29 Iyun 2016 04:06
856
Turizm
A- A+

Xarici turistlərin Bakıya axın etməsinin əsas səbəblərindən biri də Azərbaycandakı ictimai-siyasi sabitlikdir

“Aysan Pərvaz” İranda fəaliyyət göstərən tanınmış turizm şirkətlərdən biridir. Bu şirkət Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Tailand, Rusiya və dünyanın bir çox turizm məkanlarına səyahətlər təşkil edir.

Şirkət İranın “ATA Airlines” aviaşirkəti ilə müqavilə bağlayaraq iyunun əvvəlindən etibarən Tehran-Bakı-Tehran, Təbriz-Bakı-Təbriz çarter təyyarə reysləri açıb. Şirkətin fəaliyyəti, iranlı turistlərin Azərbaycanın paytaxtına səfərlərini təşkil etməsi və gələcək planları haqqında məlumat almaq üçün baş direktor Seyid Məhəmməd Mirrezayi ilə görüşüb söhbət etmək qərarına gəldik.

Şirkətin Tehranın mərkəzində yerləşən ofisinin qarşısında qələbəlik müşahidə edilirdi. Buraya gələnlərdən qələbəliyin səbəbini soruşduq. Əlində Tehran-Bakı-Tehran reysinə təyyarə bileti və səyahət vauçeri olan Purməhəmmədi adlı Tehran sakini dedi: “Qarşıdan Ramazan bayramı gəlir. İranlılar bayram günlərində istirahət və səyahət etməyi sevirlər. “Aysan Pərvaz” şirkəti isə Bakıya turist səyahətləri həyata keçirir. Mən də ailəmlə birlikdə Azərbaycanın paytaxtını gəzib görmək istəyirəm”.

“Bakının dəniz kənarında yerləşən çox gözəl, eyni zamanda, təhlükəsiz şəhər olduğunu eşitmişəm”, - deyən Purməhəmmədi məhz buna görə ailəsi ilə birlikdə Bakıya səyahət etmək istəyində olduğunu nəzərə çatdırdı.

Şirkətin baş direktoru Seyid Məhəmməd Mirrezayi bizimlə söhbət zamanı bildirdi ki, bu işə başlamazdan əvvəl Bakıda olub və gördüklərindən heyran qalıb: “Əvvəla onu deyim ki, Bakı ictimai-siyasi baxımdan çox sabit şəhərdir və bu da turistlər üçün olduqca vacibdir. Bu gün region ölkələri arasında Azərbaycan öz sabitliyi ilə seçilir. Digər tərəfdən, Bakı Avropa şəhərləri kimi çox təmiz və gözəldir. Burada fəaliyyət göstərən otel və iaşə obyektlərindəki qiymətlər də sərfəlidir”. O vurğulayıb ki, dövlətlərin qarşılıqlı əlaqələrinin genişlənməsi özəl sektorun da işini yaxşılaşdırıb.

Baş direktor ötən əsrin 90-cı illərinin əvvəllərində də Bakıda olduğunu bildirərək vurğuladı ki, şəhər tamamilə dəyişib, gözəlləşib və müasirləşib. Köhnə şəhərdən əsər-əlamət qalmayıb. Dəniz kənarındakı Milli Park yenidən qurulub və dünyanın müxtəlif ölkələrindən gətirilən nadir ağaclar əkilib. Bakının bir çox yerlərində gecə ilə gündüzün fərqi bilinmir. Bunlardan başqa, şəhər sakinləri çox mehriban və qonaqpərvərdirlər. Tarixi abidələr, möhtəşəm tikililər turistlərin görmək istədikləri məkanlardandır.

Azərbaycan və İran xalqlarının din, dil, adət-ənənə yaxınlığı Bakını iranlılar üçün daha cəlbedici edir. Novruz bayramı müştərək bayramdır. Bakıda bu bayram daha maraqlı və şən keçirilir ki, bu da iranlı turistlərin marağına səbəb olur.

Bakının tanıdılması üçün şirkət tərəfindən xüsusi buklet də hazırlanıb və müştərilərə paylanır.

Baş direktor reysin açılması, səyahətlərin təşkil olunmasında və turistlərin viza məsələlərinin həllində göstərdiyi köməyə görə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynova minnətdarlıq etdi.

Gələcək planlarından danışan baş direktor yaxın zamanlarda Bakı-Məşhəd reysinin açılması istiqamətində çalışdıqlarını söylədi və Azərbaycandan İrana turistlərin cəlb edilməsindən danışdı. O, İranın İsfahan, Şiraz, Kiş adası, Ramsar kimi gözəl guşələrində azərbaycanlı turistlərin istirahət etməsinin təşkili üçün işlər aparıldığını bildirdi. O, həmçinin iranlı turistlərin yalnız Bakıya deyil, Azərbaycanın rayonlarına da səfərlərinin təşkil ediləcəyini vurğuladı. Qəbələdə, Gəncədə, Qubada olduğunu deyən S.M.Mirrezayi Tehran-Qəbələ-Bakı-Tehran, Təbriz-Qəbələ-Bakı-Təbriz səyahət reyslərinin açılması üzərində də işlədiklərini nəzərə çatdırdı. Qış aylarında “Şahdağ” istirahət mərkəzinin də maraqlı olduğunu qeyd etdi.

Hələlik həftənin bazar ertəsi və cümə axşamları Tehran və Təbrizdən Bakıya səyahət reysləri təşkil olunur. Hər həftə Tehrandan 300, Təbrizdən 200 olmaqla, 500 turist Azərbaycanın paytaxtına səyahət edir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video