21:08 06 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qazaxdan parlayan üç ulduz...

ANA SƏHİFƏ / CƏMİYYƏT
02:56 20.01.2021

 

Bəli, bu gün hər bir ata-ananın, qardaş-bacının, nənə-babanın dilinin əzbəri olan bir fikir vardı: “İgid əsgər, möhkəm dayan”. Əslində, bu çağırışı hələ heç “Əlifba” kitabını açmayan, bağçayaşlı balalarımız da elə şirin-şirin deyir ki...

Azərbaycan torpaqlarını 30 ilə yaxındır ki, tapdaqda, əsarətdə saxlayan erməni daşnak quldurları həmin “İgid əsgər, möhkəm dayan” misrasındakı vətənpərvərlikdən də qorxurlar! Ona görə də daim özlərini basılmaz saymış, ərazilərimizi işğal etmiş, bizi isə vandalizm aktına məruz qoymuş hayları birliyimiz, hər kəlməmiz belə vahiməyə saldı! Bu günlərin sevincini xalqımız illərdir ki, gözləyirdi.

İşğalçıların bəd niyyətləri artıq “çanağı öz başlarında çatlatdı”. İşğalda saxladıqları torpaqlarımızdan qovuldular. Necə deyərlər, “iti qovan kimi” onları  yurd yerlərimizdən çıxartdı rəşadətli tarix yazan Milli Ordumuz: “Əlbəttə, “Böyük Ermənistan” xülyası ilə, havadarlarına yarınıb-yaltaqlanan ermənilər doxsanıncı illərdə, müstəqilliyimizi yenicə bərpa etdiyimiz, hərtərəfli zəif olduğumuz bir məqamda nəinki Qarabağımıza, hətta ondan nə qədər uzaq olan Naxçıvanın Kərki, eləcə də doğulub boya-başa çatdığım Qazax rayonunun Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrimli, Barxudarlı, Sofulu, Bağanis Ayrım və Qızıl Hacılı kəndlərini də işğala məruz qoydu. Bu o vaxtlar idi ki, nə indiki kimi inkişafımız, nə də vahid komandanlığa tabe olan, NATO standartları ilə formalaşan Milli Ordumuz var idi...”

Bu fikirlərin müəllifi  - Qazax  şəhəri, 2 nömrəli musiqi məktəbinin müəllimi Günel Ələkbərli deyir ki,  artıq o ağır dövrdən bizi 30 ilə yaxın zaman məsafəsi ayırır. Bu gün isə rəşadətli Milli Ordumuz artıq  Qarabağımızı işğaldan azad edib.  Buna görə də 44 günlük Vətən müharibəsində uduzan Ermənistan noyabrın 10-da təslimçi sülh  müqaviləsinə imza atmağa məcbur oldu:  “Düşmən öz qorxaqlığını və acizliyini ört-basdır etmək üçün mülki insanları, cəbhədən uzaq yaşayış məntəqələrimizi, böyüklü-kiçikli xalqımızı ağır artilleriyalardan atəşə tuturdu. Guya ki, bununla bizi qorxutmaq, qisas almaq istəyirdi. Amma uduzdu: biz ölərik, həm də öldürərik! Bu, bizim şərəf və ləyaqət, haqq-ədalət savaşımızdır! Öz torpaqlarımızda şəhidlik alın yazımızdır!

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev erməni vandallarının acizliyini, insanlıqdan uzaq hərəkətlərini dünya xalqlarına çatdırarkən söylədiklərini xatırlayıram: “Ermənistan mülki şəxslərə hücum etməklə Azərbaycanda xaos və panika yaratmaq istəyirdi. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilmədi. İtkilərimiz olsa da, bu, bizim iradəmizi sındırmadı. Əksinə, bizi daha güclü etdi...”

Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu da Azərbaycan Ordusunun haqq savaşında qələbə çalacağına əminliyini öncədən duyaraq belə ifadə edirdi: “Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq. Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm... Prezidentimizin bizə bir tapşırığı var: bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin...”

Bundan necə qürur hissi keçirməyəsən ki? Ermənistanın baş naziri N.Paşinyan isə dilənmədiyi, zəng edib bezdirmədiyi dövlət başçısı qalmadı. Bəli, dünya dəyişir, haqqımızı tanımayanlar erməni fitnəkarlığını artıq dərk edir. Çünki haqq bizimlədir. Regionda güc balansı dəyişdikcə Azərbaycanın haqq işinə mane olmaq istəyənlər belə haqsızlıqlarının fərqinə varmağa başlayır. ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın sülh danışıqlarında vasitəçilik missiyası daşımasına baxmayaraq, işğalçı Ermənistanın mövqeyini dəstəkləməsi, senatının mövcud olmayan “DQR”in müstəqilliyini tanıyan sənəd qəbul etməsi isə, sadəcə, gülünc və Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, quru, boş, mənasız, səmərəsiz kağız parçasından savayı bir şey deyil. Günel müəllimə söhbət əsnasında bildirdi ki, mənim də xalam oğlanları Aqşinlə Ayxan Quşçiyev qardaşları, Alı Alıyev və Ruslan Məmmədov... kimi  qazaxlı doğmalarım düşmənlə savaşda öz sözlərini deyiblər: “ Mən musiqi müəllimi kimi vətənpərvərlik hissləri ilə yazılan şeirlərin bir neçəsinə marş və mahnı yazılmasına çalışıram. Düşünürəm ki, bu gün hər birimiz özümüzü Vətənə xidmətdə görməliyik. İnanırdım ki, tezliklə, bizə nəfəs qədər yaxın olan Şuşamızda,  Laçın, Kəlbəcər və Ağdamımızda, illərlə quldur yuvasına dönmüş Xankəndimizdə oxunacaq mahnılarımız da döyüşkən ordumuza bir töhfə olacaq!

Yeri gəlmişkən onu deyim ki, Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində yaşayan Hüseynovlar ailəsindən 3 qardaş - Habil, Qabil, Ramil ön cəbhədə xidmət edir. Hər iki valideynlərini itirən qardaşlar döyüş başlayandan cəbhədədirlər. Ata-anasız böyüyən qardaşlar müharibənin ilk günlərindən könüllü olaraq ön cəbhəyə yollandılar. Şükür ki, onlar Qarabağda müharibəni qələbə ilə başa vuran əsgər oğullarımızın sıralarındadırlar. Bu da Tanrının o ailəyə bəxşişidir. Qardaşlar dəfələrlə ölümlə üz-üzə qalsalar da, Şuşaya bayraq sancanların arasındadırlar”.

Budur Azərbaycan  oğullarının Vətən sevgisi. Budur Ali Baş Komandanın bircə əmrinə müntəzir olan Müzəffər Ordumuzun vətənpərvərlik duyğuları ilə silahlanması. Qarabağ Azərbaycandır! Azərbaycan qalibdir!

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM