23:46 02 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Qarabağ ən qısa zamanda cənnətə çevriləcək

ANA SƏHİFƏ / SİYASƏT
00:20 19.01.2021

 

İşğaldan azad edilmiş bölgələrdə vətəndaşlarımızın layiqli yaşayışı təmin olunacaq

 

“Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

 

İlham ƏLİYEV

 

İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vuran Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi oldu, tarixə milli qürurumuzun təntənəsi kimi həkk olundu. 44 gün davam edən döyüşlər və qazanılan möhtəşəm Qələbə Prezident İlham Əliyevin yenilməz qətiyyətini, Ali Baş Komandanı olduğu Ordumuzun qüdrətini və  xalqımızın milli birliyini bütün dünyaya nümayiş etdirdi.

 

Terrorçu düşmənlə, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq

 

Azərbaycan Ordusu torpaqlarımızı azad etdikcə həm də bütün dünya erməni vəhşiliyinin şahidi oldu. Kənd və şəhərlərimizin 30 il davam edən işğal dövründə dağıdılması hər birimizi göynətdi. İşğaldan azad edilmiş bütün ərazilərimiz erməni vandallığının qurbanı olub, şəhər və kəndlərimiz viran qoyulub, xalqımıza və dövlətimizə qarşı cinayət törədilib. Ağdam, Cəbrayıl, Füzuli şəhərlərindən, azad olunan rayonların demək olar ki, əksər kəndlərindən əsər-əlamət qalmayıb. Tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qəsd edilib.

Prezident İlham Əliyev işğaldan azad olunmuş rayonlara ilk səfəri zamanı bu barədə ürəkağrısı ilə söz açaraq həmin torpaqlardan sanki bir vəhşi qəbilənin keçdiyini bildirdi: “Yol boyunca dağıdılmış kəndləri və Füzuli şəhərini dağılmış vəziyyətdə görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar?! Dağıdıblar, evləri dağıdıblar, bütün infrastrukturu dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir və bütün dünyaya biz bunu göstərəcəyik. Təkcə Füzuli yox, Ağdam şəhəri nə gündədir, başqa şəhərlər. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq istədiyinə nail ola bilməyib”.

Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya doğru uzanan yollarda Mehriban Əliyevanın çəkilişləri bu həqiqətləri bütün dünyaya nümayiş etdirdi. Bəli, biz işğalçı, terrorçu düşmənlə yox, həm də vandallarla, vəhşilərlə üz-üzə qalmışdıq.

Tarixdən də bəllidir, bütün müharibələr zamanı yaşayış məskənlərini, maddi-mədəniyyət nümunələrini dağıdanlar yalnız və yalnız mədəni inkişafdan geri qalan, yırtıcı şüur və təfəkkürə malik barbarlar olublar.

30 ilə yaxın idi torpaqlarımızı işğal altında saxlayan qüvvələr də müasir dövrün barbarlarıdır. Çünki işğal olunmuş kənd və şəhərlərimizin xarabalıqlara çevrilməsi, yağmalanması, barbarlıqdan, vandallıqdan, yırtıcılıqdan, vəhşi qəbilə şürunun daşıyıcısı olmaqdan başqa bir şey deyil. Düşmən xalqımıza məxsus maddi-mədəniyyət abidələrini dağıdıb, məscidlərimizi təhqir edib və Ermənistanın müdafiəsinə qalxan siyasi mərkəzlər bunları görməzliyə vurmaqla elə öz barbarlıqlarını nümayiş etdirirlər.

Dağıdılmış yurd yerlərimizin hamısı tam qiymətləndiriləcək. 30 il ərzində bizə vurulmuş ziyan hesablanacaq və bundan sonra beynəlxalq məhkəmələrdə Ermənistana qarşı təzminat davası açılacaq. O cümlədən noyabr ayında Ağdamı və Kəlbəcəri yandıran düşmən bunların da cavabını mütləq verəcək.

 

Cocuq Mərcanlıdan başlayan “Böyük Qayıdış”

 

Vətən müharibəsindəki qələbə 30 ilə yaxındır ki, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın yurd həsrətinə son qoydu. İllərdir ki, doğma el-oba nisgili ilə yaşayan məcburi köçkünlər ən müqəddəs arzularına qovuşdular. İndi onlar tezliklə kəndlərinə, evlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin hələ illər öncədən qarşıya qoyduğu, müəyyən etdiyi vəzifələrdən biri işğaldan azad edildikdən sonra rayon və şəhərlərimizin yenidən qurulması, “Böyük Qayıdış” proqramının həyata keçirilməsi idi. Bu vəzifənin real olaraq həyata keçirilməsinə isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə başlanılmışdı. 2016-cı ilin Aprel qələbəsindən sonra Cocuq Mərcanlı kəndinin yenidən qurulması “Böyük Qayıdış”ın ilk addımı idi.

Cocuq Mərcanlının qısa zamanda yenidən qurulması ondan xəbər verirdi ki, gün gələcək işğal altındakı torpaqlarımız da azad olunacaq və həmin ərazilər bərpa ediləcək.  O gün yetişdi və “Böyük Qayıdış”ın növbəti mərhələsi, işğaldan azad olunan ərazilərin yenidən qurulması hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başladı.

 

Suqovuşana və Talışa yeni yol çəkilişi müharibə günlərində başladı

 

Öncə onu qeyd edək ki, Prezident İlham Əliyevin 29 oktyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə respublikamızın inzibati ərazi bölgüsünə müvafiq olaraq, hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlar yaradılıb. Müvəqqəti komendantlar Daxili İşlər Nazirliyi tərəfindən təyin edilir.

Eyni zamanda bir sıra dövlət orqanlarının işğal olunmuş ərazilərdə yerli strukturlarının formalaşdırılmasına da başlanılıb. Bunlara misal kimi Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin yerli orqanlarının fəaliyyətə başlamasını göstərmək olar.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması istiqamətində atılan ilk addımlar isə yolların çəkilməsi oldu. Çünki yol inkişaf deməkdir və Qarabağın dirçəlişinə aparan “Böyük Qayıdış” proqramının birinci mərhələsi işğal olunmuş ərazilərdə yeni yol-nəqliyyat infrastrukturunun yaradılmasıdır. Yollar olmadan heç bir ərazinin yüksəlişini, sosial iqtisadi inkişafını təmin etmək mümkün deyil.

Həyata keçirilməsinə başlanılan ilk layihələrdən biri Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının yenidən qurulmasıdır. Suqovuşan kəndi Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın

3-də işğaldan azad edilib və Prezident İlham Əliyevin tapşırığı ilə hələ döyüşlərin davam etdiyi bir vaxtda yolun çəkilişinə başlanılıb.

Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan yol 21, Suqovuşandan Talış kəndinə doğru uzanan yol isə 7,5 kilometrdir. Artıq bu yollar 2 texniki dərəcəyə uyğun olaraq 1-ci mərhələ üzrə bərpa edilib. 2 geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni 9 metr təşkil edir.

Növbəti mərhələdə Çaylı kəndindən Talış kəndinə qədər uzunluğu 8 kilometr olan yolun, həmçinin Talış kəndindən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndini keçməklə Naftalan şəhərinə doğru 22 kilometr uzunluğa malik yeni yolun inşası da planlaşdırılır. Sözügedən avtomobil yollarının birləşdirilməsi nəticəsində Tərtər şəhəri ilə yanaşı, alternativ olaraq Naftalan şəhərindən də bu istiqamətdə hərəkət etmək mümkün olacaq.

Xatırladaq ki, Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları ötən əsrin 70-ci illərində Suqovuşan su anbarının tikintisi ilə əlaqədar Ulu Öndər Heydər Əliyevin tapşırığına əsasən inşa edilib. Bu yol uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxmış və dağılmışdı.

 

Yeni Şuşa yolu - Qələbə yolu

 

Prezident İlham Əliyevin başqa bir göstərişi Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi barədə oldu. Hələ noyabrın 16-da Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev layihə ilə tanış olmuş, bu gözəl hadisə münasibətilə xalqımızı təbrik etmişdi.

Yanvarın 14-də isə Şuşaya səfəri zamanı Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli-Şuşa yolunun təməli qoyuldu. Yeni yol Füzuli hava limanı ilə əlaqələndiriləcək və bu yoldan İsa bulağına da yol çəkiləcək.

Qeyd edək ki, Şuşaya çəkilən yolun cığırını qəhrəman əsgərlərimiz açıblar. Bu onların dağlardən, dərələrdən keçib Qarabağın qəlbinə doğru irəlilədikləri yoldur. Ali Baş Komandan İlham Əliyev Şuşaya qəhrəman əsgərlərimizin açdığı yolla getdi və onu Qələbə yolu adlandırdı: “Biz gedirik Şuşaya, azad edilmiş Şuşaya. Bu yolun tikintisi aparılır. Əminəm ki, ölkəmizin ən gözəl yollarından biri olacaq. Təbii ki, ən yüksək keyfiyyətlə tikiləcək. Eyni zamanda mənzərəli yoldur, tarixi yoldur, Qələbəyə aparan yoldur”.

Artıq icrasına başlanan başqa bir yol Toğanalı - Kəlbəcər yoludur. Bu da çox çətin relyefdən keçən yoldur. Bu yol Kəlbəcərdən Laçın rayonuna qədər davam etdiriləcək. Eyni zamanda Prezident tərəfindən Horadizdən Zəngilana, oradan Qubadlıya və Laçın rayonuna qədər yolun çəkilişi ilə bağlı göstəriş verilib və bu istiqamətlərdə hazırlıq işləri başlayıb. Bununla da  iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına aparan müasir yol-nəqliyyat infrastrukturu yaradılacaq.

Qeyd edək ki, ümumilikdə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızda 2661 kilometr uzunluğa malik respublika və yerli əhəmiyyətli avtomobil yolları var idi ki, onlardan 883 kilometr respublika, 1778 kilometri isə yerli əhəmiyyətli yollar olub. Onların hamısı bərpa ediləcək, həm də əvvəlkindən də keyfiyyətli və gözəl şəkildə. Bütün bunlar ilkin mərhələdə yükləri daşımaq və işğal olunmuş əraziləri yenidən qurmaq, o cümlədən gələcəkdə  Qarabağı və onun turizm potensialını inkişaf etdirmək üçün geniş imkanlar açacaq.

 

İki beynəlxalq hava limanı inşa olunacaq

 

İşğaldan azad edilmiş ərazilərdə iki beynəlxalq hava limanı da inşa ediləcək. Onlardan birincisinin - Füzuli hava limanının təməli yanvarın 14-də qoyuldu. Bu aeroportun uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq, beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək. Burada təyyarələrin qəbulu və yola salınması, sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılacaq.

Bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Hava limanının inşasında məqsəd xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. “Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil. Nəzərə alsaq ki, bu gün Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolunun təməli qoyulub, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər”, - deyə Prezident İlham Əliyev bu barədə deyib.

Azad edilmiş torpaqlarımızda ikinci beynəlxalq hava limanı isə Kəlbəcər və ya Laçın rayonlarının birinin ərazisində inşa ediləcək. Bu barədə də İlham Əliyev məlumat verdi: “İndi yer seçilir və beləliklə, iki beynəlxalq hava limanının tikintisi yaxın zamanlarda təmin edilməlidir”.

 

Yeni dəmir yolları artıq çəkilir

 

İşğaldan azad edilmiş ərazilərdə dəmir yollarının da yenidən qurulmasına  başlanılıb. Bunlardan biri Bərdə-Ağdam dəmir yolu xəttidir. Bərdə-Ağdam dəmir yolu xətti uzunluğu 104 kilometr olan Yevlax-Xankəndi dəmir yolunun bir hissəsidir. Bu polad yol 1991-ci ildə Xankəndinin, 1993-cü ildə isə Ağdamın işğal edilməsi ilə doğma sərnişinlərinə həsrət qalıb. 27 ildir ki, qatarların son dayanacağı Tərtər rayonunun Köçərli stansiyasıdır. Lakin düşmən üzərində qazandığımız qələbə ilə bu yol da aydınlığa çıxıb. Hazırda dəmir yolu xəttinin Bərdədən başlayaraq Ağdama qədər uzanan 45 kilometrlik hissəsi yenidən tikilir.

Prezident İlham Əliyevin “Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” 24 noyabr 2020-ci il tarixli sərəncamı ilə ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün ilkin olaraq 5 milyon manat ayrılıb. Dəmir yolu xəttinin layihələndirmə və tikinti işləri iki mərhələdə həyata keçiriləcək. İlkin layihə olaraq Bərdə-Təzəkənd istiqamətində 19 kilometr, ikinci mərhələdə isə Təzəkənd-Ağdam dəmir yolu bərpa ediləcək.

Eyni zamanda işğaldan azad olunmuş ərazilərdə Horadiz-Füzuli və Füzuli-Şuşa dəmir yolu  xətləri də inşa olunacaq. Horadiz-Ağbənd dəmir yolu da yenidən tikiləcək. Bu yol Ermənistan ərazisindən keçməklə Naxçıvana gedən nəqliyyat dəhlizinin əsas komponentlərindən biridir.

İşğaldan azad olunmuş ərazilərin su təchizatı ilə də bağlı tədbirlərin də həyata keçirilməsinə başlanılıb. İlk addım isə Şuşa şəhərinin dayanıqlı içməli su ilə təminatıdır. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra şəhərə içməli suyun verilməsi tam dayanmışdı. Düşmən tərəf şəhəri tərk edərkən magistral su kəmərini də sıradan çıxarmışdı. Yaranmış içməli su probleminin həlli məqsədilə ilkin olaraq Daşaltı kəndinin içməli su təchizatı bərpa edilmiş, Şuşa şəhərini müvəqqəti olaraq maşınlarla su ilə təmin etmək üçün Daşaltıda sudoldurucu məntəqə yaradılmışdı. Sonra Kiçik Kirs mənbəyində və uzunluğu 9,4 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələrində bərpa işləri aparılaraq noyabrın 25-də Şuşa şəhərinə suyun verilməsi təmin edilmişdi.

Daha sonra isə Şuşadan 11 kilometr məsafədə yerləşən Zarıslı mənbəyi və Laçın-Şuşa avtomobil yolunun kənarı ilə çəkilmiş magistral su xətti tam təftiş edilib, kəmərin qəzalı hissələri müəyyənləşdirilib. “Azərsu” ASC-nin şəhərə ezam olunmuş mühəndis-texniki heyəti tərəfindən qısa müddətdə qəzalar aradan qaldırılıb, kəmərin sıradan çıxmış hissələri dəyişdirilib. Beləliklə, Zarıslı mənbəyi və Zarıslı-Şuşa magistral kəmərində aparılan təmir-bərpa işləri yekunlaşdırılaraq şəhərə yeni mənbədən suyun verilməsi təmin olunub. Zarıslı-Şuşa magistral kəməri ilə yeni mənbədən suyun verilməsi nəticəsində isə Kiçik Kirs mənbəyindən asılılıq da aradan qaldırılıb.

 

Azad olunmuş ərazilər elektrik enerjisi ilə təmin olunur

 

Böyük Qayıdışa aparan yolda qarşıda duran mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulmasıdır. Hələ noyabr ayından Füzuli rayonunda, Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində həyati vacib obyektlər elektrik enerjisi ilə təmin olunub. Sərhəd zastavalarının, o cümlədən Şuşa şəhərinin enerji ilə təminatı həll edilib. Prezident İlham Əliyev Şuşada olarkən şəhərin su və elektrik enerjisi təchizatı ilə də maraqlanıb və bildirib ki, indi şəhər su ilə də, işıqla da normal şəkildə təchiz olunur.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti də Şuşa ilə bağlı paylaşım edib. Paylaşımda işğaldan azad edilmiş Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı nəticəsində Yuxarı Gövhər ağa məscidinin və əsas küçələrin işıqlandırılması nümayiş etdirilib.

Hazırda “Azərişıq” ASC tərəfindən işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Azad olunan ərazilərdə yeni güc mərkəzlərinin, ən müasir texnologiyaları tətbiq etməklə  şəbəkələrin yaradılması, elektrik verilişi xətlərinin çəkilməsi üzrə layihələr hazırlanıb və onlar mərhələli şəkildə həyata keçirilir.

Məlum olduğu kimi, ermənilər Azərbaycanın işğaldan azad olunan ərazilərində vaxtilə mövcud olan kiçik su elektrik stansiyalarını darmadağın edərək yararlı avadanlıqlarını söküb aparıb, apara bilmədiklərini yandırıb və ya partladıblar. Hazırda həmin elektrik stansiyalarından heç biri, ümumiyyətlə, yararlı vəziyyətdə deyil və tamamilə, dağıdılıb. Artıq “Azərenerji” ASC Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmaq üçün tədbirlərin həyata keçirilməsinə başlayıb. Laçında 8 meqavat gücündə “Güləbird” kiçik su elektrik stansiyasında, Suqovuşanda yerləşən ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su elektrik stansiyalarında  əsaslı təmir və bərpa işlərinə başlanılıb. O cümlədən Cəbrayıl rayonu ərazisindəki “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının tikintisinin başa çatdırılması da azad olunmuş ərazilərin enerji təminatına öz töhfəsini verəcək.

İşğaldan azad olunmuş ərazilərdə paylayıcı elektrik şəbəkələrinin yaradılması ilə bağlı tədbirlər davam etdirilir və may ayınadək Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası yenidən qurulacaq. Ümumiyyətlə, ilkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kilovoltluq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kilovoltluq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə qeyd olundu ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi həyata keçirilir. Növbəti mərhələdə isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq.

Bu ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanmış proqramda SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də təklif olunur.

Bunlarla yanaşı, Prezident İlham Əliyevin tapşırığına əsasən, ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, Qarabağ regionunda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək yaşıl zona, yaxud yaşıl məkan konsepsiyasının hazırlanmasına başlanılıb. Bu istiqamətdə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi ilə müzakirələr aparılmaqdadır. İlkin qiymətləndirmələrə görə, bu ərazilərdə 4000 meqavatdan çox Günəş, 500 meqavatadək külək enerjisi potensialı var. Yaşıl enerji layihələrinə xarici investorların cəlb edilməsi üzərində də iş aparılır.

 

Şuşanın bərpası üçün qiymətləndirmə işlərinə başlanılıb

 

Növbəti mərhələlərdə isə işğaldan azad olunmuş ərazilərdəki bütün şəhər və kəndlər yenidən qurulacaq, doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi üçün iqtisadi layihələr həyata keçiriləcək, o cümlədən sosial infrastruktur yenilənəcəkdir. Artıq Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma tədbirləri ilə əlaqədar Azərbaycanın mədəni paytaxtı və bütün Qafqazın incisi hesab olunan Şuşada infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlakın mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi və inventarlaşdırılması istiqamətində işlərə başlanılıb.

Qarşıya qoyulan vəzifələrdən biri Şuşa şəhərinin bütövlükdə ərazi və şəhərsalma vəziyyətinin, xüsusilə tarixi, mədəni və dini abidələrin mövcud vəziyyətinin, o cümlədən binaların dayanıqlılığının, arxitektura görünüşünün, yolların və digər infrastrukturun dəyərləndirilməsi və bərpası ilə bağlı geniş təkliflərin hazırlanmasıdır. Bu məqsədlə Şuşada infrastrukturun, tikililərin mövcud vəziyyəti - mənzil fondu, binaların dayanıqlılığı araşdırılıb. Həmçinin şəhərdə olan tarix və mədəniyyət abidələrinin öyrənilməsi, onların durumunun təyin edilməsi istiqamətində araşdırmalar aparılıb.

Qiymətləndirmə və inventarlaşdırma işləri başa çatdıqdan sonra qədim tarixi və memarlıq üslubu qorunub saxlanılmaqla Şuşa şəhərinin, tarixi və dini abidələrin, muzeylərin planlı şəkildə bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər görüləcək. Qısa zamanda həyata keçiriləcək yenidənqurma işləri nəticəsində Şuşa dünyanın ən gözəl şəhərləri siyahısında öz layiqli yerini tutacaq.

Onu da qeyd edək ki, işğaldan azad olunan ərazilərdə radio və televiziya yayımı məqsədilə Şuşa Radio-Televiziya Yayım Stansiyasının işi də bərpa edilib. Stansiyada rəqəmli TV yayım avadanlığı, anten-fider sistemi və 10 TV kanalın peykdən qəbulu üçün baş stansiya avadanlığı qurulub, istismara verilib. Avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün müvafiq işlər görülüb və Şuşa Radio-Televiziya Yayım Stansiyasından normal yayıma başlanılıb. Respublika üzrə yayımı həyata keçirilən televiziya kanalları artıq Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam rayonlarında yayımlanır.

 

Qarabağ Dirçəliş Fondu bərpa və yenidənqurma işlərinə böyük töhfə verəcək

 

Prezident İlham Əliyevin yanvarın 4-də imzaladığı sərəncamla işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb.

Fərmanda Azərbaycan xalqının ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyduğu vurğulanır. Qeyd olunur ki, ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq. İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq.

Sənəddə həmçinin deyilir: “İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Bu sahədə bütün potensialın fədakarlıqla səfərbər edilməsi ölkəmizin inkişafında birgə uğur salnaməsi yaradaraq qələbəmizi daha da parlaq edəcəkdir”.

Qarabağ Dirçəliş Fondunun yaradılması qalib ölkəmizin vətəndaşlarının qəlbində qürurverici tarix kimi qalacaq. Çünki fondun həyata keçirəcəyi tədbirlər nəticəsində işğaldan azad edilmiş bütün torpaqlarımız yenidən qurularaq laləzara çevriləcək, insanlar öz doğma torpaqlarına, dədə-baba yurdlarına böyük sevinc və məhəbbətlə qayıdacaq, dövlətimizin möhkəmlənməsinə vətəndaşlıq töhfələrini verməkdən qürur duyacaqlar.

 

İlham ƏLİYEV: “Qarabağı da qısa müddətdə bərpa edəcəyik”

 

“Böyük Qayıdış” bütün məsələlərə kompleks yanaşma tələb edir. Elə buna görə də işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturun yaradılması məqsədilə 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrılıb. Artıq iki ayda görülən işlər və büdcədən ayrılan vəsait göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması üçün böyük siyasi iradə var. Prezident İlham Əliyev Şuşaya gedərkən Füzulidə bəyan etdi ki, Qarabağı qısa müddətdə bərpa edəcəyik: “Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, cəmi 44 gün ərzində, bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”.

 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız artıq işğaldan azaddır. O bölgələr yenidən qurulacaq, əvvəlki şöhrətini bərpa edəcək. İlham Əliyevin siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ cənnətə çevriləcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM