Alternative content

19:37 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV oxucuların suallarına cavab verir
oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:05 13.05.2012
 

Mənzil-kommunal istismar sahəsinə yaşayış yerindən arayış verilməsi üçün müraciət edərkən mənə dedilər ki, yaşadığın mənzilin yerləşdiyi binanın altındakı torpaq sahəsinə görə torpaq vergisi ödəməlisən. Bu, doğrudur?

 

Vaqif Cabbarov,

Bakı şəhəri

 

- Yaşayış binasının yerləşdiyi torpaq sahəsi sizin və binanın digər mənzillərinin mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir. Bu nəticə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-ci maddəsindən irəli gəlir. Həmin maddəyə görə, yaşayış binasının ... yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Eyni zamanda, Mülki Məcəllənin 235.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissələrinin mülkiyyətçiləri birgə mülkiyyətin yüklülüklərinin ödənilməsində və birgə idarəetmə xərclərində öz dəyər paylarına mütənasib surətdə iştirak etməlidirlər. Mülki Məcəllənin 235.1.3-cü maddəsi mülkiyyətçilərin haqları hesabına ödənilməli olan yüklülüklərə və xərclərə bütövlükdə yaşayış binasının tərkib hissələrinin mülkiyyətçilərindən tutulan ödənişlər və vergiləri də daxil etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 204-cü maddəsində gostərilir ki, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Vergi Məcəlləsinin 208.4-cü maddəsinə uyğun olaraq ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Göründüyü kimi, siz yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi kimi mənzilinizin olduğu binanın yerləşdiyi torpaq sahəsinə görə öz payınıza mütənasib məbləğdə vergi ödəməlisiniz.

O ki qaldı torpaq vergisinin mənzil-kommunal istismar sahəsinə ödənilməsinə, bu, qüvvədə olan qanunvericiliyə uyğun deyildir. Çünki Vergi Məcəlləsinin 8.1.1-ci maddəsi fiziki şəxslərin torpaq vergisini yerli vergi (bələdiyyə vergisi) kimi müəyyən edir. "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə görə, yerli vergilər bu qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir.

Belə ki, fiziki şəxslərin torpaq vergisi bələdiyyə büdcəsinə ödənilir.    

 

Hüquqi şəxsin qeydiyyatı üçün hansı məbləğdə dövlət rüsumu ödənilir?

 

Aslan Məmmədəliyev,

Balakən rayonu

 

- Bankların, birjaların, sığortaçıların, sığorta birlik və brokerlərinin, xarici hüquqi şəxslərin nümayəndəliklərinin və filiallarının qeydiyyatı üçün 220 manat, kənd təsərrüfatı sahəsində fəaliyyəti həyata keçirən hüquqi şəxslərin qeydiyyatı üçün 3 manat, digər hüquqi şəxslərin qeydiyyatı üçün 11 manat dövlət rüsumu ödənilir ("Dövlət rüsumu haqqında" qanunun 20-ci maddəsi).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi