23:48 13 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sonuncu Peyğəmbərin şəninə

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:22 25.02.2021

 

Varlığın lövhəsinə ilk söz yazanda qələm, -

Əhmədin “əlif”ini yazıbdır onda qələm.

“Əlif” “hey”i mülkünə hakim edəndən bəri,

“Dal” onun boyunbağı, “mim” də ki bir kəməri.

Bu kəmər, boyunbağı edib camal sahibi,

Səadət dünyasında olub kamal sahibi.

Bu günbəz ki, kərpici saçar firuzətək nur, -

Onun cənnət bağında tər-təzəcə turuncdur.

Turuncun adətidir: gül açmaz ilk baharda,

Meyvəsi yetişəndə gəlib çıxar bahar da.

Peyğəmbərlik bayrağı göylərə qalxan vədə

Sonuncu peyğəmbərlik verildi Məhəmmədə.

Ay - zəbərcəd üzükdür, nurlandırır dağ-daşı,

Məhəmməd möhürüylə parlayır onun qaşı.

Dünyanın sırğasıdır adındakı hər bir “mim”,

Hər iki cahanı da edib özünə təslim.

Yer üzünə elçidir, İsatək qulu vardır,

Müjdəçi müjdəçidir, çapar da ki çapardır.

Dünyaya dərs almamış natiq kimi gəlibdir,

Dərsi - Məsihin “mim”i, Adəmdəki “əlif”dir.

“Ənbiya” kəlməsinin həm əvvəli həm sonu.

Əhdinə, vəfasına “əlif”tək düz bil onu.

Varlığı ən işıqlı bir nöqtədir varlığa,

Hər sözü, hər kəlamı səslər bəxtiyarlığa.

Təkəbbür, lovğalıq da o bilmədi cahanda,

Cahandan uca başı əyilmədi cahanda.

Kəlamıyla təlimin artdı şöhrəti, şanı,

Əlçatmaz, ünyetişməz fələklərdir eyvanı.

Müqəddəs dərgahında hicabdadır nəbilər,

Müqəddəslik onunla ləkələnmək nə bilər.

Günahkarın gözləri kor qalıb qürbətdə də.

Məkkədən xərac alıb, bac alıb qürbətdə də.

Sükutu səni yaxar, göz kor olar tüstünə.

İstəyi pərdə çəkər günahların üstünə.

Ədalətlə yatırar hər qovğanı, savaşı,

Onu sevməmək olmaz, sevəni sanma naşı.

Varlıq dəyirmanını fırlandıran oxdu, ox,

Üstümüzdə ağadır, səxavəti çoxdu, çox.

Əzəliyyət dərsindən əbədilik dərs alıb,

Ürəyinə qürbətin öz çırağı nur salıb. -

İşığıyla dolubdur günəşin qızıl tası,

Meracından Ay olub göydə hilal parçası.

Ərşdə merac gecəsi öz taxtını qurubdur.

Başına tac qoyubdur, belə kəmər vurubdur.

Gecənin səməndinə nal vurub, göyə uçub,

Nəfəsinə yer üzü dar gəlib, - deyə uçub.

Səhərin mələkləri səkil atı gətirib,

Həsrətindən, darıxan yer üzünə yetirib.

Alapaça toxdayıb, nəfəs alır haçandır,

Nizami - yəhərinin örtüyünü açandır.

 

Sənsiz

 

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!

 

Sənin ol cəlb eyləyən vəslinə and içdim inan,

Hicrinə yandı canım, yox daha taqət sənsiz!

 

Başqa bir yarı necə axtarım, ey nazlı sənəm?

Bilirəm sən də dedin: “Yox yarə hacət sənsiz!”

 

Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,

Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz!

 

Nə gözüm var arayım mən səni, bəxtim də ki yox,

Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!

 

Sən Nizamidən əgər arxayın olsan da, gülüm,

Gecə-gündüz arayıb olmadı rahət sənsiz!

 

Sevgili canan

 

Hüsnün gözəl ayətləri, ey sevgili canan!

Olmuş bütün aləmdə sənin şəninə şayan

 

Gəl eylə inayət, mənə ver busə ləbindən,

Çünki gözəlin busəsidir aşiqə ehsan.

 

Sordum ki, “könül hardadır” aldım bu cavabı.

“Heç sorma, tapılmaz onu axtarsa da insan”.

 

Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm

Kim, qanım ilə əl yuma, ey afəti-dövran!

 

İnsafın əgər varsa, açıq de, bu Nizami,

Sənlə necə rəftar eləsin, ey mahi-taban?

 

Gəl söylə, cavabın nə olar, sorğu zamanı,

Əhvalımı səndən soruşarsa Qızıl Arslan?

 

Yenə tövbə evimi eşq xərab etmədədir

 

Yenə tövbə evimi eşq xərab etmədədir,

Aşiq iftarını sevda meyi nab etmədədir.

 

Könlümə bir mələyin sevgisi od saldı, adı

Günü də, Zöhrəni də göydə sərab etmədədir.

 

Onun eşq atəşi hər qəlbə girər, amma nədən

Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?

 

Gözlərin baxdı mənə, söylədi: “Səbr et, səninəm ,

Doğrusu, səbr edərəm, ömr sitab etmədədir.

 

Ahu gözlüləri yatmış zaman ovlar ovçu,

Ömür röyada şikar olmağa tab etmədədir.

 

Məsləhətdir, məni qovmaqdan isə, versin əzab,

Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.

 

Gər Nizamini xəta isə həlak etdirmək,

Aşiqəm, yar məni öldürsə, səvab etmədədir.

 

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi

 

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,

Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

 

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,

Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

 

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,

Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

 

Uyuyub hər ikimiz rahət olub bir yatdıq,

Bəxtimin baxçasına güllü bahar gəlmiş idi.

 

Dedi: “Getmək dəmidir, söylə, nə istəyirsən yar?”

Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi.

 

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,

Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

 

“Ey Nizami!” - dedi... Birdən ayılıb gördüm o yox

Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.

 

Ayüzlü nigarım, kimə mehman olacaqsan?

 

Ayüzlü nigarım, kimə mehman olacaqsan?

Bir söylə, kimin şəninə şayan olacaqsan?

 

Şahlıq çətiri var başın üstündə bu axşam,

Ənbər çətirinlə kimə sultan olacaqsan?

 

Şəkər demərəm mən sənə, ondan da şirinsən,

Dilbər, necə bir bəxtəvərə can olacaqsan?

 

Zülmət gecə, sən nurlu çıraq, bəd gözə gəlmə,

Ey abi-həyat, sən kimə canan olacaqsan?

 

Getdin, necə bəs tab eləsin hicrə Nizami,

O xəstə ikən, sən kimə dərman olacaqsan?

 

Az danışmağın gözəlliyi

 

Sözün də su kimi lətafəti var.

Hər sözü az demək daha xoş olar.

 

Bir inci saflığı varsa da suda

Artıq içiləndə dərd verir su da.

 

İncitək sözlər seç, az danış, az din,

Qoy az sözlərinlə dünya bəzənsin.

 

Az sözün incitək mənası solmaz,

Çox sözün kərpictək qiyməti olmaz.

 

Əsli təmiz olan saf mirvarılar,

Suya və torpağa min bəzək vurar.

 

Mədənlə dolsa da hər xəzinə,

Hər kiçik zərrəsi dərmandır yenə.

 

Ürəyi oxşayan bir dəstə çiçək,

Yüz xırman otundan yaxşıdır, gerçək!

 

Yüz ulduz yansa da göylərdə, inan,

Bir günə baş əymək xoşdur onlardan.

 

Göydə parlasa da nə qədər ulduz.

Günəşdir nur verən aləmə yalnız.

 

Gözüm aydın, gözümə surəti canan görünür

 

Gözüm aydın, gözümə surəti canan görünür,

Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.

 

Allaha şükür edirəm, ey gözümün nuru, bu gün,

Yar gəlib göz önünə, sərvi-xuraman görünür.

 

Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal,

İki dünyaya dəyər, eylə ki, hicran görünür.

 

Səni bir dəfə görənlər güvənir eşqimizə,

Nə üçün gözlərin, ey dil, belə giryan görünür?

 

Eşqini canım ilə bəslədi birlikdə könül,

Onsuz, ey sevdiyəcəyim, can evi viran görünür.

 

Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,

Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.

 

Şadlığından alışıb yandı Nizami, dedi ki:

“Gözüm aydın, gözümə surəti canan görünür”.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM