27 Fevral 2021 03:07
905
Səhiyyə
A- A+

Vaksinlər ölkələr arasında ədalətlə bölünmür

 

Azərbaycan Prezidenti koronavirusa qarşı beynəlxalq səviyyədə birgə mübarizə aparılmasını vacib sayır

 

Azərbaycan yeni növ koronavirus infeksiyasına qarşı effektiv mübarizə aparan ölkələr sırasındadır. Respublikamızda pandemiyaya qarşı qabaqlayıcı tədbirlər ilk gündən kompleks şəkildə həyata keçirilir.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə virusun üzə çıxdığı ilk zamandan etibarən ardıcıl çevik və zəruri addımlar atılıb. Dərhal və mərhələli şəkildə həyata keçirilən tədbirlər sayəsində vətənimiz böyük fəlakətdən qorunub, virusa yoluxma nəzarətolunan həddə saxlanılıb.

Ötən gün Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında ölkəmizdə koronavirus ilə bağlı vəziyyət barədə məlumat verərək bildirdi ki, pandemiyanın lap əvvəlindən vəziyyət nəzarətdə saxlanılır. Karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması üzrə görülmüş tədbirlər kifayət qədər səmərəli olub: “Bizdə yoluxmanın səviyyəsi kifayət qədər aşağıdır. Koronavirusa yoluxmuş insanların sayı hazırda 200 mindən bir qədər çoxdur. Bugünkü vəziyyətə görə, aktiv xəstələrin sayı 2 mindən bir qədər artıqdır. Bizim xəstəxanalarda boş yerlər çoxdur. Ona görə ki, əvvələn pandemiyanın ilk aylarında biz 10-dan çox modul tipli yeni xəstəxana yaratmışıq, həmçinin son iki ayda yoluxanların və sağalanların sayı arasında sağalanların xeyrinə müsbət dinamika müşahidə olunur”.

 

Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə birinci başlamış ölkədir

 

Hazırda əksər ölkələrdə koronavirusa qarşı vaksinasiya işi aparılır. Azərbaycanda da yanvarın 18-dən tibb işçilərinin vaksinasiya olunması ilə bu prosesə start verilib. Qeyd edək ki, vaksinasiya könüllülük prinsipi ilə və dövlət hesabına həyata keçirilir. Ölkəmizdə Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.

Dövlət başçısı mətbuat konfransında bildirdi ki, Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir. Azərbaycan peyvəndləməyə Avropa ölkələrindən cəmi bir ay sonra başlayıb: “Biz Çində istehsal edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparırıq. Deməliyəm ki, biz həm də lap əvvəldən “COVAX” layihəsinə qoşulmuşuq. Bu layihə üzrə biz “AstraZeneca”, “Pfizer” və “Moderna” peyvəndlərini də almalıyıq. Bundan əlavə, biz Azərbaycana “AstraZeneca” vaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin “Sputnik” vaksininin distribüterləridir. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb. Bizdə olan məlumata görə, “Sputnik” vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib”.

 

Bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar

 

Prezident İlham Əliyev vaksinlərin ölkələr üzrə bərabər bölünməməsi məsələsindən də danışıb. Dövlət başçısı vurğulayıb ki, bizim beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsümüzlə BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyası keçirilib. 150-dən çox ölkə bu təşəbbüsü dəstəkləyib. Sessiya ötən ilin dekabr ayında keçirilib: “Mənim orada səsləndirdiyim tezislərdən biri vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü idi ki, bu məsələdə proteksionizm, millətçilik olmasın. Lakin təəssüf ki, tamam başqa mənzərə gördük”.

Dövlətimizin başçısı dedi ki, hətta müttəfiqlər arasında da ciddi problemlər yaranır, kimin neçə vaksindən istifadə etməsini və kimin kimə nəyi yarımçıq verməsini hesablamağa başlayırlar: “Ona görə bu vəziyyət bir daha göstərir ki, həmrəylik barədə, bu bəlaya qarşı birgə mübarizə barədə bütün bəyanatlara baxmayaraq, praktikada tamamilə əks vəziyyət görürük. Məsələn, bəzi ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin alıblar. Misal üçün Kanada. Mən bu barədə demişəm. Belə çıxır ki, kiməsə çatmayacaq. Amma bu, onlara maraqlı deyil. Onlar sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edir, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayırlar”.

Prezidentin qeyd etdiyi kimi, deməli, varlılar özlərini peyvəndləyəcək, bütün istehsalı özlərinə götürəcək, necə deyərlər, elementar insan davranışı qaydalarına tam etinasızlıq göstərəcək, yoxsul ölkələr isə əziyyət çəkməli olacaqlar: “Mən BMT Baş Assambleyasının xüsusi sessiyasında bu məsələni qaldırmışam və bu gün Qoşulmama Hərəkatı çərçivəsində bu məsələ barədə fəal diskussiya aparırıq. Bir çox ölkələr mənim təşəbbüsümü dəstəkləyiblər. Hazırda əlavə məsləhətləşmələr aparılır və biz əməli işə keçməliyik. Şablon bəyanatlar səsləndirmək kifayətdir, onların arxasında heç bir iş dayanmır. Bunlar artıq hamını bezdirib. Bu məsələ hər bir insana aiddir. Biz bu məsələdə həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstəririk”.

Göründüyü kimi, Azərbaycan yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də qlobal bəlaya qarşı mübarizə aparır. Prezident İlham Əliyev koronavirusa qarşı birgə beynəlxalq mübarizəni xüsusilə vacib sayır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə töhfə verən hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə təşəkkürünü bildirib. Təsadüfi deyil ki, həmin ölkələr sırasında Azərbaycanın da adı var.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video