Alternative content

21:29 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 264
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 264
ANA SƏHİFƏ / Nazirlər Kabineti
02:07 10.07.2016

 

№ 264                                    Bakı şəhəri, 5 iyul 2016-cı il

 

“Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar”ın təsdiq edilməsi haqqında

 

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.19-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar” təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 5 iyul tarixli 264 nömrəli qərarı ilə təsdiq edilmişdir.

 

 

Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı hallar

 

1.Bu sənəd Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra-Məcəllə) 77.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tikintiyə icazənin verildiyi tarixdən 3 (üç) il ərzində tikintiyə başlanılmadığı və ya tikinti işlərinin 3 (üç)  il ərzində dayandırıldığı hallarda bu icazənin qüvvədə olma müddətinin uzadılması ilə bağlı halları müəyyən edir.

2. Aşağıdakı hallarda tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin müraciəti əsasında tikintiyə icazə verən orqanın qərarı ilə qeyd-şərtsiz olaraq aşağıda göstərilən müddətə uzadılır:

2.1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin tikinti işlərinin dayandırılması ilə bağlı qərarı olduğu halda, həmin qərarın qüvvədə olduğu müddətə;

2.2.      təbii və ya texnogen xarakterli fövqəladə hadisələr baş verdikdə, həmin hadisələrin təsir dairəsində olan tikinti ərazisində təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq tədbirlər yerinə yetirildikdə, bu tədbirlərin icrası üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qəbul etdiyi  qərarda müəyyən edilən müddətə;

2.3.      tikinti ərazisinə aid olan ərazi planlaşdırılması sənədlərində müvafiq dəyişikliklər edildikdə, bu barədə aidiyyəti yerli icra hakimiyyəti orqanının yazılı xəbərdarlığından sonra qərar qəbul edilən tarixədək olan müddətin və bununla əlaqədar ortaya çıxan əlavə işlər üçün layihədə dəyişikliklər edilməsi tələb olunan müddətin cəmini təşkil edən müddətə (bu halda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi alınmalıdır);

2.4.      tikinti obyektinin sökülməsi haqqında qərar qəbul edildiyi  hallarda, sökülmə barədə qərar qəbul edildiyi tarixdən həmin qərara əsasən tikinti obyekti sökülənədək əhatə olunan müddətə;

2.5.      Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən digər əsaslarla müəyyən edilən müddətə.

3. Bu sənədin 2.1-2.4-cü bəndlərində göstərilən halların bir neçəsi birlikdə mövcud olduqda, tikintiyə icazə qeyd-şərtsiz olaraq həmin bəndlərdə nəzərdə tutulan müddətlərin cəmini təşkil edən, lakin 3 (üç) ildən çox olmayan müddətə uzadılır.

4. Bu normativ-hüquqi aktın 2-ci hissəsində göstərilən hallar istisna olmaqla, tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması üçün sifarişçi tikintiyə icazə barədə qərarın qəbul edildiyi gündən hesablanan 3 (üç) illik müddətin bitməsinə 60 (altmış) gün qalanadək müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etməlidir.

5. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması sifarişçinin yazılı müraciəti əsasında tikintiyə icazə verən orqanın qərarı ilə rəsmiləşdirilir. Həmin qərarda tikintiyə icazənin uzadılması səbəbləri və müddəti göstərilməlidir. Tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin birinci müraciəti əsasında qəbul edilən qərarın sifarişçiyə təqdim edildiyi (göndərildiyi) gündən 1 (bir) il müddətinə uzadılır. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması barədə sifarişçinin əsaslandırılmış növbəti müraciəti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi əsasında tikintiyə icazə verən orqanın qərarı ilə rəsmiləşdirilir.

6. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması üçün sifarişçi tərəfindən tikintiyə icazə verən orqana aşağıdakı sənədlər təqdim edilməlidir:

6.1.      tikintinin başlanılmasının və ya başa çatdırılmasının mümkün olmadığını təsdiq edən sənədlər;

6.2.      tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılmasının texniki-iqtisadi əsaslandırılması (tikintisi dövlət vəsaitləri hesabına maliyyələşdirilən obyektlər üçün).

7. Bu normativ-hüquqi aktın 2.2-ci və 2.4-cü bəndlərində nəzərdə tutulan müvafiq olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qəbul etdiyi qərarın və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi tikintiyə icazə verən orqanın sorğusu əsasında həmin qurumlar tərəfindən sorğu edildiyi gündən 3 (üç) iş günü müddətində ona təqdim olunur.

8. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması barədə sifarişçinin müraciətinə 10 (on) iş günü müddətində baxılır. Həmin müddətdə sifarişçiyə tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması barədə qərarın surəti və ya əsaslandırılmış imtina təqdim edilir. İmtina barədə qərardan inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilər.

9. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması ödənişsiz həyata keçirilir.

10. Tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması və ya əsaslandırılmış imtina barədə qərar haqqında məlumat Məcəllənin 75.10-cu maddəsinə əsasən 10 (on) gün müddətində Tikintilərin Dövlət Reyestrinə təqdim edilir. Həmin məlumatlar 3 (üç) iş günü müddətində Tikintilərin Dövlət Reyestrinin internet səhifəsində yerləşdirilir.

Qeyd. Bu normativ-hüquqi  aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 5-ci hissəsinə uyğun olaraq edilə bilər.