02 Mart 2021 00:55
753
SİYASƏT
A- A+

Paşinyan referenduma gedir

 

Baş nazir hərbi xuntanı zərərsizləşdirir

 

Nikol Paşinyanın Onik Qasparyanın ordunun baş qərargah rəisi vəzifəsindən azad edilməsi barədə prezidentə göndərdiyi vəsatət Ermənistanda yeni siyasi gərginlik yaradıb. Bundan sonra Armen Sarkisyanın vəsatəti geri göndərməsi, baş nazirin isə qərarından əl çəkməməsi siyasi böhranı kritik həddə çatdırıb.

 

Prezidentə təzyiqlər artır

 

İndi prezident Paşinyanın yenidən göndərdiyi vəsatəti 3 gün ərzində ya təsdiq etməli, ya da konstitusiya məhkəməsinə müraciət etməlidir. Əks halda Paşinyanın imzaladığı sərəncam layihəsi avtomatik qüvvəyə minəcək.

Görünən odur ki, hakimiyyət çevrilişinə cəhddə ittiham olunan baş qərargah rəisi ilə bağlı təqdimatı geri qaytarması, təhlükəsizlik şurasının sonuncu iclasında iştirak etməməsi Ermənistan prezidentini qiyamın iştirakçısına çevirir. Yəni atdığı son addımlarla A.Sarkisyan da hüquqi-psixoloji cəhətdən özünü hakimiyyət çevrilişi cəhdlərinə bulaşdırmış oldu. Ona görə Paşinyan hakimiyyətdə qalarsa, prezident üçün daha ağır günlər də başlaya bilər.

Dünən isə  Paşinyan səhhətində problemlər olan A.Sarkisyanın evinə gedərək onu bu yolla ələ almağa çalışıb. Prezident isə onun tələbini yerinə yetirməyib və tərəflər arasında fikir ayrılıqları hələ də qalır.

Paşinyanın tərəfdarları isə vəsatəti imzalaması üçün prezidentə təzyiq edir. Belə ki, “Mənim addımım” fraksiyasından olan deputat Vaaqn Ovakimyan Armen Sarkisyana impiçment tətbiq olunacağını istisna etməyib. Bildirib ki, indiki halda A.Sarkisyan öz səlahiyyətlərini özbaşına həyata keçirib, bu, ölkədə sabitliyin pozulmasına gətirə və dövlət təhlükəsizliyini təhlükə altında qoya bilər: “Ən emosional təsəvvürə sahib olan insan belə bu prosesdə heç bir antikonstitusion element görə bilməz. Biz, əslində, prezidentin səlahiyyətlərindən özbaşına istifadəni görürük. Prezidentin səlahiyyətlərini özbaşına həyata keçirməsi dövlət təhlükəsizliyini təhlükə altına ala və vəziyyətin qeyri-sabitləşməsinə səbəb ola bilər. Konstitusiyanın 141-ci maddəsinin kobud şəkildə pozulmasını əsas götürərək prezidentin impiçment prosesinə başlamaq olar”.

Ermənistan təhlükəsizlik şurası ordunun siyasi proseslərə cəlb edilməsi cəhdlərini qınayan və prezidenti baş qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı sənədi imzalamağa çağıran bəyanat yayıb. Qeyd olunub ki, konstitusiya silahlı qüvvələrin mülki nəzarətdə olduğunu müəyyənləşdirir və onların siyasi proseslərə cəlb olunmasını qadağan edir. Qanuna görə, hökumət başçısı öz mülahizəsinə əsasən baş qərargah rəisinin vəzifəsindən kənarlaşdırılması barədə vəsatət qaldırır. Prezident isə, öz növbəsində, konstitusiyaya əməl olunmasına nəzarət edən ən vacib qurumun rəhbəri olaraq adekvat yanaşma göstərmək öhdəliyi daşıyır. “Təhlükəsizlik şurası yuxarıda göstərilənlərə əsaslanaraq, prezidenti baş qərargah rəisinin vəzifəsindən kənarlaşdırılması və müvafiq bir fərman imzalaması ilə bağlı vəsatətini təmin etməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.

 

Müxalifət impiçmentə qarşı çıxır

 

Parlamentdəki müxalif “Maariflənmiş Ermənistan” fraksiyasının lideri Edmon Marukyan “Facebook” səhifəsində həmkarı Vaaqn Ovakimyanın ölkə prezidentinin impiçment ehtimalı ilə bağlı açıqlamasına münasibət bildirərkən yazıb ki, Ermənistanın hazırkı hakimiyyəti heç kimlə ortaq dil tapmağa çalışmır və vəziyyəti həll etmək üçün addım atmır. “Hər kəslə dil və bu böhrandan çıxmaq üçün həll yolu tapmaq əvəzinə hökumət prezidentə impiçment üçün əsasların olduğunu bəyan edir. Bənzər bir prosesin parlamentdə başladıldığını təsəvvür edirsiniz? Özünüzü məhv etmənin son nöqtəsinə çatmaq istəyirsinizsə, bunu edin”, - deyə müxalif deputat Marukyan bildirib.

Deputat həmçinin qeyd edib ki, əgər Ermənistan parlamentinin hakim fraksiyasının deputatları konstitusiya məhkəməsinin razılığını almasalar və üçdəiki səs toplamasalar, prezidentin impiçmenti prosedurunu reallaşdıra bilməyəcəklər. İmpiçment üçün “Mənim addımım” blokuna 88 səs (hazırda blokda 83 səs var) lazımdır. Bir sıra müstəqil deputatlar da var ki, onların da mövqeyi bəlli deyil. İmpiçment prezident institutuna birbaşa təhdiddir. Bu proses hakim qüvvə üçün siyasi sui-qəsd olacaq”.

Bu arada Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin sabiq müavini, general-leytenant Aykaz Baqmanyan da qiyamçıların tərəfinə keçdiyini bəyan edib. O, baş qərargahın Nikol Paşinyanı və hökuməti istefaya çağıran bəyanatına qoşulub. “Mən hesab etmirəm ki, silahlı qüvvələr bu bəyanatı düşünmədən verib. Mən düşünürəm ki, onlar ciddi qərar qəbul ediblər və bu bəyanata qoşularaq onu müdafiə edirəm”, - deyə general-leytenant bildirib. Daha sonra Baqmanyan əlavə edib: “Məğlub ölkənin lideri postunda qala bilməz, 10 noyabrda o, istefaya getməli idi. İndi o, “1 mart”ı təkrarlamaq istəyir, hansı ki, 2008-ci ildə baş vermişdi - güllələnmə, yanan maşınlar və s”. -  deyə qiyamçı general bildirib.

Dünən Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin təşkilatçılığı ilə mitinq keçirilib. İştirakçılar 2008-ci ilin 1 mart tarixində öldürülən şəxsləri yad ediblər.

Xatırladaq ki, 2008-ci il martın 1-də keçirilən aksiya iştirakçıları Serj Sarkisyanın prezident seçilməsinə etiraz ediblər. Yerevanda polislə aksiya iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı 8 nəfər etirazçı qətlə yetirilib, daxili qoşunların 2 əməkdaşı ölüb. Baş verənlərlə bağlı indiyədək cinayət işi açılmayıb və insanların qətlinə görə heç kəs cəzalandırılmayıb.

Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəyə gəldikdən sonra mart hadisələrinin istintaqına dair göstəriş verib. Nəticədə xüsusi istintaq qrupu yaradılıb və 2008-ci il fevralın 23-dən martın 2-nə qədər vəzifədə olmuş müdafiə naziri və digər rəsmilərə qarşı cinayət işi qaldırılıb.

 

Paşinyan Serj Sarkisyanı ordunu təhrik etməkdə günahlandırdı

 

Dünən isə baş nazir Yerevanın Respublika meydanında, müxalifətin “Vətəni xilas hərəkatı” isə Baqramyan prospektində mitinq keçiriblər.

Nikol Paşinyan mitinqdə çıxış edərək erməni xalqından buraxdığı kobud səhvlərə də görə üzr istəyib. Bildirib ki, son 10 ayda hökuməti hər cür səhvlər buraxıb. Buna görə erməni xalqından üzr istəyir. On minlərlə də insanın iştirak etdiyi mitinq çox izdihamlı keçib. Tərəfdarlar “Xilaskar, Nikol!”, “Hər zaman səninləyik, Nikol!” şüarları səsləndiriblər.

Baş nazir oktyabrda ölkədə yeni referendum keçiriləcəyinin də anonsunu verib. Deyib ki, referendum ölkəni yenidən prezident respublikası formasına qaytarmaq üçün təşkil olunacaq. Hökumət rəhbəri müxalifətin müvafiq memorandum imzalayacağı təqdirdə növbədənkənar seçkilərə getməyə hazır olduğunu da əlavə edib. “Gəlin seçkiyə gedək və baxaq, xalq kiminlədir”, - deyə o söyləyib.

Paşinyan keçmiş prezident Serj Sarkisyanı ordunu təhrik etməkdə günahlandıraraq deyib ki, 2008-ci ilin martında xalqa qarşı ordunu yeridən keçmiş prezident indi də bunu etməyə çalışır: “Bu insanlar ordunu xalqa və hökumətə qarşı yönəltməyə çalışırlar. Əks təqdirdə baş qərargahın açıqlamasını izah edə bilmərəm”.

 Müxalifətin təşkil etdiyi mitinq isə çox sönük keçib. Baş nazirin əleyhdarları hökumət binasına soxulublar. Müxalifətçilər birinci mərtəbədəki foyedə mitinq keçirərək nazirliklərin işçilərini Paşinyan tərəfdarlarının mitinqlərində iştirak etməməyə çağırıblar. Bundan sonra onlar Paşinyanın istefasını tələb edən şüarlar səsləndirərək binanı tərk ediblər.

Göründüyü kimi, Ermənistanda siyasi vəziyyət ağır olaraq qalır. Baş nazirlə prezident  və  ordu arasında münasibətlər gərginləşməkdə davam edir.

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video