19 Yanvar 2021 15:19
698
İQTİSADİYYAT
A- A+

“Zəfər yolu” sentyabradək istifadəyə veriləcək

 

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Qarabağın tacı olan Şuşamızı düşməndən azad etmək üçün min-bir əziyyətlə açdığı yolun, dövlət başçısının tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən genişləndirilərək II texniki dərəcəyə uyğun inşası davam etdirilir.

Sözügedən yol həm də, şəhidlərimizin qanı ilə yazdığı şanlı tarixin şahididir. Müzəffər Ordumuz məhz həmin yolla Şuşa şəhərinə daxil olduğundan bu yolun həm də, rəmzi mənası, mənəvi önəmi var. Məhz bu səbəbdən Prezident İlham Əliyev Şuşaya səfəri zamanı 101,5 kilometrlik uzunluğa malik bu yolu “Zəfər Yolu” adlandırıb.

AAYDA-dan AZƏRTAC-a bildirilib ki, ölkə başçısının tapşırığına əsasən, “Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib. Artıq “Zəfər yolu” ilə rahat gediş-gəliş təmin olunub. Cari ilin sentyabrınadək isə yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi nəzərdə tutulur.

Buna paralel olaraq dövlət başçısının Füzuli rayonuna sonuncu səfəri zamanı təməli qoyulan, Füzuli şəhərindən başlayaraq Şuşa şəhərinə qədər uzanan və yeni trassa üzrə hazırlanmış layihə əsasında I texniki dərəcəli magistral avtomobil yolunun tikintisinə də başlanılıb. Yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu qısalaraq 84,6 kilometr təşkil edəcək. İlkin hesablamalara əsasən, inşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 kilometr olacaq. Bundan başqa, yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 kilometri 6, 48-84,6 kilometri isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək. Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa Bulağınadək əlavə 2 kilometrlik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. İki hərəkət zolaqlı olacaq İsa Bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci kilometrliyindən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa ediləcək. Yeni Füzuli-Şuşa magistral avtomobil yolu layihəsinin icrası 2022-ci il ərzində tamamlanacaq.

Qeyd edək ki, Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul- Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi magistral yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video