13:27 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı və Zəngilan rayonlarında olublar


Xəbər verdiyimiz kimi, dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.

AZƏRTAC xəbər verir ki, Qubadlıya gedən yolda avtomobili özü idarə edən Prezident İlham Əliyev dedi:

-Cəbrayıl rayonunun ərazisindəyik. Azad edilmiş torpaqlardayıq. Sağ tərəfdə ermənilər tərəfindən dağıdılmış kəndlərimizdir. Gedirik Qubadlı rayonuna.

Dağıdılmış üzüm bağları. Bütün kəndlər dağıdılıb. Yolun sol və sağ tərəflərində olan dirəklər torpaqlar işğaldan azad olunandan sonra qısa müddət ərzində qoyulmuşdur.

Bütün kəndlər dağıdılıb. Düşmən bu cinayətlərə görə cavab verəcək. Bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir.

Sovet vaxtından qalan abidə. İkinci Dünya müharibəsinə həsr edilmiş abidədir. Onu da dağıdıblar.

Növbəti dağıdılmış kənd.

Birinci xanım Mehriban Əliyeva: Kəndin adı nədir?

Prezident İlham Əliyev: Göyərçin Veysəlli kəndi. Erməni faşistlər tərəfindən dağıdılıb. Heç İkinci Dünya müharibəsi zamanı faşistlər belə vəhşilik törətməyib. Görün, biz hansı vəhşi düşmənlə üz-üzə idik, biz hansı şər qüvvələri məğlub etdik?! Bölgəmizi, Qafqazı faşistlərdən azad etdik. Bütün bu kəndləri bərpa edəcəyik. Ancaq, ilk növbədə, bütün kəndlər, o dağıntılar sənədləşdiriləcək, uçota alınacaq.

Zəngilan rayonunun ərazisindən keçirik.

Babaylı kəndi. Bu da dağıdılıb.

Bir dənə də salamat bina yoxdur. Baxın, bütün binalar dağıdılıb. Köhnə qəbiristanlıq.

Zəngilan rayonunun gözəl mənzərəsi, səfalı məkan. Hamısını bərpa edəcəyik. Bu da Üçüncü Ağalı kəndi. Görünür burada ermənilər yaşayıblar. Amma görün nə gündə yaşayıblar. Mən deyəndə ki, işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayırlar, bax, budur bunun sübutu. Bizim kəndimizə gəliblər, kəndimizin böyük hissəsini dağıdıblar.

Ermənilərin zəbt etdikləri evlərimiz. İndi Üçüncü Ağalı kəndinin sakinləri yəqin ki, tanıyar bu ev kimindir. Gələsən, başqasının torpağını zəbt edəsən, insanları evsiz-eşiksiz qoyasan, onların evində yaşayasan, xarabalığa çevirəsən, sonra da deyəsən ki, bu, qədim erməni torpağıdır. Saxtakarlar, oğrular, yalançılar, vəhşilər bizim torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayıblar. Bütün bu videosənədlər hüquqi müstəvidə bizim təzminat davamız üçün əşyayi-dəlil olacaq.

Birinci Ağalı kəndi. Bura da dağıdılıb. Amma bəzi evlər qalıb. Ermənilər bizim evlərimizdə yaşayıblar. Bundan sonra özümüz yaşayacağıq öz evlərimizdə. Onlar da getsinlər öz vətənlərində yaşasınlar.

Seləli kəndi. Bu kənd də dağıdılıb. Görün nə günə qoyublar. Mən hələ müharibədən əvvəl deyirdim ki, bizim bütün kəndlərimiz, şəhərlərimiz talan edilib. Ermənilər dam örtüklərini, pəncərə çərçivələrini, hər şeyi aparıblar. Açıq-aşkar oğurluq ediblər, bizim torpaqlarımızı istismar ediblər.

Evin yarısını söküb, o biri tərəfdə yaşayıb. Baxın, nə günə qoyublar. Talançılar!

Vəhşi düşmən keçib bu torpaqlardan, dağıdıb ki, heç vaxt Azərbaycan əhalisi buraya qayıtmasın. İnşallah, hamımız qayıdacağıq. Hər şey dağıdılıb.

Birinci xanım Mehriban Əliyeva: Yəqin ora hərbi hissədir.

Prezident İlham Əliyev: Orada artıq Azərbaycan bayrağı ucaldılıb. Hərbi hissələr tikiblər ki, torpaqlarımızı əbədi işğal altında saxlasınlar, amma rədd etdik onları, qovduq torpaqlarımızdan. Torpaqların sahibləri qayıdır.

Baxın, ağacları necə qırıblar. Baxın, vəhşi düşmən neyləyib, bütün ağacları kəsib. Zəngilanın çox zəngin təbiəti var, nadir meşələri var. Çinar ağacları. Baxın, neyləyib düşmən. Baxsın bütün dünya, ermənipərəst qüvvələr bu günə qədər kimi müdafiə edirlər? Bizə qarşı qətnamələr qəbul edən ölkələr baxsınlar, gözlərini açsınlar. Riyakar siyasətçilər açın gözlərinizi, baxın. Sizin parlamentləriniz qətnamələr qəbul edib. Bizim üçün o qətnamələrin heç bir əhəmiyyəti yoxdur, bir kağız parçasıdır. Amma iş ondadır ki, bizə qarşı yenə əsassız ittihamlar irəli sürülür. Fransa parlamentinin deputatları, Belçika, Hollandiya parlamentlərinin deputatları, baxın, sizin sevimli ermənilər nələr ediblər bu torpaqlarda? Açın xəritəyə baxın, ensiklopediyaya baxın, görün Zəngilan rayonu, Qubadlı rayonu hansı ölkənin tərkib hissəsidir. Qətnamələr qəbul edirsiniz. Başınıza dəysin bu qətnamələr. Azərbaycanı ittiham edirlər.

Qubadlının Xanlıq kəndi. Xanlıq kəndi uğrunda şiddətli döyüşlər gedirdi. Ermənilər bizim bu tarixi, qədim kəndimizə eybəcər ad veriblər. Xanlıq kəndi Qubadlı rayonunun ərazisində yerləşir. Biz indi Qubadlı rayonunun ərazisindəyik. Ermənilər Xanlıq kəndində özləri üçün hərbi istehkam, hərbi baza qurmuşdular. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Baxın, xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb.

Kənd təsərrüfatı texnikası. XX əsrin 50-ci illərində istehsal olunub. Xaricdə yaşayan ermənilər cinayət törədiblər. Xaricdən erməniləri gətirib bizim torpaqlarımızda məskunlaşdırıblar. Xanlıq qəsəbəsində azərbaycanlıların evlərini söküb sonra ermənilər üçün evlər tikiblər. Bu da ermənilərin maşını. Bax, bu maşınları sürürdülər onlar. Bu da bizim qəhrəman əsgərlərimizin adları. Öz adlarını yazıblar bu evlərin üzərində. Biləsuvar, Şabran, Sabirabad, Şuşa, Oğuz. Bax, qanunsuz məskunlaşma budur. Bu da ermənilərin növbəti maşınları, baxın.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndinə gəldilər, burada hərbçilərlə görüşdülər.

Prezident İlham Əliyev: Salam uşaqlar.

Əsgərlər: Sağ olun!

Prezident İlham Əliyev: Nə var, nə yox, necəsiniz?

Əsgərlər: Çox sağ olun!

Prezident İlham Əliyev: Xidmət necə keçir?

Əsgərlər: Əla. Hər şey yaxşıdır.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, ermənilərin bizim qədim kəndimizdə saldığı bir qəsəbədir. Bizim evlərimizi söküb, ondan sonra da xaricdən gələn ermənilərin pulu ilə bu qəsəbə salınıb. İndi biz burada yaşayırıq. Siz burada məskunlaşmısınız, xidmət göstərirsiniz. Biz öz doğma torpaqlarımıza qayıtmışıq. Bu torpaqları döyüş meydanında azad etmişik. Düşməni öz torpaqlarımızdan qovmuşuq, bax, sizin kimi əsgərlərin sayəsində. Bütün dünya gördü ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti nəyə qadirdir.

Gəlin uşaqlar, gəlin.

Əsgərlər: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Xoş gördük. Bu, bizim qədim torpağımızdır. Əsrlərboyu xalqımız bu torpaqlarda yaşayıb.

Əsgər: Ay maşallah, igiddir, əsl igid.

Prezident İlham Əliyev: Salam, salam. Sonra şəkil çəkdirək.

Döyüş meydanında gücümüzü göstərdik. Erməniləri torpaqlarımızdan qovduq. Azərbaycan Bayrağını torpaqlarımızda ucaltdıq. Azərbaycan xalqının ən böyük arzusunu yerinə yetirdik, döyüş meydanında, danışıqlar yolu ilə yox. Bizim başımızı aldadırdılar. Bu 27 il ərzində ermənilər burada özləri üçün qəsəbə salıblar, xaricdən erməniləri gətiriblər. Xanlıq qəsəbəsinə bir eybəcər erməni adı veriblər.

Əsgərlər: "Onları iti qovan kimi qovduq” sözləriniz şüarımızdır.

Prezident İlham Əliyev: Gördülər bizim gücümüzü. Hesab edirdilər ki, bizim torpaqlarımızda əbədi oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedim irəli.

Əsgərlər: Var olun, var olun, var olsun Azərbaycan! Allah Sizi bizim başımızın üstündən əskik etməsin!

Prezident İlham Əliyev: Qəhrəman Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi. Mənə məlumat verilir ki, indi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, bir yenilikdir, XXI əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik.

Əsgərlər: Sizin başçılığınız və iradəniz sayəsində.

Prezident İlham Əliyev: Sağ olun.

Əsgərlər: Biz sizinlə fəxr edirik. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev: Gəlin, şəkil çəkdirək.

Əsgər: Ad gününüz mübarək, yüz yaşayın, Allah ömrünüzü uzun eləsin!

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinə yola düşdülər.

Prezident İlham Əliyev: Qubadlı rayonunun ərazisindən iki böyük çay keçir: Həkəri çayı və Bazarçay. Onlardan biri də budur, baxın. Çox güman ki, bu, Həkəri çayıdır. Bura isə Aşağı Mollu kəndidir. Şəhidimiz Əsgərov Rüfətin şəkli. Allah rəhmət eləsin! Bütün şəhidlərimizə Allah rəhmət eləsin!

Birinci xanım Mehriban Əliyeva: Allah rəhmət eləsin!

Prezident İlham Əliyev: Qubadlı rayonunun gözəl mənzərəsi. Yenə də dağıdılmış kənd. Hər şeyi yenidən quracağıq, yolları da, bütün infrastrukturu da. Gözəl mənzərədir.

Bu da yəqin ki, Bazarçaydır. Çünki Qubadlının bir tərəfindən Həkəri çayı axır, digər tərəfindən Bazarçay, bax, buradan görünür. Ona Bərgüşad çayı da deyirlər. Qəzyan kəndi. Bax, ermənicə nəsə yazıblar orada.

Diləlimüskənli kəndi. Bu kənd də dağıdılıb. Bütün evlər dağıdılıb. Bir-iki ev qalıb, orada da düşmən yaşayıb. Bu da Saray kəndidir. Saray kəndi Qubadlı şəhərinin yaxınlığında yerləşir. Bu kənd də dağıdılıb.

Baxın, Qubadlı şəhərini düşmən nə günə qoyub. Bütün binalar dağıdılıb. Ancaq özləri üçün hərbi hissə tikiblər. Bu da Qubadlı şəhəri. Bu, yəqin ki, onların anbarları olub. Bu ev də sökülüb. Qubadlı şəhərinin girəcəyində ermənilər hərbi baza tikiblər. Gün də çıxdı. Təbiət də bizi alqışlayır, salamlayır. Sahibləri gəlib bu torpağa. Gör nə gündədir Qubadlı şəhəri? Nə günə qoyub düşmən bizim şəhərimizi?

Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı.

Dövlətimizin başçısı burada çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Azərbaycan hərbçiləri, o cümlədən Şükür Həmidov dövlət tərəfindən yüksək döyüş ordenləri ilə təltif edilmişdir.

Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, bizim növbəti istiqamətimiz Qubadlı rayonu idi və şəhərdə ermənilər güclü istehkam qurmuşdular. İndi şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb. Ancaq burada, şəhərin girəcəyində düşmən hərbi baza yaratmışdı. Bu yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Ona görə Qubadlı şəhərini azad etmək o qədər də asan məsələ deyildi. Gərək, ilk növbədə, ermənilərin istehkamları məhv ediləydi, onlardan biri Xanlıq qəsəbəsində yerləşirdi. Orada güclü istehkam qurmuşdular və Xanlıq qəsəbəsini onlar özləri üçün bir baza kimi yaratmışdılar. Xaricdə yaşayan ermənilər orada qəsəbə salmışdılar. İndi bu qəsəbədə Azərbaycan əsgərləri yerləşib. Xaricdə yaşayan ermənilərin pulu ilə xaricdən ermənilər gətirilib və qanunsuz şəkildə Qubadlıda yerləşdirilib. Bu, özlüyündə hərbi cinayətdir. Bu cinayətə və bütün digər cinayətlərə görə Ermənistan dövləti cavab verəcəkdir.

Qubadlını azad etmək üçün, ilk növbədə, biz bu yüksəklikləri götürməli idik. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Eyni zamanda, Ermənistan ərazisindən bizə atəş açılırdı. Nəzərə alsaq ki, Azərbaycan Ermənistan ərazisinə keçmək fikrində deyildi və mən bunu müharibə zamanı dəfələrlə bildirmişdim. Onlar hesab edirdilər ki, bu imkanlardan istifadə edib, bizim hücumumuzun qarşısını ala bilərlər. Buradan, Qubadlı şəhərindən Ermənistan sərhədinə, bax, o istiqamətdən 5 kilometr məsafədir. Həm oradan ağır artilleriya ilə, həm də bu yüksəkliklərdən müxtəlif növ silahlardan istifadə edərək bizim əsgərlərimizi, hərbçilərimizi atəşə tutmuşlar. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu da bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra Azərbaycan Silahlı Qüvvələri şəhərə girib, buranı da düşməndən təmizləyiblər.

Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi bizə böyük strateji üstünlük təmin edirdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Hər gün döyüş əməliyyatı planları mənim tərəfimdən təsdiq edilirdi və hər gün görülmüş işlərə yekun vurularaq məsələ təhlil edilirdi - gün ərzində görülmüş işlər bizim planlarımıza hansı dərəcədə uyğundur və biz hansı nailiyyətlərə çata bilmişik. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol düz Ermənistanın dövlət sərhədinin yanı ilə keçir, orada məsafə bəlkə də 10-20 metrdir və Ermənistan daim o tərəfdən atəş açırdı. Ona görə bizim hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird kəndi, Səfiyan kəndi, Türklər kəndi azad edilib və eyni zamanda, strateji yüksəkliklər ələ keçiriləndən sonra bu, bizə imkan verdi ki, Laçın dəhlizi artıq atəş altına düşsün.

Düşmən bizi bu tərəfdən gözləyirdi. Çünki təbii ki, düşmən bilirdi Şuşa azad edilməmiş müharibə dayana bilməz. Düşmən hesab edirdi ki, biz Laçın rayonunun cənub hissəsini götürəndən sonra bu tərəfdən Şuşaya gedəcəyik. Biz də bilirdik ki, düşmən bizi orada gözləyir. Biz Şuşaya başqa yolla getdik, onların gözləmədiyi yoldan keçdik. Bu günə qədər də onlar inana bilmirlər ki, bizim qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğaldan azad ediblər. Onlar bizi buradan gözləyirdilər, eyni zamanda, Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsi istiqamətində gözləyirdilər. Biz isə Şuşaya başqa yolla getdik. Şuşaya yaxınlaşaraq bir neçə kəndi azad etdik, o cümlədən Sığnaq, Çanaxçı və Daşaltı kəndini azad etdik. Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu.

Müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Bu haqda məndə dəqiq məlumat var. Bizim xarici tərəfdaşlarımız bu məlumatı bizə çatdırıblar ki, ən inkişaf etmiş ölkələrin ali hərbi məktəblərində Azərbaycanın döyüş taktikası, bizim əməliyyatlar öyrənilir və bu, müasir döyüş taktikasıdır. Bizə qədər dünyada heç kim bu taktikadan istifadə etməyib. Burada bütün vacib amillər bir məqsədi güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu. Biz sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, sonra hücum əməliyyatına keçdik. Çünki biz torpaqlarımızı azad etməli idik. Ermənistanın təxribatlarına son qoyulmalı idi. Günahsız insanların həlak olmasına son qoyulmalı idi və əks-hücumdan sonra hücum edən tərəf, adətən, daha çox itki verir. Ancaq bizim itkilərimiz müharibənin miqyasına görə həddindən çox aşağıdır. Hər bir şəhidimiz əvəzolunmazdır, hər bir insanın həlak olması böyük faciədir, onun özü üçün, yaxınları üçün, qohumları üçün, xalq üçün. Ancaq onu da bildirməliyik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Məhz buna görə ola bilər bəziləri hesab edir ki, bu məsələ daha da tez həll oluna bilərdi. Halbuki 44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır.

Biz çalışırdıq, öz taktikamızı elə quraq ki, itkilər az olsun. Eyni zamanda, bizim taktikamızda gözlənilməz addımlar da kifayət qədər çox idi. İstifadə etdiyimiz taktiki üsullar dünya hərb elmi üçün yenilikdir. Vaxt keçdikcə bu məsələ ilə bağlı daha geniş məlumat veriləcək. Ancaq bu gün də artıq xarici mətbuata sızılan məlumatlar da onu göstərir ki, bu müharibə hərbi ekspertlər tərəfindən çox ciddi təhlil edilirdi və edilir. Peşəkarlıq, qəhrəmanlıq, planlaşdırma, güclü iradə, milli ruh, texniki təchizat – bütün bu amillər birlikdə və xalq-iqtidar birliyi bizim Qələbəmizi şərtləndirdi.

Hər gün biz irəliyə gedirdik, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək. Bir gün də olmayıb ki, hansısa məsələni biz həll etməyək. Hər gün səhər mənim tərəfimdən hər günün döyüş-əməliyyat planı təsdiq edilirdi, günün sonunda da təhlil olunurdu. Biz bunun nəticəsində qısa müddət ərzində böyük Qələbə qazana bilmişik, öz doğma torpaqlarımızı düşməndən azad edə bilmişik. Düşmənə elə sarsıdıcı zərbələr endirmişik ki, bu günə qədər özünə gələ bilmir.

Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyası idi. Ermənistan təslim oldu, ağ bayraq qaldırdı, diz çökdü. Ondan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atmadan bizə qaytarıldı. Bu gün Azərbaycan əsgəri bu rayonlarda xidmət göstərir. Bu da böyük nailiyyətdir. Biz mütləq o bölgələri də, o rayonları da döyüşərək alacaqdıq. Amma çox itkilər verə bilərdik, xüsusilə Ağdam istiqamətində, hər tərəf minalanmışdı və bir neçə müdafiə xətti var idi. Eyni zamanda, xüsusilə hava şəraitini nəzərə alsaq, Kəlbəcər, Laçın rayonlarının döyüşlə azad edilməsi də böyük itkilərə gətirib çıxaracaqdı. Artıq qış başlamışdı, yolları buz bağlamışdı. Kəlbəcərə Göygöl rayonundan keçmək üçün saatlarla vaxt lazımdır.

Ona görə noyabrın 10-da imzalanmış Bəyanatın çox böyük əhəmiyyəti var. Təbii ki, əgər biz o günə qədər böyük ərazini işğalçılardan azad etməsəydik, düşmənin belini qırmasaydıq, düşmən ordusunun məhv edilməsində istədiyimizə nail olmasaydıq, əlbəttə, düşmən onun üçün bu alçaldıcı sənədə qol qoymazdı. Biz onu məcbur etdik, torpaqlarımızdan qovduq və mən verdiyim sözə həmişə olduğu kimi sadiq qaldım. Müharibənin ilk günlərindən demişdim, Ermənistan rəhbərliyi açıq-aşkar bəyan etməlidir ki, nə vaxt, hansı tarixdə bizim torpaqlarımızdan çıxır. Tarix verməlidir bizə. Əgər bu olarsa, biz müharibəni dayandırarıq. Amma bizə tarix verilmədi. Çalışırdılar ki, müxtəlif yollarla xarici ölkələri bu işlərə qoşaraq öz çirkin əməllərini davam etdirsinlər, işğalı davam etdirsinlər. Əgər Ermənistan rəhbərliyi o vaxt mənim sözümə baxıb düzgün addım atsaydı, belə alçaldıcı vəziyyətə düşməzdi. Mən demişdim ki, axıra qədər gedəcəyik və axıra qədər də getdik, lazım olan anda dayandıq, üç rayonu bir güllə atmadan, bir itki vermədən qaytardıq, ərazi bütövlüyümüzü bərpa etdik.

Bu gün vaxtilə işğal edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Bu gün Ali Baş Komandan kimi, mən azad edilmiş bu torpaqlarda əsgərlərlə görüşürəm. Artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanmışdır. Mənfur düşmən hər şeyi dağıdıb. Yol boyunca Cəbrayıl rayonundan, azad edilmiş torpaqlardan başlayaraq, bax, Qubadlıya qədər hər tərəf dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Təkcə Qubadlıda bir neçə bina qalıb ki, burada hərbçilər və onların ailə üzvləri yaşayıblar. Bütün binalar, bütün evlər, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Bu cinayətlərin hamısı sənədləşdirilir.

Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar.

Biz öz istəyimizə nail olduq. Dekabrın 10-da Zəfər paradı keçirildi. Zəfər paradında biz düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikasını nümayiş etdirdik və öz hərbi potensialımızı nümayiş etdirdik. Biz bundan sonra da ordumuzu gücləndirəcəyik. İndi gələn ilin büdcəsi müzakirə olunur. Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaqdır.

Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik.

Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir və qısa müddət ərzində lazım olan bütün bərpa işləri də nəzərdə tutulur. Xarici ekspertlər cəlb olunub, dəvət edilib, onlar bütün qiymətləndirmə işlərini aparacaqlar. Videosənədlər, fotosənədlər toplanır, bütün dəymiş ziyan hesablanacaq. Bizim torpaqlarımız istismar edilirdi, təbii ehtiyatlarımız istismar edilirdi. Zəngilan rayonunda qızıl yatağı istismar edilirdi. Azad edilmiş digər ərazilərdə də, həmçinin. Bütün bunların hesabını Ermənistan dövləti verəcək. Bununla paralel olaraq bütün bərpa işləri təmin ediləcək və biz bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz.

Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!

x x x

Sonra dövlətimizin başçısı və birinci xanım işğaldan azad olunmuş Zəngilan rayonuna yola düşdülər.

Prezident İlham Əliyev: Zəngilan. Zəngilan şəhərinə az qalıb.

Düşmən Zəngilanda da hər şeyi dağıdıb. Baxın, dağılmış evlər. Baxın, bu evi nə günə qoyublar.

Prezident İlham Əliyev Zəngilanda Azərbaycan bayrağını ucaltdı.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda mənfur düşmən tərəfindən dağıdılan məscidə gəldilər.

Məscidin qarşısında çıxış edən Prezident İlham Əliyev dedi:

- Görün mənfur düşmən məscidi nə günə salıb. Bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib.

Zəngilan işğaldan azad olunandan sonra rayonda yerləşən məscidlərin birində donuzların saxlanması ilə bağlı videokadrlar nümayiş etdirilmişdir. Düşmən bizim dinimizi təhqir edib, bütün müsəlmanları təhqir edib. Bax, burada məscid olub, indi yoxdur, dağıdıblar. İndi bəziləri azad edilmiş torpaqlarda erməni xalqının dini irsi haqqında məsələ qaldırırlar. Bəs, bizim milli-dini irsimiz haqqında niyə heç kim məsələ qaldırmayıb? Bu yaxınlarda UNESCO-nun bir məmuru əsassız bir ifadə işlədib ki, guya bizə müraciət olunub, Azərbaycan isə səssiz qalıb. Biz 30 il ərzində dəfələrlə UNESCO-ya müraciət etmişik, dəfələrlə bildirmişik ki, bizim məscidlərimiz dağıdılıb, tarixi abidələrimiz dağıdılıb, bizim tarixi abidələrimiz erməniləşdirilir, bir dəfə missiya göndərildimi? Bir dəfə bizim müraciətimizə cavab verildimi? Elə müharibə qurtaran kimi başlayıblar ki, erməni xalqının abidələri gərək qorunsun. Biz bütün abidələri qoruyuruq, bütün xalqların abidələrini qoruyuruq və dünya bunu bilir. Amma baxın, görün, məscid olub bura, UNESCO, buraya gəl, gəl gör. Avropa Şurası səssiz qalma, gəl gör buranı! Bütün məscidlər dağıdılıb. Yaxşı, məscidi dağıtmaq olar? Məscidi dağıtmaq, deməli, cinayət deyil? Bu ədalətsizlik nə qədər davam edəcək? Bu riyakarlıq nə qədər davam edəcək? Bu ikili standartlar nə qədər davam edəcək? Bu islamofobiya nə qədər davam edəcək? Bunu dağıdan erməni olub. Özündən mədəni millət obrazı yaratmağa çalışan və bəzi xarici himayədarları tərəfindən belə qəbul edilən mədəni adam bunu edər? Mədəni adam məsciddə donuz saxlayar? Bütün dünya bunu görsün! O cümlədən dünya müsəlmanları görsünlər və müsəlman ölkələrinin xalqları görsünlər. Bunu törədən ölkə ilə hansı dostluqdan söhbət gedə bilər? Əfsuslar olsun, biz bunu bu günə qədər eşidirik ki, bəzi müsəlman ölkələri Ermənistana dost ölkə deyirlər. Bu "dost ölkəyə” 20 il rəhbərlik etmiş cəlladlar bunu dağıdıblar. Onlar gəlib dağıdıblar bizim məscidimizi, təhqir ediblər. Bütün dünya bunu görməlidir. Əgər bizə qarşı hər hansı bir irad irəli sürüləcəksə, cavabını verəcəyik. İstənilən beynəlxalq təşkilat gəlsin, bunu görsün, öz hesabatında bunu əks etdirsin, qınasın işğalçı dövləti və görsün ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq, biz kimi qovmuşuq torpaqlarımızdan, rədd etmişik onları buradan. Görün şəhərlərimizi nə günə salıblar. Bir dənə də salamat bina yoxdur. Cəbrayıldan başlayaraq ta Qubadlıya qədər, Zəngilana qədər azad edilmiş torpaqlardan gəlmişəm. Bir dənə də salamat bina yoxdur. Bütün binalar sökülüb, dağıdılıb, kəndlərimizin adları dəyişdirilib, eybəcər adlar verilib, məscidimiz bax, bu günə düşüb. Cavabını verəcək Ermənistan, cavabını verəcək! Veribdir, qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu. Əminəm ki, bu görüntülərdən sonra bizə irad tutmağa çalışan "beynəlxalq məmurlar” öz dillərini qarınlarına qoyacaqlar. Biz isə bu məscidi bərpa edəcəyik və bizim vətəndaşlar gəlib burada ibadət edəcəklər, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq.

x x x

Prezident İlham Əliyev: İndi isə Zəngilandan Bakıya qayıdırıq. Yolboyu Zəngilanın gözəl təbiətini seyr edirik. Görün, necə gözəl yerlərdir. Qubadlı, Zəngilan rayonlarında olarkən bir daha gördük ki, vəhşi düşmən bizim şəhər və kəndlərimizi nə günə qoyub. Otuz il ərzində işğal altında olan torpaqlar öz sahiblərinə qayıdıb. Biz qayıtmışıq. Düşməni məhv edərək, zəfər çalaraq qayıtmışıq. Bir müddət sonra bu bölgəyə həyat tam qayıdacaq, İnşallah.

İndi istiqamət Bakı şəhəridir. Çəkilişi aparan Mehriban xanıma da təşəkkürümü bildirirəm. Xahiş edirəm özünü də çəksin.

Birinci xanım Mehriban Əliyeva: Dərin hörmət və məhəbbətlə sizin Mehriban.

Prezident İlham Əliyev: Sağ olun, əziz bacı və qardaşlar. Qarabağ Azərbaycandır!



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM