Elçin və Leyla Sumqayıt şəhər şahmat məktəbinə gedirlər. Hər ikisi şahmatçı ailəsində anadan olub. 6 yaşlı Elçin və 8 yaşlı Leyla bir-biri ilə yarışmağı da çox sevirlər. Elçin deyir ki, Leyla ilə şahmat oynayanda ona həm çətin olur, həm də maraqlı.
Leyla Rzalı 2 ildən çoxdur ki, şahmatla məşğul olur. II dərəcəli şahmatçı normasını ödəyib. Müəllimi İlqar Əliyev Leylanın gələcəyinə inanır. Deyir ki, istedadlıdır, düzgün qərar qəbul edir və cəsarətlə oynayır. İlin əvvəlində respublikada keçirilən yarışın gümüş medalçısıdır. Avropa birinciliyində iştirak etmək hüququ qazanıb.
Valeh Həsənov Elçin Şəkərəliyevdən də razıdır. III dərəcəli şahmatçı olan 5 yaşlı Elçin keçən il 7 yaşlı şahmatçılar arasında Ucarda keçirilən yarışda 2-ci yerə çıxıb. Daha sonra Qubadakı turnirdə yaşıdları arasında respublika üçüncüsü olub.
Bu gün məktəbimizdə şahmatla məşğul olan uşaqlar çoxdur. İstedadlıları, şahmata vurğunluğu ilə seçilənlər kifayət qədərdir. İllər keçəcək, böyüdükcə təcrübə toplayan, ustalıqlarını artıran bu uşaqlar gələcəkdə dünya əhəmiyyətli turnirlərdə respublikamızı layiqincə təmsil edəcəklər. Biz buna inanırıq.
Valideynlərə də tövsiyəmiz var: uşaqlarınızın idmana, şahmata marağını yoxlayın. Meyli və həvəsi olanları şahmat dərnəklərinə yazdırın. Şahmat həm idman, əyləncədir, həm də uşaqların dünyagörüşünü, təfəkkürünü cilalayan, düşünmə qabiliyyətini formalaşdıran effektli vasitədir.
Fatima MƏHƏRRƏMOVA,
Sumqayıt Şahmat Məktəbinin müəllimi