20 Yanvar 2021 03:14
822
SİYASƏT
A- A+

Yaralılara aman verməyən “tufan”

 

O gecə təcili yardım maşınları da gülləbaran edilmişdi

 

Düz 31 il bundan öncə, 1990-cı il yanvar ayının əvvəlindən Azərbaycanı həyəcan bürüyürdü. Paytaxt Bakının üstünə də qara buludlar çökmüşdü. Həmin ilin qışı özünü daha sərt göstərirdi: şaxta qılınc kimi kəsir, soyuq iliyə işləyirdi. Bəlkə də Bakı sovetlərin hakimiyyətdə olduğu yetmiş illik tarixdə belə günlərini yaşamamışdı. Şəhərdə hərbçilər həmişəkindən daha çox, həm də vahiməli görünürdülər. Hələlik ciddi hadisə baş verməsə də, güclü bir tufan və qasırğanın yaxınlaşdığı hiss olunurdu.

Bu, “şimal küləyi”nin gətirdiyi “qasırğa” idi. Qarşısına çıxan hər şeyi, hər kəsi məhv etməyə hazır idi. Gözlənilməz “tufan” uşağa, böyüyə, qocaya... aman vermirdi. Bir gecənin içərisində Bakı və onun sülhpərvər, qonaqpərvər, tolerantlıq nümunəsi olan sakinləri, eləcə də şəhərin o gecəki qonaqları hədəfə alındı. Milli mənsubiyyətindən, dinindən və əqidəsindən asılı olmayaraq, Bakıda hər kəs yetmiş illik tarixin hökmdarı olan sovet imperiyasının qoşunları ilə yanvarın 19-dan 20-nə keçən gecə üz-üzə dayandı: şəhidlik zirvəsinə yüksəldi, amma xalqımızın və paytaxtımızın diz çökməsinə imkan vermədi azadlıq mücahidləri!

Həmin gecə dinc əhalinin üstünə ağır hərbi texnika yeridiləndə həyatları təhlükə altında olanlar, həm də həkimlər, tibb bacıları və texniki işçilər idi. 20 Yanvar qətliamında həkimlərə, təcili yardım maşınlarına güllə atanlarla üz-üzə qalanlardan biri də uşaq cərrahı ixtisasına yiyələnmiş Adil Hüseynov idi. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecənin nəinki canlı şahidi, həm də Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında çalışan, yaralıları amansız ölümün pəncəsindən xilas edənlərdən biri idi.

Fikirlərini o gecənin yaratdığı vahiməyə, qanlı-qadalı günlərdə qarşılaşdığı amansızlıqlara yönəltməyə çalışan həkim deyir ki, 20 Yanvar hadisələrində həkimlərimiz öz müqəddəs peşə andlarına sadiq qalaraq zərər çəkmiş insanların köməyinə yetməyə çalışırdılar. Məhz bunun nəticəsində neçələri göstərilən təcili tibbi yardımlar hesabına amansız və vaxtsız qanlı ölümün pəncəsindən xilas edildi: “1990-ci il yanvarın 19-dan 20-ə keçən gecə, saat təqribən 23:30-da Bakı şəhərinə keçmiş sovet ittifaqının qoşun birləşmələri Azərbaycanda fövqəladə vəziyyət elan edilmədən paytaxt Bakıya hücum edib. Həmin gecə yüzlərlə dinc şəhər sakininə, hətta məktəblilərə amancıscasına divan tutuldu. O ağır və dəhşətli günlərdə Bakıda və respublikanın ayrı-ayrı bölgələrində 146 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi”.

Bu faciədə xalqımızın ağrı-acısını daha çox hiss edən, əlbəttə, həkimlərimiz oldu. Ona görə ki, onlar gecə-gündüz yaralılarımızı amansız ölümün pəncəsindən xilas etməyə çalışır, bununla da öz vətənpərvərliklərini, azadlıq uğrunda mücadilənin önündə dayandıqlarını göstərirdilər.

Bu işin Bakıda daha çox təcili yardımın üzərinə düşdüyünü hamı bilir. Həmin qanlı faciədə yaralanmış insanların əksəriyyəti M.Nağıyev adına xəstəxanaya daşınmış və orada onlara təcili tibbi yardım göstərilmişdi.

Həkim həmin gecəni və sabahısı günü qarşılaşdığı hadisələri bizimlə bölüşür: “Həmin gecə qardaşım, İslam həkim də bizdəydi. Qəfildən eşitdiyimiz atəş səsləri bizi də çaşdırdı. Yaşayış binasının balkonuna çıxmaq da təhlükəli idi. Birtəhər balkona çıxdıq və atışmanın yaxınlaşdığını hiss etdik. Televiziyanın enerji blokunu vurub partlatmışdılar, kanal işləmirdi. Radiodan eşitdik ki, sovet qoşunları Bakıya girib.

Həkim olduğum üçün evdə qala bilməzdim. Təcili evdən çıxmağa hazırlaşanda qardaşım qoymadı. Küçəyə çıxmaq çox təhlükəli idi. Dəfələrlə cəhd etməyimizə baxmayaraq, binanın qarşısını kəsən vəhşi silahlılar qaraltıya belə güllə atır, xəbərdarlıq edir, evdən bayıra çıxanların güllələnəcəyini bildirirdilər. Şəhər gülləbaran edilirdi. Tezdən ala-toranda evdən gizlicə çıxdım. Dənizkənarı parkın da ətrafı ağır zirehli texnika ilə dolu idi. Hökumət evinin yanından keçib getməyə imkan vermirdilər. Yolu bağlamışdılar. Həkim olduğumu desəm də əhəmiyyət vermədilər, hətta mənə kobud cavab qaytarıb, üstümə silah çəkdilər. Məcbur olub ara yollarla özümü xəstəxanaya çatdırdım. Xəstəxananın həyəti, eləcə də binanın birinci mərtəbəsi “qan gölməçəsi” idi. Adamı dəhşətə gətirən mənzərə yaranmışdı. Təcili yardım maşınları aravermədən, həyəcan sıqanlı ilə həyətə girib-çıxır, yaralıları daşıyırdı.

Şöbəmizə qalxdım. Həkimlər, tibb bacıları, hamı həyəcan içərisindəydi. Tez geyimimi dəyişib əməliyyat otağına getdim. Gecə növbəsində olan həkimlər çox yorulmuşdular, halları belə qalmamışdı. Artıq yeni gətirilən yaralılara biz yardım göstərməyə başladıq.

Heç yadımdan çıxmaz. Xərəkdə 15 yaşında bir oğlan uşağı gətirdilər. Qarın nahiyəsindən güllə yarası almış oğlanı təcili əməliyyata götürdük. Əməliyyat zamanı xəstənin qarın boşluğunun qanla dolu olmasını, dalağın və bağırsaqların bir neçə yerdən yaralanması aşkar edildi. Təbii ki, dalaq çıxarıldı, bağarsaqlar tikildi. Beləliklə, günahsız oğlanı amansız və vaxtsız ölümün pəncəsindən xilas etdik. İki həftə sonra o, sağalaraq evə, ailəsinə döndü. Həyatını xilas etdiyim yaralının adı Tural idi. Atası Nazim müəllim də ayağından güllə yarası almışdı. Onun da yarasını sarıyıb qanaxmasının qarşısını aldıq. Həmin hadisə bizim onlarla ailəvi dostluğumuza səbəb oldu”.

Həkim deyir ki, o zaman Bakı şəhərində cəmi 15 təcili yardım stansiyası var idi. Stansiyalarla əlaqə ancaq hava telefonları (“ratsiya” qurğuları) vasitəsilə saxlanılırdı. Gecə daxil olan məlumatda göstərilirdi ki, Bakı-Mərdəkan yolunda bir təcili yardım maşını vurulub. Mərdəkandakı 10-cu təcili yardım stansiyasının əməkdaşı, həkim Aleksandr Marxevka çağırışa gedəndə yolda güllə yağışına tutulmuşdu. Yaralıya çatdırmaq istədiyi “sistem” şüşəsi əlində qalan həkimin özünə yardım etmək belə mümkün olmamışdı.

Gecə saat 12-də “Salyan kazarması”ndan havaya işıqsaçan güllələr atılandan az sonra Bakı Şəhər Təcili Yardım və Təxirəsalınmaz Stansiyasına, eləcə də digər xəstəxana və poliklinikalara yaralılar gətirilirdi. Bütün bunlar Bakı əhalisini yalnız çaşbaş salmamışdı, eyni zamanda, streslər, həyəcan və qorxular da insanlara təcili tibbi yardım göstərməyə məcbur edirdi.

O zaman Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi işləyən Sabir Adnayevin həyəcanlı səsi həkimləri sanki hərbi rejimə kökləmişdi. Onlar hətta özlərini yaralının üstünə maşınsız yetirirdilər. 67 nömrəli təcili yardım maşını da indiki Gömrük Komitəsi binasının arxasındakı yaşayış binalarından birinə çağırışa gedəndə güllə yağışına tutulmuşdu. Həkim yaralıya tibbi yardım göstərmək üçün binaya daxil olanda sürücü həyətdə maşında gözləyirmiş. Əli avtomatlı hərbçilər yaxınlaşıb ona buranı tərk etmək əmrini verəndə sürücü həkim və xəstə gözlədiyini bildirmişdi. Bu cavabdan qəzəblənən hərbçilər maşını vermişdilər güllənin qabağına. Sürücü zorla binanın dalanına girib yuxarı mərtəbələrə qaçmaqla canını qurtarmışdı.

Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərovanın da o müdhiş şənbə gecəsində göstərdiyi vətənpərvərlik sonralar dillər əzbərinə çevrildi. Yasamaldakı təcili yardım stansiyasında çalışırdı. Onun yaralılara necə kömək göstərdiyinin canlı şahidi olanlar deyirlər ki, Gültəkin o gecədən təsadüf nəticəsində salamat çıxmışdı. Sən demə, taleyinə Bakıdakı kimi, Qarabağda da düşmənlə üz-üzə gəlmək yazılıbmış. Ön cəbhəyə igid oğulların yarasını sarımağa gedəcəkdi. Təəssüf ki, bu od parçası cəbhədə yaralılara yardım göstərərkən düşmən gülləsinə tuş gəldi.

Uşaqlar üzərində daim cərrahiyyə əməliyyatı aparan Adil Hüseynov cəllad və qatillərin azyaşlılara güllə atmasını vəhşilik, vandallıq adlandıraraq deyir ki, hətta yanvarın 26-dək müxtəlif istiqamətlərdən yaralılar tapılıb xəstəxanalara çatdırılırdı: “...Həmin günlər Bakıda 164 təcili yardım briqadası çalışırdı. Yalnız yaralılara ilk tibbi yardım göstərilməsi, onların xəstəxanalara çatdırılması və şəhidlərin dəfninə qədər hazırlıq prosesindəki xidmət işlərinə yüz həkim briqadası ayrılmışdı. Qanlı şənbə gecəsi və ondan sonrakı günlərdə Bakı bəlkə də daha çox şəhid verə bilərdi... Həkimlərimizin, ümumən səhiyyədə, xüsusən təcili yardım sahəsində çalışan tibb personalının o günlər xalqımıza, yaralılara göstərdiyi doğma münasibət və qürur duyduğumuz monolit birlik əsl vətənpərvərlik nümunəsi idi”.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video