10 Yanvar 2021 01:18
2480
SİYASƏT
A- A+

MÜHARİBƏNİN AZƏRBAYCAN MODELİ

 

“Bu qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik

 

İlham ƏLİYEV

 

“Biz bu müharibəni şəhidlərimizin canı-qanı  bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”

 

İlham ƏLİYEV

 

“Bu gün bir çox ölkələrdə, inkişaf etmiş ölkələrdə bizim təcrübəmiz öyrənilir. Bu gün bu məsələ ilə məşğul olan bir çox ekspertlər qeyd edirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıb. XXI əsrdə ilk dəfə olaraq bu miqyasda və bu səmərə ilə qısa müddət ərzində tarixi nailiyyətlər əldə edilib”

 

İlham ƏLİYEV

 

Sovetlər İttifaqının tərkibində olduğumuz yetmiş il ərzində biz istədiyimiz kimi inkişaf etməmişik!

Bizi “inkişaf” etdiriblər.

Qazandığımızdan qat-qat azını xərcləmişik.

Çünki SSRİ dövründə qazanılanın hamısı “ümumittifaq fondu” deyilən bir yerə yığılar, sonra ordan bölünərdi!

Kimə nə düşərdi düşərdi...

Qırmızı imperiyanın qoyduğu qayda beləydi!

Kimsənin onu pozmağa cürəti və gücü çatmazdı!

Müstəqil xarici siyasət yürüdə bilməzdik.

Bundan ötrü SSRİ Xarici İşlər Nazirliyi vardı.

Milli maraqlardan söhbət gedə bilməzdi.

“Sovet xalqı” adlandırılan bir toplumun maraqları vardı, o da SSRİ-nin maraqları demək idi.

Dövlət də vahid idi, “millət” də və onların mərkəzində Rusiyanın maraqları dayanırdı.

Hamı da ona “böyük qardaş” deyərək “istəkləri” ilə hesablaşardı.

Sovetlər dövründə Azərbaycanın öz ordusunun olmasını kimsə ağlına belə gətirə bilməzdi.

“Qızıl Ordu” adlandırılan vahid sovet ordusu vardı. Xidmət yaşı çatmış bütün gənclər həmin orduya çağırılar, SSRİ ərazisində, hətta “beynəlmiləl borcunu yerinə yetirmək üçün” Əfqanıstanda belə qulluq edə bilərdi.

O illərdə müsəlman respublikalarından olan gəncləri adətən sovet ordusu tərkibində olan “inşaat batalyonları”na salardılar. Hərbi vərdişlərə, bilgilərə yiyələnməkdən kənarda saxlayar, xüsusən məxfilik daşıyan raket texnikası ilə bağlı hissələrə yaxın qoymazdılar.

Yeri gəlmişkən, yalnız Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra bu “ənənəyə” son qoydu, azərbaycanlı gənclərin hərbi təhsil alması yolunda maneələri aradan qaldıraraq C. Naxçıvanski adına hərbi təmayüllü məktəbi yaratdı, sonra Azərbaycandakı və SSRİ-nin digər yerlərindəki ali hərbi məktəblərdə azərbaycanlı gənclərin təhsilinə şərait yaradan güzəştli şərtlərə nail oldu.

Birinci Qarabağ müharibəsi dövründə Heydər Əliyev sayəsində təhsil alaraq vətənə xidmətə qayıdan hərbçilərin həm müharibədə, həm də sonrakı ordu quruculuğunda fəal iştirakı və zəhməti oldu.

Azərbaycan müstəqil dövlət olduqdan sonra hər şey dəyişdi!

Amma bu dəyişikliklərə xeyli zaman sərf olundu.

Əvvəla, həqiqi müstəqilliyə (deklorativ yox) nail olmaq lazım idi.

İkincisi, müstəqil daxili və xarici siyasət yürütmək üçün özün-özünü yaşada, dolandıra bilməlisən.

Başqa sözlə, qazancın dövləti və xalqını saxlamağı, inkişaf etdirməyə çatmalıdır.

Ən nəhayət, bütün bu işlər səriştəli şəkildə yerinə yetirilməli idi.

***

Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlət kimi yaşamasının, müstəqil daxili və xarici siyasət yürütməsinin əsasını qoydu.

“Əsrin müqaviləsi” neft kontraktı imzalanaraq Azərbaycanın iqtisadi yüksəlişinin təməli qoyuldu.

Yeni Konstitusiya və onun əsasında müstəqil dövləti idarə etmək üçün zəruri qanunçuluq bazası yaradıldı.

Özəlləşdirmə proqramları həyata keçirildi, aqrar islahatlar aparıldı.

Azərbaycanın dünya birliyinə inteqrasiyası başladı.

***

Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyev Azərbaycanın müstəqil dövlət kimi güclənməsi, milli maraqlara söykənən müstəqil siyasət yürütməsini təmin edərək onu Cənubi Qafqazın ən güclü dövlətinə, dünyada söz sahibinə çevirdi.

Prezident İlham Əliyevin rəhbərlik etdiyi inkişaf və quruculuq prosesində Azərbaycanın özünəməxsus, hamının qəbul etdiyi və öyrəndiyi inkişaf modelləri də formalaşdı.

Onlardan biri ölkənin iqtisadi inkişaf modelidir.

İnkişafın Azərbaycan modeli Xəzərin karbohidrogen ehtiyatlarının şaxələndirilmiş marşrutla dünya bazarına nəqlini, neftdən götürülən vəsaitin iqtisadiyyatın digər sahələrinin inkişafında lokomotiv funksiyasını daşımasını, sonrakı mərhələdə ölkənin neftdən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafını nəzərdə tuturdu.

İlham Əliyevin müəllifi olduğu İnkişafın Azərbaycan Modeli ölkəmizin iqtisadi və siyasi cəhətdən güclənməsinə, dünya birliyinə sıx inteqrasiyasına, Cənubi Qafqazın liderinə çevrilməsinə imkan yaratdı.

Bu modelin uğurları hesabına Azərbaycan dövlətinin əldə etdiyi vəsait ordu quruculuğunu, onun ən müasir silahlarla silahlandırılmasını da təmin etdi.

***

İdmanın inkişafının Azərbaycan modeli də İlham Əliyevin formalaşdırdığı mühüm yenilikdir.

Bu model qısa müddətdə ölkəmizdə idmanın sürətli inkişafına, çoxsaylı olimpiya idman kompleksinin, yeni arena, idman qurğuları və idman saraylarının inşasına şərait yaratdı. Azərbaycan idmançıları dünya, Avropa və beynəlxalq idman yarışlarında iştirak edərək dövlət bayrağımızı yüksəldib himnimizi səsləndirdilər, müxtəlif əyarlı medal və mükafatlar qazandılar.

Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını Bakıda yüksək səviyyədə keçirən Azərbaycan artıq beynəlxalq idman oyunlarının yüksək səviyyədə təşkilatçısı imicini də qazanmışdır.

İdmanın inkişafının Azərbaycan modeli ölkəmizdə sağlam, güclü, vətənpərvər gənclərin yeni nəslinin yetişməsinə mühüm töhfə verdi. Həmin gənclər Azərbaycan Ordusunda da həvəslə xidmət edir, qarşıya qoyulan vəzifələri cəsarət və igidliklə yerinə yetirirlər.

***

Multikulturalizmin Azərbaycan modeli də müstəqillik dövrünün nailiyyətlərindəndir.

Ölkəmiz çoxkonfessiyalıdır, burada müxtəlif dinlərə sitayiş edən insanlar mehribanlıq şəraitində yaşayırlar.

Yeni məscid, kilsə, sinaqoqlar tikilir, insanlar sərbəst şəkildə dini məbədlərdə ibadətlə məşğul ola bilirlər.

Milli mədəniyyətlərin inkişafına daim münbit şərait yaradılır.

Hazırda dünyada Multikulturalizmin Azərbaycan Modeli maraqla öyrənilir, dünyanın bir çox ölkələrindəki universitetlərdə bu model tədris proqramına salınmışdır.

Azərbaycanda yaşayan xalqların və millətlərin mehribanlığı və birliyi müharibə dövründə düşmənə sarsıdıcı zərbələr vurulmasında və qələbənin qazanılmasında əsas amillərdən biri oldu.

***

Müharibənin Azərbaycan modeli də Prezident İlham Əliyevin gərgin və səmərəli, uzunmüddətli fəaliyyətinin nəticəsidir.

Bu model özünü ilk növbədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə hazırlıq mərhələsində göstərdi.

Dünyanın yeni düzəninin formalaşdığı, bir sıra dövlətlərin imperiya iddialarından hələ də əl çəkmədiyi, ikili standartların mövcudluğu dövründə müharibəyə başlamaq və onu qələbə ilə başa çatdırmaq elə də asan iş deyildi!

Müharibənin hibrid mərhələsinə keçdiyi, təkcə döyüş meydanında deyil, informasiya “cəbhəsində” və sosial şəbəkədə də döyüşmək zərurəti artıq real gerçəklikdir. Bu gerçəkliyi nəzərə almamaq və qabaqlayıcı tədbirlər görməmək isə mümkünsüzdür!

ATƏT-in Minsk qrupu 27 il sülhyaratma missiyası ilə “məşğul” oldu. Amma necə! Cənab İlham Əliyev Minsk qrupu yaradılan gündən indiyədək onun nə etdiyini (əslində heç nə etmədiyini) dəqiq ifadə edib:

“1992-ci ildə Minsk qrupu yaradıldı. Minsk qrupunun fəaliyyəti göz qabağındadır. Minsk qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər, faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və üç ölkə bu məsələ ilə məşğul olmağa başlamışdır. Amma bunun nəticəsi oldumu? Olmadı. Bizim üçün olmadı, Ermənistan üçün oldu. Ermənistan elə bu nəticəni istəyirdi ki, daim danışıqlar getsin, daim bizim başımızı aldatsınlar, dondurulsun bu məsələ, əbədi qalsın əsarət altında bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız. Bəs nədir Minsk qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox! Dəfələrlə mən onların qarşısında məsələ qaldırmışdım: əgər məsələnin həllini görmək istəyirsinizsə, sanksiyalar tətbiq edin Ermənistana. Sizin əlinizdədir. Siz BMT Təhlükəsizlik Şurasının daimi üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların fikri üst-üstə düşür. O da maraqlı bir məsələdir. Necə olur, bütün başqa məsələlərdə - nüvə silahları ilə bağlı, Yaxın Şərqdə olan vəziyyətlə bağlı, Asiyada olan vəziyyətlə bağlı, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı başqa məsələdə bunların maraqları üst-üstə düşür? Heç bir məsələdə. Ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət təbii ki, bu ölkələr arasında bizdən başqa hər kəsi qane edirdi, ilk növbədə, Ermənistanı qane edirdi.

Ermənistan bu torpaqlarda qanunsuz məskunlaşma aparır. Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Bir söz deyən var onlara ki, sən niyə qanunsuz məskunlaşma aparırsan? Özü də bunu nümayiş etdirirsən. Ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada. Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam elə, gətir, nə qədər istəyirsən gətir, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil. Bu idi mesaj. Yoxsa bu üç ölkə məgər imkanlara sahib deyil ki, təcavüzkara öz yerini göstərsin? İstəmirdilər. Bu reallıq onları qane edirdi.

Ona görə Minsk qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Elə bil bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər ki, yeni reallıqlar yaranıbdır, siz də reallıqlarla hesablaşmalısınız. Biz yeni bir reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır”.

ATƏT-in, habelə dünyadakı ermənipərəst qüvvələrin işğalçıya güclü dəstək verdikləri və “münaqişənin sülh yolundan başqa həlli variantı yoxdur” deyə yorulmadan təkrar edildiyi bir vaxtda hərbi əməliyyatlara əsaslandırılmış şəkildə başlamaq da Azərbaycanın müharibə modelinin tərkib hissəsidir.

İndi dünya əvvəlki dünya deyil!

Daha dünyada gedən proseslərə bir-birilə ziddiyyətdə olan iki superdövlət - ABŞ və SSRİ təsir etmir.

Dünyanın qloballaşma prosesi də iflasa uğramaqdadır.

Yeni güclər, yeni konfiqurasiya, yeni düzən yaranmaqdadır.

Həm də yeni reallıqlar və gerçəkliklər fonunda!

İndi dünyanın hər hansı bir nöqtəsində baş verən və təbii ki, maraq doğuran hər hansı bir hadisə dərhal dünyanın bütün nöqtələrinə yayılır.

Həm də “sözlü informasiya” kimi yox, “görünən informasiya” kimi.

İndi dünyada informasiya yuxarıdan ötürülərək aşağıda formalaşmır. Əksinə, aşağılardan yayılaraq milyonların dəstəyi ilə ictimai rəy kimi təşəkkül tapmaqla yuxarıları onu nəzərə almağa sövq edir.

Daha nəyisə gizlincə həll etmək mümkün deyil!

Odur ki, hər şeyi irəlicədən ölçüb-biçmək, içtimai rəyi nəzərə almaq vacibdir!

Bu həm də o deməkdir ki, içtimai rəyə təsir göstərməyi, onun öz xeyrinə formalaşmasına yardımçı olmağı bacarmalısan!

44 günlük müharibəyə başlamazdan öncə Ali Baş Komandan İlham Əliyev bütün bunları dəqiqliklə hesablayıb nəzərə almışdı. Həm də əvvəlcədən görünməyən, hərbi əməliyyatların gedişində meydana çıxa biləcək məqamları da gözaltı edərək, onlardan da istifadəni, yaxud zərərsizləşdirmənin yollarını müəyyənləşdirmişdi.

Diqqət etdikdə müharibənin Azərbaycan modelinin üç əsas hissədən ibarət olduğu meydana çıxır:

* müharibəyə hazırlıq;

* hərbi əməliyyatların aparılması;

* müharibədən sonrakı dövrdə görüləcək işlər.

Ali Baş Komandan İlham Əliyevin daimi açıq və şəffaf olan fəaliyyətində də üç mühüm məqam aydın nəzərə çarpır:

* diplomatiya sahəsində fəaliyyət;

* müharibənin gedişinə rəhbərlik;

* beynəlxalq KİV-də iş.

Bunlara qədər isə Azərbaycana rəhbərlik etdiyi 17 il ərzində Prezident

İlham Əliyev bir çox zəruri məsələləri yoluna qoya bilmişdi. Həm də mənasız danışıqların aparıldığı, Azərbaycana problemin hərbi yolla həllinin yasaq görüldüyü bir dövrdə. Həmin illəri İlham Əliyev belə xarakterizə edir: “Gəlib-getmək, orada görüş, burada danışıqlar. Biz bu danışıqlardan boğaza yığılmışıq. Bu düşmənlə nə qədər danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyirlər ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Bəs indi məsələnin hərbi variantı deyilmi? Biz nə edirik? Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq. Hesablaşın!”

Deməli, danışıqlarla bərabər, mümkün hərbi varianta da hazırlıq dayanmadan davam edirdi.

***

Müharibə ilk növbədə güclü iqtisadiyyata söykənməlidir!

Çünki onun hər günü milyonlarla dollar vəsait deməkdir.

Əgər dövlətin hələ irəlicədən nə qədər çəkəcəyini, uzandığını bilmədiyi müharibəyə kifayət qədər hazırlığı yoxdursa, qələbə barədə düşünməməlidir.

Prezident İlham Əliyev bu zəruri məqamı irəlicədən aydın görürdü:

“Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqilik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik?”

Müharibəni ordu aparır.

Ordunun ordu olması, düşmənə qalib gəlməsi üçün çox şərtlər vardır.

İlkin şərtlərdən biri isə silahlanmadır.

Xüsusən də indiki dövrdə, XXI əsrdə!

Çünki əsgər də, zabit də silahla vuruşur, düşmən ölkədən silah gücünə qovulur!

İlham Əliyev bu vacib şərtə xüsusi diqqət yetirmişdir: “Bu 17 il ərzində mənim işimin əsas hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək, ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda mənim təşəbbüsümlə Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli, təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması, onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti. Döyüş qabiliyyəti artdı”.

Özlüyündə silahlar adi dəmir parçasından başqa bir şey deyil!

O, əsgərin əlində qorxunc qüvvəyə çevrilir.

Həm də təkcə əsgərin yox, döyüşə rəhbərlik edən zabit və generalların rolu da misilsizdir.

Yüksək texnologiyalara əsaslanan silahlar təkcə fiziki güc yox, bəlkə ondan da çox ağıl, bilik, bacarıq və peşəkarlıq tələb edir.

Bütün bunlar isə təhsillə, təlimlərlə qazanılır.

Əsgər və zabitlər peşəkarlıqlarını artırmaq üçün daimi çalışmalı, öyrənməli, sistemli təlimlər vasitəsilə təkmilləşməlidirlər.

Yenə də Ali Baş Komandana müraciət edirik:

“Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir”.

***

Azərbaycanın müharibə modelində ordunun ruh yüksəkliyi, əsgər və zabitlərin vətənpərvərlik duyğusu xüsusi yer tutur!

Məhz bu idi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Ordusunu yenilməz edən!

Vətən sevgisi və düşmənə nifrətdən yoğrulan bu mənəvi güc hərbi əməliyyatların uğurlu gedişində mühüm rol oynadı.

Məhz bu mənəvi qüvvət və torpaq eşqi sayəsində Azərbaycan əsgəri Şuşa kimi möhkəm bir qalanı az qala yalın əllə, heç bir zirehli texnikanın gücündən istifadə etmədən, raket-mərmi zərbəsi endirmədən, şəhəri dağıtmadan geri aldı!

***

Beynəlxalq miqyasda iş aparmaq, diplomatiya meydanında da çarpışmaq mühüm amillərdəndir.

Bu meydanın da baş qəhrəmanı cənab İlham Əliyevdir!

Onun dünya dövlətləri başçıları ilə keçirdiyi hər bir görüş, iştirak və çıxış etdiyi hər bir beynəlxalq tədbir, BMT Təhlükəsizlik Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatı kimi böyük və nüfuzlu təşkilatlara sədrliyi dövründə etdiyi çıxışlar, qaldırdığı məsələlər, irəli sürdüyü təşəbbüslər hər birimizin gözü qarşısında baş verib və hamımızın yadındadır.

Bəli, Azərbaycanın gücü və imkanları İlham Əliyevin səmərəli fəaliyyətinə, İlham Əliyevin parlaq zəkası, uzaqgörənliyi, xarici dillərdə cəlbedici çıxışları, müdrikliyi və uzaqgörənliyi isə dövlətimizin uğurlarına xidmət edirdi və bu gün də etməkdədir.

İlham Əliyev diplomatik məharətindən istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya qəbul etdirdi:

“Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının

4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük problemlər yarada bilərdi”.

Biz İkinci Qarabağ müharibəsinin gedişində düşmənimiz və onun dəstəkçiləri tərəfindən bir sıra “iradlarla” rastlaşdıq. Döyüş meydanında məğlub olaraq rəzil günə düşən erməni dünya dövlətlərini bizə silah satmaqda qınamağa çalışırdı. Türkiyə, Pakistan kimi qardaş ölkələrin daim yanımızda olması, bizə hər zaman dəstək verməsi, şübhəsiz, gücümüzü artırdı. İsraildən, Rusiyadan aldığımız silahlar da daim karımıza gəlirdi. Əlbəttə, biz həmişə bu silahları pulumuzla almışıq, ermənilər kimi bizə havayı verməyiblər.

Elə həmin ölkələrin dövlət rəsmiləri də bu məqamı əsas götürərək ermənilərin ağızlarından vururdular. Lakin İlham Əliyevin illərboyu yaratdığı bu dostluq telləri gücümüzə mənəvi güc də qatırdı: “Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır. Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik, qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi”.

***

Azərbaycanın müharibə modelinin tərkibində xalqımızın milli birliyi xüsusi rol oynayır.

Ölkəmizin gücü həm də onun tolerantlığında, müxtəlif millətlərə və dinlərə məxsus xalqların bir bayraq altında birləşməsindədir. Hələ Birinci Qarabağ müharibəsi dövründə bütün dünya buna şahid olmuşdur. Bu gün respublikanın bütün guşələrində olan Şəhidlər xiyabanlarında vətən uğrunda canlarını fəda edən Azərbaycan oğulları yanaşı uyuyurlar, Milli qəhrəmanlarımız sırasında xeyli başqa millətlərin də nümayəndələri var və biz daima bununla qürur duymuşuq.

İkinci Qarabağ müharibəsində biz iqtidar-xalq birliyinin dəmir yumruğa dönərək düşmənin başını necə əzdiyinin şahidi olduq. Ali Baş Komandan İlham Əliyev də daim bu birliyimizi yüksək qiymətləndirib:

“Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Halbuki belə planlar var idi, belə cəhdlər var idi. Biz siyasi iradə göstərərək, birlik göstərərək bu cəhdləri dəf etdik, xalq olaraq, millət olaraq öz qürurumuzu müdafiə etdik, öz müstəqil seçimimizi müdafiə etdik və sübut etdik ki, heç kim bizim işimizə qarışmasın və qarışa bilməz. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi”.

***

Azərbaycan kifayət qədər səbr etdi!

Azərbaycan kifayət qədər dözdü!

Beynəlxalq hüququn daha işləmədiyini görərək gücün hüququnu tətbiq etdi.

Öz müharibə modelini yaradaraq öz müharibəsini apardı.

Həm də ortaya yeni müharibə nümunəsi qoydu!

Ali Baş Komandanımızın rəhbərliyi ilə qalib gəldik!

Torpaqlarımızın böyük qismini - 6 şəhəri və 300-dək yaşayış məntəqəsini azad etdik.

Hərbi əməliyyatların dayandırılması üçün qarşımızda diz çökən düşmən bütün şərtlərimizi qəbul etmək məcburiyyətində qalaraq qoşunlarını işğal ərazilərindən çıxardı.

Böyük alicənablıq nümayiş etdirən Prezident İlham Əliyev sonrakı mərhələnin siyasi yolla həllinə razılıq verdi.

***

Azərbaycanın müharibə modelinin bir xüsusiyyəti də hərbi əməliyyatların müəyyən mərhələdən sonra öz yerini siyasi həllə verməsidir.

Prezident İlham Əliyevin xalqa müraciətindən daha bir məqam: “İndiki mərhələdə bizim mövqeyimiz bundan ibarətdir və biz hazırıq ki, bu məsələ hərbi-siyasi yolla həll olunsun. Amma həll olunsun. Atəşkəs deyiblər, eybi yoxdur, qoy olsun... Biz mütləq bu torpaqlara (Kəlbəcər, Ağdam və Laçın nəzərdə tutulur - B.S.) hərbi-siyasi yollarla qayıdacağıq. Hərbi mərhələ bu gün başa çata bilər. Biz məsələni siyasi yollarla həll edəcəyik”.

Sonrası belə də oldu!

***

İnformasiya müharibəsini də uğurla aparmaq, bu sahədə də düşmənə qalib gəlmək Azərbaycanın müharibə modelinin ən vacib cəhətlərindəndir.

Biz bunun İkinci Qarabağ müharibəsi dövründə canlı şahidi olduq!

Təəssüf ki, Birinci Qarabağ müharibəsi dövründə bu sahədə də düşmənə uduzmuşduq!

İndi isə həm əvəzini çıxdıq, həm də təkcə düşməni məğlub etməklə kifayətlənməyərək onun faşist xislətini açaraq bütün dünyaya göstərdik.

İlham Əliyev informasiya sahəsini sözün həqiqi mənasında ikinci çarpışma meydanına çevirmişdi!

Özü də bunu təkcə biz yox, bütün dünya görürdü və izləyirdi.

Hərbi əməliyyatlar dövründə otuzadək tanınmış televiziya kanalı və informasiya agentliyi Azərbaycan Prezidentindən müsahibə alaraq bütün dünyaya yayımladı.

Bu müsahibələri götürənlərin böyük bir qismi ölkəmizə heç də xoş məramla gəlməmişdilər və müsahibəni də xoş niyyətlə götürmürdülər.

Verdikləri suallardan, təkid etdikləri məsələlərdən aydın görünürdü ki, aralarında dünya erməniliyinin tapşırıqlarını icra edənləri də var.

 Belələri hətta jurnalistlərin etik davranış qaydalarına əməl etmir, yersiz dirənişlər göstərir, hətta bəzən kiminlə söhbət etdiklərini unudaraq özlərini prokuror kimi aparırdılar.

Prezident İlham Əliyev jurnalistlərlə hörmətlə, səbr və təmkinlə davranır, verilən bütün sualları faktlarla cavablandıraraq məsələləri ətraflı izah edirdi.

Dövlət başçısının verdiyi cavablarda bir neçə istiqamət diqqət çəkirdi:

* Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə maarifləndirmə;

* ermənilərin Azərbaycan torpaqlarına XIX əsrdən köçürülmələrini sübut edən tarixi fakt və sənədlərin açıqlanması;

* ATƏT-in Minsk qrupunun 27 il ərzində heç bir nəticə əldə etməməsi;

* BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin indiyədək yerinə yetirilməməsi;

* Ermənistanın baş naziri N.Paşinyan tərəfindən sülh danışıqlarının pozulması və mənasız edilməsi;

* son dövrlərdə Ermənistanın Azərbaycana qarşı təxribatları və müharibənin düşmən tərəfindən başlanılması;

* atəşkəs razılaşmasının 3 dəfə Ermənistan tərəfindən pozulması;

* Ermənistan ordusunun Azərbaycandakı mülki əhalini və obyektləri (Gəncə, Bərdə, Tərtər, Goranboy və Mingəçevir şəhərlərində) ballistik raketlərlə atəşə tutması, insanların arasında tələfat və xəsarətlərə, habelə böyük dağıntılara səbəb olması;

* Ermənistanın Azərbaycan tərəfinin şərtlərini qəbul edəcəyi təqdirdə hərbi əməliyyatların dayandırılmasına hazır olması və s...

Cənab İlham Əliyevin müsahibələrində dünya erməniliyini müdafiə edənlərin, beynəlxalq hüququn tapdalanmasının, Ermənistanın müzdlulardan istifadəsinin, ermənilər tərəfindən Cenevrə konvensiyalarının tələblərinin pozulmasının ifşasına da geniş yer ayrılırdı.

İlham Əliyev tərəfindən ermənilər informasiya müharibəsində də tam məğlub oldular, iç üzləri açılaraq bütün dünyaya tanıdıldılar.

***

Müharibənin Azərbaycan modelinin daha bir vacib xüsusiyyəti isə müəyyən mərhələdə hərbi əməliyyatların dayandırılması və münaqişənin siyasi müstəviyə keçirilərək danışıqlar yolu ilə həllidir.

İkinci Qarabağ müharibəsində Azərbaycanın bu alicənab addımı - düşməni sonadək məhvetmə mərhələsində onun torpaqlardan çıxarılması ilə kifayətlənərək hərbi əməliyyatları dayandırması dünya tərəfindən bəyənildi.

Bu humanist addım işğal olunmuş ərazilərdən çıxarılan ermənilərin yaşadıqları evləri və meşələri yandıraraq getmələri fonunda xalqımızın daha alicənab və humanist olduğunu qabarıq göstərir.

Bütövlükdə ölkəmiz tərəfindən aparılan 44 günlük İkinci Qarabağ müharibəsi hərbi sahədə yenilik kimi qəbul edilərək etiraf olundu. Əvvəlcə Prezident

İlham Əliyevin verdiyi qiymətlə tanış olaq:

“Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər”.

ABŞ-ın quru qoşunlarının ordu ab ul Ceyms Makkonvil Azərbaycanın apardığı bu müharibənin yeni nümunə olduğunu, bütövlükdə müharibələrin gedişində ciddi dönüş yaradacağını bildirdi. Onun fikrincə, ABŞ ab u məqamı nəzərə almalı, artıq orduda ağır və ləng manevr edən tankların zamanının keçdiyini, pilotsuz uçuş aparatlarına geniş yer verilməsinin vacibliyini qəbul etməlidir.

Qardaş Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın söylədikləri də qürurdoğurucudur: “Həqiqətən də tarixi dəyəri olan, Azərbaycan və türk tarixinə qızıl hərflərlə yazılacaq uğur əldə etmisiniz. 44 günlük əməliyyat bitdi, amma bu haqda hələ azı 44 il danışılacağına əmin olun. Bu əməliyyat bir oyanışdır, biz Azərbaycan Ordusunun gücünü gördük”.

Yeni nəsil müharibə üsulunu özündə təcəssüm etdirən müharibənin Azərbaycan modeli praktik şəkildə nə deməkdir?

Ermənilərin torpaqlarımızdan qısa müddətdə qovulması ilə nəticələnən İkinci Qarabağ müharibəsinin gedişi əsasında bu suala cavab verməyə çalışaq.

Bu, ilk növbədə düşmən ordusunu iflic vəziyyətinə salan sürətli taktika deməkdir!

Burada əsas rolu kəşfiyyat dronları, kosmosdan nəzarət oynayırdı.

İkinci mərhələdə zərbə PUA-ları ön sıraya çıxırdı.

Beləliklə, ilkin həmlələrdə:

* düşmənin atəş mövqelərinə çıxarılmış top, qrad, raket və digər qurğuları məhv edilirdi;

* düşmən istehkamları və otuz il ərzində yaradılmış müdafiə qurğuları dağıdılırdı;

* düşmənin sursat anbarları aşkara çıxarılaraq partladılırdı;

* radiolokasiya qurğuları sıradan çıxarılır və düşmən qoşunlarının idarəetməsi pozularaq pərən-pərən salınırdı;

* ön səngərdəki bölmələrlə arxanın əlaqəsi kəsilir, düşmən bütün növ təchizatdan - silah-sursatdan, canlı qüvvə və ərzaq təminatından məhrum olunurdu;

* düşmən səngərlərinə gedən yollar gecə-gündüz nəzarətdə saxlanılır, kömək üçün gələn zirehli texnika, canlı qüvvə və sursat daşıyan yük avtomobilləri elə anındaca məhv edilirdi;

* rəqibin müdafiəsini təşkil və döyüşü idarə edən komandir heyəti müəyyənləşdirilərək sıradan çıxarılırdı!

İndiyədək görünməmiş və maraqlı məqamlardan biri isə bu idi ki, Azərbaycan vətəndaşları öz evlərində oturmaqla gündəlik hərbi əməliyyatların gedişindən əyani şəkildə xəbər tutur, məhv edilən düşmən texnikasını, canlı qüvvəsi və dağıdılan istehkamları gözləri ilə görürdülər!

Bu, artıq kino deyildi, real döyüşlər idi.

Daha bir maraqlı məqam.

Erməni ideoloqu Zori Balayan “Ocaq” kitabında türk yatağanı (əyri döyüş qılıncı) barədə dəfələrlə, dönə-dönə söhbət açır.

Yatağana nifrətini bildirsə də, hələ də canında qalan qorxunu gizlətməyə çalışır.

Bəli, satqın və xəyanətkar erməniləri cəzalandıran yatağanı bu xəstə millət heç vaxt unutmamalıdır!

Əslində İkinci Qarabağ müharibəsində hərbi əməliyyatların gedişində uğurlarımızı təmin edən, düşməni vahiməyə salan yatağan sanki yenidən göründü!

Neçə əsrdən sonra geriyə qayıtmışdı!

Bu dəfə “Bayraqdar” formasında!

Bu xəyanətkar, qudurmuş milləti yenidən cəzalandırmaq üçün!

Beləliklə, Azərbaycan Ordusunun müasir silahları həm erməniləri cəzalandırdı, həm də canlarındakı qorxu hissini yenidən gücləndirdi!

İndi hər dəfə Azərbaycan tərəfinə xaincəsinə baxanda bir gözləri göydə qalacaq!

“Bayraqdar”ın başlarına od yağdıracağından qorxduqlarına görə!

Bəli, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edərək Ermənistanı hərbi kapitulyasiya sənədini imzalamağa vadar etdi.

 Müqəddəs torpaqlarımızı murdar ləpirlilərdən təmizlədi. Eyni zamanda hərbi əməliyyatların gedişində ciddi yeniliklər yaradaraq öz müharibə modelini də ortaya qoydu!

Dünya hərb tarixinə qızıl həriflərlə həkk olunan bu modelin müəllifi cənab İlham Əliyevdir!

İlham Əliyev dövlət quruculuğu, siyasi, diplomatiya sahəsi ilə bərabər, hərbi sahədə də böyük istedad və bacarıq sahibi olduğunu sübut etdi.

İndi dünya hərbdə də Azərbaycandan, Müzəffər Ali Baş Komandan İlham Əliyevdən öyrənmək niyyətindədir.

Bu da Azərbaycanın növbəti qələbəsidir!

Qələbən mübarək, Azərbaycan!

Qarabağ Azərbaycandır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video