23:17 02 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qazilərimizə dövlət qayğısı gücləndirilir

ANA SƏHİFƏ / CƏMİYYƏT
02:56 20.01.2021

 

44 gün davam edən Vətən müharibəsi müzəffər Azərbaycan Ordusunun qalibiyyəti ilə başa çatdı. Ermənistan silahlı qüvvələri otuz ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarında layiq olduqları aqibəti yaşadılar, məğlubiyyətə uğrayaraq geri çəkilməli oldular. Erməni işğalçılar darmadağın edildi. Vətən torpaqları azad olundu. Doğma xalqına böyük qələbə sevinci yaşadan Azərbaycan Ordusu qəhrəmanlıq dastanı yazdı.

Əlbəttə, müharibələr qansız-qadasız olmur. Vətən müharibəsində də neçə-neçə igid Azərbaycan oğlu şəhid oldu. Hələ də müalicəsi davam edən qazilərimiz var. Onlar vətən torpaqlarının mənfur düşmənin işğalından qurtulması üçün öz sağlamlıqlarından keçiblər. Bu gün qəhrəman qazilərimizin müalicəsinə dövlət tərəfindən xüsusi diqqət göstərilir.

Prezident İlham Əliyev bütün çıxışlarında şəhid ailələrinin və müharibə qazilərinin problemlərinin daim diqqət mərkəzində saxlanılacağını vurğulayır. Qeyd edək ki, hələ müharibə davam edərkən - sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşdülər. Dövlət başçısı görüşdəki çıxışında döyüşlərdə müxtəlif xəsarətlər alan, yaralanan döyüşçüləri gənc yaşlarında böyük qəhrəmanlıq, şücaət göstərdikləri, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırdıqları üçün təbrik etdi. Prezident İlham Əliyev bildirdi: “Qarabağ qazilərinə də dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur. Siz də əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq və sizin tezliklə burada sağalıb normal həyata qayıtmağınız üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər”.

O zaman ölkə rəhbəri döyüşlərdə yaralanmış, xəstəxanalarda, hərbi hospitallarda müalicə alan hər bir insanın xüsusi qayğıya layiq olduğunu bildirmişdi: “Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq”, - demişdi.

Artıq ümidlərimiz, arzularımız həqiqətə çevrilib. Bu gün qürurla Azərbaycanın Vətən müharibəsində nail olduğu böyük zəfərdən danışırıq. Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirildi. Dövlət başçısı müşavirədə dedi: “Keçən ilin və nəinki keçən ilin, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi”.

Prezident İlham Əliyev müşavirədə 2021-ci ildə də Azərbaycanda böyük tədbirlər həyata keçiriləcəyini diqqətə çatdırdı. Bütün sahələrdə uğurlara, inkişafa nail olmaq üçün məqsədyönlü işlərin planlaşdırıldığını söylədi.

Vətən müharibəsində canından keçmiş şəhidlərimizin ailələrinin problemlərinin həlli üçün dövlət tərəfindən mühüm addımlar atılmaqda davam edəcək. Dövlətimizin rəhbəri bildirdi ki, məcburi köçkün və qaçqın ailələri üçün tikilmiş yeni mənzillər bundan sonra şəhid ailələrinə veriləcək.

Ölkə rəhbəri İlham Əliyev yerli icra hakimiyyətləri yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələrilə işin təşkil edilməsilə bağlı mühüm fərman imzalayıb. Bu da keçmiş döyüşçülərə və onların ailələrinə göstərilən diqqətin təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasət sayəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Prezidentin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatına dəstək məqsədilə yaradılan “YAŞAT” Fondu yaradılıb. “YAŞAT” Fondu şəhid ailələri və müharibə əlillərinə göstərilən diqqətin, qayğının növbəti əyani sübutudur.

Müharibədə sağlamlığını itirən döyüşçülərimizə, onların və şəhidlərimizin ailələrinə ana şəfqəti ilə yanaşan ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hələ Vətən müharibəsinin davam etdiyi günlərdə müsahibəsində demişdi: “Mənim tapşırığımla Heydər Əliyev Fondu həlak olanların ailələrinə lazımi kömək göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə edilir. Bu gün bizim bütün yaralı əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətən uğrunda ədalətli mübarizəni davam etdirmək üçün yenidən döyüş əməliyyatları zonasına yola düşmək istəyirlər. Budur, Azərbaycan xalqının ruh yüksəkliyi və vətənpərvərliyi”.

Azərbaycan əsgəri, zabiti xilaskarlıq missiyasını yerinə yetirdi. Düşmən tərəfindən on illər boyu dağıdılmış, talan edilmiş, viranə qoyulmuş yurd yerlərimiz artıq yenidən abad ediləcəkləri, əsl sahiblərinin geri dönəcəkləri günləri gözləyir. Azərbaycanın zəfər ilə başa çatan müharibənin ağrıları isə hələ sağalmayıb. Müharibədə yaralanan qazilərimizin də müalicəsi davam edir. Azərbaycan xalqının sevgisi, Azərbaycan dövlətinin diqqəti və qayğısı ilə əhatə olunmaları onların yaralarına ən böyük məlhəmdir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM