24 Fevral 2021 01:13
852
Səhiyyə
A- A+

Pandemiyadan xilasın effektiv üsulu vaksinasiyadır

 

Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunmasını yüksək keyfiyyətlə təşkil etmək üçün bütün zəruri tədbirlər görülüb

 

COVID-19-dan xilas olunmaq dünyanı narahat edən qlobal problemlərin ən vacibidir. Bir ildən artıq müddətdir ki, pandemiya kimi dünyanı bürüyən koronavirusun deyəsən artıq sonu yaxınlaşmaq üzrədir. Nikbinliyi artıran bir sıra səbəblər var: koronavirusun cilovlanması üçün dünya səhiyyəsinin mübarizəsi, ciddi karantin rejiminin hər bir ölkədə tətbiqi, habelə aparılan tədqiqat və yoxlamalar, testlər və nəhayət, düz bir ildir gözlənilən vaksinin hazırlanması, peyvəndin artıq birinci dozasının vurulmasının başa çatdırılması.

Ötən ilin bu çağlarında isə vəziyyət tamamilə əksinə idi. Kimi dindirirdin haradan və nədən yaranması məlum olmayan koronavirusun gətirdiyi fəsadların qorxu və təlaşını keçirdiyini bildirirdi. Ötən ilin bu vaxtlarında yoluxmaların sayının kəskin artmasını iqlim dəyişikliyi və mövsümi qriplərlə də əsaslandırırdılar. Qarşıdan gələn isti yaz-yay fəsillərində COVID-19-un öz-özünü məhv edəcəyi kimi əsası olmayan versiyalar da dünyanı bürüyürdü.

Xəstəliyin, hətta ötəri, yaxud adi qriplərdən biri olduğunu düşünüb özlərini və ətrafını qorumayanlara da rast gəlinirdi. Təbliğatın müəyyən formalarından istifadə bəzi hallarda özünün təsirini göstərə bilmir, buna görə də yoluxmaların və ölənlərin sayının kəskin şəkildə artması ÜST-ün həyəcan təbili çalmasınadək gətirib çıxarmışdı.

Bir il davam edən həmin qorxu, vahimə, inamsızlıq az qala insanları tərki-dünyalığa gətirib çıxaran təlaş artıq ötüb-keçdi. Bu gün dünya səhiyyəsi virusdan qorunmaq üçün daha vacib olan vaksinlərdən istifadənin əhəmiyyətindən danışır.

Əlbəttə, hər yenilik tezliklə qəbul edilə bilmir. Bir ildir ki, arzuladığımız vaksinin əlimizdə olmasının fərqinə varmayanlara da rast gəlinir. Onları düşündürən beş suala cavab axtaranlar peyvəndlənmə prosesindən hələ ki uzaq durmağa üstünlük verirlər. Mütəxəssislər bunun da ötəri olduğunun fərqindədirlər. Axı könüllülük prinsipi əsasında tətbiq edilən vaksinasiya hələ də dünya əhalisinin əsas hissəsini əhatə etməyib. Bu səbəbdən tərəddüdlər, hətta “mənə lazım deyil, nəyimə gərək” deyənlər də kifayət qədərdir.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun, yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçiləri peyvəndləndilər. Fevralın 8-dən 65, 17-dən etibarən isə yaşı 50 və yuxarı olan şəxslərin vaksinasiyasına başlanılıb və demək olar ki, proses uğurla davam etdirilir.

Xatırladaq ki, ölkəmizdə vaksinasiyanın ikinci dozasının vurulmasının 28 gündən sonra həyata keçirilməsi qəbul olunub. COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal - gözləmə otaqları yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli sərəncamına əsasən pandemiya ilə mübarizə çərçivəsində Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə fəaliyyət göstərir. Vaksinasiya prosesinin optimallaşması məqsədilə Bakı şəhərində proses Səhiyyə Nazirliyi, Abşeron, Sumqayıt şəhərləri və ölkəmizin regionlarında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən həyata keçirilir.

Prosesin nizamlı təşkil olunması məqsədilə 50 yaşdan yuxarı olan vətəndaşlar randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçir və burada ən yaxın tibb məntəqəsini seçirlər. Bundan sonra vaksinasiya olunmaq üçün təyin edilmiş tarixdə məntəqəyə yaxınlaşırlar. Bununla yanaşı, respublikada səyyar xidmətlər vasitəsilə də fiziki məhdudiyyətləri olan və ucqar ərazilərdə yaşayan vətəndaşların evlərində vaksinasiya işi həyata keçirilir.

Artıq mövcud məlumatlar infeksiyanın ciddi klinik fəsadlara səbəb olacaq risk faktorlarını müəyyənləşdirmək üçün kifayətdir. Çünki bir ildir COVID-19 infeksiyasına yoluxmuş xəstələrlə, o cümlədən SARS-CoV və MERS-CoV kimi müvafiq koronavirus infeksiyaları ilə bağlı əldə olunan məlumatlar onu deməyə əsas verir ki, ahıl yaşlı insanlar və xroniki xəstəliklərdən müalicə alan digər şəxslər koronavirus infeksiyasının kəskin fəsadları ilə üzləşmək təhlükəsinə malikdirlər. Ona görə də vaksinləşmə prosesində ilk növbədə yoluxmaya daha çox meyilli, riskli insanlar peyvənd edilir.

Bu gün insanları düşündürən suallardan biri də koronavirusa qarşı vaksinasiyanın könüllü, yaxud məcburiliyi ilə yanaşı, peyvəndlərin nə dərəcədə təsirliliyidir. Bu və digər suallar Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri tərəfindən cavablandırılıb. ÜST-ün Baş direktoru Tedros Gebreyesus anticisimləri aşkar etməyə və koronavirus infeksiyası olan xəstələrin sayını müəyyənləşdirməyə imkan verən seroloji tədqiqatlardan söz açarkən bildirib ki, təhlillərin nəticələri dünya əhalisinin böyük əksəriyyətinin hələ də yoluxma riski altında olduğunu göstərir. Dünyada yüzlərlə seroloji tədqiqatlar aparılır, onlar keyfiyyətləri və növləri ilə bir-birindən fərqlənir. Bəzi tədqiqatlar, məsələn, xəstəlikdən sonra anticisim sayının necə dəyişdiyini izləmək məqsədi daşıyır, digərləri bu və ya digər cəmiyyətdəki xəstələnmə göstəricilərini öyrənir: “Biz hələ də müxtəlif əhali qrupları nümayəndələri arasında infeksiyaya qarşı immunitet cavab variantlarını və immun cavab müddətini araşdırırıq”.

Xatırladaq ki, bundan əlavə, o, hər şeydən əvvəl bu cür müdafiəyə ən çox ehtiyacı olanlara - səhiyyə işçilərinə və yanaşı xəstəlikləri olan insanlara peyvənd təklif etməyə çağırmışdı. Daha sonra, ÜST-ün hesab etdiyinə görə infeksiya riski yüksək olan əhali qruplarına qayğı göstərmək lazımdır. Eyni zamanda ÜST rəhbərinin sözlərinə görə, vaksinasiya prosesində əhali koronavirusa qarşı effektivliyini artıq sübut etmiş qoruyucu tədbirlərə riayət etmək məcburiyyətindədir: “Şübhəsiz ki, hər bir insan özü qərar qəbul edir. Lakin insanlar onu da bilməlidirlər ki, ÜST-də vaksinlərin təhlükəsizliyinə cavabdeh olan sistem yaradılıb. Hər hansı mümkün yan təsirlər diqqətlə araşdırılır. Vaksinlərin təhlükəsizliyi peyvəndlənmədən könüllü keçmiş və ya keçən böyük sınaqların əsas amillərindən biridir”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədovun fikrincə, peyvəndləmə ÜST-ün pandemiyaya qarşı mübarizə proqramı çərçivəsində ən effektiv müalicə üsuludur. Risk qruplarına həkimlər, xidmət sahəsində işləyənlər, yaşı 65-dən çox, vacib ictimai fəaliyyəti olan insanlar daxildir. Vaksinasiya məcburi deyil. Sadəcə, elə fikir yaranmasın ki, vaksin ziyanlıdır, ondan çəkinmək lazımdır. Hər bir vaksinin orqanizmdə törətdyi müxtəlif reaksiyalar var. Az sayda problemlər yarana bilər, bəzi insanlara təsir etməyə bilər. Bəzilərinə, əksinə, yaxşı təsir etməz. Amma bu, çox az sayda qeydə alınıb. Bu kimi xırda məsələlərə görə vaksindən uzaq dayanmaq olmaz. Vaksinin faydaları barədə düzgün təbliğat aparılmalıdır. Risk qrupuna aid olan şəxslərə də vaksinasiya məcburi deyil.

Dünənə qədər insanlarda ümumi immunitetin qaldırılması üçün müxtəlif vasitələrdən istifadə tövsiyə edilirdi. Bu gün isə artıq həmin vasitələrdən ən vacibi olan vaksinlər əldədir. Mütəxəssislər birmənalı şəkildə bildirirlər ki, immunitet qazanmağın yolu vaksinasiyadan keçir.

Virusların hər il yeni ştammları yaranır. Builki vaksin gələn il effektli olmayacaq. İllər boyu belə olub. Hər il uyğun vaksinlər hazırlanır. Biz vaxt qazanmalıyıq ki, kütləvi immunitet yaranana qədər virusu ən az itki ilə adlada bilək. İndi vaksinasiyanın əsas hədəfi koronavirus pandemiyasına qələbə çalıb normal həyata dönməkdir. Bir müddət sonra koronavirusa da adi qripə öyrəşən kimi öyrəşəcəyik.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video