16 Yanvar 2021 01:19
649
SİYASƏT
A- A+

Yerevanda əsgər anaları ayağa qalxdılar: “Övladlarımızın Qarabağda ölməsini istəmirik”

 

Müharibədəki məğlubiyyətdən sonra Ermənistanda bütün sahələrdə vəziyyət görünməmiş dərəcədə ağırlaşdı. Erməni mediası yazır ki, 44 günlük müharibə və ondan sonrakı hadisələr ölkənin idarəetmə proseslərinin kökündəki sistem və struktur problemlərinin dərinləşdiyini göstərdi.

Çətin duruma düşən ölkə rəhbərliyi isə vəziyyətdən çıxış yolunu həbslər aparmaqda, kadr dəyişiklikləri həyata keçirməkdə gördü və bu yolla  ictimai qəzəbdən xilas olmağa çalışdı. Lakin günahkar axtarışı və hakimiyyətin digər tədbirləri Ermənistanda vəziyyətin yaxşılaşdırılmasına xidmət etmədi. Əksinə, ölkədə vəziyyət gündən-günə ağırlaşdı.

 

Ermənistan ordusu itkilərin sayını gizlədir

 

Ermənistanda problemlərin biri də ordunun itkilərinin gizlədilməsi, döyüşlərdə Azərbaycan Ordusu tərəfindən məhv edilmiş hərbçilərlə bağlı onların ailələrinə doğru məlumatların verilməməsidir. Bütün bunlar isə, ilk növbədə, Ermənistanda əsgər valideynlərinin hakimiyyətə qarşı daha sərt mövqedən çıxış etməsinə səbəb olub.

Son günlərdə hərbi xidmətdə olanların valideynləri yenidən fəallaşıblar. Belə ki, onlar  Yerevanda yenidən aksiya keçiriblər. Hökumət binasının qarşısına toplaşanlar övladlarının təhlükəsizliyi üçün zəmanət istəyir, eyni zamanda hakimiyyətin hərəkətsizliyindən narazılıqlarını bildirirlər: “Uşaqlarımız yaralanmağa və ölməyə davam edir. Paşinyan 25-30 min əsgərin xilas edilməsindən danışdı. Kimi və necə xilas etdiyini üzümüzə izah etsin”.

“4rd.am” saytı yazır ki, müharibədən sonra belə orduda dedovşina hallarının geniş vüsət alması, zabit və gizirlərin əsgərlərə, sözün həqiqi mənasında, qan uddurması qeyri-döyüş şəraitində itkilərin sayını artırır. Bildirilir ki, araşdırmalar əvvəlki kimi bu cür qeyri-qanuni halların yenə də Ermənistan ordusunun əsas problemlərindən biri olduğunu üzə çıxarır. Xatırladaq ki, ordu komandanlığının göstərişi ilə belə halların daha da genişlənməməsi və buna yol vermiş şəxslərin ordudan tərxis olunmaları məqsədilə xüsusi komissiya yaradılıb. Lakin nəticə yenə də dəyişməyib.

Aksiyada iştirak edənlər döyüşlərdə vuruşan əsgərlərin tərxis olunmasını da tələb ediblər. Hökumət isə bir qrup valideyni qəbul etməyə hazır olduğunu bildirib. Amma onların kiminlə dəqiq ünsiyyət quracağı açıqlanmayıb.

 

Cəmiyyət tərəfindən qəbul edilən lider yoxdur

 

Bu arada müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan mətbuata verdiyi müsahibəsində deyib ki, Paşinyanın rəhbərliyi dövründə qanunların pozulması və korrupsiya keçmiş hakimiyyətlərə nisbətən daha pis təzahürlərə sahib idi: “Üstəlik, keçən illərdə çətinliklə olsa da, yavaş olsa da, heç olmasa bir inkişaf gördük. Paşinyanın gəlişi ilə yeni prinsiplər, mahiyyəti daha vacib olan universal dəyərlər ortaya çıxdı. Bütün quruluşları təkbaşına əzərək ölkəni polis dövlətinə çevirdi”.

Müxalifət lideri müsahibəsində prezident Armen Sarkisyanı da tənqid edib. Bildirib ki, prezident erkən seçkilərin keçirilməsini təklif edir: “Soruşmaq lazımdır ki, Konstitusiya Məhkəməsini dağıtmaqda Nikol Paşinyana kim kömək etmişdi. Armen Sarkisyan başa düşür ki, Nikol Paşinyanın hakimiyyəti dövründə erkən seçkilərin keçirilməsi ölkə üçün fəlakətdir. İnzibati və maliyyə mənbələrindən maksimum istifadə ediləcək. Müharibədə məğlub olduqdan sonra da vəzifəsindən ayrılmaq istəməyən bir insan xalq əleyhinə səs versə də, heç bir halda kabinetindən çıxmayacaq”.

Erməni politoloq Edqar Elbekyan isə deyib ki, Ermənistanın siyasi həyatı parçalanıb, cəmiyyət tərəfindən qəbul ediləcək nüfuzlu bir lider yoxdur. Bütün bunların fonunda hazırkı hakimiyyətin təkrarlanmasına imkan verən iki amil var: apatiya və nifrət. Qeyd edib ki, bugünkü apatiya hakimiyyətyönlü qruplar tərəfindən sosial şəbəkələrdə Serj Sarkisyanın qalacağı təqdirdə “artsax”ın təslim olacağı tezisinin irəli sürülməsi ilə müharibədən sonra yaranıb: “Əks məlumatlar ortaya çıxdıqda insanlar, ümumiyyətlə, nəyəsə inanmağı dayandırırlar. Digər tərəfdən təbliğat və texnologiya baxımından çox geridə qalan və 30 il öncəki metodlarla fəaliyyət göstərən zəif bir müxalifət qanadı onlara qarşı çıxır. Bundan əlavə, müxalifət özü xalqla ünsiyyətin zəif aparıldığını etiraf edib və Vazgen Manukyan bağlı qapılar arxasında seçilib. Bunun əksinə olaraq, Paşinyan 2018-ci ildə meydandan “xalqın namizədi” olduğunu elan edib. Üstəlik, Paşinyanın 2018-ci ildəki tezisləri və açıqlamaları müxalifətin bu gün xalqa dediklərindən daha aydın idi. Bu, siyasi qavrayış baxımından vacibdir”.

Görünən odur ki, Ermənistanda daxili siyasi vəziyyət daha da mürəkkəbləşməyə doğru gedir. Ölkənin sonu görünməyən böhranlardan çıxış yolu isə görünmür.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video