23:03 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Pandemiyanın üçüncü dalğası
ANA SƏHİFƏ / DÜNYA
00:51 24.11.2020


Bu təhlükə ilə Avropa qarşılaşa bilər


Dünya SARS-CoV-2 koronavirusunun yayılmasının ikinci dalğası ilə mübarizə aparır. İstər ayrı-ayrı dövlətlərin, istərsə də beynəlxalq təşkilatların gördüyü tədbirlərə baxmayaraq, yeni tip koronavirusun yayılmasını dayandırmaq mümkün olmur. Virusun pandemiyası başlayandan bəri planetin təxminən 59 milyon sakini ölümcül xəstəliyə yoluxmuşdur. 1,39 milyon nəfərdən çox adam koronavirusun doğurduğu COVID-19 sətəlcəmindən dünyasını dəyişmişdir. 40,7 milyon xəstə infeksiyaya qalib gəlmişdir.

COVID-19-la mübarizənin hazırkı mərhələsində dünyanın müxtəlif şirkətlərinin hazırladığı peyvəndlərin son sınaqları keçirilir. Peyvənd hələ ortaya qoyulmamış onun ədalətlə paylanması mövzusunda müzakirələr gedir. Narahatlıq əsassız da deyil. Bir çox müşahidəçilər ehtiyat edirlər ki, varlı ölkələr hazır peyvəndləri dərhal satın alacaq, yoxsul ölkələr isə öz vətəndaşlarının müalicəsini təmin etməkdə çətinlik çəkəcək.

Bu günlərdə dünya liderləri bəyan etmişlər ki, peyvəndlərin bərabər paylanması naminə əllərindən gələni edəcəklər. Öz növbəsində BMT-nin Uşaq Fondu (UNICEF) məlumat vermişdir ki, gələn il "nəhəng əməliyyat” çərçivəsində inkişaf etməkdə olan ölkələrə 2 milyard doza COVID-19 peyvəndi göndəriləcək. UNICEF Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə hazırlanmış qlobal peyvənd paylanması planı çərçivəsində Burundi, Əfqanıstan və Yəmən kimi ölkələrə peyvənd və 1 milyard şprisin çatdırılması işinə 350 aviasiya şirkətini və yük şirkətini cəlb etmək niyyətindədir.

Eyni zamanda bir sıra dövlətlər əhalinin COVID-19-dan peyvəndlənməsi işinə başlamağı planlaşdırır. Bu istiqamətdə pandemiyanın tüğyan etdiyi Avropa ölkələrindən Almaniya ilk təcrübəni həyata keçirmək niyyətindədir. Ölkənin səhiyyə naziri Yens Şpan bildirmişdir ki, peyvəndləməni elə bu il başlamaq mümkündür. Onun dediyinə görə, bunun üçün lazım olan preparat yaxın vaxtlarda Avropa İttifaqında (Aİ) qeydiyyata alına bilər. Nazir bir müddət əvvəl vilayət hökumətlərinə gələn ayın ortalarında peyvəndləmə məntəqələrini işə hazırlamaq barədə göstəriş vermişdir.

Başqa bir Aİ ölkəsində - İspaniyada əhalini koronavirusdan peyvəndləmək üçün 13 min mərkəz yaradılacaq. Peyvəndləmə planı bu gün ictimaiyyətə təqdim ediləcək. Baş nazir Pedro Sançes qeyd etmişdir ki, "ölkəmiz Almaniya ilə birlikdə tamamilə hazırlanmış peyvəndləmə planına sahib ilk dövlətlər arasında olacaq”. Aİ-nin satın alacağı 1,2 milyard doza peyvəndin təxminən 10 faizi İspaniyanın payına düşəcək.

Bu arada "köhnə qitə” başqa bir təhlükə ilə üz-üzə qala bilər. Belə ki, Avropa ölkələri infeksiya ilə mübarizə üçün lazımi infrastruktur yaratmasa, üçüncü koronavirus dalğası ilə qarşılaşa bilər. Bu xəbərdarlıqla ÜST-ün pandemiya ilə mübarizə üzrə xüsusi elçisi Devid Nabarro çıxış etmişdir. Nabarro qeyd etmişdir ki, Avropanın pandemiyaya reaksiyası yetərli deyildir: "Aİ ölkələri ilk dalğanı nəzarət altına aldı, amma ikinci dalğanın qarşısını almaq üçün yay aylarında lazımi infrastruktur qura bilmədi. Hazırda ikinci dalğa davam edir. Elə indidən infrastruktur yaradılmasa, gələn ilin əvvəllərində üçüncü dalğa baş qaldırar”. O vurğulamışdır ki, hazırda pandemiya ilə bağlı çox ciddi vəziyyət yaranmışdır.

Nabarro qeyd etmişdir ki, ÜST-dəki həmkarları mövcud strategiyanı reallaşdırmaqdan başqa alternativin olmadığını daim təkrarlamağa məcburdurlar. Onun dediyinə görə, hər ölkədə virusa yoluxmuş şəxslərin müəyyənləşdirilməsi prosesini təşkil etmək, həmçinin yoluxma zəncirini qırmaq və epidemiyanı lokallaşdırmaq lazımdır. Nabarro izah etmişdir ki, bir çox Qərbi Avropa ölkələrinin vəzifəsi əhalini təcrid etmədən virusu yenidən nəzarət altına almaqdır. Təcrid son dərəcə kobud vasitədir və baha başa gəlir.

ÜST-ün məlumatına görə, planetin digər bölgələri ilə müqayisədə Avropada koronavirusa yeni yoluxma halları daha çox qeydə alınır. Belə ki, ötən həftə dünyada yoluxma faktlarının 46 faizi və infeksiyadan ölüm hallarının 49 faizi Avropanın payına düşmüşdür. Eyni zamanda tətbiq olunmuş karantin tədbirləri nəticəsində xəstələnmə artımı 10 faiz aşağı düşmüşdür.

ÜST-ün xüsusi elçisi Asiyada koronavirusla mübarizədən misal gətirmişdir. Onun dediyinə görə, bu qitədə insanlar maska taxmaq və sosial məsafə saxlamaq da daxil olmaqla lazımi ehtiyat tədbirlərinə riayət edirlər. O, izah etmişdir ki, Asiyada hakimiyyət orqanları ilə vətəndaşlar arasında dəqiq dialoq qurulmuşdur, bundan əlavə, sağlamlıqla iqtisadiyyat arasında seçim edilmir: "Asiya ölkələrində həmişə deyirlər ki, iqtisadiyyatı qaydaya salmaq üçün cansağlığı lazımdır. "Ya, ya da” yoxdur, yalnız hər ikisi var”.

Bundan başqa, hətta yoluxma hallarının sayı azalanda belə sərt tədbirlərin qüvvədə saxlanması Şərqi Asiya strategiyası üçün səciyyəvidir. Nabarro izah etmişdir ki, hakimiyyət orqanları tətbiq olunmuş tədbirləri yüngülləşdirməyə tələsmir, yoluxma faktları sabit aşağı səviyyədə qalanadək gözləyir.

Allahverdi MEHDİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM