14:32 25 Yanvar 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Elimizə, obamıza qayıdırıq...

ANA SƏHİFƏ / SİYASƏT
01:25 31.12.2020

 

Qayıdırıq... Bu sözdə nə qədər həsrət yükündən azad olmaq var, nə qədər nisgil yükündən qurtulmaq var, nə qədər sevinc qarışıq gözyaşı var. Bu yükün ölçüsü ölçüyə gəlməz, çəkisi çəkiyə gəlməz. Müzəffər Azərbaycan Ordusunun cəsurdan cəsur, qəhrəmandan qəhrəman zabit və əsgərləri əks-həmlə əməliyyatları zamanı erməni qəsbkarlarına havadan və yerdən sarsıdıcı zərbələr endirərək illərdən bəri işğalda qalmış torpaqlarımızı azad etməyə başladılar. Yaşayış məntəqələrimiz bir-birinin ardınca Ermənistan silahlı qüvvələrindən təmizləndi.

İndi həyatımızın sevindirici, fərəhli günlərini və ürəkaçan anlarını yaşayırıq. İçində yaşadığımız bu şərəf dolu günlər ömrümüzün səhifələrinə böyük hərflərlə yazıldı. Çünki uzun illərdən bəri xəyal etdiklərimiz gerçəkləşdi. Yuxularımızda gördüklərimiz indi reallığa çevrildi. Azərbaycan əsgəri şəhər-şəhər, kənd-kənd, oba-oba doğma ocaqlarımızı qəsbdən, yağıların murdar caynağından azad etdi. Bu günlər hamıdan çox illərdən bəri əzablar içində qaçqınlıq ömrü yaşayanların üzü gülür, ürəyi açılır, qəlbi kövrəlir, gözləri nəmlənir. Şanlı Azərbaycan Ordusu erməni qəsbkarlarını ata-baba yurdlarımızdan qovub çıxartdı. Bir müddətdən sonra qaçqınlar doğma ocaqlarına qayıdacaq və iyirmi səkkiz il əvvəlki gözəl həyatlarını yaşamağa davam edəcəklər. Ömürlərinin yeni mərhələlərini yaşayacaqlar.

Bu ilıq payız günlərində 28 il erməni işğalında qalan doğma torpaqlarımızda Azərbaycan əsgərinin addım səsləri eşidilir. Cəbrayıl, Füzuli rayonlarından sonra şanlı ordumuz Zəngilan və Qubadlı istiqamətlərində də əks-həmlə əməliyyatlarını böyük zəfərlərlə davam etdirdi. Hərbçilərimiz düşməni məğlub edib geri qovduqca yaşayış məntəqələrimizdə üçrəngli bayrağımız dalğalanır.

Gələcək nəsillərə nümunə olacaq uğurlu döyüşlərdən sonra oktyabr ayının 20-də Zəngilan rayonunun mərkəzi və bir neçə kəndi qəsbkarlardan azad edildi. Oktyabr ayının

21-də isə qoynunda dünyaya göz açdığım axarlı-baxarlı Babaylı kəndindən də erməni qəsbkarlarının qovulduğu xəbər verildi. Uzun illərdən bəri ata-baba yurdumuzun işğalına, qəsbinə son qoyuldu.

Oktyabr ayının 25-də Qubadlı rayonunun mərkəzi və bir neçə kəndi də erməni işğalından azad olundu. Noyabr ayının 8-də musiqimizin beşiyi, Qarabağın tacı Şuşa erməni qəsbindən qurtuldu. Noyabr ayının 10-da isə gözlənilən böyük tarixi hadisə baş verdi. Müzəffər Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən erməni qəsbkarları ağır itkilər verərək torpaqlarımızı sülh yolu ilə qaytarmağa məcbur oldular. İşğalçılar noyabr ayının 20-də Ağdamdan, 25-də Kəlbəcərdən çıxarıldılar, dekabr ayının 1-nə qədər isə Laçından qoşunlarını təmizləmək barədə öhdəlik götürdülər. Beləcə, erməni qəsbində olan torpaqlarımız 28 ildən sonra şanlı Azərbaycan Ordusunun zabit və əsgərlərinin qəhrəmanlığı sayəsində azad olundu. Azərbaycan Ordusu 44 gün davam edən döyüşlərdə tarix yazdı. Noyabrın 10-u tariximizə Qələbə günü kimi düşdü. Hər il bu əlamətdar günü böyük təntənə ilə qeyd edəcəyik.

Televiziya ekranlarından, Ali Baş Komandan İlham Əliyevin dilindən başqa yaşayış məntəqələri kimi kəndimizin də adını eşidəndə necə sevindiyimi, necə fərəhləndiyimi, hansı kövrək hisslər keçirdiyimi, necə qürurlandığımı, nə cür iftixar dolu anlar yaşadığımı təsvir etməkdə bəlkə də söz də acizdir. Tarixin müxtəlif anlarında belə hadislər olur. Telefonuma bir-birinin ardınca təbrik zəngləri axışmağa başladı. Doğmalarım, dost-tanışlarım, qohumlarım sevinc içindəydi. Ata-baba yurdumuzun erməni işğalçılarından azad edilməsi xəbərinə sevinməyən yox idi. Hamı Ali Baş Komandanın, Azərbaycan əsgərinin hünərinin, zəfərinin şərəfinə alqış deyirdi. Bəli, Azərbaycan əsgəri bütün cəbhəboyu erməni işğalçılarının canlı qüvvəsini, zirehli texnikalarını, artilleriya qurğularını məhv edə-edə tarix yazdı.

İndi doğma ocaqlarımıza gedən yollarımız bütün genişliyi ilə üzümüzə açılıb. Artıq geri dönmək üçün hazırlıq işləri görürük. Hamımız sevinc içindəyik, çünki Azərbaycan əsgərinə minnətdarlıq hissi ilə elimizə, obamıza qayıdırıq.

Bəli, artıq yavaş-yavaş yır-yığış edib doğma torpaqlarımıza dönmək ovqatındayıq. Həsrətə, intizara son qoyulur, ata-baba yurdumuzun isti qoynuna qayıdırıq. Şükürlər ki, bu günü görmək, bu anın sevincini yaşamaq, bu sevinci ürəyimizdə daşımaq bizə nəsib oldu. Yurd yerlərimizin nisgilini çəkə-çəkə, qürbətindən yanıb qovrula-qovrula gəlib bu xoş günə çatdıq. Bütün həsrətlilər vüsala yetişmir. Nə yaxşı ki, bizim torpaq həsrətimiz vüsala qovuşdu. Azərbaycan əsgəri sürətli əks-həmlələri ilə qısa müddət ərzində qaçqınların torpaq nisgilinə son qoydu. Üzlərə, gözlərə qucaq-qucaq sevinc ələdi, könüllərdəki sıxıntını, qubarı şanlı zəfərləri ilə təmizlədi.

İşğaldan azad olunduğuna görə indi doğma ocaqlarımızın da üzü gülür, könlü açılır. İntizarla əsl sahiblərinin gəlişini, geriyə dönüşünü gözləyir. İndi kəklikli, qırqovullu dərələrimizin, bu dərələrdəki xınalı qayalarımızın, ot basmış cığırlarımızın gözləri yollarda qalıb, qayıdışımızın həsrətini çəkir. Ey doğma ocaqlar, ey doğma ellər, gözünüz yollarda çox qalmasın, ürəyimizdə həsrət yükünü sevinclə yuya-yuya yaxın günlərdə qoynunuza qayıdacağıq. Nisgil dolu günlərə son qoyacağıq. İndən sonra heç vaxt torpaqlarımızdan ayrılmayacağıq, həmişə bir yerdə yaşayacağıq.

O yerlərin havasını udmaq, suyunu içmək nə böyük xoşbəxtlikdir! Bu qayıdış, bu dönüş tarixin səhifələrinə böyük hərflərlə yazılacaq. Bu yazını heç kim poza bilməyəcək. Çünki bu böyük bir dönüşdür, möhtəşəm bir qayıdışdır. İşğal günlərini, həsrət dolu çağları heç kim unutmayacaq. Bu günləri xatırlaya-xatırlaya həmişə ermənilərə nifrətlər yağdıracağıq.

Qoy bütün dünya görsün və bilsin ki, şanlı Azərbaycan Ordusu, Azərbaycan əsgəri döyüş meydanlarında böyük igidlik, qəhrəmanlıq göstərərək erməni qəsbkarlarını məğlubiyyətə uğratdı, illərdən bəri işğalda olan torpaqlarımızı azad etdi. Bu gün xalqımız sevinc içindədir. Artıq işğala, qəsbə son qoyulub, şəhidlərimizin qisası alınıb. Buna görə də böyük sevinclə, yüksək ovqatla, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və müzəffər ordumuza böyük minnətdarlıq hissi ilə elimizə, obamıza qayıdırıq.

 

Vahid MƏHƏRRƏMOV

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM