15 Dekabr 2020 00:24
4037
SİYASƏT
A- A+

TARİXƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN TARİXİ QƏLƏBƏ


Böyük Zəfər Gününü də gördük!

Bu sevinci və xoşbəxtliyi də yaşadıq!

Ordusunu məhv etdiyimiz düşmənin kapitulyasiyasında gücünü və qüdrətini təsdiq edən Azərbaycan Ordusunun Qələbə paradının qürurunu da duyduq!

Xalqımızın, dünya azərbaycanlılarının, Azərbaycansevərlərin aşıb-daşan sevincini Azadlıq meydanına cəmləyərək buradan Yer üzünün hər tərəfinə yaydıq!

Hamı bildi ki, Azərbaycan qalibdir!

Hamı gördü ki, Azərbaycan Ordusu erməni işğalçı ordusunu diz çökdürdü!

Hamı gördü ki, Azərbaycan əsgəri qəhrəmanlıqla döyüşərək faşist xislətli düşməni öz torpaqlarından sürətlə qovdu, bir qarış ərazisini belə özgədə qoymadı!

Bu, Azərbaycan xalqının möhtəşəm Qələbəsidir!

Bu, Azərbaycan Ordusunun hünər və şərəfli çarpışmasının məntiqi və qanuni nəticəsidir!

Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ikiəsrlik münaqişəyə əbədilik nöqtə qoyan və tarixə qızıl hərflərlə həkk edilən tarixi Qələbəsidir!

Bu, həm də Azərbaycan - Türkiyə qardaşlığının, bir millətin iki dövlətinin rəhbərləri olan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğunun və birliyinin təntənəsidir.

***

İki il bundan qabaq - 15 sentyabr 2018-ci ildə bu iki qardaş və qalib sərkərdə Bakının bolşevik-daşnak əsarətindən azad edilməsinin 100 illiyinə həsr olunmuş təntənəli hərbi paradın tribunasında da qoşa dayanmışdılar!

O zaman cənab İlham Əliyev tezliklə Şuşada qaldırılacaq Qələbə bayrağının Bakıya gətirilərək Azadlıq meydanında dalğalandırılacağına söz verdi!

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın haqq işi uğrunda mübarizəsinə daim dəstək verəcəklərini bəyan etdi!

Bu gün hər iki Sərkərdə dediklərinə əməl etdiklərini də birlikdə nümayiş etdirdilər!

Bəli, Şuşada ucaldılan Qələbə bayrağı Azadlıq meydanında dalğalandırılır!

Dost və qardaş ölkələrin rəhbərləri isə möhtəşəm paradı seyr edərək haqlı və şərəfli qələbələrindən məğrurcasına qürur duyurlar!

Qələbə dostluğundur və qardaşlığındır!

Qarabağ Azərbaycandır!

***

Zəfər paradını Müzəffər Ali Baş Komandan İlham Əliyev qəbul edirdi!

Azərbaycan Ordusunun qurucusu, müharibənin baş qəhrəmanı, xalqımızı möhtəşəm qələbəyə çatdıran Prezident İlham Əliyev!

Bu gün onun hamıdan çox sevinməyə, hamıdam çox zəfər sevincini yaşamağa, hamıdan çox qürur duymağa haqqı var!

Zəfər paradını qardaş Türkiyəni dünya dövlətinə çevirən, haqq işi uğrunda mücadiləsində Azərbaycanı birmənalı və hərtərəfli şəkildə dəstəkləyən, daim yanında olan hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan qəbul edirdi!

Onun sevinci dost sevincidir, dostunun qələbəsinə verdiyi töhfələrdən doğan məmnunluq sevincidir, Azərbaycanın düşmən üzərindəki tarixi qələbəsindən duyduğu qanuni iftixar hissindən yaranan sevincdir!

Bu məqamda sevinməyən, qürur və iftixar duymayan insan yoxdur!

Bu gün harada yaşamasından asılı olmayaraq, Azərbaycan xalqının tarixi qələbəsindən fərəhlənməyən azərbaycanlı da tapa bilməzsən!

Budur birlik, budur qüvvət, budur milli birliyimizdən doğan möhtəşəmlik!

***

Əvvəlcə Müzəffər Ali Baş Komandan İlham Əliyev təntənəli nitq söylədi!

Qalib Sərkərdəyə məxsus sevinc və qürurla!

Xalqının etimadını doğruldan Rəhbər, düşməni məğlub edərək rəzil günə salan Ali Baş Komandan kimi!

Hər sözü dosta bir sevinc və fərəh, düşmənə qurğuşun ağırlığında!

Qısa və parlaq nitqində 30 il davam edən işğala, dünyadakı proseslərə, Azərbaycan Ordusunun rəşadətli hərbi əməliyyatlarına dəqiq qiymət verdi.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan orijinal bir çıxış etdi.

Öz çıxışını Azərbaycan şairlərinin şeirləri ilə bəzədi!

Dünya çaplı dövlət rəhbəri, müdrik və təcrübəli insan, Azərbaycan xalqının böyük dostu kimi bu münaqişəyə və müharibəyə münasibətini bildirdi, daim yanımızda olduqlarını və olacaqlarını söylədi, xalqımızı səmimi-qəlbdən təbrik etdi.

Bu tarixi nitqlərin bəzi məqamlarını olduğu kimi diqqətinizə təqdim edirik.

PREZİDENT İLHAM ƏLİYEV:

* Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir.

* Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

* Bu 44 günün hər günü bizim şanlı tariximizdir, hər gün Azərbaycan irəli gedirdi. Bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz geri çəkilək. Biz Ermənistanın 30 ilə yaxın müddət ərzində qurduğu istehkamları yararaq keçmişik.

* Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, orada Azərbaycan bayrağı qaldırıldı. Şanlı müharibəmizə Şuşa şəhərində yekun vuruldu. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir.

* Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşada qaldırdı. Ondan bir gün sonra daha 70 kənd işğalçılardan azad edildi və Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı və imdad dilədi. Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik.

* Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.

* Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq.

* Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN:

* Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir.

* Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin "Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq.

* Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü, şükür olsun, yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşmuşdur. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.

* Bu gün burada bütün qəlbimlə bir daha təkrarlamaq istəyirəm: Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəninə qovuşmuş, otuz illik həsrət sona çatmışdır.

* Türkiyə və Azərbaycan olaraq bundan sonrakı hədəfimiz bu torpaqları daha abad, daha inkişaf etmiş, uşaqlarımızın daha yaxşı yaşayacağı bir yerə çevirmək üçün mübarizə aparmaqdır. Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir. Allah köməyimiz olsun!

***

Zəfər paradında təqribən üç min, Vətən müharibəsi şəhidləri qədər hərbçi iştirak edirdi.

Bunun rəmzi mənası vardı: Şəhidlər ölməz, Vətən bölünməz!

Bəli, şəhidlik zirvəsinə yüksələn hər bir Azərbaycan döyüşçüsü bu meydanda təmsil olunurdu!

Yəqin ki, onların ruhları da Azadlıq meydanındaydı, qələbə paradında bu sayaq iştirak edərək canlarını fəda etdikləri Zəfərin sevincinə qoşulmuşdular.

Zəfər paradında qazilərimiz də iştirak edirdilər!

Bəzisi əlağacına dayanaraq gəlmişdi...

Bu qələbədə onların hər birinin payı, şəxsi töhfəsi vardı.

Həm də təkcə döyüşərək qələbənin qazanılmasında iştirak etməmişdilər.

Onlar öz sağlamlıqları ilə də qələbəyə xüsusi paylarını əlavə etmişdilər.

Qazilərimiz həm də şəhidlərlə bu gün orduda xidmət edənlər arasında bir fəxarət körpüsü bağlantısını yerinə yetirirdilər.

Onların bu paradda iştirakı dövlətin bu qəbilədən olan insanlara xüsusi münasibətinin, hörmətinin, qayğı və diqqətinin daha bir təzahürüdür.

Bütün qoşun növləri təmsil olunurdu.

Qalib Azərbaycan Ordusunun əsgər və zabitləri ritmik marşın sədaları altında vüqarla, nizamla addımlayır, boy-buxunları, geyimləri, zəhmli görkəmləri ilə qəlbləri riqqətə gətirirdilər:

Bunlar bizim igidlərdir!

Torpağı işğaldan bu cəngəvərlər azad edib!

Düşməni torpaqlarımızdan bu igidlər qovub!

Şəhidlərin və qazilərin qisasını bu oğullar alıb!

Belə ordu ilə, belə qəhrəmanlarla fəxr etməyə dəyər!

...Təntənəli marşın sədaları altında bir anda meydanda canlanma yaranır.

Qalib Azərbaycan Ordusunun Qələbə paradında iştirak edən qəhrəman əsgər və zabitlər, onların ardınca hərbi texnika hərəkətə başlayır.

Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunanın önündən keçir.

Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanında dalğalanır.

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Zaur Məmmədovun başçılıq etdiyi döyüş bayraqdarları qrupu Böyük Qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanından keçirirlər.

Zəfər paradında qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçular minbaşı Harun Ergenin rəhbərliyi ilə tribuna önündən fəxrlə addımlayırlar.

Silahlı Qüvvələrdən sonra meydana hərbi texnika daxil olur.

Düşmənin vurulub sıradan çıxarılmış, habelə qənimət götürülmüş hərbi texnikası, Azərbaycan Ordusuna məxsus müxtəlif adda və çeşiddə ən yeni silahlar, erməni ordusunu vahiməyə salan, məhv edən pilotsuz uçuş aparatları, raket kompleksləri bir-birini əvəz edir.

Bəli, Zəfər paradında hər şey var: qəhrəmanlıqla, cəsarət və ruh yüksəkliyi ilə döyüşən şanlı Azərbaycan əsgər və zabitləri, onların ixtiyarına verilmiş ən yeni texnologiyaya əsaslanan silahlar, qardaş Türkiyənin dost münasibəti...

Bir də hamımızın həsrətlə gözlədiyimiz böyük Qələbə, Qələbə sevinci və bayramı!

***

Meydana erməni tankları "daxil olur!”

Lakin onlar özləri gəlməyib, gətiriblər!

Bir zamanlar erməni başbilənləri kimlərəsə arxalanaraq yeni müharibənin başlayacağı təqdirdə tanklarının və zirehli texnikalarının Bakının küçələrində görünəcəyi ilə lovğalanırdılar!

Bu lovğalıq onlara baha başa gəldi, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordularını məhv etdi, özlərini diz çökdürdü, indi isə dağılmış ordunun zirehli texnikalarının "nümunə”lərini dünyaya göstərir: bir qismi Azərbaycan əsgərinin dəqiq atəşləri nəticəsində sıradan çıxarılaraq dağıdılmış halda, bir hissəsi isə hərbi qənimət kimi!

Onların sayı o qədərdir ki, hərbi paradda siyahısını belə səsləndirmək mümkünsüzdür!

Yığcam rəqəm isə belədir: Vətən müharibəsində təcavüzkarın 3,8 milyard dollarlıq hərbi texnikası məhv edilib və ya qənimət götürülüb!

***

Parada düşmən bayrağı da gətirilmişdir!

Məhv edilmiş Ermənistan ordusunun endirilmiş bayrağı...

Bükülmüş, əzilmiş, əski parçasına dönmüş vəziyyətdə.

Bu bayraqlar əbədi olaraq Azərbaycan əsgərinin çəkmələri altında olacaq, bir daha Qarabağı görməyəcək!

Daha Azərbaycan ərazisində heç bir statuslu, yaxud qondarma qurum olmayacaq!

Münaqişəni hərbi yolla həll edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan xalqının iradəsi budur!

vvv

Meydana PUA-lar daxil olur!

Azərbaycan Ordusunun qısa müddətdə düşməni təslim etməsində mühüm rol oynayan pilotsuz uçuş aparatları!

* Məhz bu PUA-lar Azərbaycana XXI əsrin yeni müharibə nümunəsini yaratmağa kömək etdi!

* Məhz bu PUA-lar ən qısa vaxtda, ən az itki ilə ən yüksək nəticə qazanılmasına şərait yaratdı!

* Məhz bu PUA-lar düşmənin ən əlçatmaz yerlərdə, ən dərin səngərlərdə gizlənmiş canlı qüvvəsinin və zirehli texnikasının tapılıb məhv edilməsində başlıca vasitə oldu!

Deyirlər Qarabağ müharibəsində iştirak edən ermənilərin indi də bir gözü göydədir və hər dəqiqə Azərbaycanın pilotsuz uçuş aparatlarının başlarına od ələyəcəyindən qorxurlar.

Hərbi paradda bir çox yeni PUA-lar, raketlər, hava hücumundan müdafiə sistemləri nümayiş etdirildi.

Silahların bir qismindən Vətən müharibəsində istifadə edilmişdir.

Əgər ermənilər ağıllarını başlarına yığmasalar, qisasçılıq niyyətlərindən əl çəkməsələr, dadına baxa biləcəklər!

***

Zəfər paradının təşkili, canlı qüvvənin qoşun növünə uyğun geyimi, şəxsi təchizatı, yüksək səviyyədə sıra keçidi, texniki təminatın müasirliyi və növ müxtəlifliyi qürur və heyrət doğurur, təkcə hərbçilərin deyil, tamaşaçıların da əhvali-ruhiyyəsini, aşıb-daşan sevinc və şadlıq hisslərini isə söz belə təsvir etməkdə acizdir!

* Bu tarixi qələbənin tarixi paradını gözlə görmək, kənardan müşahidə etmək özü bir ayrı zövq, tam yeni fərəh hissləri doğuran nadir tamaşa idi.

* Bu parad Azərbaycanın bir dövlət olaraq iqtisadi gücünün, siyasi nüfuzunun və diplomatik uğurlarının nümayişi idi.

* Bu parad həm də Azərbaycan ilə Türkiyənin, dünya çaplı iki görkəmli dövlət və siyasi xadimin - İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın dostluğunun, qardaşlığının və əməkdaşlığının numayişi idi!

* Bu parad Azərbaycan Ordusunun - igid Azərbaycan əsgər və zabitlərinin peşəkarlığının, onların malik olduqları silahların nümayişi idi!

* Bu parad dünyaya yeni taktika və strategiya, müharibə nümunəsi göstərən Azərbaycanın malik olduğu yeni silahların, PUA-ların nümayişi idi!

* Bu parad Ermənistanın məğlubiyyətinin, döyüş meydanlarında qoyub qaçdıqları silah-sursatın, müxtəlif növlü zirehli texnikanın nümayişi idi!

* Bu parad Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının tarixi qələbəsinin möhtəşəmliyini, Zəfərinin əzəmətini göstərən ümumxalq şənliyinin təntənəli nümayişi idi!

Qələbə bizimdir!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video