14:13 26 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yumşaldılmış karantin qaydalarına əməl etmək hər bir vətəndaş üçün önəmlidir

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:40 28.01.2021

 

Dünyanın bir çox ölkələrini ağuşuna alan COVID-19 pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısı cidd-cəhdlə alınır, infeksiyaya yoluxma və ölüm hallarının kəskin şəkildə azalması müşahidə olunur.

Ona görə də respublika ərazisində xüsusi karantin rejimi bu və ya digər formada yumşaldılır. Aylardır ki, Azərbaycan dövləti koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində Azərbaycanda yaradılmış tibbi infrastruktur, ölkəmizin potensial imkanları pandemiya ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən yetərincə gəlməyə və vəziyyəti nəzarətdə saxlamağa tam imkan verir.

Respublika Nazirlər Kabinetinin sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Srategiyası” təsdiq edilib. Sərəncama əsasən ötən həftənin əvvəllərindən Azərbaycanda koronavirus əleyhinə vaksinasiyaya start verilib. Vaksinasiyanın birinci mərhələsində səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq mühafizə orqanlarının əməkdaşları və onlar tərəfindən tədbirlərə cəlb edilənlər peyvənd olunurlar. Artıq səhiyyə müəssisələrinin bir çoxunda peyvəndləmə işi başa çatdırılıb. Kollektivi çox olan xəstəxana və müəssisələrdə bu iş davam etdirilir. Virusa qarşı immun sistemini gücləndirmək üçün bu aksiyada könüllü iştirak edənlər də çoxdur.

Həkim-ekspertlərin açıqlamalarına və rəsmi statistik məlumatlara istinadən deyə bilərik ki, ölkəmizdə bu virus azalmaqda davam edir. Odur ki, Azərbaycanda sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin daha bir qisminin yumşaldılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın yanvarın 16-da imzaladığı qərar yanvarın 25-indən qüvvəyə minib. Cari il yanvarın 25-indən ölkə ərazisində ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla), habelə bərbərxanaların, gözəllik salonlarının, kosmetik xidmətlərin (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət), muzey və sərgi zallarının fəaliyyəti bərpa edilib.

Bakı da daxil

olmaqla Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayonlarına giriş-çıxış bərpa olunub. Rayon və şəhərlərarası gediş-gəlişə nəzarət edən postlar ləğv edilib. Yaşayış yerini və olduğu yeri SMS icazə və xidməti vəsiqə əsasında tərk etmək sistemi aradan götürülüb.

Fevralın 1-dən isə ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri, habelə bu kimi digər məkanlarda müştərilərə saat 6-dan gecə saat 12-yədək yerində xidmətlərə icazə veriləcək. Bütün ölkə ərazisində, Bakı da daxil olmaqla, şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək qüvvədədir. Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir. Həmçinin sosial məsafə, tibbi maska və digər qoruyucu vasitələrdən istifadə etmək mütləqdir. Odur ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində pandemiya dövrü ilə əlaqədar müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət olunmalıdır.

Pandemiyanın yumşaldıcı tələb və tövsiyələrinə, peyvəndləmə əməliyyatına baxmayaraq, ölkə ərazisində bu amansız virusa qarşı mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir. Yanvarın 24-ü və 25-i şənbə və bazar günləri Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran, Şirvan, eləcə də digər ərazilərdə dezinfeksiya işləri aparılıb. İcra hakimiyyətlərinin aidiyyəti struktur bölmələri səhər saatlarından əsas küçə, prospekt və yollarda, eləcə də ətraf kənd və qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə növbəti dezinfeksiya işləri həyata keçirmişlər. İşin çoxluğu, habelə onun keyfiyyətli və səmərəli olması nəzərə alınaraq dezinfeksiya tədbirləri iki gün davam etdirilib. Yanvarın 24-ü və 25-də şənbə və bazar günləri Bakı ŞİH-nin yerli strukturları tərəfindən mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və kənd yollarında, habelə yaşayış massivlərinin ətrafında da dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərə əvvəlcədən imkan daxilində küçəyə çıxmamaq barədə xəbərdarlıq edilmişdir. Bu sahədə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 1, 2 və 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyi işçilərinin fəallığı diqqətçəkən olmuşdur. Birliyin rəisi Cavanşir Alaverdizadə ilə iş üstündə görüşdük. O bildirdi ki, birliyin işçiləri ötən ayların təcrübəsinə əsasən tapşırılan işə daha məsuliyyətlə yanaşırlar. Mühəndis Məhəmməd Qəhrəmanovun və Mirnağı Fəttayevin rəhbərliyi altında şəhərin görməli və həmişə insan çoxluğu ilə seçilən Heydər Əliyev Mərkəzinin ətrafında, Təbriz, Molla Cümə, Ələşrəf Əlizadə, Ağaoğlu, Fətəli xan Xoyski küçələrində növbəti dezinfeksiya işləri aparılmışdır. Sahənin əməkdaşlarından Faiq İsmayılov, Məleykə Əliyeva, Bağır Fəttayev, Rövşən Məlikov, Vəfa Əliyeva, Ayət Əbülfətov və digərləri balansımızda olan yaşayış binalarında, liftlərdə, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında xüsusi qrafikə uyğun olaraq tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri yüksək səviyyədə həyata keçiriblər. Əsas məqsəd vətəndaşlarımızın virusa yoluxmasının qarşısını almağa nail olmaqdır.

Tibb elmləri doktoru, professor Misir Bayramovun açıqlamasına görə, soyuqlu-küləkli günlərdə, eləcə də yazqabağı yağışlı havalarda dezinfeksiya işləri lokal xarakter daşıyır. Odur ki vətəndaşlarımız yumşaldıcı tədbirlərin onlara verdiyi üstünlüklərdən səmərəli istifadə etməklə koronavirusun yayılmasına imkan verməmək üçün karantin qaydalarına mümkün qədər ciddi riayət etməlidirlər. Dəfələrlə deyildiyi kimi, insanlar qaydalara lazımınca riayət etsələr, bu xəstəliyin məsuliyyətini və qəfil gələn faciəsini dərindən dərk etsələr, bir sözlə, laqeydliyik göstərməsələr, infeksiyanın yayılma sürətini azaltmış olarlar. Təbii ki, bu da ölkəmizdə koronavirus infeksiyasına yoluxma və ölüm hallarının qarşısını alar. Müşahidələrdən göründüyü kimi, Bakıda, eləcə də respublikamızın bölgələrində virusa yoluxanların sayı get-gedə azalmaqdadır. Lakin yenə də infeksiyanın yayılma sürətini minimuma endirməli, peyvəndləmədə fəallıq göstərməli, yüngülləşdirici qaydaların tətbiqinə ciddi riayət edilməlidir.

Qışın sonu - yazın əvvəllərində, yəni fəsil dəyişməsi zamanı virus infeksiyalarına yoluxma riskinin yüksək olduğunu nəzərə çatdıran professor onu da qeyd etdi ki, bu fəsillərdə soyuqlama zamanı insanlarda qrip xəstəliyinin əlamətləri də müşahidə edilir. Bu halda işlər bir az da çətinləşir. Bu baxımdan yüngül geyim də kəskin küləkli havalarda qrip, soyuqlama koronavirus xəstəliyini daha da ağırlaşdıra bilir. Odur ki, diqqətli olmaq gərəkdir.

Alim daha sonra bildirdi ki, qrip xəstəliyi özü xüsusi diaqnoz tələb edir. COVID-19 kimi qrip xəstəliyinə də diaqnoz yalnız PSR müayinəsi əsasında qoyulur: “Lakin əvvəllər də belə olub ki, qripə əlamətlərinə görə klinik diaqnoz qoyulub və bu, xəstəlik vərəqəsində tənəffüs yollarının infeksiyası kimi qeyd edilirdi. Amma COVID-19 diaqnozu klinik deyil, yalnız PSR müayinəsindən sonra qoyulur. Hava-damcı yolu ilə keçən viruslar uşaqdan böyüyə hamını bu xəstəliyə yoluxdura bilir. Amma bir məsələ daim diqqətdə saxlanılmalıdır ki, insan yoluxduğu zaman səhhətində hər hansı qeyri-adi hal hiss edərsə, tibbi yardım üçün mütləq sahə həkiminə müraciət etməlidir. Hamı nəzərdə saxlamalıdır ki, sosial məsafəni qoruyan, gigiyenik qaydalara əməl edən insanlara virus az miqdarda keçə bilir. Belələri xəstələnmədən virusa qarşı immunitet qazanır. Əgər hansı şəxslərə çox virus keçərsə, immuniteti nə qədər güclü olsa da, yenə xəstələnib ciddi fəsadlarla qarşı-qarşıya qala bilər.

Bütün bunlar həm də onu deməyə ehtimal yaradır ki, qaydalara düzgün riayət olunmazsa, yoluxanların sayı artar, sərtləşdirmə tədbirləri yenidən gündəmə gətirilə bilər. Odur ki, peyvəndləşmədən keçmək, qapalı məkanlarda maskanın taxılmasına və sosial məsafənin təmin edilməsinə nəzarət zəruridir.

Bakı şəhərindəki Atletlər kəndində COVID-19 xəstəliyinə qarşı mübarizəyə cəlb edilmiş həkim Şahin Məmmədovun fikrincə, SMS icazənin ləğvi heç kimdə arxayınlıq yaratmamalıdır: “Yoluxmaların və ölüm sayının azalması insanlarda sevinc hissi ilə yanaşı, məsuliyyət hissini də artırmalıdır. Onların bir-birilə təmasları məhdudlaşdırılmalıdır. Yaşından və cinsindən asılı olmayaraq, vətəndaşlarımız başa düşməlidirlər ki, yumşaldılmış karantin rejimi qaydalarına əməl etmək hər birimiz üçün vacibdir”.

Xatırladaq ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 aprel saat 06:00-dək uzadılıb. Bir daha vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizədə mövcud karantin tələblərinə və həkimlərin məsləhətlərinə ciddi riayət etməyə, tibbi maskalardan və digər zəruri profilaktik vasitələrdən istifadəyə, habelə ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırırıq.

 

Rəhman SALMANLI,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM