02 Sentyabr 2016 09:09
663
Tədbirlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb

 

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb. Görüşə toplaşanlar Azərbaycan Prezidentini, xanımı Mehriban Əliyevanı və ailə üzvlərini hərarətlə qarşıladılar. 

Dövlət başçısı görüşdə nitq söylədi.

 

Prezident İlham Əliyevin nitqi

 

- Əziz idmançılar, əziz dostlar.
Rio Yay Olimpiya Oyunlarında Azərbaycan komandası möhtəşəm və tarixi qələbə qazanmışdır. Bu qələbə münasibətilə idmançılarımızı və bütün Azərbaycan xalqını bir daha təbrik edirəm.
Bu, doğrudan da tarixi qələbədir. Azərbaycan idmançıları Rio Olimpiya Oyunlarında 18 medal qazanmışlar. Bu, rekord göstəricidir. Onlardan 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc medaldır. Bu, onu göstərir ki, Azərbaycan doğrudan da idman dövlətidir. Mən bunu dəfələrlə bildirmişəm. Bir daha demək istəyirəm, həyat və idmançılarımızın nəticələri bunu bir daha təsdiqləyir. Medalların sayına görə Azərbaycan komandası 14-15-ci yerləri bölüşür. Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdədir. Bu möhtəşəm qələbə bütün Azərbaycan xalqını sevindirir. Azərbaycan xalqı öz idmançıları ilə fəxr edir və mən sizi bu gözəl qələbə münasibətilə bir daha ürəkdən təbrik edirəm.
Azərbaycan idman dövlətidir. Biz məqsədyönlü şəkildə idman siyasətimizi apararaq, bu gözəl nəticələrə nail ola bilmişik. İlk dəfə Azərbaycan müstəqil dövlət kimi 1996-cı ildə yay olimpiya oyunlarında iştirak etmişdir. O vaxt bizim cəmi 1 medalımız var idi. Ondan sonra hər olimpiadada biz nəticələrimizi artırırdıq - 2000-ci ildə 3, 2004-cü ildə 5, 2008-ci ildə 7 və 2012-ci ildə 10 medal qazanmışdıq. Biz hesab edirdik ki, bu, böyük nəticədir və doğrudan da belədir. Çünki yay olimpiya oyunlarında dünyanın ən qabaqcıl idmançıları iştirak edirlər və orada medal qazanmaq o qədər də asan deyil. Ancaq bu dəfə 18 medal əldə etməyimiz, əlbəttə, onu göstərir ki, son 4 ildə də Azərbaycan idmanı sürətlə inkişaf edib.
Biz güclü idman dövlətləri arasındayıq. Biz bütün dünyaya göstəririk ki, Azərbaycanda idman inkişaf edir, gözəl gənc nəsil yetişir və idman hər bir ölkənin ümumi inkişafının təzahürüdür. Əgər qabaqcıl idman ölkələrinə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti inkişaf etmiş ölkələrdir. Çünki inkişaf etmiş ölkələrdə idmana daha da böyük dəstək göstərilir, bunun üçün daha da böyük maliyyə imkanları var, idmançılar üçün şərait daha da yaxşıdır və əlbəttə ki, nəticələr də özünü göstərir. Uğurlu iqtisadi inkişafımız və düşünülmüş siyasətimiz Azərbaycanı da dünya idman elitasının sıralarına daxil edib. Bu, məni çox sevindirir.
Çünki bilirsiniz ki, idman mənim həyatımda mühüm rol oynayır. Mən 19 ildir ki, Milli Olimpiya Komitəsinin prezidentiyəm və bu missiyanı icra edirəm. Yadımdadır, 1997-ci ildə Azərbaycan idman ictimaiyyəti mənə bu etimadı göstərəndə ölkə idmanı o qədər də yaxşı vəziyyətdə deyildi. İdmançılarımız ölkəmizi tərk edirdi, bəzi idmançılarımız düz yolda deyildilər. Bu da həqiqətdir. İdmana qayğı göstərmək üçün bizim o qədər də maliyyə imkanlarımız yox idi. Bundan əlavə, idmana rəhbərlik edən qurumlar arasında da birlik yox idi.
Mənim yadımdadır, o vaxt Milli Olimpiya Komitəsi ilə İdman Nazirliyi arasında demək olar ki, intriqalar gedirdi, qarşıdurma yaranmışdı.
Əlbəttə ki, bu, idmanın inkişafına çox mənfi təsir göstərmişdir. Mənim əsas vəzifəm, - o vaxt mən bunu açıq şəkildə ifadə etdim, - ondan ibarət idi ki, idmana rəhbərlik edən qurumlar arasında birlik yaransın, biz vahid komanda kimi fəaliyyət göstərək, idmançılara şərait yaradaq və ondan sonra idmançılardan nəticə gözləyək. Çünki əgər şərait yoxdursa, nəticə gözləmək mümkün deyil və biz bu siyasəti ardıcıl şəkildə apararaq bugünkü gözəl nəticələrə gəlib çatmışıq.
Bizim idmançılarımız müxtəlif beynəlxalq yarışlarda, dünya, Avropa çempionatlarında həmişə böyük nəticələr qazanırlar. Gənc idmançılarımız bizi sevindirir, gənc nəsil yetişir. Bu da çox vacib məsələdir. Çünki əgər gənc nəsil idmana meyilli olmasa, idmanla məşğul olmasa, onda, əlbəttə ki, böyük uğurlardan söhbət gedə bilməz. Gənc nəsli idmana cəlb etmək üçün ilk növbədə şərait olmalıdır. Biz bunu yaradırıq. Qırxdan çox şəhərimizdə müasir olimpiya kompleksi açılıbdır. Digər stimul, əlbəttə ki, tanınmış idmançılarımızın qələbələridir. Uşaqlar, yeniyetmələr, idmanla məşğul olanlar, yaxud da ki, olmaq istəyənlər indi bizim çempionlarımıza baxırlar, onların uğurlarına sevinirlər və onlar kimi olmaq istəyirlər. Yəni bütün bu amillər idmanın inkişafına xidmət göstərir. Ona görə biz öz siyasətimizi apararkən bütün bu amilləri nəzərə alırdıq. İdmançılara şərait yaradılmalı, idmançının ləyaqətli adı cəmiyyətdə bərpa edilməli idi, onu da biz etdik. İdmançılarımızın təlim-məşq toplanışlarının təşkili məsələlərində lazımi addımlar atılmışdır. İdman mütəxəssisləri cəlb edildi, məşqçi heyət gücləndirildi və əlbəttə ki, nəticə də göz qabağındadır. Əgər bütün bu tədbirlər olmasaydı, nəticə gözləmək, əlbəttə ki, mümkün olmazdı.
Bu gün isə Azərbaycan özünü dünyada idman dövləti kimi göstərir. Rio Olimpiya Oyunları eyni zamanda onu göstərib ki, əvvəlki dövrlərdə qazandığımız uğurlar təsadüfi deyildir. Keçən il Bakıda tarixdə ilk dəfə olaraq I Avropa Oyunları keçirilmişdir. Azərbaycan atletləri komanda hesabında ikinci yeri tutmuşlar. Bəziləri buna təəccüblə yanaşırdılar. Yəni bəzi idman mütəxəssisləri üçün bu, bir sürpriz idi. Hesab edirdilər ki, doğma divarlar arasında bizim idmançılara, yəqin, hansısa xüsusi bir şərait yaradılmışdı. Halbuki bu, belə deyil. Hətta Bakıda keçirilmiş Avropa Oyunlarında da hakimlərin ədalətsizliyi bəzi hallarda idmançılarımıza mane olurdu. Necə ki, bu dəfə Rioda bizim qızıl medallarımızın sayı daha çox olmalı idi. Bunu siz də yaxşı bilirsiniz, Azərbaycan ictimaiyyəti də və idmanla maraqlananlar da bilirlər. Rio Olimpiya Oyunlarının nəticələri onu göstərir ki, Avropa Oyunlarındakı nailiyyət təsadüfi deyildir.
Biz, doğrudan da, idman dövlətiyik. Biz bütün reytinqlərə görə qabaqcıl yerlərdəyik. Yay olimpiya oyunlarından sonra bir neçə parametr üzrə təhlil aparılmışdır - ölkələrin əhalisinin sayına görə medalların sayı və ölkələrin ümumi daxili məhsulunun həcminə görə medalların sayı. Hər iki reytinqdə biz birinci onluqdayıq. İştirak edən idmançıların medallarının sayına görə isə biz birinci yerdəyik. Biz olimpiadada 56 idmançı ilə təmsil olunmuşuq, 18 medal qazanmışıq. Yəni bu meyar üzrə biz dünyada birinciyik. Bir daha sizi bu gözəl hadisə, gözəl nəticələr münasibətilə təbrik edirəm.
Əlbəttə, oyunların nəticələri təhlil ediləcək ki, gələcəkdə biz daha da yaxşı nəticə gözləyə bilək. Düzdür, hər yay olimpiya oyunlarından sonra idmançılarla görüşlər zamanı mən qeyd edirəm ki, bu, çox böyük nəticədir, bundan böyük nəticə əldə etmək çətin olacaq. Xatırlayıram, 4 il bundan əvvəl idmançılarımız Londondan qaydandan sonra da demişdim ki, 10 medal qazanmışıq, gələn dəfə ondan çox medal qazanmaq çətin olacaq. Amma indi 18 medal qazanmışıq və əlbəttə ki, bu, bizim işimizi Tokioda bir az çətinləşdirəcək. Amma buna baxmayaraq, əminəm ki, Tokioda da Azərbaycan idmançıları ölkəmizi ləyaqətlə təmsil edəcəklər.
Əlbəttə, hər bir ölkə, hər bir ölkənin əhalisi, xalqı istəyir ki, onun idmançıları daha çox medal qazansın. Biz də bunu istəyirik. Ancaq bununla bərabər biz istəyirik ki, Azərbaycanda idman kütləvi xarakter alsın. Artıq bu istiqamətdə çox önəmli addımlar atılıbdır. İdmanın kütləviliyi insanların sağlamlığı, sağlam həyat tərzi deməkdir. Bizim idmançılarımız, - mən görkəmli idmançılarımızı, çempionlarımızı nəzərdə tuturam, - özlərini məişətdə də, döyüş meydanlarında da ləyaqətlə aparırlar. Rio Olimpiya Oyunlarında bəzi hallarda hakimlərin ədalətsizliyi və deyə bilərəm ki, saxtakarlığı ilə üzləşərək onlar emosiyalara yol vermədilər, özlərini ləyaqətlə apardılar. Onlar üçün bu, ən ağır mənəvi zərbə idi. Çünki onların qələbəsi bütün dünyanın gözü qarşısında kobudcasına, həyasızcasına, biabırcasına əllərindən alınıb. Amma görün bizim idmançılarımız özlərini necə ləyaqətlə aparırlar. Bu, onu göstərir ki, bizim idmançılarımızın çox güclü mənəvi dayaqları var. Onlar gənc nəsil üçün də nümunədirlər və onların davranışı, - mən onların fəaliyyətini də, həyatını da izləyirəm, - cəmiyyətdəki hərəkətləri bizi çox sevindirir. Onlar bizim gənc idmançılar üçün nümunədir, örnəkdir. Əminəm ki, gənc idmançılar burada oturan idmançılardan nümunə götürərək çalışacaqlar ki, onlar kimi olsunlar. Ona görə idmanın cəmiyyətdə çox böyük rolu var. Bu, təkcə fiziki idman yarışı deyil. Bu, mənəviyyatdır. Bu, sağlam həyat tərzidir. Bu, ləyaqətdir. Öz gücünə əmin olan insan heç vaxt ondan gücsüzə qarşı zor tətbiq etməz. Bəli, özünü müdafiə etmək üçün lazımi cavab verə bilər və verməlidir. İdmanda da, həyatda da eynidir. Ancaq özü bunun təşəbbüskarı olmamalıdır və şadam ki, bizim idmançılarımız bax belə idmançılardır.
Siz Azərbaycan xalqını sevindirmisiniz. Rioda müstəqil Azərbaycan bayrağı 18 dəfə dalğalanıb. Xüsusilə nəzərə alsaq ki, bir aydan sonra biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik, bu, müstəqilliyimizin 25 illiyinə Azərbaycan idmançıları tərəfindən gözəl hədiyyədir. Bütün Azərbaycan xalqı sizinlə fəxr edir. Mən sizinlə fəxr edirəm. Sizə minnətdaram, sizə uğurlar arzulayıram, sizi öpürəm, bağrıma basıram! Eşq olsun Azərbaycan idmançılarına!
***
Sonra mükafatlandırma mərasimi oldu.
Prezident İlham Əliyevin Azərbaycan milli olimpiya komandasının üzvlərinin təltif edilməsi ilə bağlı sərəncamları elan edildi.
Dövlət başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və XXXI Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Şöhrət”, “Vətənə xidmətə görə” ordenlərini təqdim etdi, onlara bir daha uğurlar arzuladı.
* * *
Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi UMUDOV idmançılara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edərək dedi:
- Möhtərəm cənab Prezident.
Əziz dostlar, idmançılar, hər birinizi salamlayıram. Mən də öz adımdan, komandamız adından bu gözəl qələbəmiz münasibətilə xalqımızı təbrik edirəm.
Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm cənab Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti ölkəmizi olimpiya oyunlarının ən yüksək zirvəsinə qaldırmışdır. Olimpiya oyunları idmanın ən yüksək zirvəsində olan yarışlardan biridir. Möhtərəm cənab Prezident, Siz olimpiya oyunlarına yolasalma mərasimində idmançılarımıza öz tövsiyələrinizi vermişdiniz. Hər zaman olduğu kimi, Sizin tövsiyələriniz bizim yaddaşımıza yazılıb. Yolasalma mərasimində idmançılarımıza müvəffəqiyyətlə, ləyaqətlə çıxış edib ölkəmizə uğurlu nəticələrlə, yüksək əyarlı medallarla qayıtmağı arzu etmişdiniz. Bu gün biz idmançılar, məşqçilər Sizin qarşınızdayıq. Möhtəşəm qələbə ilə hüzurunuzda durmuşuq. Fəxr, qürur hissi keçiririk ki, bu gün Sizin etimadınızı doğrultmuşuq.
Bu qələbələr münasibətilə Sizi, bütün Azərbaycan xalqını təbrik edirik. Bu, Sizin qələbənizdir. Bu, bütün xalqımızın qələbəsidir. Sözsüz ki, bu qələbələrə gedən yol asan olmamışdır. Dövlətimizin bizə göstərdiyi diqqət və qayğı sayəsində, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, federasiyanın rəhbərliyi altında biz yarışlara hazırlaşdıq və bu möhtəşəm qələbəni qazandıq.
Mən bir güləş mütəxəssisi, məşqçisi kimi pəhləvanlarımızın, güləşçilərimizin olimpiya oyunlarında çıxışlarını da qeyd etmək istəyirəm. Güləşçilərimiz 9 medal qazandılar. Sərbəst güləşçilərimiz 6 çəki dərəcəsində mübarizə aparırdılar, 5 medal qazanaraq komanda hesabında birinci yerə layiq görüldülər. Bu da idman tariximizə yeni bir səhifə yazdı. Bu, ölkəmizdə güləşçilərimizin potensialının nə qədər böyük olmasından xəbər verir.
Cənab Prezident, biz bundan sonra da çalışacağıq ki, Sizin bizə göstərdiyiniz etimadı doğruldaq. Gələcək yarışlarda, IV İslam Həmrəyliyi Oyunlarında, Tokioda keçiriləcək olimpiya oyunlarında imkan verməyəcəyik ki, hakim ədalətsizliyi olsun. İnşallah, elə hazırlaşacağıq ki, qazandığımız o 9 medalı - gümüş, bürünc medalları qızıla çevirək və bir daha bütün dünyaya sübut edək ki, Azərbaycan dövləti güclü dövlətdir, Azərbaycanın İlham Əliyev kimi güclü və qüdrətli Prezidenti var.
Yaşasın möhtərəm cənab Prezidentimiz İlham Əliyev! Yaşasın Azərbaycan!
* * *
XXXI Yay Olimpiya Oyunlarının gümüş medalçısı Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin ZEYNALOV çıxış edərək dedi:
- Hörmətli Prezidentimiz.
Hörmətli Mehriban xanım.
Mən ulu öndərimizin bir kəlmə sözünü idmançıların nəzərinə çatdırmaq istəyirəm. 1996-cı ildə mən Azərbaycanın ən güclü məşqçisi seçiləndə Əl Oyunları Sarayında möhtərəm ulu öndərimiz demişdi: “Vətənin idman şərəfini qorumaq səngərdə vətənin torpağını qorumaq kimi şərəfli bir işdir”.
Bütün Azərbaycan xalqı kimi, mən də Prezidentimizlə fəxr edirəm. Yaşasın Azərbaycan Prezidenti İlham Əliyev!
* * *
Taekvondo üzrə kişilərdən ibarət Azərbaycan yığma komandasının böyük məşqçisi Elnur AMANOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident, mən bu görüşdə iştirak etdiyim üçün çox sevinirəm. İdmançılarımız XXXI Yay Olimpiya Oyunlarında uğurla çıxış edib, Azərbaycan bayrağını yüksəklərə qaldırıb, vətənə qələbə ilə qayıdıblar. Sizi əmin etmək istərdim ki, idmançılarımızın zəfər səsləri dünyanın bütün ölkələrindən gələcək.
Azərbaycan gənclərinin fiziki cəhətdən sağlam olması Sizin bizlərə göstərdiyiniz diqqət və qayğının sayəsində mümkün olub. Bir sözlə, möhtərəm Prezident, Sizin hakimiyyətdə olduğunuz illərdə Azərbaycan dünyanın ən qüdrətli idman dövlətinə çevrilib.
Mən bu gün sevincli günlərimdən birini yaşayıram. XXXI Yay Olimpiya Oyunlarında idmançılarımız yüksək nəticə göstərərək 1 qızıl, 7 gümüş və 10 bürünc medal əldə ediblər. Mənim üçün ikiqat sevincdir. Çünki tələbəm Radik İsayev olimpiya oyunlarının qızıl medalını qazanaraq Sizin etimadınızı doğruldub. Bir məşqçi kimi deyə bilərəm ki, bu, təkcə idman ictimaiyyətinin deyil, bütün xalqımızın sevincinə səbəb olub.
Bütün bu nailiyyətlərin qazanılmasına səbəb Sizin rəhbərliyinizlə idmanın maddi-texniki bazasının əsaslı şəkildə yenidən qurulması, biz məşqçilərə və idmançılara, bütün idman ictimaiyyətinə göstərdiyiniz diqqət və qayğı, bir sözlə, bizim bütün sosial-məişət problemlərimizin çevik şəkildə həlli, möhtərəm cənab Prezident, bizə göstərdiyiniz sözün əsl mənasında atalıq qayğısıdır. Bütün yarış iştirakçıları adından Sizi təbrik etmək istərdim. Diqqətinizə görə sağ olun.
* * *
Prezident İlham ƏLİYEV: Cəbrayıl Həsənovun döyüşünə hamımız baxmışıq. Hamımız da bilirik ki, o, finalda yarışmalı idi. Ən azı onun gümüş medalı olmalı idi.
* * *
Olimpiya oyunlarının gümüş mükafatçısı, cüdoçu Elmar QASIMOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident, bu gün Sizin qarşınızda çıxış etdiyimə görə böyük qürur hissi keçirirəm. Bizimlə görüşünüz biz idmançılara Sizin ən dəyərli hədiyyənizdir.
Hörmətli cənab Prezident, biz XXXI Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlər qazanaraq, vətənimizi beynəlxalq arenalarda idman ölkəsi kimi bir daha tanıtdıq. Olimpiya oyunlarında çox böyük dövlətləri geridə qoyaraq 18 medal qazandıq. Oyunlarda bizim uğurlu çıxışımız Azərbaycanda idmanın çox böyük sürətlə inkişaf etməsinin daha bir göstəricisidir.
Hörmətli cənab Prezident, bu gün qazandığımız uğurlarla biz Sizin etimadınızı doğrultmaqdan qürur duyuruq. Mən hər birimizin adından Sizə bir daha böyük təşəkkürümü bildirirəm. Daim Azərbaycan idmanının adını ucaltmaq üçün əlimdən gələni etməyə söz verirəm. Diqqətinizə görə sağ olun.
* * *
Prezident İlham ƏLİYEV: Hamımız yaxşı xatırlayırıq ki, Elmar bir neçə il bundan əvvəl İrəvanda cüdo üzrə gənclərin Avropa çempionatında Azərbaycan bayrağını yüksəklərə qaldırmışdı. Onun şərəfinə İrəvanda Azərbaycanın Dövlət himni səsləndirilmişdi. İndi də olimpiya mükafatçısıdır. Əminəm ki, gələcəkdə olimpiya çempionu da olacaq.
* * *
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini Rio Olimpiadasının gümüş medalçısı, boksçu Lorenzo Sotomayora təqdim edən Prezident İlham ƏLİYEV dedi: Lorenzo Sotomayor olimpiya çempionudur. Onun qələbəsi hakimlər tərəfindən oğurlanıb. Ancaq əminəm ki, o, Tokioda ədaləti bərpa edəcək.
Lorenzo SOTOMAYOR: Çox sağ olun. İnşallah.
* * *
Rio Olimpiadasının gümüş medalçısı, güləşçi Mariya STADNİK çıxış edərək dedi:
- Hörmətli cənab Prezident, bu gün bizim üçün çox mühüm tarixi andır. Olimpiyaçılarımız Rio Olimpiya Oyunlarında on yeddi idman növündə təmsil olunurdular. Əvvəlki uğurlarımıza baxmayaraq, biz daha qətiyyətli çıxış edə və yeni nailiyyətlər qazana bildik. Olimpiya oyunlarının fəxri mükafatını almış hər bir idmançını səmimi qəlbdən təbrik edirəm. Bu uğur hər bir idmançı üçün böyük sevincdir.
Hörmətli cənab Prezident, bütün idmançılar, bütün məşqçilər daim Sizin qayğınız və diqqətinizlə əhatə olunub. İdman sahəsində çalışan hər bir adam bunun nə qədər vacib olduğunu bilir. Olimpiya oyunlarında yüksək nailiyyətlər düzgün işin, dövlətimiz tərəfindən qayğının nəticəsidir. Mən bütün idmançılar adından Sizə minnətdarlıq etmək istəyirəm. Çox sağ olun.
Prezident İlham ƏLİYEV: Sağ olun. Hamımız Mariyanı çox sevirik. Mən və bütün ailəm yarışları izləyir və sənə azarkeşlik edirdik. Sənin üçün səndən çox həyəcan keçirirdik. Cəmi üç saniyə çatmadı, amma eybi yox. Məncə, bu da böyük nailiyyətdir, başlıcası isə, irəliyə baxmaq lazımdır. Tokiodakı çıxışı gözləyəcəyik.
* * *
Dövlət başçısı olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirdi.
Sonra Prezident İlham Əliyev Qroznıda Rusiya Federasiyasının Çeçenistan Respublikasının ilk Prezidenti Əhməd Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində qalib gələrək dünya çempionu titulu qazanan “WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov ilə görüşdü, onu qazandığı qələbə münasibətilə təbrik etdi.
Mərasim tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etdi.

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video