Alternative content

19:45 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəhidlər unudulmurlar
Şəhidlər unudulmurlar
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 31.07.2016

 

Qarabağ savaşı başlanandan Masallıdan olan gənclər də ölkəmizin torpaq bütövlüyünün bərpası uğrunda gedən mübarizədə iştirak ediblər. Neçə-neçə masallılı igid düşmənlə döyüşlərdə fərqlənərək şəhidlik zirvəsinə yüksəlib. Hələ milli ordumuz təşkil edilməmişdən öncə - torpaqlarımızı könüllülər qoruyarkən belə, rayonumuzun cavanları bu ölüm-dirim savaşından kənarda qalmamışdılar.

Natiq Əliyar oğlu Orucov 1974-cü ildə Masallının Yeddioymaq kəndində dünyaya göz açıb. Tam orta təhsilini 1991-ci ildə, elə həmin kənddə bitirib. Bir il sonra o zamankı Gəncə batalyonunda hərbi xidmətə başlayıb. Cəsur döyüşçü azğın erməni quldurlarının Vətənimizə qarşı təcavüzünə dözə bilmirdi. Xüsusən 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı onun qəlbini nifrətlə alovlandırmışdı. Xocalı soyqırımınadək də ermənilər bir çox qanlı hadisələr - soyqırımılar törətmişdilər: Ağdaban faciəsi, Kərkicahandakı qanlı olaylar bütün Azərbaycan oğulları kimi Natiqi də düşməndən qisas almağa çağırırdı. Ermənilərsə təxribata ara vermirdilər. Təpədən dırnağa kimi silahlanmış, ağır texnikadan, iriçaplı pulemyotlardan, snayperlərdən, hələ üstəlik də məkr və hiylədən, o zaman respublikamızda hakimiyyətin naşı adamların əlində olmasından, yenicə yaranmaqda olan ordumuzun zəif cəhətlərindən yararlanan və güclü dövlətlərin əlində Azərbaycana qarşı alətə çevrilən ermənilər gündən-günə azğınlaşırdılar. Yaxşı deyiblər: “Arxalı köpək qurd basar”. Bütün çətinliklərə baxmayaraq, N.Orucov rəşadətlə döyüşür, qorxu nə olduğunu bilmirdi. O vaxtlar ordumuzda silah-sursat çatışmırdı, ancaq gənc döyüşçü sanki düşmənə nifrəti də bir silaha çevirmişdi.

1992-ci ilin 22 sentyabrında Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüşdə ağır yaralanan Natiq Tərtər hospitalına gətirilib və 5 gün sonra o, gözlərini əbədi yumub, şəhidlik zirvəsinə yüksəlib.

İndi Yeddioymaqda, ətraf kəndlərdə, bütün rayonda Natiqin xatirəsi əziz tutulur.  Bir zamanlar təhsil aldığı məktəbə onun adı verilib, təhsil ocağında onun döyüş tarixçəsini əks etdirən xüsusi guşə yaradılıb, hər il doğum və anım günləri qeyd olunur.

Şəhidlərimizə Allah rəhmət eləsin. Amma bir şey də var ki, şəhidlərimizin qanı, qisası o zaman alınacaq ki, təcavüzkarlar torpaqlarımızdan qovulacaq, Qarabağ azad olunacaq. O gün isə uzaqda deyil. Aprel döyüşləri də bunu bir daha təsdiq etdi.

 

Əlihüseyn ŞÜKÜROV,

Masallı rayonunun Yeddioymaq kənd sakini