edilən mütəxəssislər tərəfindən tibbi müayinənin xərcləri bu barədə vəsatət verən şəxsin vəsaiti hesabına ödənilir.

19.9. Mərkəzdə saxlanılan əcnəbinin tibbi müayinəsi zamanı aşağıdakılara xüsusi diqqət yetirilir:

19.9.1. həkim sirrinin qorunması;

19.9.2. fiziki və psixi xəstəliklərin müəyyən edilməsi və onların müalicəsi üçün müvafiq tədbirlərin görülməsi;

19.9.3. Mərkəzdə saxlanılan əcnəbinin zorakılığa məruz qaldığına işarə edən əlamətlərin təfərrüatı ilə qeydiyyata alınması və Mərkəzin rəisinin nəzərinə çatdırılması;

19.9.4. Mərkəzdə saxlanma ilə əlaqədar yaranmış hər hansı psixi və ya digər stress hallarının müəyyən edilməsi;

19.9.5. yoluxucu xəstəliyə tutulması ehtimal olunan Mərkəzdə saxlanılan əcnəbinin tibbi rəy əsasında xəstəlik müddətində digər şəxslərdən təcrid edilməsi və müvafiq müalicə alması;

19.9.6. Mərkəzdə saxlanılan əcnəbinin yalnız İİV-yə (insanın immunçatışmazlığı virusu) yoluxması səbəbinə görə təcrid olunmamasının təmin edilməsi;

19.9.7. Mərkəzdə saxlanılan əcnəbinin azad edildikdən sonra cəmiyyətə reinteqrasiyası üçün maneə törədə bilən fiziki və psixi pozuntuların qeydə alınması;

19.9.8. Mərkəzdə saxlanılan əcnəbinin əməyə və fiziki məşqlərə yararlı olmasının müəyyən edilməsi;

19.9.9. Mərkəzdə saxlanılan əcnəbinin razılığı ilə onun azad edilməsindən sonra zəruri tibbi və ya psixiatriya müalicəsinin davam etdirilməsi ilə əlaqədar ölkə daxilində müvafiq səhiyyə müəssisələrinə məlumat verilməsi.

19.10. Mərkəzdə saxlanılan əcnəbi Mərkəzdən azad edilməzdən və ya digər Mərkəzə köçürülməzdən əvvəl tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilir və bu barədə tibbi kitabçada qeydiyyat aparılır.

19.11. Yoluxucu xəstəliklərinyayılmasının qarşısını almaq və Mərkəzdə yerləşdirilməsini mümkünsüz edən digər xəstəliklərin aşkar edilməsi məqsədi ilə Mərkəzə yeni qəbul edilmiş əcnəbilər xarici tibbi müayinədən və kompleks sanitar təmizləmədən keçdikdən sonra 24 saatadək müddətə ilkin saxlanılma yerində (bundan sonra - karantin) Mərkəzdə saxlanılan digər şəxslərdən ayrı yerləşdirilirlər. Yoluxucu xəstəliklər və ya Mərkəzdə yerləşdirilməsini mümkünsüz edən digər xəstəliklər aşkar edilməzsə həmin əcnəbilər karantindən çıxarılırlar və Mərkəzdə yerləşdirilən digər əcnəbilərlə birlikdə saxlanılırlar.

19.12. Xarici tibbi müayinə zamanı və ya karantində olduğu müddətdə yoluxucu xəstəlik yaxud Mərkəzdə yerləşdirilməsini mümkünsüz edən digər xəstəliklər aşkar edilmiş və ya həmin xəstəliklərə tutulması şübhəli olan əcnəbi aşkar edildikdə bu barədə Mərkəzin rəhbərliyinə məlumat verilməklə həmin əcnəbilər digər şəxslərdən təcili təcrid edilməklə Mərkəzdə yerləşdirilməsi üçün əsas olan sənədlərinin surətləri ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq xəstəxanalarına göndərilirlər. Mərkəzdə yerləşdirilməsini mümkünsüz edən hal aradan qalxdıqdan sonra barəsində Mərkəzdə yerləşdirilməsinə dair qəbul edilmiş qərarda nəzərdə tutulmuş müddət nəzərə alınmaqla həmin əcnəbilər Mərkəzə qəbul edilirlər.

19.13. Yoluxucu xəstəliyə tutulmuş şəxslə epidemioloji təmasda olmuş Mərkəzdə saxlanılan digər şəxslər üzərində tibbi nəzarət həyata keçirilir. Həmin əcnəbi başqa yerə köçürüldükdən dərhal sonra onun saxlandığı otaqda müvafiq dezinfeksiya tədbirləri aparılır. Sanitar-epidemioloji nəzarət xidməti tərəfindən sanitar-dezinfeksiya işləri aparıldıqdan sonra nəticələri Mərkəzin tibb işçisi tərəfindən müvafiq kitabda qeyd olunur (10 nömrəli əlavə).

19.14. Yoluxma mənbəyi ola bilən məişət və digər tullantıların zərərsizləşdirilməsi və ya ərazidən uzaqlaşdırılması təmin edilir, mövcud təlimatlara uyğun kimyəvi və ya digər üsullarla sanitar təmizlənmə (dezinfeksiya, dezinseksiya və deratizasiya) tədbirləri aparılır.

19.15. Epidemiya təhlükəsi yarandıqda, bu barədə müvafiq dövlət qurumları məlumatlandırılır və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq qurumları cəlb edilməklə, əks-epidemik tədbirlər həyata keçirilir.

19.16. Mərkəzdə saxlanılan əcnəbinin hər bir həkim çağırışı təmin edilir, müvafiq tibbi müayinənin və yardımın həyata keçirilməsinə şərait yaradılır, zərurət yarandıqda isə onun saxlanılma şəraitinin dəyişdirilməsi məsələsinə həkim rəyinə uyğun olaraq Mərkəzin rəhbərliyi tərəfindən baxılır.

19.17. Mərkəzdə saxlanılan əcnəbiyə təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım briqadası çağırılır. Mərkəzdə saxlanılan əcnəbiyə təcili tibbi yardım briqadası tərəfindən göstərilmiş tibbi yardım barədə verilmiş xəbərdarlıq vərəqi tibbi sənədlərə əlavə edilir.

19.18. Mərkəzdə yerləşdirilməsi nəzərdə tutulmuş əcnəbinin Mərkəzdə göstərilməsi mümkün olmayan təcili tibbi yardıma ehtiyacı olduğu halda, onun Mərkəzə qəbul olunmasından imtina edilməsi və aidiyyəti yardım göstərilə bilən müvafiq tibb müəssisəsinə göndərilməsi barədə Mərkəzin tibb işçisi öz rəyini Mərkəzin rəhbərliyinə bildirir. Mərkəzdə yerləşdirilməsini mümkünsüz edən hal aradan qalxdıqdan sonra barəsində Mərkəzdə yerləşdirilməsinə dair qəbul edilmiş qərarda nəzərdə tutulmuş müddət nəzərə alınmaqla həmin əcnəbilər Mərkəzə qəbul edilirlər.

19.19. Mərkəzdə saxlanılan əcnəbilərdə özünə və ya ətrafdakılara qarşı təhlükəli davranışla müşahidə olunan psixi pozuntu halları olduqda, onlar tibb işçisinin rəyinə əsasən ən geci 24 saat müddətində təcili təcrid edilməklə Mərkəzdə saxlanılan digər əcnəbilərdən ayrı saxlanılırlar. Bu müddətdə aparılan tibbi tədbirlər səmərəli olmadıqda, həmin əcnəbinin psixiatriya yardımı almaq üçün müvafiq ixtisaslaşdırılmış müəssisəyə köçürülməsi istiqamətində tədbirlər görülür.

19.20. Mərkəzdə saxlanılan əcnəbilərə psixoloji yardım Mərkəzdə saxlanılan əcnəbilərdə yaranmış və ya müşahidə edilən mənəvi-psixoloji sarsıntı, şok, depressiya, stress, böhranlı vəziyyət və bu kimi digər psixoloji gərginlik hallarının aradan qaldırılması üçün aparılan kompleks tədbirlərdir.

19.21. Mərkəzdə saxlanılan əcnəbilərə psixoloji yardım Mərkəzin psixoloqları tərəfindən göstərilir. Peşəkar ehtiyac yarandıqda, Mərkəzin rəhbərliyinin icazəsi ilə psixoloji yardım bu sahədə ixtisaslaşdırılmış təşkilatların nümayəndələri tərəfindən göstərilir.

19.22. Mərkəzdə saxlanılan əcnəbilərə psixoloji yardım, onların Mərkəzdə saxlanıldığı müddətdə göstərilir.

19.23. Mərkəzdə saxlanılan əcnəbilərə psixoloji yardım işi qanunçuluq, obyektivlik, ayrı-seçkiliyə yol verməmək, onların hüquq və azadlıqlarına, qanuni maraqlarına hörmətlə yanaşmaq prinsipləri əsasında həyata keçirilir.

19.24. Mərkəzdə saxlanılan əcnəbilərə psixoloji yardım pulsuz göstərilir.

19.25. Mərkəzdə saxlanılan əcnəbilərə psixoloji yardım onların müraciətləri və ya razılıqları əsasında göstərilir.

19.26. Psixoloji yardım Mərkəzin ərazisində, bunun üçün ayrılmış xüsusi otaqlarda və fərdi qaydada göstərilir. Mərkəzin rəhbərliyi belə yardımdan səmərəli istifadə üçün zəruri şərait yaratmalıdır.

19.27. Psixoloji yardım göstərilən zaman anonimliyin hər iki tərəfdən qorunmasının vacibliyi barədə Mərkəzdə saxlanılan əcnəbiyə bildirilir.

19.28. Mərkəzdə saxlanılan əcnəbi özünü qeyri-adekvat apardıqda və ya psixoloji gərginlik yaratdıqda, Mərkəzin rəhbərliyinin göstərişinə əsasən psixoloq həmin şəxslə fərdi qaydada söhbət aparır.

19.29. Risk qrupuna aid olan şəxslər - intihara, özünəxəsarətə və ya qaçmağa meyilli, potensial konfliktli şəxslər, habelə yetkinlik yaşına çatmayanlar psixoloq tərəfindən nəzarətə götürülür və onlarla mütəmadi olaraq söhbətlər aparılır. Psixoloji gərginliyin aradan qaldırılması ilə bağlı psixoloji seanslara Mərkəzdə saxlanılan əcnəbilərin yaxınları dəvət oluna bilərlər.

19.30. Psixoloji yardım göstərilərkən, psixodiaqnostik metodlardan istifadə edilir. Mərkəzdə saxlanılan əcnəbinin həyata maraqları, sosial vəziyyəti öyrənilir. Mərkəzdə saxlanılan hər əcnəbi ilə aparılan psixoloji iş, o cümlədən şəxsə göstərilmiş yardım işi, keçirilən metodlar və nəticələri, şəxsin psixoloji xarakteristikası psixoloji yardım dəftərində qeyd edilir.

19.31. Mərkəzdə saxlanılan əcnəbilərin psixoloq tərəfindən qəbulu ayrıca jurnalda qeyd olunur.

19.32. Psixoloq tərəfindən Mərkəzdə saxlanılan əcnəbinin ilkin psixoloji xarakteristikası tərtib edilir və işinə əlavə olunur. Mərkəzdə saxlanılan əcnəbinin ilkin psixoloji xarakteristikasında onun temperament tipi, aparılan ilkin müşahidənin nəticələri, fərdi söhbət zamanı davranışı, şəxsiyyətə xas xüsusiyyətləri (xarakterin aksentuasiyası, özünüqiymətləndirmə, kommunikativ xüsusiyyətləri, kollektivdə qarşılıqlı münasibəti, sosial adaptasiya səviyyəsi, intellektual səviyyəsi, təfəkkür xüsusiyyətləri, təşkilatçılıq, iş qabiliyyəti və s.), kriminalyönlü xüsusiyyətləri (iradi özünənəzarət, emosional-psixi stabilliyi, aqressiv tendensiyanın təzahürü, konfliktliliyinin növü, impulsivliyi, digər şəxslərlə ünsiyyət zamanı yaranan problemin səbəbləri və adekvatlılıq dərəcəsi) əks olunur.

19.33. Mərkəzdə saxlanılan əcnəbilərin stasionar müalicəsi müvafiq müalicə müəssisələrində həyata keçirilir. Mərkəzdə saxlanılan əcnəbilərin stasionar müalicə üçün təcili və ya planlı qaydada müalicə müəssisələrinə köçürülməsi tibb işçisinin rəyinə əsasən Mərkəzin müdiriyyəti tərəfindən təmin edilir. Xəstənin (Mərkəzdə saxlanılan əcnəbinin) vəziyyəti yaxşılaşdıqda, saxlanıldığı Mərkəzə geri köçürülür.

19.34. Mərkəzdə saxlanılan xəstə əcnəbinin Mərkəzdən kənar səhiyyə müəssisələrinə müayinəyə və qısamüddətli müalicəyə göndərilməsi Mərkəzin tibbi məntəqəsinin rəyi əsasında Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin qərarı ilə həyata keçirilir. Bu zaman Mərkəzdə saxlanılan əcnəbinin Mərkəzdən kənarda müşayiəti və mühafizəsi Mərkəzin mühafizə heyəti tərəfindən təmin edilir.

19.35. Mərkəzdə saxlanılan əcnəbilərin müalicə müəssisələrində müalicəsi mövcud kliniki protokollara uyğun olaraq təşkil edilir. Diaqnozun dəqiqləşdirilməsi üçün zərurət yarandıqda müayinə və müalicə proseslərinə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb müəssisələri və mütəxəssisləri cəlb olunurlar.

19.36. Mərkəzdə saxlanılan əcnəbi ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə, bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına və Mərkəzin tabe olduğu dövlət orqanını tibb müəssisəsinə və Mərkəzin rəhbərliyinə tibb işçisi tərəfindən məlumat verilir.

19.37. Mərkəzdə saxlanılan əcnəbi ona təklif olunmuş müayinə, müalicə və hər hansı tibbi müdaxilədən imtina etdikdə, tibbi sənədlərdə bu barədə müvafiq qeydlər aparılır. Bununla bağlı səhhətində gözlənilən fəsadlar və ya ağırlaşmalar həmin şəxsə izah edilir və o, bunları anlayaraq imtinasında israrlı olduqda, imtinanı imzası ilə təsdiq edir. Mərkəzdə saxlanılan əcnəbi imtinasını imzası ilə təsdiq etməkdən boyun qaçırdıqda, Mərkəzin işçilərinin iştirakı ilə akt tərtib edilir və onun şəxsi işinə əlavə olunur.

19.38. Mərkəzdə aşağıdakı sanitariya-gigiyena qaydalarına riayət edilməlidir:

19.38.1. mövcud normalara cavab verən, mövsümə uyğun miqdarda içməli su təchizatı (hər adama mülayim hava şəraitində - 2,5 litr, isti hava şəraitində - 4,0 litr);

19.38.2. rasionda müxtəlifliyə və pəhrizə riayət edilməklə, gündə üç dəfə qidalanma;

19.38.3. adambaşına 4 kv.m-dən az olmayan, kifayət qədər təbii və süni işıqlanması olan və havası dəyişdirilən, soyuq fəsillərdə adekvat isidilən yaşayış sahəsi (payız-qış aylarında havanın temperaturu 18°C-dən aşağı olmamalıdır);

19.38.4. fərdi çarpayı və yataq ləvazimatı, gigiyenik qaydalara uyğun yuyulması şərtilə, həftədə bir dəfədən az olmayaraq dəyişdirilən yataq əşyaları, fəslə uyğun üst geyimləri;

19.38.5. gigiyenik təmiz şəxsi ləvazimatlarla təmin edilməsi;

19.38.6. dövri (bir aydan gec olmayaraq) olaraq yaşayış otaqlarının sanitar təmizlənməsi (dezinfeksiya, dezinseksiya, deratizasiya);

19.38.7. sanitariya-gigiyena normalarına uyğun sanitar qovşağının, isti-soyuq suyun, hamamın (duş), camaşırxananın olması.

19.39. Mərkəzdə sanitariya-gigiyena və əks-epidemik tədbirlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir. Sanitariya-gigiyena və əks-epidemik məqsədlə aparılan yoxlamaların nəticələri müvafiq aktla rəsmiləşdirilərək,  Mərkəzin rəhbərliyinə təqdim edilir.

19.40. Mərkəzdə saxlanılan əcnəbilərdən həkim, feldşer və tibb bacısı kimi istifadə etmək qadağandır.

19.41. Hamilə və ya yanında 3 yaşınadək uşağı olan qadınlara xüsusi tibbi yardım göstərilir.

19.42. Mərkəzdə saxlanılan əcnəbi ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına məlumat verilir.

 

20. Mərkəzdə saxlanılan əcnəbinin mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirakı və notarius xidmətlərindənistifadə etməsi

 

20.1. Mərkəzdə saxlanılan əcnəbilər bu Qaydaların tələblərinə riayət etməklə, şəxsən və ya öz nümayəndələrinin vasitəsilə mülki hüquq münasibətlərində iştirak edirlər.

20.2. Mərkəzdə saxlanılan əcnəbilər ailə qanunvericiliyinin tələblərinə uyğun olaraq nikah bağlayır, nikahı pozur, habelə digər ailə hüquq münasibətlərində iştirak edirlər.

20.3. Mərkəzdə saxlanılan əcnəbilər notarius xidmətlərindən istifadə etmək hüququna malikdirlər.

20.4. Mülki-hüquq, ailə-hüquq münasibətlərində iştirak etmək, yaxud notariusun xidmətlərindən istifadə etmək məqsədi ilə Mərkəzdən kənara çıxmaq zərurəti yarandıqda, Mərkəzdə məcburi yerləşdirilən əcnəbilər və ya onların nümayəndələri bu barədə Mərkəz rəhbərliyinə əsaslandırılmış yazılı müraciət edirlər. Mərkəzin rəisi müraciətə baxır və Mərkəzin tabe olduğu dövlət orqanının rəhbərliyinin razılığı olduğu təqdirdə, həmin əcnəbilərə Mərkəzin işçilərinin müşayiəti ilə və müəyyənləşdirilmiş vaxt çərçivəsində Mərkəzdən kənara çıxmağa icazə verir. 

 

21. Mərkəzdə saxlanılan əcnəbi vəfat etdikdə, meyitinin verilməsi

 

21.1. Mərkəzdə saxlanılan əcnəbi vəfat etdikdə, Mərkəzin rəisi bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına (teleqram vasitəsilə), onların vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə əcnəbiyə himayədarlığı öz üzərinə götürmüş beynəlxalq  təşkilatlara və aidiyyəti orqanlara məlumat verilməsini təmin edir.

21.2. Mərkəzdə saxlanılan əcnəbinin meyiti aidiyyəti üzrə təhvil verilir.

21.3. Mərkəzdə saxlanılan əcnəbinin meyiti məhkəmə-tibb ekspertizası keçirildikdən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş digər prosessual hərəkətlər aparıldıqdan sonra onun qohumlarına verilir. Mərkəzdə saxlanılan əcnəbinin öldüyü vaxtdan 7 gün müddətində meyitin verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn edilir. Həmin müddətdə meyitin daha uzun müddət saxlanılması barədə müraciət daxil olduqda, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq qurumunun morqunda saxlanılır.

21.4. Meyit ölüm faktı üzrə cinayət işi ilə əlaqədar araşdırma aparan şəxsin və ya orqanın razılığı ilə onun dəfn edilməsini öz üzərinə götürmüş şəxsin yazılı müraciəti əsasında verilir. Meyiti qəbul edən şəxs şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidir.

21.5. Vəfat etmiş əcnəbinin qohumlarına ölüm haqqında şəhadətnamənin hansı orqandan alınması üçün müraciət etmələri izah olunmalıdır.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM