23:16 20 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yüksəliş və inkişafın Naxçıvan modeli

ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:43 14.01.2021

 

Naxçıvan Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biridir. Beş min il bundan əvvəl Naxçıvanda şəhər mədəniyyətinin formalaşması bu yurdda sivilizasiyanın inkişafının ən mühüm göstəricisi hesab olunur.

Naxçıvan, həm də Azərbaycanın dövlətçilik tarixinə mühüm töhfələr verən bir diyardır. Azərbaycan türkləri min illər boyu burada ardıcıl həyat sürmüş, böyük dövlətçilik ənənələrinin əsasını qoymuşlar.

Bölgədə X əsrdə “Naxçıvan şahlığı”, XII əsrdə Azərbaycan Atabəylər dövləti yaranmış, XVIII-XIX əsrlərdə “Naxçıvan xanlığı”, XX əsrin əvvəlində Araz-Türk Respublikası fəaliyyət göstərmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində respublikamızın siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər baş vermiş, ölkədə sosal-siyasi sabitlik bərqərar olunmuş,  dinamik iqtisadi inkişaf dövrü başlanmışdır. Naxçıvan Muxtar Respublikası ötən dövr ərzində bu inkişafın bir parçası olaraq Azərbaycanın milli dövlətçilik tarixinə və inkişafına töhfələr vermiş və verməkdə davam edir.

Ümummilli Lider Heydər Əliyev Naxçıvanla bağlı arzularını belə ifadə edirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.

Ulu Öndərin Naxçıvanla bağlı düşüncələri, müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qazanılan uğurların miqyası və əhatə dairəsi genişləndirilir. Ölkə rəhbərinin imzaladığı müvafiq fərmanlarla müəyyən edilmiş sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlər əldə edilən nailiyyətləri daha da möhkəmləndir.

Naxçıvanda aparılan yüksək inkişaf, görülən abadlıq və quruculuq işləri məhz dayanıqlı inkişaf konsepsiyasına, aparılan uğurlu siyasətə əsaslanır. Hazırda Naxçıvanın hər bir sakini quruculuğun, sosial-iqtisadi inkişafın, davamlı yüksəlişin real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.

Təsadüfi deyildir ki, Naxçıvanda həyata keçirilən möhtəşəm quruculuq işləri dövlət başçısı möhtərəm İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir: “Naxçıvanın uğurlu inkişafı məni xüsusilə sevindirir. Muxtar respublikanın abadlaşması, yeni-yeni binaların tikilməsi, iş yerlərinin açılması Naxçıvanı möhkəmləndirir. Naxçıvanın yaşaması üçün bütün infrastruktur layihələr həyata keçirilir. Mən çox şadam ki, Naxçıvanda və muxtar respublikanın bütün rayonlarında uğurlu inkişaf gedir”.

Azərbaycan Prezidenti bu uğurların qazanılmasında muxtar respublika rəhbərliyinin fəaliyyətini və əzmini xüsusi vurğulayaraq deyir: “Mən Naxçıvanın rəhbəri Vasif Talıbovun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Onun fəaliyyəti nəticəsində burada bu işlər görülür və o da sizə arxalanır. Öz fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyevin tutduğu yolu Naxçıvanda davam etdirir. Bu, çox böyük nailiyyətdir”.

Müasir dünyamızda qlobal iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi bir dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya mövcud inkişafın dayanıqlığını təmin etmək yalnız güclü əsaslara söykənən düzgün iqtisadi siyasət nəticəsində mümkündür.

Muxtar respublikada sosial-iqtisadi inkişafın təməlində iqtisadi inkişafın sosialyönümlü olması, hər bir vətəndaşın maddi rifahının yüksəldilməsi, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, iqtisadi tərəqqinin əsas meyarlarından olan azad rəqabət, investisiya mühitinin daha da yaxşılaşdırılması, məhdudiyyətlərin aradan götürülməsi, investisiyaların və sahibkarlığın inkişafının təşviqi üsullarından geniş istifadə olunması və iqtisadi təhlükəsizliyin təminatı üçün aparılmış kompleks işlər dayanır.

Naxçıvan Muxtar Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin, yeni iş yerlərinin açılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasının reallaşdırılmasına əsaslı töhfələr verir.

Həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar respublikada sənaye müəssisələri, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanılması, emalı və satışı kompleksləri yaradılır, ərzaq məhsulları üzrə daxili istehsal artır. Bütün bu proseslər muxtar respublikada ümumi daxili məhsulun artımı ilə nəticələnir. Belə ki, 2019-cu ildə ümumi daxili məhsul istehsalının həcmi 2 milyard 839 milyon 650 min manat idisə, 2020-ci ildə bu rəqəm 2 milyard 907 milyon 811 min manat həcmindədir.

Bir sıra istehsal sahələrində məhsul istehsalının həcminin artması, investisiya fəallığının güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi muxtar respublikanın iqtisadi dayaqlarını xeyli möhkəmləndirib. Muxtar respublikada iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi üçün rəqabət qabiliyyətli müasir istehsal sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mövcud layihələrin icrası davam etdirilib, stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bu sahədə mühüm malların istehsalının təmini muxtar respublikada sənayenin iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlayır. Belə ki, Naxçıvan Muxtar Respublikasında sənaye məhsulu istehsalı 1995-ci ildə 9 milyon 133 min manat idisə, 2020-ci ildə bu rəqəm 1 milyard 40 milyon 475 min 900 manat olmuşdur. Ötən il ərzində ümumi daxili məhsulun tərkibində ilk yeri 802 milyon 547 min manatlıq gəlirlə sənaye sahəsi tutub.

Kənd təsərrüfatı, emal sənayesi Naxçıvanda əsas prioritet sahələrdəndir. Kəndlərdə ticarət və xidmət obyektləri daxil olmaqla hər cür zəruri infrastrukturun yer aldığı nümunəvi kənd mərkəzlərinin yaradılması, kənd əhalisinin məşğulluğunun təmin edilməsi bol məhsul əldə etməyə şərait yaradıb. Yaşayış məntəqələrində müasir infrastrukturun qurulması, keyfiyyətli yol çəkilişləri, təbii qazın, işığın davamlı verilməsi, bütün kəndlərin telefonlaşdırılması, kənddə şəhər rahatlığının ən yüksək səviyyədə təmin olunması insanların torpağa bağlılığını daha da artırıb, kənd təsərrüfatının inkişafını təmin edib. Faktlara nəzər yetirdikdə muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin fonunda davam etdirilən bu siyasətin böyük uğurlara yol açdığının şahidi olarıq. Bütün bu islahatlar kənd təsərrüfatının ümumi məhsul istehsalının 1995-ci illə müqayisədə 38 milyon 572 min manatdan 537 milyon 585 min manata qalxmasına səbəb olmuşdur.

Aqrar sahədə fəaliyyət göstərən təsərrüfat subyektlərinə verilən güzəştli kreditlər nəticəsində 2020-ci ildə 537 milyon 584 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuş, 103 milyon 158 min 200 ABŞ dolları həcmində məhsul muxtar respublikadan ixrac olunmuşdur. 2020-ci ildə muxtar respublikaya, ümumilikdə, 82 milyon 27 min ABŞ dolları dəyərində məhsul idxal olunmuş, 428 milyon 520 min 400 ABŞ dolları dəyərində məhsul ixrac olunmuşdur.

Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq aqrar sektorun digər bölmələrinin inkişafında həlledici rol oynayır. Taxıl istehsalının artırılması blokada vəziyyətində yaşayan Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir. Sevindirici haldır ki, bu sahə muxtar respublikada hər il daha da inkişaf etdirilir, yeni-yeni nailiyyətlər əldə olunur. Ötən dövrdə muxtar respublikada taxılçılıq üstün istiqamət kimi saxlanılmış, 2020-ci ilin məhsulu üçün əkilmiş 36 min 879 hektar sahədən 115 min 649 ton məhsul götürülmüşdür. Məlumat üçün bildirək ki, 2020-ci ilin məhsulu üçün muxtar respublikada 63405 hektar sahədə əkin aparılmışdır. Bu da 2019-cu illə müqayisədə 435 hektar çoxdur. Yeri gəlmişkən, qeyd edək ki, regionun strateji əhəmiyyətini nəzərə alaraq muxtar respublikada əhalini təzə və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək məqsədilə qida təhlükəsizliyi sistemi ən yüksək səviyyədə qurulmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2016-cı il 11 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası muxtar respublikada işaxtaranların sosial müdafiəsinin gücləndirilməsinə, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsinə, əmək bazarının tələbinə uyğun peşə hazırlığının təşkilinə geniş imkanlar yaratmaqdadır. Qeyd edək ki, 2020-ci ilin 9 ayında  muxtar respublikada 943 yeni iş yeri yaradılıb ki, bunun da 39,3 faizi daimi iş yerləridir.

Muxtar respublikada inkişafın əsas sahələrindən biri də təmir-quruculuq işlərinin aparılmasıdır. Hazırda bu sahədə görülən işlər davam etdirilir, yeni parklar salınır, inzibati binalar, o cümlədən məktəblər, uşaq bağçaları, səhiyyə ocaqları, idman obyektləri, icra nümayəndəlikləri və bələdiyyə binaları, milli və yerli memarlıq xüsusiyyətləri nəzərə alınan yaşayış binaları yüksək sürətlə və zövqlə inşa edilib vətəndaşların ixtiyarına verilir. Bütün obyektlər müasir kommunikativ sistemlərlə təchiz edilir, yüksəksürətli internetlə təmin edilir. Bir faktı da qeyd edək ki, istifadəyə verilmiş yaşayış evləri 1995-ci ildə 19,6 min kvadratmetr olmuşdusa, 2020-ci ildə bu rəqəm 392 min 982 kvadratmetr olmuşdur.

Müasir dövrdə dayanıqlı inkişafın əsasında elmi-texniki tərəqqinin rolu və əhəmiyyəti ciddi bir faktor kimi qəbul edilir. Elm dövlətin davamlı sosial-iqtisadi və mədəni inkişafını təmin edən mühüm amillərdən biridir. Muxtar respublikamızda elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksəkixtisaslı kadrların hazırlanması, onlara qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və elmi nəticələrin xaricdə tanıdılması sahəsində bir sıra mühüm addımlar atılır. Naxçıvan Muxtar Respublikasında elmin sistemli inkişafı 1996-cı ildən başlayaraq Naxçıvan tarixi ilə bağlı elmi axtarışların, tədqiqatların aparılmasını zəruri edən “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumunun keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin imzaladığı sərəncamla başlamışdır. “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi haqqında”, “Naxçıvanşünaslıq Mərkəzinin yaradılması haqqında”, “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında”, “Oxunması zəruri olan kitablar haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” və digər tarixi sərəncamlar tarixi keçmişimizin qaranlıq səhifələrinin elmi axtarışlar və tədqiqatlar nəticəsində, müstəqil düşüncə işığında üzə çıxarılmasına, innovativ layihələrin dəstəklənməsi və tədqiqat nəticələrinin onlarca elmi nəşr vasitəsilə geniş ictimaiyyətə çatdırılması ilə nəticələnmişdir. Dahi Öndər Heydər Əliyevin 2002-ci il avqustun 7-də AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncam imzalaması ilə muxtar respublikamızın elmi mühiti mərkəzləşmiş, sistemli və davamlı inkişaf  mərhələsinə qədəm qoymuşdur.

Elmin inkişafını şərtləndirən bu tarixi addımlar Ümummilli Lider Heydər Əliyevin tarixi keçmişimizin öyrənilməsi ilə bağlı tövsiyələrinə əsaslanaraq elmin gələcək inkişafının konturlarını müəyyən etmişdir. 

Azərbaycanda informasiyalı cəmiyyət quruculuğu prosesində Naxçıvan aktiv iştirak etmiş, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” sərəncamla 2019-cu ildən Startap Naxçıvan hərəkatına start verilmişdir. İnnovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən startaplar layihələrin dəyərləndirilməsi və həyata keçirilməsi iqtisadi inkişafla yanaşı, vətəndaşın müasir cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin etmişdir. Startap fəaliyyətinə nəzarət mexanizmini asanlaşdıran internet portalının yaradılması isə dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürənlər arasında tələblərin formalaşmasına xidmət etmişdir. Muxtar respublikada innovasiyayönümlü iqtisadiyyata keçid, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan xidmət sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və nəticələrinin sənayedə tətbiqi Naxçıvanda Texnologiyalar Parkının yaradılmasını zəruri etmiş, bununla bağlı müvafiq sərəncam imzalanmışdır.

Muxtar respublikada inkişafın əsas prioritet istiqaməti təhsil sahəsidir. Bu sahədə həyata keçirilən islahatlar təhsil quruculuğunun miqyasının genişliyi və təhsilin inkişafına yönəlmiş layihələrin və dövlət proqramlarının uğurlu icrasıdır. Qeyd edək ki, muxtar respublikada yeni tikilmiş və əsaslı təmir olunmuş, yüksək maddi-texniki imkanlarla təchiz edilmiş 211 tam orta məktəb, 3 ali məktəb, 4 orta ixtisas məktəbi, 2 peşə liseyi, 3 peşə məktəbi, 26 uşaq-musiqi bədii sənətkarlıq və incəsənət məktəbi fəaliyyət göstərir.

Tarixi irsin qorunması istiqamətində aparılan kompleks tədbirlər isə muzey quruculuğu, mədəni inkişafla bağlı islahatlar, keçirilən mədəni-kütləvi tədbirlər və Naxçıvanın çoxəsrlik mədəni inkişafı ilə bağlı dünya miqyasında aparılan təbliğat işləridir. Muxtar respublikada fəaliyyət göstərən 31 muzeydə 140 minə yaxın maddi-mədəniyyət nümunəsi qorunur.   

Məqsədyönlü islahatların aparılması, mühüm əhəmiyyətə malik dövlət proqramlarının reallaşdırılması nəticəsində Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə liderliyini qorumaqdadır. İslam mədəniyyətinin paytaxtı və ölkəmizin Gənclər paytaxtı kimi mühüm tarixi missiyanı yerinə yetirən Naxçıvanda iqtisadi və sosial sahələrin inkişafını təmin edən tədbirlər davam etdirilir, dinamik inkişaf qorunub saxlanılır.

Muxtar respublikada aparılan quruculuq-abadlıq işləri, muzeylər, çoxəsrlik tarixi abidələr, inkişaf etmiş infrastruktur, modern hotellər şəbəkəsi, istirahət mərkəzləri, kənd və dağ turizmi üçün münbit ərazilərin və şəraitin formalaşdırılması Naxçıvanı həm də turizm üçün cəlbedici bir məkana çevirmişdir. Belə ki, təkcə ötən il Naxçıvana yarım milyona yaxın turist səyahət etmişdir. Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı olan “Vanderlust” Naxçıvan şəhərini dünyanın səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərləri sırasına daxil etmişdir.

Prezident İlham Əliyevin xüsusi sərəncamı ilə yaradılan və maddi-texniki təchizatı gündən-günə güclənən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu bu gün, sözün əsl mənasında, düşmənə göz dağıdır. Bu ordunun keçirdiyi əməliyyatlar nəticəsində yüzlərlə hektar Vətən torpağı düşmən işğalından azad edilmiş və yararlı hala gətirilərək bölgə əhalisinin rifahına xidmət edir.

Vətənimizin ayrılmaz parçası olan Naxçıvan bu gün öz intibah dövrünü yaşayır. Naxçıvan əhalisi gələcəyə böyük inamla baxır və bugünkü nailiyyətləri gələcək müvəffəqiyyətlərin təminatı kimi görür.

Təsadüfi deyil ki, dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikası ən yüksək nəticə göstərərək liderliyə yüksəlmişdir.      

Göründüyü kimi, 30 ilə yaxın blokada şəraitində yaşamasına baxmayaraq, uğurlu dövlət siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası hərtərəfli və dayanıqlı inkişafa nail olmuş və bu proses indi də davam etməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Ümummilli Liderimizin müəyyən etdiyi quruculuq xəttini ölkəmizin bütün regionları kimi, Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqi yoluna çıxardığını xüsusi vurğulayaraq deyir: “Biz Ümummilli Liderin yolu ilə gedərək doğma diyarımızı onun görmək istədiyi kimi qurmağa, inkişaf etdirməyə çalışmışıq”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikanın dayanıqlı inkişafı və tərəqqisi ilə bağlı fikirlərini belə ifadə edir: “...Naxçıvan uğurla, sürətlə inkişaf edir. Son illər ərzində muxtar respublikada böyük abadlıq-quruculuq işləri görülmüşdür. Naxçıvan Muxtar Respublikası bütün iqtisadi göstəricilərinə görə çox sürətlə inkişaf edən respublikadır. Son 15 il ərzində respublikanın ümumi daxili məhsulu on dəfəyə yaxın artıbdır. Bu, məncə, dünya miqyasında rekord göstəricidir. Bütün uğurlar münasibətilə Naxçıvan Muxtar Respublikasının rəhbərliyini, bütün sakinlərini ürəkdən təbrik etmək istəyirəm”.

 

Surə SEYİD,

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM