17 Yanvar 2021 00:22
798
İQTİSADİYYAT
A- A+

Yeni məktəb binası görkəmli tarixçi alimin adına layiq olacaq

 

Salyan rayonunun Qızılağac kəndindəki tam orta məktəb tarix elmləri doktoru, akademik Əlövsət Quliyevin adını daşıyır. Tarixçi alim bir vaxtlar özü bu məktəbdə oxumuş, böyük elmə doğru gedən çətin yolun başlanğıcını buradan başlamışdır. 

Zəhməti, zəkası ilə tarixin dərin qatlarına işıq salaraq, onilliklər, yüzilliklər boyu açılmayan, gizli qalan həqiqətləri üzə çıxarmış, “Azərbaycan tarixi” çoxcildliyi kitabının həmmüəlliflərindən biri və əsas müəllifi olmuşdur.

Həyatdan vaxtsız köçən alim respublika elmi ictimaiyyəti arasında böyük nüfuz sahibi idi. Salyanlılar, o cümlədən böyüyüb boya-başa çatdığı Qızılağac kəndinin sakinləri həmyerliləri, böyük istedad sahibi olan tarixçi alimin xatirəsini əziz tuturlar. Salyan şəhərindəki mədəniyyət evi və küçə, habelə qeyd etdiyimiz kimi, təhsil aldığı Qızılağac kənd məktəbi indi onun adını daşıyır.

İndi həmin məktəb müasir standartlar səviyyəsində yenidən inşa edilir. 1000 şagirdlik təhsil ocağının tikintisinə keçən ilin mart ayında start verilmişdir. Obyektin sifarişçisi Heydər Əliyev Fondu, icraçısı “Ulu Göyçə” MMC-dir. Üçmərtəbəli bina 3 tədris korpusundan, idman və yemək zallarından ibarət olacaq. Burada kitabxana, həkim otağı fəaliyyət göstərəcək. Binanın isidilməsi üçün hazırda qazanxana tikilir, sinif otaqlarına və digər yerlərə qızdırıcı xətlər çəkilir. Binanın həyətindəki 100 və 300 kubmetrlik anbarlar isə təhsil ocağını içməli, eyni zamanda yanğından mühafizə üçün su ilə təmin edəcək. Alternativ enerji mənbəyi kimi bina üçün xüsusi generator da qoyulacaq.

İnşaatçılar qış dövründə havaların mülayim keçməsindən səmərəli istifadə etməyə çalışırlar. Hazırda fasadın, habelə binanın içində sinif otaqlarının suvağı vurulur, idman zalının qalan hissəsinin, qazanxananın daşı hörülür. Bununla yanaşı, məktəb ərazisinə hasar çəkilir, açıq havadakı idman meydançasının ərazisi sahmana salınır.

Hazırda tikintidə 60 nəfər çalışır. Onların çoxu Qızılağac kəndinin sakinləridir. Lakin gələn aydan işlərin sürəti daha da artırılacaq və işçilərin sayı 120 nəfərə çatacaq. Obyektdə keyfiyyət məsələsi də diqqət mərkəzində saxlanılır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan bu təhsil ocağı tarixçi alim Əlövsət Quliyevin xatirəsinə ən böyük töhfə olacaq. Akademik həmişə kəndinin inkişaf etməsini, buradan savadlı, bilikli, adlı-sanlı ziyalıların çıxmasını arzulamışdı. Yeni məktəb bunun üçün şərait yaradacaq.

İnşaatçılar təhsil ocağını bu ilin may ayında istifadəyə verməyi nəzərdə tuturlar.

 

Seyran CAVADOV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video