23:51 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Müsbət tendensiya görülən tədbirlərin effektivliyini göstərir

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:23 16.01.2021

 

Dünyanı başına alan koronavirus infeksiyası hələ ki yayılmaqda davam edir. Ayrı-ayrı ölkələrdə müşahidə edilənlər pandemiya ilə bağlı vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. 

Digər tərəfdən də, artıq bir çox ölkələrdə virusa qarşı vaksinasiya prosesinə start verilib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indiyədək istehsal olunan peyvənd dozalarının 95 faizinin dünyanın 10 ölkəsində istifadə edildiyini açıqlayıb.

Aparılan araşdırmalara görə, koronavirusa qarşı peyvəndin ən çox tətbiq olunduğu ölkələr siyahısına Almaniya, İsrail, İtaliya, İspaniya, Böyük Britaniya, ABŞ, Çin və Rusiya başçılıq edir. Türkiyə də yeni növ koronavirusa qarşı mübarizə məqsədilə Çin istehsallı “Sinovac” vaksininin tətbiqinə start verib.

Ölkəmizdə də peyvəndləmə prosesinə hazırlıq işləri görülür və ən yaxın vaxtlarda prosesə başlanılacaq. Vaksinlərin alınıb gətirilməsi ilə əlaqədar aparılan bütün danışıqlar müsbət nəticələnib və yanvarın axırlarına kimi 4 milyon doza vaksinin respublikamıza gətiriləcəyi gözlənilir. Əhalinin vaksinasiyasının fevraldan gec olmayaraq başlanılacağı nəzərdə tutulub.

Azərbaycanda aparılacaq vaksinasiyanın təşkili və əlavə təsirlərinin idarə edilməsi ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən təlimlər keçirilir. Bu təlimlərdə ölkəmizdə vaksinasiyanın aparılacağı 150 məntəqədə xəstələrin qeydiyyatı, şikayətlərin qəbulu, qızdırmanın ölçülməsi, kompüterdə və jurnalda qeydiyyatın aparılma qaydası barədə məlumatlar veriləcək. Bütün dünyada olduğu kimi, Azərbaycanda da, ilk növbədə, risk qrupuna daxil olan insanlar peyvənd olunacaqlar. Vaksinasiyanın dövlət hesabına və könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.

Ümumiyyətlə, respublikamızda pandemiya ilə mübarizə istiqamətində qabaqlayıcı tədbirlər ilk gündən kompleks şəkildə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə virusun üzə çıxdığı ilk zamandan etibarən bütün sahələr üzrə çevik və zəruri addımlar atılıb. Dərhal və mərhələli şəkildə həyata keçirilən tədbirlər sayəsində vətənimiz böyük fəlakətdən qorunub, Azərbaycanda virusa yoluxma nəzarətolunan həddə saxlanılıb.

Səhiyyə infrastrukturunun tez bir zamanda hazırlıq vəziyyətinə gətirilməsi, xüsusilə modul tipli xəstəxanaların qurulması koronavirusla mübarizəyə inanılmaz töhfə verib. Bildirək ki, istifadəyə verilən bu xəstəxanalar 200 çarpayılıqdır, müasir texnologiyalar əsasında quraşdırılıb. Ümumiyyətlə isə, son illər ərzində Azərbaycanın hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, hazırda koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik.

Koronavirus infeksiyasının aparılan testlər sayəsində erkən aşkarlanması da effektiv vasitələrdən biridir. Bu sahədə də ölkəmiz lazımi işlər həyata keçirib. Koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi üçün yeni, ən müasir standartlar səviyyəsində olan əlavə tibbi laboratoriyalar alınıb, diaqnostik alətlər və tibbi ləvazimatlar vaxtında ölkəyə gətirilərək xəstəxanalara təhvil verilib.

Virusun diaqnostikası üçün tibb müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir laboratoriyalar Avropa ölkələrinin buraxdığı testlərlə təchiz edilib. Hazırda ölkədə testlərin aparılması üçün 23 laboratoriya fəaliyyət göstərir və adambaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.

Pandemiya ilə bağlı yaşanan ən böyük problemlərdən biri də həkim çatışmazlığı idi. Çünki dünyanın heç bir ölkəsindəki səhiyyə sistemində xəstələrin sayının bu sayda olacağı və hər ötən an artacağı nəzərdə tutulmamışdı. Azərbaycan bu istiqamətdə də effektiv tədbirlər görərək digər ölkələrlə operativ danışıqlar apardı və 5 ölkədən - İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdi. Atılan məqsədyönlü addımlar sayəsində xəstələrin müalicəsi istiqamətində böyük irəliləyişlər oldu.

Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıblar. Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün karantin rejiminin sərtləşdirilməsi istiqamətində müəyyən addımlar atılır.

Ölkəmizdə də sanitar-epidemioloji vəziyyətə uyğun mərhələli şəkildə həyata keçirilən sərt karantin rejimi koronavirusun nəzarətolunan səviyyədə saxlanmasına kömək edib. Buna görədir ki, hazırda da virusa yoluxma sayı aşağı düşməkdədir.

Onu da vurğulamalıyıq ki, tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardımın göstərilməsi qərara alınmışdır. Zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilmişdir.

Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edir.

Son zamanlar COVID-19-a yoluxmada müşahidə olunan müsbət tendensiya dövlətimiz tərəfindən görülən tədbirlərin effektivliyini göstərir. Hazırda da əsas şərt koronavirusa qarşı əldə olunan nailiyyətləri qoruyub saxlamaqdır. Bunun üçün əvvəldən bizə məlum olan pandemiya şərtlərinə tam məsuliyyətlə əməl etməliyik: maska taxmalı, sosial məsafə gözləməli, gigiyenaya əməl etməliyik. Çünki azacıq bir laqeydlik, məsuliyyətsizlik təhlükəli virusun yeni yoluxma ocaqlarının artmasına səbəb olur. Məhz bu səbəbdən də COVID-ə qarşı mübarizəni sona qədər aparmalı, ölkəmizdən onun nəfəsini birdəfəlik kəsməliyik.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM