14 Avqust 2016 12:08
911
Oxucu məktubları
A- A+

Dağlar qoynunda uyuyan şəhid

Lerikin dağlar qoynunda bir kəndi var. Bu abad oba Pirasoradır, ağsaqallar və ağbirçəklər məskənidir. Dünyada uzunömürlüləriylə tanınıb. Mahmud Eyvazov burada 151 il yaşayıb, Dənzi baba 105 il ömür sürüb. Usta Rəşid bir əsrin dizini qatlayıb. Oğulları İkinci Cahan müharibəsində şücaət göstəriblər, kəndə orden-medalla qayıdıblar. Kəndin abadlığı üçün çox iş görüblər. Qayalardan maşın yolu çəkiblər, bağ-bağça salıblar, elat həyatı keçiriblər. Alnıaçıq, üzüağ əbədiyyətə qovuşublar. Odur ki, həmişə yada düşüb xatırlanırlar.

Kəndin sayılıb-seçilən ziyalılarından biri Qalib Qurban oğludur. Ali təhsilli energetikdir, böyük ailə sahibidir. Ömür-gün yoldaşı Şamama xanımla üç oğlan, üç qız ərsəyə çatdırıblar. Halal zəhmətlə dolanıblar. Torpağa bağlı olublar. Meyvə yetişdirir, tərəvəz əkir, qoyun-quzu saxlayırlar.

2009-cu il idi. Kəndə payız gəlmişdi, baharından seçilmirdi. Ailənin dördüncü övladı Ruslan Pirasoradakı orta məktəbi iki ay olardı bitirmişdi. Bir gün hərbi komissarlıqdan məktub gəldi. Orduda xidmətə çağırılırdı. Ailə onu yola salmağa hazırlıq gördü. Qohum-əqrəba, dostları axşam süfrə başına yığışdılar, uğurlu yol dilədilər. Ruslan sabahı rayon mərkəzindəki çağırış məntəqəsinə gəldi. Burada əsl toy-bayram idi. Çalan kim, oynayan kim, oxuyan kim?!

Yolasalma mərasimində xoş sözlər deyildi, yeniyetmələrə öyüd-nəsihət verildi. Vətənə sədaqətlə xidmət etmək, yağı düşməni torpaqlarımızdan təmizləmək tapşırıldı. Ruslan tay-tuşları ilə ulu bayrağımızı öpdü, Quranın altından keçdi. Çağırışçılar bir-bir maşına əyləşdilər. Qalib oğlunu qucaqlayıb: “Vətən sənə anadır. Hər qarış torpağını canıntək qoru” - dedi.

Ruslan xidmətə paytaxtdakı hərbi his

sələrdən birində başladı. Aylar ötdükcə nümunəvi xidməti ilə seçildi, təşəkkürlər aldı. Xidmət müddəti başa çatandan sonra orduda qalmağı qərara aldı. Gizir rütbəsi ilə hərbi hissədə işə götürüldü. Bu vəzifədə nümunəvi xidmətinə görə seçildi. 2012-ci ildə Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” medalına layiq görüldü. Bu, Ruslanın ilk mükafatı idi.

Ruslanın nümunəvi hərbi xidməti, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nailiyyətlər komandanlığın diqqətindən yayınmadı, 2014-cü ilin noyabrında Fəxri fərmanla təltif olundu.

2015-ci ilin əvvəllərində gizir Ruslan Ağayev Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı cəbhə xəttində xidməti davam etdirdi.

... Əsgərlər düşmənlə üz-üzə dayanmışdılar. Erməni tərəfi atəşkəsi tez-tez pozur, dinc əhali üçün təhlükə yaradırdı. Qəsbkarı susduran, bir addım irəli atmağa qoymayan igidlərdən biri də Ruslan idi. Bəzən atışma gecədən xeyli keçmiş başlayır, sübhədək davam edirdi. Qarşı tərəf layiqli cavab alıb itkilər verəndən sonra güllə səsləri səngiyirdi.

Sentyabrın 1-də gün günorta yerinə qalxanda qəflətən atışma başlandı. Ruslan atəş açılan nöqtəni müəyyənləşdirib səngər yoldaşları ilə silaha sarıldı. Bir saata düşmən susduruldu. Araya ani sükut çökdü. Elə bu vaxt yenidən atışma səsləri eşidildi. Ruslan düşmən gülləsinə tuş gəldi. Onu səngərdən ehmalca çıxarıb maşına qoymaq istədilər. Ancaq gec idi, 24 yaşlı dağlar oğlu gözlərini əbədi yumdu.

Ertəsi gün Ruslanın bayrağa bükülmüş tabutu doğulduğu kəndə gətirildi, əbədi olaraq torpağa tapşırıldı. O, Pirasoranın üçüncü şəhidi oldu. Məzarı Vətən uğrunda canından keçən Azər Şahrza oğlu Təhməzovun və Bəxtiyar Əlifağa oğlu Bayramovun məzarları ilə yanaşıdır. Yoldan ötənlər bir dəqiqə ayaq saxlayıb şəhid balaların ruhuna dua oxuyurlar, ulu Tanrıdan rəhmət diləyirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin 22 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Ruslan Qalib oğlu Ağayev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşdur. Bu günlərdə Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin və kənd sakinlərinin anma mərasimində medal şəhidin ailəsinə təqdim olunmuş, məzarı üstə tər çiçəklər düzülmüşdür.

 

Həmzə VƏLİMƏMMƏDOV,

əməkdar jurnalist

Lerik rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video