Alternative content

07:51 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yovşanlığın məhvi qoyunçuluğun məhvi deməkdir
Yovşanlığın məhvi qoyunçuluğun məhvi deməkdir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:07 17.07.2016

Bu gün ölkə iqtisadiyyatı, o cümlədən də kənd təsərrüfatı uğurlu inkişaf yolundadır. Azərbaycan Prezidenti İlham Əliyevin gündəlik qayğısı sayəsində bütün bölgələrdə əhalinin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsi üçün böyük işlər görülür. Bunun üçün dövlət kifayət qədər vəsait ayırır, kreditlər verir.

 

Məhsul istehsalı sahəsində fermer təsərrüfatlarının, xüsusilə də qoyunçuluqla məşğul olan kənd adamlarının böyük əməyi vardır. Onlar dövlətin ayırdığı vəsaitlər və daxili imkanlar hesabına əhalini ət, yun və pendir məhsulları ilə gen-bol təmin etmək üçün yayın istisində, qışın soyuğunda hər cür zəhmətə qatlaşır, davarların sayını ildən-ilə artırır, məhsul bolluğu yaratmaq üçün əllərindən gələni əsirgəmirlər.

Fermer təsərrüfatlarının qoyun sürüləri əsasən Ceyrançöl qışlaqlarında saxlanılır. Uzun illərdir ki, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax və başqa rayonlarda bu sahənin inkişafı Ceyrançöl qışlaqlarının adı ilə bağlıdır. Hələ sovet dönəmində kolxoz və sovxozların, indi isə fermerlərin qoyun-quzusu qış fəslində burada bəslənilir. Çünki buranın iqlim şəraiti və otlaq sahələri olduqca əlverişlidir.

Mütəxəssislər də bildirirlər ki, qoyun-quzu üçün ölkə ərazisində Ceyrançöl qədər əlverişli şəraiti olan ikinci bir qışlaq sahəsi yoxdur. Onun ucsuz-bucaqsız otlaq sahələrində adı “Qırmızı kitab”a düşmüş yovşan bitir. Yayda istiyə, qışda soyuğa davamlı olan bu bitki davarların qidalanmasında, məhsuldarlığın artırılmasında müstəsna əhəmiyyət kəsb edir. Vaxtilə hətta yovşanlığa maşın sürənlər, burada tikinti aparanlar, iribuynuzlu heyvan saxlayanlar cərimə olunur, el-oba qınağına məruz qalırdılar.

Bu gün isə vəziyyət tamam dəyişib, bu qiymətli bitkiyə laqeydlik yaranıb. Yüz minlərlə hektar otlaq sahəsi, daha doğrusu, yovşanlıq kotan ağzına verilib, şumlanıb, taxıl səpilib. Bu tapşırıq kimdən gəlib, bu məsələ harada müzakirə olunub, bilən, fermerlərə konkret cavab verən isə yoxdur. Axı bir-iki aydan sonra qoyun-quzu qışlağa qayıdacaq. Davarların harada saxlanılacağı, hansı örüşdə (əgər qalıbsa) otarılacağı məlum deyildir.

Bəs fermerlərin ətək-ətək pul xərcləyib çəkdirdikləri su kəmərlərinin, tikdirdikləri müasir tipli qoyun-quzu yataqlarının, çoban evlərinin axırı necə olacaq? Adı bilinməyən şirkətin nümayəndəsi gəlib 200 min manat xərc çəkmiş fermerə 10-15 min manat təklif edir ki, otlaq sahəsindən, əmlakdan əl çək! İndi fermer bilmir ki, kimə müraciət etsin. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, habelə digər əlaqədar təşkilatlar məsələyə açıq-aşkar laqeyd münasibət bəsləyirlər. 

Buna görə də indi fermerlərin qayğısı birə-beş artıb. Onlar şəhər-şəhər, kənd-kənd gəzib qəssabxana axtarır, qoyun-quzunu dəyər-dəyməzinə satmağa müştəri gəzirlər. Gədəbəy rayonunun Düzyurd kəndindən olan fermer giley-güzarını belə ifadə edir:

- Mən saç-saqqalımı təsərrüfat işlərində ağartmışam. Soruşuram: taxıl səpməyə yermi qəhətdir?  Tez-tez televiziyada çıxış eləyib deyirlər ki, taxılımız boldur. Belə isə idxal ildən-ilə niyə çoxalır, biz niyə xaricdən məhsul alırıq? Çünki istehsal edilən taxılın yarıdan çoxu çörəyə yox, yemə yarayır. Qoyunçuluğa münasibət belə davam edərsə, biz gələcəkdə əti də xarici ölkələrdən alacağıq.

Ağsaqqal bildirir ki, hər qış Ceyrançöldə təkcə Gədəbəyin 300 min başdan çox qoyun-quzusu saxlanılır. Çoxu da məşhur Azərbaycan dağ merinosu cinsindəndir. Bu ögey münasibət, bir növ, həmin cinsin kökünün kəsilməsinə xidmət edir. Çünki illər boyu faydalı yem bitkisi kimi istifadə olunan yovşanlıqlar şumlanır, hər tərəfə taxıl səpilir. Bütün paxırlar da məhsul yığılandan sonra üzə çıxacaq. Külək bu yerləri qupquru səhraya çevirəcək. Bundan sonra burada davar saxlamaq, qoyunçuluğu inkişaf etdirmək mümkün olmayacaq. Çünki qış-yaz heyvanların gərəyi olan yovşan bitkiləri şumlanıb, yerlə yeksan edilib. Ya qismət, yüz ilə bitə, ya bitməyə!

Bu həm də doğma təbiətə qəsd etməkdir. Görəsən Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır? Bir zamanlar həmin nazirliyin nəzdində Yaşıllar Partiyası yaradılmışdı. İndi isə fəaliyyəti gözə dəymir. 

Bizə belə gəlir ki, bu məsələdən Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi də, mütəxəssisləri də xəbərdardırlar. Onlar yaxşı bilirlər ki, bizə taxıl kimi, qoyunçuluq da lazımdır. Bəzi qonşu ölkələrə baxanda bizdə qoyun əti daha ucuzdur. Əgər bu vəziyyət belə davam edərsə, gələcəkdə qoyun-quzunun damazlığı kəsiləcək, baş sayı azalacaq və ətin qiyməti ikiqat bahalaşacaq.

Yovşanlığın məhvi qoyunçuluğun məhvi deməkdir. Ceyrançöl qışlağındakı yovşanlığın şumlanması dayandırılmasa, sonra gec olacaq. Söhbət torpağın strukturundan və təbiətə səriştəsiz müdaxilədən gedir.

 

Polad QASIMOV,

əməkdar mədəniyyət işçisi

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM