16:45 04 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ömrümüzün ən qürurlu ili

ANA SƏHİFƏ / SİYASƏT
00:54 17.01.2021

 

İnsan öz xoşbəxtliyini çox vaxt müxtəlif həyat mənzərələrində axtarır. Fikrimizcə, xalqın, dövlətin, cəmiyyətin həyatında son dərəcə əhəmiyyətli rol oynayan tarixi hadisələrə şahid olmağın özü də elə böyük xoşbəxtliyin bir formasıdır.

Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində bizi üzən, göz yaşlarımıza səbəb olan faciələrimizi, ağrı-acılarımızı, itkilərimizi bu günə qədər də ömrümüzün əzablı anları kimi xatırlayırıqsa, bundan sonrakı həyatımızda Zəfər sevinci ömrümüzə bələdçilik edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən tapdağından azad etdiyi yurd yerlərimizin azadlığının fərəhi qəlbimizi böyüdəcək. Bu şərəfli günlərə şəxsən şahid olmağımızla, bu tarixin bir parçasına çevrilməyimizlə hər zaman qürur duyacağıq.

 

Sınaqlarla başlayan, zəfərlə tamamlanan il

 

2020-ci il ümumən bəşəriyyət üçün ağır sınaqlarla başlamışdı. Dünyanı çənginə almış koronavirus pandemiyasının çətinlikləri ölkəmizdən də yan keçməmişdi və bu çətinliklərin mühüm bir qismi hələ qalır. Eyni vaxtda iki düşmənə qarşı mübarizə aparmalı olan Azərbaycan bu düşmənlərdən birini - torpaqlarımıza göz dikən erməni daşnaklarını darmadağın etsə də, digər düşmənə qarşı mübarizə hələ də davam edir. Təbii ki, bunun çətinlikləri gündəlik həyatımızda, özümüzü və ətrafımızdakı insanları qorumaqdan ötrü məcbur olduğumuz məhdudiyyətlərdə, ölkənin sosial-iqtisadi həyatındakı inkişaf dinamikasının müəyyən qədər aşağı düşməsində müşahidə olunur. Ona görə hesab edirdik ki, bizi normal həyatımızdan, gündəlik iş və həyat vərdişlərimizdən uzaq salmış 2020-ci il hamımız üçün itirilmiş il olacaq. Amma 44 günlük Vətən müharibəsinin Zəfər sevinci, işğalda olan torpaqlarımızın geri qaytarılması ötən ili ömrümüzün ən qürurlu ilinə çevirdi. Bu tarix milli dövlətçilik salnaməmizə qızıl hərflərlə yazıldı.

Eyni zamanda ilin nəticələri göstərir ki, üzləşdiyimiz çətinliklər ölkəmizi öz inkişaf hədəflərindən yayındıra bilməyib. Azərbaycan dövləti, xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji inkişaf yolunda əzmlə irəliləyir. Üzləşdiyimiz sınaqlar bizi daha da möhkəmləndirir.

 

Yeni normal həyata dönüş

 

Koronavirusun ilkin dalğası başlayanda bu qlobal bəlaya qarşı güclü  tədbirlər görmüş və pandemiyanı hazırlıqlı şəkildə qarşılamış Azərbaycan sınaqdan ən az itkilərlə çıxmaqda olan ölkələrdəndir. Dövlətimizin bu sahədə operativ tədbirləri təkcə yeni xəstəxanaların tikilməsi, müasir laboratoriyaların alınması, həkimlərin səfərbər olunması, koronavirus xəstələrinə qulluq edən tibb işçilərinin maaşlarının artırılması ilə məhdudlaşmadı. Ölkə Prezidentinin diqqət və qayğısı, qətiyyəti, ortaya qoyduğu siyasi iradəsi sayəsində hökumətimiz çox böyük sosial paketlə vəziyyətdən ziyan çəkmiş bütün vətəndaşlarının qorunması üçün işlər gördü. Bir neçə milyard manatlıq sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardımların göstərilməsinə şərait yaratdı. Dövlətimiz eyni zamanda özünün dəstək tədbirləri ilə ölkə iqtisadiyyatını pandemiyanın ağır ziyanlarından qorudu. İş adamlarına, özəl sektora, bizneslərə söykək oldu. Onların fəaliyyətinə müəyyən mənada kömək göstərdi.   

Hazırda isə bütün dünyada geniş peyvəndləmə prosesinə hazırlıq gedir. Bəzi ölkələrdə bu proses artıq başlayıb. Peyvəndlərin müsbət nəticələri barədə elmi mərkəzlərin mötəbər rəyləri var. Artıq şükürlər olsun ki, mütəxəssislər qlobal bəlanın çarəsinin tapıldığını ümidlə söyləyə bilirlər. Rəsmi açıqlamalara görə, yaxın həftələrdə Azərbaycana da peyvəndlər gətiriləcək. Bu xəstəlik ölkəmizdə yoxa çıxacaq. Yenidən normal həyatımıza dönəcəyik.

      

Sosial dövlət, dayanıqlı iqtisadiyyat

 

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin nəticələrinə həsr olunmuş iclasında təqdim olunan faktlar respublikanın iqtisadi sahədə də pandemiya böhranından ən az itkilərlə çıxmış ölkələrdən olduğunu göstərdi. Bu dəhşətli virusun təsirlərindən sarsılaraq xeyli geri düşmüş, iqtisadiyyatları kiçilmiş bir çox ölkələrlə müqayisədə Azərbaycan iqtisadiyyatında cəmi 4 faizlik geriləmə var. Vaxtında strateji qərarlar qəbul olunmasaydı, bütün dünya iqtisadiyyatını çökdürmüş belə qlobal bir bəlanın təsiri ilə göstərici daha böyük ola bilərdi. Bu şəraitdə Azərbaycanın qeyri-neft sənayesinin 11 faizdən çox artımı, iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin düzgün aparılmasından və müsbət nəticələrindən xəbər verir. Bu fakt təsdiq edir ki, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi sənayeləşmə siyasəti öz bəhrəsini göstərməkdədir.

Kənd təsərrüfatı sektorunda da 2 faiz artım var. Dövlət rəhbərimizin iclasdakı çıxışında da qeyd etdiyi kimi, bu göstərici daha da yüksələcək. Azad edilmiş torpaqlarda artıq payızlıq əkin işləri aparılmaqdadır. Bunun özü də Azərbaycanın mövcud resurslarından nə qədər səmərəli, təxirəsalınmadan istifadə əzmini, məhsuldar fəaliyyətini, dəyər yaratmaq, insanların rifahına yönələn nəticələr ərsəyə gətirmək potensialını nümayiş etdirir.

30 il ərzində işğal altındakı Azərbaycan ərazilərində yalnız dağıntılar həyata keçirmiş, o bərəkətli torpaqların böyük hissəsini onillər boyu zəhmətsevər insanlara, toxuma, suya, bara-bərəkətə həsrət qoymuş ermənilərin vəhşi əməlləri fonunda bu, xeyli ibrətamiz nümunədir.   

2020-ci ildə ölkə iqtisadiyyatının üzləşdiyi çətinliklərə, koronavirusla mübarizəyə dəstək tədbirlərinə, müharibəyə, sosial-iqtisadi paketin icrasına sərf olunan vəsaitlərin yaratdığı təzyiqlərə rəğmən Azərbaycan öz valyuta ehtiyatlarını qorumağa müvəffəq olub. Neft Fondunun vəsaiti az da olsa artım göstərib. Ölkəmizdə orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artırılıb.

Şəhid ailələrimizin, yaralılarımızın, hərbi əməliyyatlardan ziyan çəkmiş vətəndaşlarımızın, əlillərimizin sosial müdafiəsi dövlət rəhbərimizin xüsusi diqqətindədir.

Ötən ilin sonunda imzalanmış fərmanlar əsasında şəhid ailələrinə verilən Prezident təqaüdünün məbləği artırılaraq 300 manatdan 500 manata çatdırılıb. Bu, şəhid ailələrimizlə yanaşı, 20 Yanvar, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş hərbi qulluqçuların ailələrinə də şamil olundu. Prezidentin daha bir fərmanı isə müharibə və 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Fərmanla bu kateqoriyadan olanlar, həmçinin müharibə ilə bağlı əlilliyi olan insanlara bərabər tutulanlar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə və Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər) üçün Prezidentin təqaüdünün məbləği orta hesabla 50 faizdən çox artırıldı. Yeni sosial paketə əsasən, Azərbaycanın Milli Qəhrəmanına Prezidentin aylıq təqaüdünün məbləği 1800 manata çatdırıldı. Vətən Müharibəsi Qəhrəmanı üçün 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis edildi.

Faşizmə qarşı vuruşmuş ahıl vətəndaşlarımız da diqqətdən kənarda qalmadılar. İkinci Dünya müharibəsi iştirakçıları üçün Prezidentin aylıq təqaüdü 100 faiz artırılaraq 300 manata çatdırıldı.

Ötən il məşğulluq proqramları da davamlı şəkildə icra olunub və məşğulluq mərkəzləri tərəfindən 100 min nəfər vətəndaş işlə təmin edilib, 12 min ailə isə özünüməşğulluğa cəlb olunub. 2021-ci il üçün hədəf olaraq bu proqrama cəlb olunan ailələrin sayının artırılmasıdır və 16 min ailənin əhatə edilməsi planlaşdırılır.

 

Azərbaycan qlobal inkişaf mərkəzidir

 

Dekabrın 31-də cəmiyyətimiz daha bir xoş xəbərin sevincini yaşadı. “Cənub qaz dəhlizi” tam istismara verildi. Azərbaycan Prezidenti bu layihənin əhəmiyyətini, yaratdığı geoiqtisadi imkanları xüsusi qeyd edərək dedi: “Onun son seqmenti olan TAP istismara verildi. Azərbaycan qazı tarixdə ilk dəfə olaraq artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir. Çünki “Cənub qaz dəhlizi”nin təşəbbüskarı da bizik. Əsas maliyyə yükünü də biz öz üzərimizə götürmüşük. Bir çox ölkələri birləşdirən bu layihə gələcəkdə o ölkələr və digər Avrasiya ölkələri arasında yeni əməkdaşlıq formatının təməlini qoyur. Bu əməkdaşlıq formatı bu gün artıq özünü nəqliyyat sektorunda, ticarət sektorunda göstərir, ondan sonra digər sektorlarda göstərəcək. Biz Avrasiyanın enerji xəritəsini yenidən tərtib etdik. Biz bir-birinə bağlı olan 3500 kilometr uzunluğunda 3 qaz kəmərini inşa etdik. “Şahdəniz-2” layihəsini istismara verdik və artıq Avropa istehlakçıları Azərbaycan qazını alırlar. Bu, həm onlar, həm də bizim üçün faydalıdır. Eyni zamanda, digər layihələr üzrə də uğurlu işlər aparılıb. Əminəm ki, bu layihələrin işlənməsi bizə əlavə dividendlər gətirəcək - həm iqtisadi, həm siyasi”.

Əlbəttə, həyata keçirilən iqtisadi layihələr, insanlarımızın rifah halının daha da yaxşılaşmasına xidmət edən addımlar dövlətimizin sosial xarakteri ilə yanaşı, həm də Azərbaycan iqtisadiyyatının dayanıqlılığından, Prezident İlham Əliyevin verdiyi strateji qərarların nə qədər düzgün olduğundan, dövlət rəhbərimizin on illər sonranı proqnozlaşdıra bilmək məharətindən və yürütdüyü siyasəti buna uyğunlaşdırmasından xəbər verir.   

Bu cür qlobal layihələr Azərbaycanın regionda lider mövqeyini daha da gücləndirir və ölkəmizin bu bölgələrdə əsas inkişaf mərkəzi olduğunu hər kəs görür. Cənubi Qafqazda müəyyən iqtisadi, siyasi, geopolitik maraqları olan bütün güclər, beynəlxalq təşkilatlar, qurumlar, transmilli şirkətlər, investorlar burada inkişaf reallıqlarını kimin yaratdığının, kimin səmimi şəkildə sülhə, təhlükəsizliyə, davamlı tərəqqiyə xidmət etdiyinin, qonşular və ümumən hər kəs üçün faydalı bir mühitin yaranmasına çalışdığının şahidi olurlar.

Fikrimizcə, müasir dünyamızda siyasi ideologiyaların toqquşması dövrü artıq bitib. Bunu çoxları iddia edir. Dünya artıq insanların beynini zəhərləyən miflərə, ermənilərin və millətçilik mərəzinə mübtəla olmuş qeyri belə etnik toplumların ziyanlı təbliğatına inanmır. Bu gün dünyanın müdrik insanlarının dəyər verdiyi əsas meyar bəşəriyyət üçün müəyyən faydalar yaratmaqdır. Beynəlxalq iqtisadiyyatın daha sıx inteqrasiyasına töhfələr verməkdir. Yeni imkanlar ortaya qoymaqdır. Uzaq yolları yaxın etməkdir. İnsanların rifahı, gələcəyi üçün müəyyən işlər görməkdir. Hər kəsin marağında olan indi məhz budur. Keçmiş haqqında saxta nağıllar, qaranlıq tarixə əsaslanan mənasız söz-söhbətlər daha heç kimin diqqətini cəlb etmir. Azərbaycan dövləti də uzun illərdir ki, məhz bu inkişaf siyasətini aparır. Tərəqqipərvər bəşəriyyətin arzusunda olduğu inkişaf reallıqlarını yaradır. Nüfuzlu beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan bu gün dünyanın ən islahatçı ölkələri sırasındadır. Respublikada inkişaf mühiti getdikcə yaxşılaşdırılır. İnsanların hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasına təminat verən təməl əsaslar möhkəmlənir. Söz və ifadə azadlığı təmin edilir. Vətəndaş cəmiyyəti formalaşır. Korrupsiyaya qarşı qətiyyətlə mübarizə aparılır. Azərbaycan təhsilə, innovativ inkişafa, gələcəyə ciddi yatırımlar edir. Bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir, ölkə, cəmiyyət özünü yeni bir gələcəyə hazırlayır.

 

Dövlətçilik strategiyasının tarixi uğurları

 

Ölkəmiz dünyada fərqli sivilizasiyaların da təmas nöqtəsinə çevrilib. Tarixən malik olduğu tolerantlıq ənənələrini, sivilizasiyalararası dialoq təcrübəsini, multikultural dəyərlərini dünyaya müasir tərzdə təqdim edir. Azərbaycan hazırda bu sahələrdə qlobal təşəbbüslərin də əsas mərkəzidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə hələ 2008-ci ildən start götürmüş “Bakı prosesi” BMT rəhbərliyinin ən yüksək qiyməti ilə alqışlanır. Azərbaycan dövlətinin ölkə ərazisində fəaliyyət göstərən müxtəlif dini icmalara, ayrı-ayrı etnik qrupların nümayəndələrinə sevgi dolu münasibəti, fərqli sivilizasiyaların abidələrinə, tarixi nişanələrinə diqqət və qayğısı beynəlxalq aləmdə bir nümunə yaradır. BMT, Türk Şurası, Qoşulmama Hərəkatı kimi müxtəlif qlobal çevrələrdə bəşəriyyətin bu günü və gələcəyi ilə bağlı maraqlı təşəbbüslərlə dünyamıza bacardığı faydaları verir. Qısaca desək, beynəlxalq ictimaiyyət artıq kimin-kim olduğuni bilir.

Bütün dünya görür ki, ermənilərin illərdən bəri Azərbaycan kimi xoşniyyətli, sülh və inkişaf məramlı bir ölkəyə, xalqa, cəmiyyətə qarşı uydurduqları yalanlara inanmaq ən azı insafsızlıq və ədalətsizlikdir. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyinə beynəlxalq dəstəyin, bu münaqişəyə maraq göstərən əsas tərəflərin haqsızlığın deyil, haqqın, işğalçının deyil, işğala məruz qalanın yanında olmasının əsas səbəbini də təbii ki, həm də bunda axtarmaq lazımdır. Bu səbəbi, bu reallığı yaradansa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Eyni zamanda uzun illərdən bəri öz fəaliyyəti ilə bu siyasətə dəyərli töhfələr verən, həyata keçirdiyi mədəniyyət diplomatiyası ilə, humanitar fəaliyyətlə böyük tarixi dəyərlər yaradan ölkəmizin Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun  xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır.

Azərbaycan Prezidentinin sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildi. Anadan olmasının 880 illiyini qeyd edəcəyimiz Nizami Gəncəvi irsi bəşəriyyət üçün sonu görünməyən zəngin bir sərvətdir. Prezidentin sərəncamında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, nadir şəxsiyyət, dahi Azərbaycan şairinin yaradıcılığına misilsiz qiymət verilir. İctimai fikir tarixində onun kimi dühaya sahib olmaq isə Azərbaycan xalqının böyük xoşbəxtliyidir.

Eyni zamanda yeni ilin ilk günlərində dövlət başçısı tərəfindən işğaldan azad olunmuş Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Təbii ki, hər iki fakt həyatımızda əhəmiyyətli yer tutaraq yeni bir tarixi başlanğıca çevriləcək.  

 

İndi dirçəliş zamanıdır

 

İşğal edilmiş torpaqlarımızın nə yolla olursa-olsun, geri qaytarılacağı Prezident İlham Əliyevin bu illərdəki bir çox müraciətlərinin, çıxışlarının, bəyanatlarının ana xəttini təşkil edirdi. Ölkə rəhbərimiz bu məsələdə də xalqa verdiyi sözü tutdu. İşğaldan azad edilmiş torpaqlarımızı ordumuzun gücü, dəmir yumruğun zərbəsi ilə düşməndən təmizlədi. O yurdlarımızda üçrəngli Dövlət bayrağımız ucaldıldı. Prezident İlham Əliyev Azərbaycanı yeni bir tarixi mərhələyə, yeni bir başlanğıca yetirdi. Bu gün dövlət rəhbərimizin xalq qarşısında verdiyi daha bir söz var: azad edilmiş torpaqlarımızın dirçəlişi, illərdir həsrətlə yolumuzu gözləmiş o yurdlarda cənnətin yaradılması, ölkəmizin öz iqtisadi inkişaf potensialı, gələcəyə yönəlmiş xoş niyyətləri ilə bütün regionun inkişafına töhfələr verməsi. 

Artıq sosial şəbəkələrdə Şuşaya gedən yük avtomobillərimizin görüntüləri yayılır. Müvafiq dövlət qurumlarımızın, özəl şirkətlərin o torpaqlarda reallaşdıracaqları geniş infrastruktur layihələri barədə məlumatlar, təsvirlər təqdim edilir. O rayonlarımızın, şəhərlərimizin, kənd və qəsəbələrimizin dirçəlişi üçün  yola çıxmış hər yük avtomobili o torpaqlara böyük bir  ümid daşıyır, inkişaf aparır. Ordumuzun hərbi Zəfərinin ardınca indi iqtisadi fəaliyyətimiz hərəkətə keçib. Biz o torpaqları birlikdə azad etdiyimiz kimi, birlikdə də dirçəldəcəyik.

Bu yolda da Zəfər bizimdir.

 

İradə ƏLİYEVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM