19 Fevral 2021 00:43
1233
SİYASƏT
A- A+

Uzaqgörən lider və tarixi missiya

 

Bu gün biz böyük bir gələcək qarşısındayıq.  Dövlət başçısının həyata keçirdiyi siyasətdə humanizm prinsipləri öndə tutulur. Vətəndaş amilinin aliliyi təmin olunur. İnsana dəyər verilir, dövlət vətəndaşının rifahı üçün çalışır.

Beynəlxalq aləm də Azərbaycanın yaratdığı üstün dəyərləri görür və qiymətləndirir. Tarixi reallıqlar Prezident İlham Əliyevin dünya miqyaslı lider olduğunu, gələcəyə strateji baxışlarına görə zəmanəmizin bir çox dövlət adamlarından üstünlüyünü göstərir. Azərbaycanın dövlət rəhbərinə qlobal məkanda böyük nüfuz qazandıran əsas cəhətlərdən biri də elə budur!

Ölkə rəhbərinin yüksək fəhmi, irəli sürdüyü mühüm təkliflərin, beynəlxalq səviyyədə təqdim etdiyi təşəbbüslərin zaman-zaman özünü doğrultması ona yüksək nüfuz qazandırır. Bununla yanaşı, fundamental dəyərlərə, ədalətli davranış qaydalarına sadiqliyi Prezident İlham Əliyevə böyük inam yaradıb. Beynəlxalq qurumların ali rəhbərləri, dünya liderləri fərqindədirlər ki, əgər hər hansı bir təklif Azərbaycan Prezidentindən gəlirsə, deməli, bu, dərin təhlillərə, aydın proqnozlara və real həllərə əsaslanır. Ona görə də  təklifləri nəzərə almaq gələcəyə hazırlıq üçün faydalıdır.

Hələ ötən ilin ilk aylarında, bütün dünyanın getdikcə güclənən pandemiya dalğası qarşısında son dərəcə çətin vəziyyətdə qaldığı vaxtlarda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və hadisələrin sonrakı gedişi də bunun bir örnəyi oldu. Xatırladaq ki, Azərbaycan pandemiyaya qarşı birgə mübarizənin vacibliyini qlobal səviyyədə aktuallaşdıran ilk ölkə kimi hələ ötən ilin aprelində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının dövlət və hökumət başçılarının fövqəladə Zirvə görüşünü təşkil etmişdi. Bu, COVID-19 mövzusuna həsr olunmuş ilk belə beynəlxalq tədbir idi. Ardınca mayın 4-də Prezident İlham Əliyevin rəhbərlik etdiyi Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 probleminə dair videokonfransı oldu. Qoşulmama Hərəkatı ölkələri adından BMT-nin Baş katibi Antonio Quterreşə qurumun Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə bağlı müraciət ünvanlandı. Bu təşəbbüs BMT-nin 130-dan çox üzv dövləti tərəfindən dəstəkləndi. Təşəbbüsün belə yüksək dəstək qazanması bir tərəfdən onun müəllifinin - cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının sədri kimi yüksək nüfuzunun göstəricisi idisə, digər tərəfdən də təklifin aktuallığından, faydalarından irəli gəlirdi.

 

Məsuliyyətli ölkə

 

Maraqlıdır, Azərbaycan Prezidenti belə bir toplantını niyə vacib sayırdı? COVID-19 mövzusunun BMT-nin Baş Assambleyası səviyyəsində müzakirəsini aktual və faydalı edən nə idi?  İyulun 6-da Bakının Xətai rayonunda koronaviruslu xəstələrin müalicəsi üçün yaradılmış növbəti modul tipli xəstəxananın açılışından sonra yerli televiziyalardan bir neçəsinə müsahibə verən ölkə başçısı bu suallara təfsilatlı şəkildə aydınlıq gətirdi. Bildirdi ki, bu təşəbbüs koronavirus pandemiyasına qarşı mübarizə işində vahid yanaşmanın tətbiq olunması, ölkələrin özlərinə qapanmaması, inkişaf etmiş dövlətlərin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsi niyyətindən irəli gəlir. “Hələ bilinmir ki, peyvənd icad olunandan sonra nələr baş verəcək? İndi dərmanlar, cihazlar uğrunda mübarizə gedir” deyən Azərbaycan Prezidenti əlavə etdi: - “Biz özümüz bu vəziyyətlə üzləşmişdik. Biz sifariş edilmiş və pulla alınmış bəzi cihazları ölkəmizə gətirə bilməmişik. Çünki imkan vermədilər. Ona görə peyvənd icad ediləndən sonra hansı vəziyyət olacaq, bunu heç kim bilmir. Birincisi, bu peyvənd nə dərəcədə səmərəli olacaq? İndi testdən keçir. Sonra kasıb ölkələrin ona əli çatacaq, yoxsa yox? O, pullamı satılacaq, yaxud da ki, Ümumdünya Səhiyyə Təşkilatı onu paylayacaq? Yoxsa ki, zəngin ölkələr bundan istifadə edib öz əhalisinin canını qurtaracaq, amma kasıb ölkələrdəki insanlar öləcək? Bu, dözülməzdir. Bütün bu məsələlər vahid bir yanaşma tələb edir. Hətta ölkələr BMT Baş Assambleyasında vahid bir fikrə gəlməsələr belə biz bu məsələni qaldırmalıyıq. Biz dünya birliyinin məsuliyyətli ölkəsi kimi bu məsələni qaldırırıq”.

 

Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək

 

Qəribə və acı təəssüf doğuran hal budur ki, o zaman bu təklifin əleyhinə cəmi bir ölkə səs vermişdi. O da belə bir təşəbbüsün reallaşmasına ən çox ehtiyacı olan ac-yalavac   Ermənistan idi. Bu da Ermənistan rəhbərlərinin xəstə xislətindən, onların xalqımıza olan nifrət hissinin bütün bəşəri dəyərlərdən üstün tutulmasından irəli gəlirdi. Tarixi təsadüfsə elə gətirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ordumuzun gücü ilə Ermənistan cəmiyyətini yeni bir reallıq qarşısında qoydu. Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq Zəfər, qələbənin aynasında bütün dünya üçün gün işığına çıxan aydın həqiqətlər, Ermənistanda yaranan xaos xəstə düşüncənin illərlə bu ölkəni necə zəlil vəziyyətə gətirdiyini göstərdi. İşğalçı ölkə seçim qarşısında qaldı. Bundan sonra Ermənistanın özünütəcrid yolunu davam etdirərək məhv olmağı, yoxsa işğalçı niyyətlərdən, zəhərli fikirlərdən əl çəkərək qonşularla normal münasibətlər qurub regionun bir parçası kimi inkişaf etməsi öz seçimindən asılı olacaq.

BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyası dekabrın 3-də keçirildi. Sessiyada Qoşulmama Hərəkatının sədri kimi bu quruma üzv olan ölkələr adından danışan Prezident İlham Əliyev çıxışı zamanı COVID-19-un insanların səhhəti üçün doğurduğu təhlükələrdən əlavə, onun ölkələr, cəmiyyətlər arasında üzə çıxardığı bir sıra problemlərə də diqqət yönəltdi. Bildirdi ki, pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq onları daha da kəskinləşdirib. Habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırıb. Bu xəstəlik ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurub. Cənab İlham Əliyev böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağı və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağı ilə bağlı dərin narahatlıqları diqqətə çatdırdı: “Həmçinin narahatlıq hissi ilə onu da qeyd etmək istərdik ki, pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olmuşdur. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində resurs qıtlığı və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri və inkişaf etmiş ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi, onların bəziləri tərəfindən birtərəfli və məcburedici tədbirlərin tətbiqi, habelə gücdən istifadə və ya gücdən istifadə ilə hədələmə və digərlərindən ibarətdir”.

 

Tarix sübuta yetirir

 

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatı adından bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğuladı. Ümid etdiyini bildirdi ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olduqda onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcək. “Biz bu prosesdə ÜST-ün əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq. ...Beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər”.

Azərbaycan pandemiyanın ən kəskin dövrlərində xüsusilə ehtiyacı olan kasıb ölkələrə bacardığı yardımı göstərməklə də dünya birliyinin məsuliyyətli üzvü kimi bu birliyin, əməkdaşlığın, həmrəyliyin, insan hüquqlarına hörmətin parlaq nümunəsini yaratmışdı.

Budur, Azərbaycan Prezidentinin qeyd etdiyimiz tarixi təşəbbüsü irəli sürməsindən artıq bir ilə yaxın vaxt keçib. Effektivliyi özünü doğrultmuş peyvənd tapılıb. Bu hər nə qədər sevindirici olsa da, Prezident İlham Əliyevin belə bir mərhələ üçün hələ aylar əvvəl proqnozlaşdırdığı problemlər də peyvənd tapılandan sonra bir-bir özünü göstərməkdədir. Dünya üzrə vaksinasiya mərhələsinin başlanması müxtəlif ölkələr arasında gərginliklərin, ziddiyyətlərin əsasını qoyub. Avropa İttifaqı ilə Böyük Britaniya arasında yaranmış vaksin qalmaqalı beynəlxalq mediadan hamıya məlumdur. Avropa İttifaqının təmsilçiləri Böyük Britaniyanı istehsal etdiyi vaksinin qeyri-ədalətli bölgüsündə günahlandırırlar. Onların açıqlamalarına görə, Böyük Britaniya vətəndaşlarının 13 faizi artıq peyvəndi ala bilib. Ümumilikdə Avropa İttifaqı ölkələrinin vətəndaşlarının isə cəmi 2 faizinə vaksin çatıb. Proqnozlara görə, bu minvalla Böyük Britaniya öz əhalisinin 75 faizini iyul ayına qədər vaksinlə təmin edəcək. Avropa İttifaqı ölkələri isə belə bir nəticə üçün oktyabr ayına qədər gözləməli olacaq. Bu da hər gün insanların həyatlarını itirməsi deməkdir.

Prezident İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilmiş binasının açılışından sonra Azərbaycan televiziyasına müsahibəsi zamanı bu məqamları nəzərə alaraq əslində bütün bəşəriyyəti düşündürəcək haqlı sual verdi: “Əgər inkişaf etmiş ölkələr bu vaksinləri öz aralarında ədalətli bölə bilmirlərsə və qarşılıqlı ittihamlar irəli sürürlərsə, onda başqa ölkələr nə fikirləşməlidir? Kasıb ölkələr, inkişafda olan ölkələrin vətəndaşları, bəs onlara kim kömək göstərəcək? Bu haqda düşünülmür? Mən inkişaf etmiş bir çox ölkələrin liderlərindən bu günə qədər bu çağırışları eşitməmişəm. Ona görə biz Qoşulmama Hərəkatının sədri olaraq və öz bəyanatlarımıza sadiq qalaraq artıq dünya arenasında bu məsələni qaldırırıq. Mən sədrliyi öz üzərimə götürərkən demişdim ki, Azərbaycan beynəlxalq hüququ və ədaləti müdafiə edəcək, bütün üzv ölkələrin maraqlarını müdafiə edəcək və biz bunu edirik. Bu iki zirvə görüşünün və bir xüsusi sessiyanın keçirilməsi onu göstərir ki, biz özümüzü bu sahədə də məsuliyyətli ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək və bu, çox faciəvi fəsadlara gətirib çıxara bilər”.

 

Neomüstəmləkəçilik düşüncəsinə qarşı birgə mübarizə

 

Azərbaycan Prezidenti həmin müsahibəsində açıq mətbuata istinad edərək başqa maraqlı misallar da gətirdi. Hazırda inkişaf etmiş ölkələrin dünya əhalisinin 14 faizini təşkil etdiyini diqqətə çatdıraraq xatırlatdı ki, buna rəğmən inkişaf etmiş ölkələr bu günə qədər dünya vaksinlərinin artıq 53 faizini sifariş ediblər. Ədalətsizlik, qeyri-bərabərlik göz önündədir. Göründüyü kimi, başqa vaxt fundamental dəyərlərdən, haqq-ədalətdən danışan ölkələr bəşəriyyət üçün kritik anda bu dəyərləri bir kənara tullamaqdan utanc hissi keçirmirlər.

Prezident İlham Əliyevin diqqət yönəltdiyi başqa bir faktdan isə məlum oldu ki, Kanada artıq 154 milyon əhali üçün vaksinlər sifariş edib. Halbuki Kanadanın əhalisi cəmi 38 milyondur. “Yəni bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayrakdar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni dörd dəfə çox”, - dedi Azərbaycan Prezidenti. “Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların vecinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı demokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqlarından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraqlarını təmin edirlər”, - deyə dövlət başçısı bildirdi.

Prezident İlham Əliyev bu halların sadəcə xəstəliklə bağlı deyil, daha dərin köklərinin olduğunu və bu köklərin müstəmləkəçilik dövrünə apardığını vurğuladı. “Elə bil ki, biz neomüstəmləkəçilik dövrünü qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yoxdur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır. Azərbaycan - Qoşulmama Hərəkatına sədrlik edən ölkə burada səssiz qalmır və qalmayacaq. Bu gün mən bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edirəm ki, onlar da bizim səsimizə qoşulsunlar və biz bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldırmalıyıq. Ümumdünya Səhiyyə Təşkilatına müraciət etməliyik, şirkətlərə müraciət etməliyik, zəngin ölkələrə müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl çəksinlər. Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın lideri kimi, öz sözünü bundan sonra da deyəcək”.

Bu, Azərbaycanın yeni tarixi missiyasıdır. Prezident İlham Əliyevin dünya miqyaslı lider kimi üzərinə götürdüyü yeni tarixi vəzifədir.

Azərbaycan Prezidenti qlobal səviyyədə ona inanan, dəstək verən həmfikirləri ilə birgə bu missiyanı da uğurla həyata keçirəcək, haqqın, ədalətin qələbəsinə nail olacaq.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video