28 Fevral 2021 01:20
2186
SİYASƏT
A- A+

Qətiyyətin təntənəsi

 

İlham Əliyev Azərbaycanın ədaləti təmin etdiyini dünyanın diqqətinə bir daha çatdırdı

 

İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycan bölgədə tamamilə yeni reallıqlar yaradıb. Bu savaşın nəticəsində respublikamızın ərazi bütövlüyü təmin olunub, Ermənistanın işğal siyasətinə son qoyulub. İlham Əliyevin uğurlu diplomatiyası dünya erməniliyinin beynəlxalq miqyasda ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasının da qarşısını qətiyyətlə alıb. Hazırda üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən layihələrin həyata keçirilməsi istiqamətində işlər davam edir.

 

İşğala son qoyuldu, Azərbaycanın dövlət sərhədləri bərpa edildi

 

Prezident İlham Əliyev ötən il sentyabrın 27-dən sonra xarici mətbuata müsahibələrində, xalqa müraciətlərində, görüşlərində, çıxışlarında müharibənin başlanma səbəbləri barədə ətraflı bəhs etmiş, real vəziyyət, Azərbaycanın şərtləri və planları barədə ictimaiyyəti məlumatlandırmışdı. Azərbaycanın şərtlərinin ifadəsi olan üçtərəfli 10 noyabr Bəyanatı ilə nəinki Ermənistanın işğal siyasətinə son qoyuldu, həm də Azərbaycan Şərqi Zəngəzur, Zəngilan və Qubadlı rayonları istiqamətində dövlət sərhədlərini tam bərpa etdi. Qısa zamanda azad olunmuş ərazilərin minalardan təmizlənməsi istiqamətində mühüm işlər görülüb, Qarabağ bölgəsinin bərpası ilə bağlı infrastruktur layihələrinin icrasına başlanılıb. O cümlədən işğaldan azad olunmuş ərazilərimizdə 7 min hektarda əkin işləri aparılıb. Bütün bunlar Azərbaycanın Qarabağı bərpa etmək əzminin və sülhə tərəfdar olmasının təsdiqi olmaqla müharibədən sonrakı reallıqların vacib məqamlarıdır.

Bu reallığın müəllifi Azərbaycanı qalib edən Prezident İlham Əliyevdir. Yeni reallıqlar dövrünün aparıcı qüvvəsi isə regionda söz sahibi kimi statusunu və mövqelərini qat-qat gücləndirən Azərbaycandır.

Bir daha xatırladaq ki, 44 gün davam edən müharibə ərzində İlham Əliyev 26 nüfuzlu xarici KİV-ə müsahibə vermişdi. Onların demək olar ki, hamısı dünyada tanınan media qurumları idi. Həmin müsahibələr müharibə günlərində Azərbaycana qarşı informasiya cəbhəsi açan dünya erməniliyinə və erməni təəssübkeşlərinə böyük zərbə vurmuş, əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük rol oynamışdı.

 

Dövlət  başçısı 35-dən artıq KİV əməkdaşının 50-yə yaxın sualını cavablandırdı

 

Fevralın 26-da yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirən Prezident İlham Əliyev verilən suallara  cavablarında bir daha Azərbaycanın hərbi qələbəsini və eləcə də müharibədən sonrakı proseslər barədə vəziyyəti həm yerli, həm də xarici auditoriyanın diqqətinə çatdırdı. Mətbuat konfransı təxminən 4 saat 20 dəqiqə davam etdi. Dövlət başçısı 35-dən artıq yerli və xarici KİV-in əməkdaşlarının 50-yə yaxın sualını cavablandırdı.

İlham Əliyevə suallarını ünvanlayan jurnalistlər bütün dünyada tanınan xarici KİV-i təmsil edirdilər. Türkiyənin CNN,  “TRT Haber”, “TRT World”, “Haber Qlobal” televiziyaları, “Sözçü” və “Yeni Şəfəq” qəzetləri, Anadolu Agentliyi, Rusiyanın TASS, RİA-Novosti agentlikləri, “Zvezda” və “Bolşaya Aziya” mediaholdinqləri,  RBK telekanalı, Ukraynanın “Ukraina-24”, “5-ci Kanal”, “1+1”, “İnter” telekanalları, Böyük Britaniyanın “Teleqraf” və “Independent” qəzetləri, “Reuters” Agentliyi, “Middle East Eye” media qurumu, Yaponiyanın “JİJİ PRESS” Agentliyi, İspaniyanın “La Vanguardia” qəzeti, Yunanıstanın “Real Group Media” şirkəti, İranın Mehr Agentliyi yalnız təmsil etdikləri ölkələrdə deyil, regionda və dünyada çoxmilyonlu auditoriyaları olan və ictimai rəyə güclü təsir göstərən kütləvi informasiya vasitələridirlər. Onların Prezident İlham Əliyevə sual ünvanlamaq istəmələri isə ilk növbədə Azərbaycana və onun 44 günlük müharibədə qazandığı tarixi Qələbəyə olan marağın təcəssümü idi.

Onu da qeyd edək ki, xarici jurnalistlərin bəziləri azad edilmiş torpaqlara gediblər və Ermənistanın işğal siyasətinin nəticələrini, erməni vandallığını gözləri ilə görüblər. Üstəlik, onlar həm də Xocalı soyqırımının 29-cu ildönümündə Azərbaycana gəliblər. Təbii ki, bunlar onların əsl həqiqətlər barədə məlumatlanmasında və təmsil etdikləri KİV vasitəsilə ictimaiyyətə çatdırmalarında böyük əhəmiyyət kəsb edən amillərdir.

 

Mətbuat konfransının ruhunu Azərbaycanın qələbəsi təşkil etdi

 

Jurnalistlər İlham Əliyevə İkinci Qarabağ müharibəsi və sonrakı proseslər barədə ən müxtəlif suallar ünvanladılar. Dövlət başçısı bu sualların hər birini sonadək dinləyib olduqca əhatəli və dolğun şəkildə cavablandırdı. İlham Əliyev yeni reallıqlarla bağlı jurnalistləri məlumatlandırmaqla yanaşı, həm də Ermənistana xəbərdarlıq etdi.

Ən mühümu o idi ki, jurnalistlər sual verərkən İlham Əliyevin Müzəffər Ali Baş Komandan olmasının fərqində idilər. Prezident onların suallarını həm də qalib dövlətin rəhbəri, qalib lider kimi cavablandırdı. Ona görə mətbuat konfransının ruhunu bütövlükdə Azərbaycanın hərbi qələbəsi təşkil etdi və İlham Əliyev bir daha Azərbaycanın Ermənistanın işğal siyasətinə qətiyyətlə son qoyduğunu, xalqımızın tarixi zəfərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Təcrübə göstərir ki, nüfuzlu siyasi liderlərə hər zaman yüksək beynəlxalq maraq olub. İlham Əliyevin isə öz fəaliyyəti, cəsarətli və müstəqil siyasəti, beynəlxalq məsələlərlə bağlı qətiyyətli mövqeyi, dünyada sülhə və təhlükəsizliyə verdiyi töhfələr ilə hər zaman dünyanın yüksək ehtiram olunan dövlət başçıları sırasında dayanıb. Vətən müharibəsindəki Qələbə isə həm Azərbaycanın, həm də  onun rəhbərinin nüfuzunu daha da yüksəltdi.

Yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı da Prezident İlham Əliyevin yüksək nüfuzunun təcəssümü kimi yadda qaldı. Bu mətbuat konfransı növbəti dəfə İlham Əliyevin qətiyyətinin, yüksək liderlik keyfiyyətinin təsdiqi oldu. Azərbaycan xalqı bir daha əmin oldu ki, dövlətimizin sükanı etibarlı əllərdədir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video