Alternative content

22:01 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yollarda məlumatverici-göstərici nişanlardan daha səmərəli istifadə olunmalıdır
Yollarda məlumatverici-göstərici nişanlardan daha səmərəli istifadə olunmalıdır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:08 28.08.2016

 

Avtomobillə səyahət turizm növlərindən biridir. Daha ucuz başa gəldiyindən maşında ailəvi istirahətə çıxan çoxdur. Son dövrlər Azərbaycana da müxtəlif ölkələrdən avtomobildə səfər edənlər artıb. Turizm inkişaf etdikcə  onların sayı daha da yüksələcək.

Yollarda  təhlükəsizliyi və  səyahətə çıxanların rahatlığını, eləcə də turizmin inkişafını təşviq etmək üçün məlumatverici-göstərici nişanlardan maksimum, özü də doğru-düzgün yararlanmaq lazımdır. Təkcə respublika əhəmiyyətli magistrallarda deyil, dərəcəsindən asılı olmayaraq bütün yollarda, hətta ən ucqar kənd yollarında belə, məlumatverici-göstərici nişanlarla səyahətçilərin hərəkət, istiqamət və marşrut  müəyyənləşdirmə rahatlığı təmin edilməlidir.

Təəssüf ki, bəzi yollarda bu məsələ diqqətdən qaçırılıb. Hətta müəyyən yerlər var ki, orada quraşdırılmış məlumatverici-göstərici nişanlar sürücüyə yardım etmək əvəzinə onu çaşdırır. Bu səbəbdən yolu, istiqaməti müəyyənləşdirmək, dəqiqləşdirmək üçün sürücülər bəzən dayanmaq, kənar şəxslərdən yardım almaq məcburiyyətində qalırlar. Məsələn, Bakı-İsmayıllı-Qəbələ-Balakən istiqamətində Qəbələdən sonra sərhəd rayonu Balakənədək yolda məlumatverici-göstərici nişanlar xeyli azdır. Halbuki bu istiqamətdə kifayət qədər əcnəbi nömrəli avtomobillər də hərəkət edir. Əraziyə bələd olmayan əcnəbilər, eləcə də Azərbaycan vətəndaşları  yol ayrıclarına çatarkən məlumatverici-göstərici nişanların məhdudluğu və özündə dolğun məlumat əks etdirməməsi səbəbindən tez-tez yollarından sapırlar. İndi çox adam yol xəritələrindən istifadə edir. Belə xəritələrə görə, Balakənə gedən yol Qaxdan keçir. Bunu nəzərə alan sürücü yol ayrıcına çatanda təbii ki, Qax tərəfi göstərən yol nişanına əsasən Qaxa istiqamət götürür. Halbuki Balakənə digər yolla gedilməlidir. Yəni bunun üçün Qax şəhərindən keçmək vacib deyil. Buna aydınlıq gətirən xəbərdaredici məlumat nişanı olmadığından nabələd sürücülər yollarını azırlar. Balakən ərazisində də Gürcüstan istiqamətini, sərhəd məntəqəsinədək olan yolu, məsafəni nişan verən heç bir lövhə asılmayıb.

Balakəndən ölkə daxilinə hərəkətdə də eyni vəziyyətdir. Hətta əsas turizm bölgələrindən olan Qəbələyə yol nişanı verilməyib, heç bir məlumat-informasiya nişanı quraşdırılmayıb. Göyçaydan Qaraməryəmə yaxınlaşarkən qurulan nişan dolğun deyil. Qaraməryəm dairəsinə çatarkən məlumatverici-göstərici nişanda İsmayıllı və Ağsu rayonlarına istiqamət sola oxla göstərilib. Ümumi istiqamət doğrudur, amma dairədən sonra, əslində bir deyil, iki  yol var və onlardan biri - düzünə olan (əvvəlki nişana görə sol yol) İsmayıllıya, sağa dönülən  yol isə Ağsuya gedir. Beləliklə, burada da çaşqınlıq yaşanır: nabələd sürücü Ağsuya getmək üçün mütləq nişanın məlumatına əsasən sola - İsmayıllı yoluna keçir.

Qeyd olunan istiqamətdə, Ağsu aşırımı da daxil olmaqla Ağdaşdan Şamaxıyadək yeni yol çəkilib və artıq istifadəyə də verilib. Hələlik yolda məlumatverici-göstərici nişanlar, demək olar ki, yox dərəcəsindədir. Çox güman ki, tamamlama işlərində onlar da quraşdırılacaq.

Ağsu aşırımında yolun dağınıq dövründə kiçik bir hissədə əlavə kəsmə yol salınmışdı. Yol yenidən inşa edilərkən bu kəsmə hissə də düzəldilib. Beləcə, fərqinə varılmadan o yerdə yol haçalanıb - yol ayrıcı yaranıb. Yola bələd olanlar bilir ki, bu eyni yoldur, başqa istiqamət yoxdur. Amma bunu  bilməyən əcnəbilər bu yerdə tez-tez çaşır,  dayanıb yoldan ötənlərdən hansı yolun hara getdiyini dəqiqləşdirmək məcburiyyətində qalırlar. Çünki o haçalanan yerdə heç bir nişan yoxdur.

Nəzərə almaq lazımdır ki, bir yerə ilk dəfə səfərə çıxan sürücülər yolları və ərazini tanımadıqlarından, əsasən məlumatverici-göstərici nişanlar üzrə hərəkətlərini müəyyənləşdirirlər. Odur ki,  yollarda, xüsusilə yol ayrıclarında, özü də bütün istiqamətlər üzrə maksimum məlumat əks etdirən nişanlar quraşdırılmalıdır. Sürücü öncədən,  yolayrıcına qədər istiqamətlərin dəyişəcəyi haqqında xəbərdar edilməli, daha sonra da hansı  istiqamətdə hansı yaşayış məntəqəsinin, yaxud rayonun olması, onlara  qədər nə qədər məsafə qalması haqqında məlumat ala bilməlidir. Bu həm hərəkət iştirakçılarının rahatlığına və təhlükəsizliyinə, həm də turizmin inkişafına töhfə vermiş olar.

 

Turan ELXANOĞLU,

Bakı