20:58 06 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Şərəfli ömür yolu

ANA SƏHİFƏ / CƏMİYYƏT
02:52 20.01.2021

 

Övladının ad günündə şəhid olan xüsusi təyinatlı komandir Azər Mikayılov son anda “Qarabağ Azərbaycandır!” deyib

 

Vətən müharibəsində Füzuli, Hadrut və Cəbrayıl istiqamətində gedən döyüşlərin həlledici olması danılmazdır. Müzəffər Ordumuzun 30 illik yurd ayrılığına son qoyan Zəfərin əsası məhz elə həmin istiqamətdə dəmir-beton sədləri qırmaqdan başladı. Bu yolda şücaət göstərib düşmənə ağır zərbələr endirərək onları əzəli, tarixi torpaqlarımızdan vurub çıxaran igidlərimizin haqqında bu gün şərəflə söz açılır, qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirik.

Adını fəxr və qürurla çəkdiyimiz igid zabitlərimizdən biri də Azər Əmrah oğlu Mikayılovdur. O, 1980-ci il avqustun 1-də Kəlbəcər rayonunun Quzeyçiskin kəndində ziyalı bir ailədə dünyaya göz açmışdı. Uşaqlıq illərindən xalqımıza qarşı ermənilərin çirkin əməllərini görən Azər Mikayılov gələcək həyat yolunu vətənin müdafiəsinə həsr etmək qərarına gəlir və bunun üçün hərb sənətini seçir. Orta məktəbi bitirərək 1998-2002-ci illərdə Bakı Alı Hərbi Məktəbində təhsil alır. 2002-2003-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində təhsilini davam etdirir, leytenant hərbi rütbəsi alaraq vətənin müdafiəsi üçün Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil olur.

Hərbi fəaliyyətə Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordusu daxilində hərbi hissənin motoatıcı tağımının komandiri kimi başlayır. Qısa müddətdən sonra kəşfiyyat bölüyünə tağım komandiri təyin edilir. Hərbi sirlərə mükəmməl yiyələnərək, əsl kəşfiyyatçi kimi formalaşaraq bölük komandiri, hərbi hissənin kəşfiyyat rəisi, xüsusi təyinatlı taborun qərargah rəisinin əməliyyat üzrə baş köməkçisi, tabor komandirinin müavini və komandiri vəzifələrinə irəli çəkilir.

Bu dövr ərzində Azər Mikayılovun Naxçıvan Muxtar Respublikasının müdafiəsində boyük xidmətləri olur. Onun rəhbərliyi ilə ermənilərin nəzarətindəki bir neçə strateji əhəmiyyətli post azad edilərək sərhəd müdafiə sistemi daha da möhkəmləndirilir. Məhz Azər Mikayılovun misilsiz xidmətlərinin nəticəsidir ki, həmin postlardan biri bu gün onun adını daşıyır.

Azər Mikayılov 2016-cı ilin Aprel döyüşlərinə qatılaraq Lələtəpə yüksəkliyinin azad olunmasinda da fəal iştirak edir.

O, Vətən müharibəsindən bir neçə ay əvvəl Naxçıvandan Beyləqan-Füzuli istiqamətinə, “N” saylı xüsusi təyinatlı hərbi hissəyə göndərilir. Son fəaliyyəti dövründə hərbi hissənin qərargah rəisi və komandiri olur.

27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsi zamanı Azər Mikayılov özü və tabeliyində olan şəxsi heyətlə birgə Füzuli-Cəbrayıl-Hadrut istiqamətində gedən ən ağır əməliyyatlara qatılaraq döyuş əməliyyatlarına başçılıq edir. Böyuk qəhrəmanlıq nümunəsi göstərən komandirin rəhbərlik etdiyi hərbi qüvvələr bir çox yaşayış məntəqələrinin azad olunmasında, yüzlərlə erməni işğalçılarının məhv edilməsində fədakarlıq nümunəsi göstərir.

12 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə düşmənə sarsıdıcı zərbə endirərkən qəhrəmancasına şəhid olur. Azər Mikayilov xüsusi hərbi keyfiyyətlərinə, müxtəlif dövrlərdə iştirak etdiyi əməliyyatlarda göstərdiyi sücaətə və nümunəvi xidmətlərinə görə, lll-II-I dərəcəli “Qüsursuz xidmətə görə”, Azərbaycan Silahlı Qüvvələrinin 90-95 və 100 illik yubiley medalları ilə təltif edilib ki, bu da onun qəhrəmanlığının bariz nümunəsidir.

Azər Mikayılov ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamına əsasən, “Qarabağ” ordeninə, “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medallarına layiq görülüb. Yerin behişt olsun, komandir!

Şərəfli ömür yolu keçən, övladının ad günündə şəhid olan xüsusi təyinatlı komandir Azər Mikayılov son anda “Qarabağ Azərbaycandır!” sözlərini deyib və həyata vida edib.

 

M.SADIQOV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM