04 Noyabr 2020 00:45
2592
SİYASƏT
A- A+

Prezident İlham Əliyev Qarabağda tarixi ədaləti, Qafqazda isə davamlı sülh və möhkəm təhlükəsizlik sistemi yaradır


Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil USUBOV: "Qazanılan zəfərlər Ali Baş Komandanın regional rəhbərlik statusunun miqyasını daha da genişləndirərək, onu qlobal platformada nüfuzlu dünya liderləri ilə bir sıraya çıxarır”

Ermənistanın işğalçılıq siyasəti bütün fəsadları ilə yanaşı, həm də Azərbaycanın milli təhlükəsizliyinə qarşı ən böyük təhdidi yaratmışdı. Silahlı Qüvvələrimizin müzəffər hərbi əməliyyatları nəticəsində artıq bu təhlükənin aradan qaldırılması dövlətimizin və xalqımızın müqəddəratı baxımından müstəsna əhəmiyyət kəsb edir.

Həmsöhbətimiz Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil USUBOV da hesab edir ki, Vətən müharibəsinin uğurlu nəticələri Milli Təhlükəsizlik Konsepsiyasının bütün istiqamətlər üzrə gerçəkləşməsini təmin edəcək. Həmçinin Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə ümumilikdə Qafqaza azadlıq, rifah, inkişaf gələcək, bölgədə münaqişə ocaqlarının sönməsinə, etnik separatizmin kökünün kəsilməsinə təkan olacaq, Ermənistana əsl müstəqillik bəxş ediləcək, beynəlxalq terrorizmlə mübarizəyə növbəti mühüm töhfə veriləcək.

- Ramil müəllim, Silahlı Qüvvələrimizin apardığı hərbi əməliyyatların ilkin nəticəsini Təhlükəsizlik Şurasının katibi kimi necə qiymətləndirirsiniz?

- Cənab Prezidentin rəhbərliyi altında ordumuzun apardığı rəşadətli əməliyyatların ilkin nəticələri çox uğurludur və indiyədək əldə edilən hərbi nailiyyətlər yekun nəticənin daha möhtəşəm olacağına tam əminlik yaradır.

Azərbaycan Ordusunun sentyabrın 27-dən etibarən başlatdığı əks-hücum əməliyyatı qısa müddətdə mühüm qələbələrlə müşayiət olunaraq, əsl Vətən savaşına çevrildi. 28 il müddətində aparılan danışıqlar nəticəsində əldə edilməyən tarixi ədalət məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qısa zamanda bərpa olundu və bu proses inamla davam edir.

Cənab İlham Əliyev müdrik rəhbər və professional strateq kimi bu ədalətli savaşın hazırlığına, mübaliğəsiz deyərdim ki, 17 il öncədən, Prezident fəaliyyətinin ilk günlərindən başlayıb. Mən 17 il ərzində görülən işlərin detalları barədə danışmağa, prosesin geniş təfərrüatını açıqlamağa lüzum görmürəm. Bunların bir hissəsi məxfidir, əksər qismi isə xalqa məlumdur - hər şey göz önündə baş verib. Əsas nəticədir ki, bu nəticəni də elə hər gün Prezidentin qələbə "tvit”lərində görür, qürurlanırıq.

Ordumuzun dəqiqliklə həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları hər birimizdə həm də böyük minnətdarlıq hissi doğurur. Məsələ burasındadır ki, xalqımız ən azından son iki yüzillikdə işğal olunmuş, zəbt edilmiş torpaqlarını belə geniş ərazidə, həm də bu qədər qısa zamanda geri qaytara, tarixi ədaləti öz gücü, iradəsi və öz imkanları ilə bərpa edə bilməyib. Azərbaycan heç vaxt bugünkü qədər güclü söz, nüfuz sahibi olmayıb, onilliklər boyu qüdrətli havadarlarına arxalanaraq təcavüzkar əməllərini arxayınlıqla, cəza almadan həyata keçirən, Xocalı qətliamı kimi bəşəri cinayətə imza atan, həm də bunu heç vaxt gizlətməyən düşmənə belə şiddətli zərbə endirib yerində oturtmayıb.

Biz gücümüzü, xalqımızın iradəsini döyüş meydanında göstəririk və artıq işğalçı Ermənistan indiyədək törətdiyi cinayətlərə görə layiqli cavabını alır. İllər öncə Ümummilli Liderimizin vəd etdiyi Qələbə sevinci ilə xalqımızı bu gün qüdrətli Sərkərdəmiz, müzəffər Ali Baş Komandanımız müjdələyir.

- Bugünkü hərbi uğurlardan danışarkən, şübhəsiz ki, tariximizin məğlubiyyətlər dövrünü də unutmamalıyıq. Ən azından gələcək nəsillər tariximizin hər iki mənzərəsini bilməli, xaosdan qurtuluşa keçidin məşəqqətlərini anlamalıdır. Bildiyimiz qədər Siz həmin dövrdə müharibə iştirakçısı da olmusunuz. İki mərhələ arasındakı tarixi dönüşü necə dəyərləndirərdiniz?

- Təəssüf ki, bu həqiqəti bəzən elə müasirlərimiz də unudur, yaxud da buraxılan səhvləri etiraf etmək istəmirlər. Yəni gələcək nəsillərdən öncə müəyyən hallarda elə müasirlərimizə də məlum prosesləri xatırlatmaq gərək olur. Biz 28-30 il öncəki bu həqiqətləri bilməsək, yaxud unutsaq, bugünkü hərbi nailiyyətlərin mahiyyətini də, miqyasını da düzgün qiymətləndirə bilmərik.

Onu da daim xatırlamalıyıq ki, ovaxtkı döyüşdə məğlub olan Azərbaycan bu gün elə bir qüdrətə sahibdir ki, indi tək Ermənistana qalib gəlmir, həm də təcavüzkarın cinayət hərəkətlərinə göz yuman, ona dəstək verənlərin təsirlərini, təzyiqlərini neytrallaşdırır. Bax, budur cənab İlham Əliyevin möhtəşəm liderliyi, hər bir azərbaycanlıya nümunə olacaq vətənpərvərliyi!

Qaldı ki, ötən əsrin 90-cı illərinin ilk dövrlərindəki məlum duruma, zənnimcə, bu barədə geniş məlumata ehtiyac yoxdur. Lakin onu da qeyd etməliyəm ki, Azərbaycanın minlərlə vətəndaşı daxili işlər orqanlarının əməkdaşları ilə birgə vətən üçün, xalq üçün, Qarabağ üçün döyüşür, şəhid olurdular. Yalnız silahlı qüvvələrimizin deyil, o cümlədən xalqımızın da ovqatını, döyüş ruhunu yaxşı xatırlayır və indi müfəssəl müqayisə etmək üçün yetərincə fakta malikik.

Nə dəyişib? Xalq həmin xalqdır, vətəndaşlarımız və o cümlədən hərbi qüvvələrimiz o vaxt da döyüşkən ruhdaydı, vətən sevgisi hədsiz böyük idi, qələbə uğrunda sonadək getmək əzmi var idi. Çatışmayan yalnız lider qətiyyəti, rəhbər qeyrəti, sərkərdə qüdrəti, istedadı idi. Bunlar yox idi o dövrdə... Ancaq indi bunlar var və biz artıq real nəticəni görürük.

O illərdə siyasi rəhbərlərin göstərişi ilə tanklarımız Qarabağ cəbhəsində deyil, Bakı küçələrində irəliləyirdi. Batalyonlar Qarabağda yaşayış məntəqələrimizi müdafiə etmək, düşmənə qarşı hücuma keçmək əvəzinə burada siyasi partiyaların qərargahlarını qoruyurdular, mərkəzi icra orqanlarının binalarını ələ keçirməyə çalışırdılar. İşğalçı ölkə isə bu xaosdan bəhrələnərək təcavüz siyasətini həyata keçirir, azərbaycanlılarsız Ermənistan, azərbaycanlılarsız Qarabağ planlarını icra edir, etnik təmizləmə, soyqırımı törədirdilər.

Ulu Öndər Heydər Əliyev dövlətçiliymizi, xalqımızı məhvə sürükləyən bu gedişatın qarşısını aldı. Müzəffər Ali Baş Komandanımız İlham Əliyev isə 90-cı illərin məğlub ordusunu bu gün dünyanın ən güclü Silahlı Qüvvələrindən birinə çevirdi. Müqayisədə meydana çıxan ən böyük həqiqət məhz budur.

Bir sözlə, Azərbaycan Milli Qurtuluşdan ümummilli qələbəyədək çətin, həm də şərəfli yol keçir.

- Mövcud hərbi zəfərləri də elə Milli Qurtuluşun nəticələri saymaq olarmı?

- Şübhəsiz ki, belədir. Ancaq bir məsələ də var. Möhtərəm Prezident bütün proseslərdə inkişaf yolunu müəyyənləşdirərkən müasir çağırışlarla, dünyanın ən mükəmməl nümunələri ilə yanaşı, özünün müdrikliyindən, böyük təcrübəsindən irəli gələn tələbləri, istiqamətləri də tətbiq edir.

Prezident İlham Əliyev indiyədək iqtisadi, sosial, siyasi, mədəni-mənəvi, humanitar sahələrdə çox təkmil modellər yaradıb. İnkişafın Azərbaycan modeli, Tolerantlığın və multikulturalizmin Azərbaycan nümunəsi, Sivilizasiyalararası əməkdaşlığın Azərbaycan platforması, idmanın yüksəlişinin ən uğurlu örnəyi və digər bu kimi nümunələr, həmçinin xaosun, terrorizmin məngənəsində olan qitədə sabitlik adası yaratmaq bacarığı indi dünyanın məşhur tədqiqat mərkəzlərində öyrənilir, qlobal təşkilatlar tərəfindən qəbul olunur. Həm də ölkəmizin, xalqımızın beynəlxalq məkanda nüfuzunun möhkəmlənməsinə əhəmiyyətli töhfələr verir.

Vətən savaşında müzəffər Silahlı Qüvvələrimizin göstərdiyi şücaət isə onu sübut etdi ki, Ali Baş Komandanımız həm də dünyada az rast gəlinən bir nümunənin - ordu quruculuğunun ən mükəmməl modelinin müəllifidir. Müasir qalib ordumuz, rəşadətli şəxsi heyət birmənalı olaraq möhtərəm İlham Əliyevin müdrik və məqsədyönlü ordu quruculuğu konsepsiyasının real təzahürü, təntənəsidir.

Biz gələcəyə hesablanmış uzaqgörən, müdrik siyasətin bəhrələrini işğaldan azad edilmiş 200-dən çox yaşayış məntəqəmizdə Azərbaycan bayrağının dalğalanması ilə görürük. Hazırda hərbi əməliyyatlarda tətbiq olunan müasir yanaşmalar, silah növləri və texnika illər öncə qəbul edilmiş qərarlar əsasında əldə olunmuş və inkişaf etdirilmişdir. Bu sıraya müasir hərbi əməliyyatlarda tətbiqi əvəzsiz olan, yerli coğrafi relyef şəraitində düşmən üzərində üstünlüyü təmin edən xüsusi təyinatlı qüvvələrin yaradılması və hazırlığı, ən müasir PUA-ların, yüksəkdəqiqlikli silahların, müasir döyüş texnikasının silahlanmaya daxil edilməsi, informasiya mübarizəsinin səmərəliliyinin gücləndirilməsi aiddir.

- Ramil müəllim, hazırda davam edən Vətən müharibəsini Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının təmini baxımından necə qiymətləndirmək olar?

- Vətən müharibəsi mahiyyətcə Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasının bütün sahələrinin və istiqamətlərinin təmin olunmasını şərtləndirir. Elə konsepsiyada da əsas müddəa kimi "Beynəlxalq hüquqda təsbit olunmuş bütün vasitələrdən istifadə etməklə öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin ən ümdə vəzifəsidir” bəndi təsbit olunub.

Bu kontekstdə bir məqamı yenidən vurğulamaq istərdim. Müsahibənin əvvəlində qeyd etdiyim kimi, cənab Prezident yeni mərhələdə Vətən müharibəsinə 2003-cü ildən başlayıb. Sadəcə bu savaş sentyabrın 27-dən növbəti hərbi fazaya qədəm qoyub. 2016-cı ilin Aprel zəfərini də bu silsilədə xüsusi xatırlamalıyıq.

Möhtərəm İlham Əliyev Qarabağın işğalını milli təhlükəsizliyin əsas təhdidi kimi xarakterizə edərək, tarixi ərazilərimizin azadlığını da əsas hədəf - tarixi vəzifə kimi müəyyənləşdirib. Eyni zamanda milli təhlükəsizliyin təminatı olan bu başlıca vəzifənin həyata keçməsini yalnız hərbi yönümdə nəzərə almayıb. Məsələn, hələ 2004-cü ildə Prezident sərəncamı ilə imzalanaraq qüvvəyə minən "Milli təhlükəsizlik haqqında” qanuna görə milli təhlükəsizliyin təmin olunması üçün hərbi istiqamətlə bərabər, siyasi, iqtisadi, sosial, informasiya, ekologiya, elm, o cümlədən mədəniyyət, mənəviyyat və digər sahələr əsas götürülürdü.

Milli Təhlükəsizlik Konsepsiyasında da milli təhlükəsizlik siyasətinin əsas istiqamətləri kimi - xarici siyasət; hərbi təhlükəsizlik; dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik; iqtisadi təhlükəsizlik; sosial təhlükəsizlik; elm və təhsil; milli-mənəvi dəyərlər, tolerantlıq və multikulturalizm; informasiya təhlükəsizliyi; ekoloji təhlükəsizlik kimi yönümlər qruplaşdırılıb.

Möhtərəm Prezident bu istiqamətlərin hər biri üzrə ayrı-ayrılıqda xüsusi tədbirlər həyata keçirib, ardıcıl siyasət formalaşdırıb. Sonra isə onların hər birinin uğurlu nəticəsini birləşdirərək Milli Təhlükəsizlik Konsepsiyasının təminini reallaşdırıb və Vətən müharibəsinin nəzərdə tutulan hədəflərə çatmasını müdrikliklə gerçəkləşdirib.

Fikrimi qısa olaraq belə ümumiləşdirmək istərdim. Xarici siyasətdə - Azərbaycanın diplomatiyada balanslaşdırmadan tam müstəqil siyasətə keçidi, ölkəmizin beynəlxalq birlikdə artan nüfuzu, BMT Təhlükəsizlik Şurasına üzvlüyü, Qoşulmama Hərəkatına sədrliyi, bölgədə maraqları kəsişən dövlətlərlə ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarını yaratması və s.; hərbi təhlükəsizlik - müasir və peşəkar ordu quruculuğu, ən yüksək və modern səviyyədə hərbi təchizatın təmini, müdafiə sənayesinin yaradılması və davamlı təkmilləşdirilməsi, Vətən savaşında əldə olunan hərbi zəfərlər; dövlət təhlükəsizliyi və ictimai təhlükəsizlik - vətəndaş cəmiyyəti quruculuğu, demokratikləşmə və insan hüquq və azadlıqlarının təmini sahəsində davamlı irəliləyişlər, ölkədə ictimai sabitliyin təmini, kriminogen duruma tam nəzarət, qlobal təlatümlər və sərhədlərimiz yaxınlığında cərəyan edən təhdidlər fonunda ölkədə asayişin səmərəli qorunması, xalq-iqtidar birliyinin davamlılığı; iqtisadi təhlükəsizlik - səmərəli islahatlar nəticəsində Azərbaycanın bölgənin əsas iqtisadi gücünə çevrilməsi, Avropanın əsas enerji təminatçılarından biri olması, valyuta ehtiyatlarını davamlı artırması və s.; sosial təhlükəsizlik - effektiv sosial islahatlar, dünyada az rastlanan və vətəndaşlarımızın 70 faizdən artıq kəsimini əhatə edən davamlı sosial dəstək paketləri, əhalinin güzəranının yüksəldilməsi və s; elm və təhsil - bu sahələrdə müasir trendlərə əsaslanan islahatların aparılması, dünyanın innovativ elm-təhsil yeniliklərinin ölkəyə cəlbi və s; milli-mənəvi dəyərlər, tolerantlıq və multikulturalizm - tarixi irsin, mənəvi dəyərlərin və hərbi vətənpərvərlik hissinin kütləvi aşılanması, azərbaycançılıq ideyasının birləşdirici gücə çevrilməsi, Azərbaycanın fərqli dinlərə, etnik mənsubiyyətə malik insanların birgəyaşayının ən uğurlu təmin edildiyi ölkə kimi dünyada tanıdılması; informasiya təhlükəsizliyi - bu sahənin texniki yönümdən siyasi-iqtisadi, ən əsası isə hərbi mahiyyətli vacib sferaya çevrilməsi, qlobal və lokal məkanda informasiya yükünün obyektivliyinin, operativliyinin, milli maraqlara uyğunluğunun təmini və s.; ekoloji təhlükəsizlik - ekoloji təhlükələrdən, risklərdən, təhdidlərdən, təbii fövqəladə hallardan etibarlı qorunma və onların nəticələrinin aradan qaldırılması, həmçinin böhranların idarə olunması sahəsində effektiv fəaliyyət mexanizminin yaradılması və s.

Yuxarıda qeyd etdiyim sahələrdə əldə olunan uğurların sayı çoxdur, mən onların yalnız ən əsaslarını, cüzi hissələrini xatırlatdım. Bu möhtəşəm nailiyyətlər Azərbaycanın müasir dövlət kimi inkişafının və möhkəmlənməsinin zəmini olduğu kimi, onun milli təhlükəsizliyinin etibarlı təminatını da ehtiva edir. Bu gün Qarabağ cəbhəsində əldə olunan hərbi zəfərlərin təməlini diplomatik nailiyyətlərimiz, iqtisadi-sosial inkişafımız, Azərbaycanın sabitlik adasına çevrilməsi, elmin və təhsilin müasirləşdirilməsi, mənəvi dəyərlərə sadiqlik əsasında çoxmillətli, çoxkonfessiyalı dövlətin təşəkkülü, güclü informasiya dəstəyi, sağlam mühit təşkil edir.

Ona görə də mən cəbhədə qazanılan zəfərlərin yalnız hərbi kontekstdə səciyyələndirilməsini tam dolğun qiymət saymıram. Bu həm də hərtərəfli, genişmiqyaslı quruculuq, inkişaf siyasətinin nəticəsidir. Cənab Prezident, etiraf edək ki, böyük çətinliklərə, maneələrə sinə gərərək, dövlətimizin düşmənlərini, xalqımızın bədxahlarını zərərsizləşdirərək yorulmadan bu nəticəyə doğru illər boyu irəliləyib. Və nəhayət, Ali Baş Komandan kimi qalib gəlib! Ədalət də, zəfər də birmənalı olaraq indi Azərbaycanımızın, Ali Baş Komandanımızın və Silahlı Qüvvələrimizin tərəfindədir.

- Qazanılan qələbələr Milli Təhlükəsizlik Konsepsiyasının əsas təhdid hədəflərini də tədricən aradan qaldırır. Demək, Azərbaycan artıq yeni təhlükəsizlik sistemi formalaşdırır?

- Ali Baş Komandanımız indi tək Azərbaycanın deyil, ümumilikdə Qafqazın yeni təhlükəsizlik sistemini formalaşdırır. Yəni mən bu prosesə lokal müstəvidə - Azərbaycan miqyasında baxılması ilə razılaşmıram. Liderimizin fəaliyyətinin mühüm qlobal təsir gücü var ki, bu, Qafqaz bölgəsinə də təsirsiz ötüşməyəcək və nəticə etibarilə hətta Avroatlantik məkanda yeni korrektlərə, mühüm düzəlişlərə rəvac verəcək.

Əsrlər boyu çoxsaylı münaqişələrin, etnik çaxnaşmaların, dini təfriqələrin, separatçılıq savaşlarının hədəfi olan Qafqaz bölgəsi möhtərəm Prezidentimizin sayəsində sülhə, etibarlı təhlükəsizlik mühitinə qovuşacaq.

Cənab İlham Əliyevin Azərbaycanın timsalında bütün Qafqazda yaradacağı yeni təhlükəsizlik konfiqurasiyası bölgənin qədimdən indiyədək davam edən savaşlar və itkilər tarixini, mənzərəsini tamamilə dəyişdirmək gücündədir.

O, Qarabağa tarixi ədalət, Qafqaza isə davamlı sülh və möhkəm təhlükəsizlik gətirir. Möhtərəm cənab Prezidentin Qarabağ bölgəsində yaratdığı yeni durum əslində bütün bölgədə münaqişə ocaqlarının sönməsinə, etnik separatizmin cilovlanmasına təkan verəcək. Həm də yüzilliklər boyu fövqəldövlətlərin toqquşan maraqları zəminində qaynar nöqtəyə çevrilən Qafqazda artıq məlum güclərin təsir və təzyiqləri də minimuma enəcək.

Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, bu münaqişənin ən böyük ziyanını erməni xalqı çəkir. Məhdud iqtisadi potensiala malik bu ölkənin vətəndaşları cüzi büdcələrinin əsasən ədalətsiz savaşa yönəlməsi və dövlətlərinin bütün enerji və logistik layihələrdən kənarda saxlanılaraq tam təcrid edilməsi nəticəsində səfalətə məhkum olunub. Zamanla Ermənistanın zərəri daha da artacaq, ölkə tam iflasa sürüklənəcək. Bu baxımdan bu gün yaranmaqda olan status-kvo erməni xalqı üçün böyük bir şansa çevrilə bilər. Həm dövlətləri külli miqdarda savaş xərclərindən azad olunar, həm də Azərbaycanla imzalanacaq yeni müqavilələr onların, nəhayət ki, müstəqil dövlət quruculuğuna başlamalarına imkan yaradar. Bu baxımdan tam əsasla deyə bilərəm ki, Prezident İlham Əliyevin Qarabağa gətirdiyi tarixi ədalət Ermənistana da əsl müstəqillik gətirəcəkdir. Buna görə də erməni xalqı müdriklik göstərməli, öz hakimiyyətini yeni Qafqaz iqtisadi-siyasi-təhlükəsizlik konfiqurasiyasında yaranmış yeni reallıqlarla hesablaşmağa məcbur etməlidir.

Qafqazın sülhə qovuşması və möhkəm təhlükəsizlik halqasına çevrilməsi bölgənin logistik və iqtisadi-ticari, enerji tərəfdaşlığı əhəmiyyətini də dəfələrlə artıracaq, yeni resursları üzə çıxaracaq. Prezident İlham Əliyevin müəllifi olduğu yeni təhlükəsizlik konfiqurasiyası bölgənin bütün dövlətləri üçün faydalı, səmərəli fürsətdir, inkişafları üçün real zəmindir.

Silahlı Qüvvələrimizin müzəffər qələbələri nəticəsində müəyyənləşəcək yeni status-kvo Azərbaycanı artıq Qafqazın yalnız iqtisadi gücü kimi deyil, həm də bütün istiqamətlər üzrə şəriksiz lideri statusunu birdəfəlik möhkəmləndirəcək. İndi Azərbaycan Avroatlantik məkanda mühüm iqtisadi-siyasi amilə çevrilərək, beynəlxalq miqyasda mühüm faktor kimi qəbul ediləcək. Bu status-kvo eyni zamanda cənab İlham Əliyevin regional rəhbərlik statusunun miqyasını daha da genişləndirərək onu qlobal platformada nüfuzlu dünya liderləri ilə bir sıraya çıxarır.

Həmçinin bundan sonra etnik separatizmlə üzləşən ölkələr problemlərini həll etmək üçün çox effektiv modelə - cənab İlham Əliyevin müəllifi olduğu "Qarabağa ədalət gətirən siyasət” nümunəsinə istinad edəcəklər. Yəni dövlət başçımız dünyanı bürüyən və getdikcə artan etnik separatizm təhlükəsinə güclü zərbə vuraraq ərazi bütövlüyü prinsipinin pozulmazlığını beynəlxalq miyqasda birmənalı təsbit etdi.

Cənab Prezidentin Dağlıq Qarabağ ərazisində onilliklər boyu formalaşan terrorçuluq, qanunsuz narkotik, silah qaçaqmalçılığı şəbəkəsini zərərsizləşdirməsi həm də Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə növbəti mühüm töhfəsidir.

- Təəssüf ki, Vətən müharibəsinin zəfər salnaməsi ilə yanaşı, qanlı səhifələri də var. Rayon və şəhərlərimizin təcavüzkar tərəfindən ardıcıl bombalanması, onlarca mülki əhalinin həlak olması, dövlət və fərdi təsərrüfatlara külli miqdarda ziyanın dəyməsi erməni terrorunun yeni dəhşətləri kimi tarixə həkk olundu...

- Əlləri Azərbaycan xalqının qanına bulaşmış, yüzlərlə günahsız körpəni, qadını, qocanı soyqırımına məruz qoymuş təcavüzkar Ermənistan rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərinə, elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymayaraq vandallıq aktlarını davam etdirir. Hərb meydanında darmadağın edilən Ermənistan məğlubiyyətin acığını mülki əhalidən, dinc vətəndaşlardan çıxır. Gəncə, Bərdə, Tərtər, Ağdam və digər yaşayış məntəqələrinin mülki əhalisinin sıx yaşadığı ərazilərin mütəmadi olaraq atəşə tutulması ağır müharibə cinayətidir.

Gəncədəki dəhşətli qətliamlardan sonra Bərdədə də bu müharibə cinayətlərinin daha amansız formada davam etdirilməsi xalqımızda böyük hiddət doğurur, onun döyüş əzmini daha da artırır.

Fürsətdən istifadə edərək bütün şəhidlərimizin, həlak olan günahsız həmvətənlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, onların kədərinə şərik oluram. Övladlarını, valideynlərini, əzizlərini bu terror nəticəsində itirən insanların amansız itkilər qarşısında sınmadıqlarını, "Təki Vətən sağ olsun, təki Qarabağ azad olunsun, Ali Baş Komandanımıza güvənirik” demələrinə bütün xalqımız kimi, mən də qürurla, onlara böyük minnətdarlıq hissi ilə qatılıram! Bəli, itkilərimiz nə qədər böyük olsa da, milli birliyimiz, Ali Baş Komandan ətrafında vəhdətimiz və Qarabağın azadlığı uğrunda mübarizliyimiz əsla sarsılmayacaq, əksinə, daha da güclənəcəkdir!

- Prezidentin son dövrlərdəki fəaliyyətində Ermənistan tərəfindən törədilən müharibə cinayətləri barədə məlumatların müvafiq instansiyalara təqdim edilməsi xüsusi yer tutur. Bu prosesdə Təhlükəsizlik Şurası hansı işləri görür?

- Bu mövzuda xüsusi məxfilik daşımayan yalnız bir neçə faktı deyə bilərəm. Xarici həmkarlarımızla mütəmadi əlaqələr qururam. Ali Baş Komandanın tapşırığı ilə onlarla telefon əlaqəsi saxlayıram, təcavüzkarın törətdiyi cinayətlər, Azərbaycanın ədalətli müharibəsi barədə informasiyaları onların diqqətinə çatdırıram.

Status-kvonun dəyişməsinin labüdlüyü ilə bağlı elə ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa rəhbərlərinin birgə bəyanatındakı mövqeni söhbətlərdə xüsusi vurğulayır, səmərəsiz danışıqlar prosesinin yaratdığı mənfi vəziyyəti - status-kvonu məhz bu əks-hücum əməliyyatlarının dəyişdirdiyini xatırladıram.

Rusiya Federasiyasının, Türkiyə Respublikasının, Gürcüstan Respublikasının, Belarus Respublikasının Təhlükəsizlik şuralarının katibləri, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi ilə bu mövzuda danışıqlar aparmışam. Müsahiblərimin əksəriyyəti münaqişənin masa arxasında həllinin vacibliyini vurğulayıblar.

- Görünən odur ki, haqlı mövqeyimiz, təəssüf ki, müəyyən beynəlxalq müstəvilərdə hələ də ikili standartlarla qarşılanır...

- Bu kimi yanlış yanaşmalar, əlbəttə ki, var. Lakin beynəlxalq ictimaiyyət artıq bütün həqiqətləri bilir. Cənab Prezident hərbi sahə ilə yanaşı, eyni əzmlə informasiya cəbhəsində də əsl sərkərdəlik nümayiş etdirir. Bir aydan artıqdır ki, dünyanın öndə gələn KİV-ə müsahibələrində Azərbaycan həqiqətlərini, tarixi ədaləti bərpa etməyimizi, "Qarabağ Azərbaycandır!” çağırışının mahiyyətini böyük vətənpərvərlik və diplomatik peşəkarlıqla bəyan edir. Dövlət başçımız bu müsahibələrdə göstərdiyi polad qətiyyəti, dəmir məntiqi, yüksək diskussiya və debat bacarığı, siyasi hazırlığı, fitri istedadı, ali diplomatik qabiliyyəti, hətta kəskin ironiyası ilə bəzi dövlət rəhbərlərinə, diplomatlara ustad dərsləri keçdi. Nə qədər qəribə görünsə də, ordumuzun əks-hücum əməliyyatlarını pisləyən bədxahlarımız Prezident İlham Əliyevin faktları, məntiqi qarşısında arqumentsiz qaldıqlarını açıq etiraf edib, susdular.

Beynəlxalq rəyi Azərbaycanın və ədalətli savaşımızın xeyrinə dəyişdirən Ali Baş Komandanın bu fəaliyyətinin davamı kimi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi fədakarlıq xüsusi qeyd edilməlidir. Mehriban xanım yalnız görkəmli dövlət xadimi kimi deyil, həm də bir ana kimi bu proseslərdə mərhəmətli, şəfqətli missiya yürüdür. Onun müharibədə yaralananlara göstərdiyi qayğı, şəhid ailələrinə himayədarlığı o insanlarla yanaşı, bütün xalqımıza böyük təsəlli, təskinlik və ruh yüksəkliyi verir. Mehriban xanim Əliyevanın vaxtaşırı xalqa müraciələri, vətəndaşlarımızı müxtəlif sahələr üzrə fəallığa çağırması və düzgün istiqamət göstərməsi böyük səfərbəredici rol oynayır.

- Ramil müəllim, əslən Qarabağdansınız, Xocalıda doğulmusunuz. Müsahibəmizin sonunda o torpaqların yetirməsi kimi qazandığımız qələbələrə Sizin münasibətinizi bilmək istərdik?

- Onilliklər sonrasında nəhayət ki, zəfər qürurunu, sevincini yaşamaq, doğulduğun, böyüdüyün, amma uzaq düşdüyün torpaqların artıq əlçatan olduğunu bilmək duyğusunu sözlə ifadə etmək çox çətindir. Qələbəmizin mahiyyəti bütün xalqımız kimi mənim üçün də misli görünməyən səviyyədə böyükdür.

Cənab Prezidentin "Mən çox xoşbəxtəm ki, bu qələbə sevincini bizim insanlara bəxş edə bildik” sözləri hər birimizin ürəyindən xəbər verir. Uğurlu hərbi əməliyyatları ilə qələbələrinin sayını gündən-günə artıran şanlı ordumuz, Ali Baş Komandanımız bu ədalət müharibəsində də məhz Azərbaycan insanını düşünür, onun yurd həsrətinə son qoyur, dünyadan bu arzuyla köçənlərin, şəhidlərimizin ruhunu şad edir.

Hər gün yeni yaşayış məntəqələrimizin azad olunduğunu qürurla dinləyirik. Ancaq hər kəndin adı çəkiləndə sevinməklə yanaşı, mənim ürəyim həm də qövr edir. Çünki o kəndlərin, rayonların hər biriylə bağlı unudulmaz xatirəm, təəssüratım var. İndi yeni torpaqlarımızın azad olunmasını oxuyarkən 90-cı illərin əvvəllərində bu yaşayış məntəqələrinin işğal xəbərlərini eşidərkən keçirdiyim mənəvi sarsıntıları, yaşadığım ruh düşkünlüyünü xatırlayıram. Cənab Prezident vaxtilə o mənəvi məşəqqətləri yaşamış mənim kimi yüz minlərlə insana indi bax, belə böyük sevinc, iftixar hissi bəxş edir.

Möhtərəm Prezident xarici KİV-ə verdiyi müsahəbələrində, xalqa müraciətlərində Qarabağ ərazisinin onun üçün müqəddəs torpaq olduğunu hər dəfə bəyan edir.

Möhtərəm Prezidentimizin qazandığı misilsiz qələbələr həm də Ulu Öndərimizin "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək” məşhur fikrinin təntənəsi, təsdiqidir.

Cənab İlham Əliyev xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, mümkünsüzü mümkünə çevirən qəhrəmandır. Ali Baş Komandan ürəyimizdə sağalmaz yaraya çevrilən Xocalı soyqırımının və digər faciələrin qisasını düşməndən alan qüdrətli Sərkərdədir!

Bütün xalqımız inanır ki, cənab Prezidentimiz, Ali Baş Komandanımız Qarabağı yenidən quracaq, Qafqazın ən abad, ən gözəl, ən müasir, ən inkişaf etmiş mərkəzlərindən birinə çevirəcəkdir.

Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır!

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video