09:26 07 Mart 2021
ONLINE XƏBƏR LENTİ
00:48 07.03.2021

Qan bahasına yaranan bayram


00:45 07.03.2021

İncə qəlblilər


00:40 07.03.2021

Yel çərşənbəsi


00:40 07.03.2021

Üçüncü çərşənbə


00:40 07.03.2021

Novruzun topları


00:39 07.03.2021

Baharın ilk müjdəçiləri


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qələbə Azərbaycan kəndlisini torpağa daha möhkəm bağlayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:10 27.11.2020


COVID-19-un yaşatdığı bütün məhrumiyyətlərə baxmayaraq, bu il ölkəmizin tarixində böyük Qələbə ili kimi əbədi qalacaq. 44 günlük Vətən müharibəsində düşmən üzərində dünya hərb tarixinə yazılacaq zəfər qazandıq. İşğal altında qalan torpaqlarımızı azad etdik. Həmin torpaqlarda ermənilərin törətdikləri vəhşiliklərə bütün dünya şahid oldu.

Prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Ağdam rayonlarına səfəri zamanı bəyan etdi ki, işğaldan azad olunmuş ərazilərimizdə geniş bərpa-quruculuq işləri görüləcək, doğma yurdlarından didərgin düşən insanlara əvvəlkindən də yaxşı şərait yaradılacaq. Buna şübhə yoxdur. Çünki Azərbaycan dövlətinin nəyə qadir olduğunu bilirik. Üstəlik, İlham Əliyev sözünün üstündə duran lider, xalqımız isə qurub-yaradan, əzmkardır.

Müharibənin getdiyi günlərdə bunun bir daha şahidi olduq. Döyüş yerlərinə yaxın ərazilərdə, eləcə də erməni vandallarının gecə-gündüz atəşə tutduğu cəbhədən kənardakı bölgələrdə Azərbaycan kəndlisi imkan daxilində torpağı əkib-becərir, yetişdirdiyi məhsulu yığmaqda davam edirdi. Baxmayaraq ki, xislətindən doğan bütün rəzilliklərə qadir olan düşmən tarlada əkin-biçinlə məşğul olan dinc sakinləri atəşə tutub qətlə yetirməkdən çəkinmirdi.

Azərbaycan Ordusunun möhtəşəm qələbəsi sayəsində düşmənin bu naqis əməllərinə son qoyuldu. İndi cəbhəyanı bölgələrdə qalan məhsulun itkisiz yığılması işləri sürətlə davam edir. Ağdam rayonunun müharibədən əvvəl təmas xətti hesab edilən ərazisindəki Mirəşelli kəndində olduğu kimi. Pambıqçı Eldar Qasımov deyir ki, ötən il sahədən 407 sentner məhsul götürmüşdü. Bu il məlum səbəblərdən yığım prosesi bir qədər ləngidi. Bu səbəbdən ilk yığımda 40 sentnerdən çox məhsul əldə edib. İkinci yığımda bu göstərici yəqin ki, əvvəlkindən daha çox olacaq. Pambıqçı torpağı rahat şəkildə əkib-becərməklə gələn ildən daha yüksək məhsul götürəcəyinə əmindir. Dövlətin pambıqçılığın inkişafına verdiyi dəstək də əkinçini daha bol məhsul yetişdirməyə sövq edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il pambıqçılıqda ölkə üzrə orta məhsuldarlıq göstəricisi yüksəkdir: "Fermerlərimiz hələlik sahələrdən 310 min tona yaxın məhsul yığaraq qəbul məntəqələrinə təhvil veriblər. Halbuki ötən il pambıq mövsümünün yekununda ölkə üzrə 295 min ton məhsul yığılmışdı. Hazırda pambıq üzrə orta məhsuldarlıq 31 sentnerdir. Pambıq əkilmiş 21 rayondan 9-da orta məhsuldarlıq 30 sentneri keçib. Yığım hələ davam edir. Mövsümün yekununda Azərbaycan pambıqçılıq tarixində nadir qeydə alınan yüksək orta məhsuldarlıq göstəricisi əldə edəcəyimizi gözləyirik”.

Nazirlik rəsmisi həmçinin bildirib ki, sentyabrın 27-dən başlayaraq erməni hərbi birləşmələrinin təmas xəttinə yaxın əraziləri mütəmadi atəşə tutması, mülki əhalini, aqrar infrastrukturu, kənd təsərrüfatı texnikasını hədəfə alması həmin yerlərdə pambıq yığımında çətinliklər yaratmışdı. Ötən il yüksək məhsuldarlıq qeydə alınmış Tərtər və Ağdam rayonlarında, Füzuli, Ağcabədi və Bərdənin təmas xəttinə yaxın ərazilərində pambıq yığımını həyata keçirmək üçün maneələr olmuşdu. Bu səbəbdən həmin rayonlarda pambıq yığımına noyabrın 10-dan sonra başlanılıb. Yığım gecikdiyindən məhsulun itkisiz toplanması üçün bu rayonlara əlavə kənd təsərrüfatı texnikası göndərilib.

Dövlət taxılçılığın inkişafına da xüsusi diqqət yetirir. Çünki bu sahə ölkənin ərzaq təhlükəsizliyinin təminatında mühüm yer tutur. Bu məqsədlə dövlət taxılçılıqla məşğul olan fermerlərə yanacaq və sürtkü yağlarına görə güzəştlər edir, buğda istehsalçılarına son məhsula görə subsidiya verir. Hacıqabul əkinçiləri bundan lazımınca bəhrələnməyə çalışırlar. Rayon fermerləri artıq 9 min hektardan çox sahədə payızlıq səpin (4 min 895 hektarda arpa, 4 min 246 hektarda buğda) aparıblar.

Bu il Ağcabədi taxılçıları 28 min 324 hektardan 105 min 49 ton məhsul əldə ediblər. Məhsulun 77 min 150,9 tonu buğda, 28 min 343,1 tonu arpadır. Məhsuldarlıq hər hektardan orta hesabla 37,2, o cümlədən buğda üzrə 38,6, arpa üzrə 34 sentner olub. Rayon taxılçıları gələn il də bol məhsul yetişdirmək üçün səylə çalışırlar. Cari il 28 min hektardan çox sahədə taxıl səpini nəzərdə tutulub. İndiyədək 26 min 929 hektar sahədən çox payızlıq şumu aparılıb, 10 min 450 hektara buğda, 5 min 60 hektara arpa səpilib.

Bir sözlə, böyük Qələbədən güc alan, torpağa daha möhkəm bağlanan Azərbaycan kəndlisi öz işində-gücündə, yeni nailiyyətlər qazanmaq əzmindədir.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM