12 Dekabr 2020 00:28
2212
SİYASƏT
A- A+

SƏNƏ QURBAN OLUM...


HƏSRƏTLƏ GÖZLƏDİYİMİZ GÜN, ÇOXDAN ARZUSUNDA OLDUĞUMUZ QƏLƏBƏ!


Bu günü nə qədər gözləmişik...

Bu qələbəni nə qədər arzulamışıq...

Bu qələbəyə yetmək üçün nə qədər şəhid vermişik...

Qələbə intizarı ilə dünyasını dəyişənlər də çox oldu.

İndi nə qədər əmanət qəbirlərdə doğma qəbiristanlığa aparılacağı günü gözləyən cəsədlər var.

Hətta ümidsiz qaldığımız günlər, dizimizi qucaqlayaraq göz yaşı tökdüyümüz anlar da az olmayıb!

Nə dünya bizi eşitmək istəyirdi, nə də Tanrı kömək edirdi!

İndi də kövrəlirik, amma bu, kədərdən və qəzəbdən yox, sevincdən, xoşbəxtlik duyğularından doğan göz yaşlarıdır.

Səni min yaşa, Ali Baş Komandanım!

Dünya durduqca dur, mənim türk qardaşlarım!

Afərin, Azərbaycan Ordusu, Azərbaycan əsgəri!

Sizlər bu xoşbəxt anları, bu sonsuz sevinc və səadəti bizə yaşatdınız!

Ölmüş ümidlərimizi diriltdiniz, ən müqəddəs arzumuza qovuşdurdunuz, dünyanın ən gözəl, qeyri-adi hədiyyəsini - insana fərəh gətirən Qələbə sevincini hər birimizə ərməğan etdiniz!

Vətən torpağından əziz və qiymətli nə ola bilər?

Doğma yurd-yuvaya qayıtmaq sevincini yaşamaq nə böyük bəxtəvərlikdir!


SƏNƏ QURBAN OLUM, TORPAĞIM!


Heç bilirsən həsrətini nə qədər çəkmişdim?

Heç bilirsən səninçün nə qədər qəribsəmişdim?

Heç bilirsən ətrinçün nə qədər darıxmışdım?

Bilirəm, səninçün də asan keçməyib bu işğalda, əsirlikdə olduğun dövr!

Murdar xislətlilərin ayaqları altında qalmısan, gecə-gündüz tapdalanmısan!

Sinənə halal sahiblərinin alın təri tökülməyib!

Meşələrin qırılıb qurtarıb, çaylarının qarşısı kəsilərək axarı dəyişdirilib, yeraltı sərvətlərin çapılıb talanıb!

Azğın düşmən qoynunda fəxrlə saxladığın gözoxşayan evləri-binaları, məscid və türbələri, mədəni-tarixi abidələri dağıdıb yox edəndə, hər tərəfdə erməniləşdirmə aparanda nələr çəkmisən, nələr!

Əlbəttə, sənə də çətin idi, bizə də!

Sən yerindən tərpənə bilmirdin!

Bizim isə yanına gəlmək imkanımız yox idi!

İndi görüşünə tələsirik, hüzuruna gəlirik, mənim ana Torpağım!

HƏM DƏ:

* Səni əsirlikdən qurtarmağa;

* Murdar ləpirlərin izlərindən təmizləməyə;

* Yenidən əkib-becərməyə, alın tərimizlə suvarmağa;

* Sinəndəki çalın-çarpaz dağları, yaraları sağaltmağa;

* Qoynunu laləzara çevirməyə, toy-düyün, şadlıq-sevinc dolu bayramlar, şənliklər keçirməyə can atırıq!

Sənə qurban olum, Torpağım!

Nə yaxşı ki, bu həsrətə son qoyuldu!


SƏNƏ QURBAN OLUM, ORDUM MƏNİM!


Ordun varsa, yurdun var!

Yurduma sən qaytardın məni, əziz, şanlı Ordum!

Bilirəm, bəzən bizi görəndə sıxılırdın!

Torpaqların işğalında özünü sanki günahkar sayırdın!

Amma səndə nə təqsir: düşmən hücum edib vətən torpaqlarını kəndbəkənd ələ keçirəndə "bəy”lərin başı hakimiyyət davasına qarışmışdı!

Nə əsgər və zabitin qədrini bilən, nə ordu quran, nə də onu silah-sursatla, ərzaq və geyimlə təmin edən vardı...

Düşmən bu boşluqdan yaxşıca istifadə etdi!

Ulu Öndərimiz geri dönəndə isə artıq hər şey gec idi!

Amma Heydər Əliyev gecikmədi, Horadiz əməliyyatı ilə xeyli kəndi geri qaytardı!

Düşmən də ilk dəfə sənin gücünü gördü!

Odur ki, atəşkəsə razı oldu!

Sonra ATƏT-in vasitəçiliyi ilə "sülh danışıqları” başladı...

Başladı və uzandı...

Amma daha səni unutmadılar, böyük qayğı və diqqət göstərdilər.

Ali Baş Komandan İlham Əliyev gördüyü çoxcəhətli işlər sayəsində Azərbaycan Ordusunu dünyanın ən güclü əlli ordusu sırasına çıxardı!

Birgə təlimlərdə, beynəlxalq miqyaslı hərbi oyunlarda gücünü, peşəkarlığını dəfələrlə nümayiş etdirdin.

Xalq səni sevdi, sənə inandı, güvəndi!

2016-cı ilin dörd günlük Aprel müharibəsində, bu ilin iyulunda Tovuz istiqamətindəki döyüşlərdə sən öz sözünü dedin!

Növbəti təxribat baş verəndə isə əks-hücuma keçərək bütün qüdrətini, imkanlarını ortaya qoydun!

Əsgərimin də, zabitimin də, generalımın da qisasını aldın!

Çox sağ ol, şəhid balalarımın qanını yerdə qoymadın!

Şüşada yallı gedənlərə mərmi və güllə yağışı altında "müharibə yallısı” oynatdın!

Sənə qurban olum, Ordum mənim!

Düşməni gəldiyi yerədək qovdun, Vətən torpağını azadlığa çıxardın!


SƏNƏ QURBAN OLUM, A ŞƏHİD BALAM!


Çoxunuz lap cavan idiniz...

Ananız gəlin gətirib, toyunuzu belə görməmişdi...

Övladlarını yetim qoyub gedənləriniz də oldu...

Vətən çağıranda, vətənə gərək olduğunuzu hiss edəndə heç nəyə baxmadan ələ silah götürərək əsgər libasını geyindiniz!

Təkcə ata-ananızın deyil, həm də vətənin övladı olduğunuzu sübut etdiniz!

Yaraqlı-silahlı, arxalı-köməkli erməninin üstünə hünərlə, cəsarətlə getdiniz!

Nə düşməndən qorxdunuz, nə də ölümdən!

Əslində, heç ölməmisiniz də, şəhidlik məqamına, şəhidlik zirvəsinə yüksəlmisiniz!

"Şəhidlər ölməz, Vətən bölünməz” - sözləri dilinizin əzbəri idi.

Bunu ucadan, qürurla söyləyərdiniz!

Vətənin bölünməsinə yol verməmək üçün dünyada malik olduğunuz, sizə xas olan ən yüksək dəyərdən - şirin canınızdan belə keçdiniz!

Siz söylədiklərinizi əməlinizlə sübut etdiniz, bizlər isə sizi daim anacağıq, qəlbimizdə, xatirəmizdə əbədi yaşadacağıq!

Cismən aramızda olmasanız da, mənən daim bizimləsiz, Qarabağın azad edilmiş hər bir kəndinin ən əziz, ən doğma, əbədi sakinlərindən biri sayılırsınız!

Sənə qurban olum, a şəhid balam!

Sən axıtdığın müqəddəs qanınla Azərbaycan tarixinin qızıl səhifələrini yazırsan!

Sən özün qəhrəmanlığın və şücaətinlə həmin tarixin şərəfli səhifələrinə çevrilirsən!

Vətən Səni unutmayacaq!

Azərbaycan xalqı sənin qəhrəmanlığını və rəşadətini daim yaddaşında hifz edəcəkdir!

Sənə qurban olum, a şəhid balam!

Məni qınama ki, səninlə birgə döyüşüb, səninlə bərabər ölə bilmədim!

Allah sizlərə rəhmət eləsin, şəhid balalarımız!

Parçalanmış torpaqlarımızı qanınızla birləşdirdiniz!


SƏNƏ QURBAN OLUM, TÜRK QARDAŞIM!


Nə böyük ürəyin, nə böyük etibarın varmış!

Ey gözəl İstanbulun əbədi sahibləri, dostla dost, düşmənlə düşmən olmağı hamıdan yaxşı bacaran, böyük türk qardaşım!

Necə də qüdrətli, əzəmətli şəxsiyyətlər, sərkərdələr yetişdirə bilirsən!

Dünənin Atatürkünü, bu günün Rəcəb Tayyib Ərdoğanını!

Fəxr edirik: indi dünyada keçəri sözü, xüsusi çəkisi, hamının hesablaşdığı bir dövlətə çevrilmisən!

Nə qədər güclənsən də, nə qədər qüdrətlənsən də dostlarını, türk qardaşlarını unutmursan!

Səninlə Çanaqqalada birgə vuruşduq!

Sənin hünərinlə Bakını daşnak-bolşevik işğalından birlikdə azad etdik!

Bu gün yenə bir yerdəyik, Qarabağın azadlıq mücadiləsində sizi yanımızda görürük!

"İki canda bir ürək” - söyləyən Türkiyə iqtidarı da, müxalifəti də, bitərəfi də haqq işimizi dəstəkləyir, birmənalı şəkildə yanımızda olduqlarını, lazım gələn köməyi göstərəcəklərini bəyan edirlər!

Çoxları bu dostluğa həsəd aparır, paxıllığımızı çəkənlər də var.

Bu gün heç kim Azərbaycan rəhbərinin yanında Türkiyə Prezidenti barədə heç nə deyə bilməz və ya əksinə, Azərbaycan Prezidenti olmayan yerdə Türkiyə dövlət başçısının yanında Azərbaycan Prezidenti haqqında artıq-əskik danışmağa cəsarət edə bilməz!

Dərhal ağzından vurular, susdurular!

XXI əsr türk əsri olacaq - deyirdilər.

Çoxları bundan qıcıqlanır, narahatlıq duyurdu.

Ancaq sayın Rəcəb Tayyib Ərdoğan Türkiyəni nəhəng dünya dövlətinə, öz sözü, mövqeyi olan, milli maraqlarını təmin edəcək gücə malik dövlətə çevirməyi bacardı!

Ulu Tanrı Türkiyənin bu mərdliyinin, bu xeyirxahlığının mükafatını gecikdirmir - ona Aralıq və Qara dənizlərində yeni neft-qaz yataqları ərməğan edir.

Halal haqqıdır!

Sənə qurban olum, Türk qardaşım!

Həmişə belə mərd, cəsur, güclü, qüdrətli, dostluqda etibarlı və bizimlə birgə ol!


SƏNƏ QURBAN OLUM, ALİ BAŞ KOMANDANIM!


Tanrı bizi çox ağır sınağa çəkdi: əsl rəhbərimizdən ayrı düşdük, torpaqlarımız işğala məruz qaldı, məşəqqətli məcburi köçkün həyatı yaşamalı olduq...

Tanrı bizə rəhm göstərdi: Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtdı, ölkəni xanlıqlara parçalanmadan və fəlakətlərdən qurtardı, yeni neft strategiyasını hazırlayıb icrasına başladı, daxili və xarici siyasətin konturlarını cızdı, ordu quruculuğunun, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının əsasını qoydu, Azərbaycanın haqq işini dünyaya yaydı...

Amma ömür vəfa etmədi, Qarabağın düşməndən azad edilməsi prosesini sona çatdıra bilmədi...

Beləliklə, yarımçıq qalmış işləri başa çatdırmaq, xalqın istək və arzularını gerçəkləşdirmək kimi çətin və məsuliyyətli vəzifələrin ağırlığı sənin çiyinlərinə düşdü, mənim Ali Baş Komandanım!

Sən nələr etmədin?

Bütövlükdə Ulu Öndərimizin və xalqımızın ümid və etimadını ən yüksək səviyyədə doğruldaraq, mümkün olmayanları belə gerçəkliyə çevirdin!

ETDİKLƏRİNİ SAYMAQLA QURTARMAQ OLMUR...

* Azərbaycanı iqtisadi cəhətdən qüdrətli dövlətə, dünyada söz sahibinə, transmilli layihələr müəllifinə çevirdin;

* Güclü, ən müasir silahlarla silahlanmış modern ordu yaratdın;

* Azərbaycanın haqq işini dünyaya çatdırmaq üçün BMT-nin tribunasından dönə-dönə, səmərəli şəkildə istifadə etdin;

* Ermənistanın faşist simasını və terrorçu mahiyyətini bütün dünyaya tanıtdın;

* Azərbaycan tarixinin ən casətli, ən qüdrətli qərarını qəbul edərək əks-hücum əməliyyatı üçün "irəli” əmrini verdin!

Sənə qurban olum, Ali Baş Komandanım!

Vətən müharibəsinin bütün ağırlığını və məsuliyyətini öz üzərinə götürdün!

Bizi həsrətlə gözlədiyimiz qələbəyə çatdıqmaq üçün bütün qüvvə və imkanları səfərbər etdin!

Xalqımızı bu zəfərə sən çatdırdın, qələbənin şirinliyini bizə sən daddırdın!

Azərbaycanın dostları ilə etibarlı dost, düşmənləri ilə barışmaz düşmən oldun!

Həyata keçirdiyin bu nəhəng fəaliyyət sayəsində Azərbaycan tarixinin ən müdrik, ən qüdrətli dövlət xadimi və sərkərdəsi səviyyəsinə yüksəldin!

Sənə qurban olum, Ali Baş Komandanım!

Bu müharibənin baş sərkərdəsi, baş qəhrəmanı, baş təşkilatçısı Sənsən!

Bu qələbənin müəllifi, əldən çıxmış torpaqlarımızı yenidən geri qaytaranı Sənsən!

Əvvəlcə ermənini peşman etdin!

Sonra məğlub etdin!

Daha sonra rüsvay etdin!

Ən nəhayət, rəzil vəziyyətinə saldın!

Gəldiyi yerədək qovdun!

Davamçısı olduğun siyasi kursa, düşünülmüş siyasətinə, yüksək diplomatık istedadına, parlaq natiqlik məharətinə, hərbi bacarığına, böyük səbrinə, ən nəhayət, nifrət və qəzəbinə qurban olum, mənim Ali Baş Komandanım!

Bizi bu zəfərə sən çatdırdın!

Bizi bu şərəfə sən çatdırdın!

Bizə bu xoşbəxt anları, günləri, illəri yaşamağı məhz sən qismət elədin!

Mənim qəhrəman Prezidentim!

Mənim şanlı Ali Baş Komandanım!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video