23:10 25 Fevral 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Milli qürurumuzun təntənəsinə çevrilən Qələbə
ANA SƏHİFƏ / SİYASƏT
01:05 06.12.2020


İlham Əliyev sərkərdə qətiyyəti və siyasi müdrikliklə Ermənistanı diz çökməyə məcbur etdi


Azərbaycanın torpaqlarını müharibə yolu ilə işğaldan azad etməsi nəinki regionda, bütün dünyada diqqətlə izlənən və qarşılanan hadisə oldu. Çünki bu hadisə ilk növbədə bir dövlətin uzun illər məruz qaldığı işğala təkbaşına son qoymasının ən mükəmməl müasir nümunəsi oldu. Bu baxımdan son onilliklərdə bəşər tarixində bir çox müharibələr baş versə də, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsi öz inikallığı ilə fərqləndi.


Azərbaycan müharibəni heç vaxt istisna etmirdi


Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olması bütün dünyaya, hətta erməni xalqının özünə də yaxşı məlumdur. Ermənilərin bu torpaqlara necə gəlib çıxmasını da xüsusi sübut etməyə və araşdırmağa ehtiyac yoxdur. 1805-ci ilin may ayında Rusiya ilə Kürəkçay müqaviləsini azərbaycanlı İbrahim xan imzalamışdı və həmin müqavilədə ermənilər barədə heç bir şey deyilmir. O da məlumdur ki, Qarabağa ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə Ağdərə rayonunun Marağa kəndində abidə qoyulmuşdu. Üzərində ermənicə "Marağa-150” yazılmış abidə 1988-ci ildə Azərbaycana ərazi iddiaları başladan ermənilərin özləri tərəfindən dağıdılıb.

Belə faktlar tarixdə kifayət qədərdir və 30 ilə yaxın idi davam edən danışıqlar prosesində regionla bağlı həqiqətləri beynəlxalq ictimaiyyət, ayrı-ayrı təşkilatlar və Minsk qrupunun həmsədrləri daha yaxından dərk etdilər.

Lakin bu müddətdə onların əksəriyyəti əsl həqiqətləri deməkdən uzaq oldu. Nəinki uzaq oldular, hətta münaqişənin hərbi yolla həllinin qeyri-mümkün olduğunu iddia etdilər. Onlar problemin ədalətli həllini, BMT-nin qətnamələrinin yerinə yetirilməsini tələb etmədilər. Görünən o idi ki, bu prosesin məqsədi əslində ədalətin bərpa olunması deyildi, çünki belə olsaydı, çoxdan Ermənistana qarşı beynəlxalq səviyyədə təzyiqlər olardı. Məqsəd zaman keçdikcə problemi xalqımıza unutdurmaq və torpaqlarımızın Ermənistana ilhaqına nail olmaq idi.

Lakin xalqımızın işğalla barışacağı qeyri-mümkün idi və danışıqlar prosesinin nəticəsiz qalması, Ermənistanın daha da azğınlaşması Azərbaycana müharibədən başqa yol qoymurdu. Ona görə ötən 26 ildə Azərbaycan hərbi əməliyyatların yenidən başlanacağını heç vaxt istisna etmirdi. "Deyirdim ki, müharibə variantı heç vaxt istisna olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində, ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda güc toplayırdıq”, - deyə Prezident İlham Əliyev bu günlərdə xalqa müraciətində bu barədə bildirib.


Düşmənə məqamında vurulan zərbə


Ötən əsrin 90-cı illərinin əvvəllərində torpaqlarımızın bir qisminin işğal olunmasının obyektiv səbəbləri vardı. Prezident İlham Əliyev müsahibələrinin birində bildirib ki, biz o vaxt müharibəni deyil, sadəcə, döyüşü uduzmuşuq. 44 günlük müharibə İlham Əliyevin haqlı olduğunu sübut etdi. Öz möhtəşəm qələbəsi ilə Azərbaycan sübut etdi ki, Ermənistanın bu müharibədə uğur qazanması mümkün deyil.

Sadəcə, zamana ehtiyac vardı və ötən hər bir il ərzində Azərbaycan gücləndi, qüdrətləndi, eyni zamanda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı beynəlxalq hüquqla təsbit olunan haqlı mövqelərini daha da möhkəmləndirdi. Bu baxımdan Azərbaycanın inkişafı, beynəlxalq mövqelərinin möhkəmlənməsi ilə əlamətdar olan ötən hər bir il bu qələbəni, torpaqlarımızın azadlığını daha da yaxınlaşdırdı, tarixi şəraiti yetişdirdi.

Prezident İlham Əliyev xalqa son müraciətində bu barədə deyib: "Sadəcə olaraq, mən demişdim, bir daha demək istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin. Elə zərbə vurmalıyıq ki, düşmən o zərbədən ayılmasın”.

Azərbaycan danışıqların davam etdiyi illər ərzində enerji layihələrini reallaşdırdı, inkişaf etdi və yeganə problemi olan ərazilərinin işğalının müharibə yolu ilə azad olunmasını istisna etməyərək ordu quruculuğunu həyata keçirdi. Bu mənada Azərbaycan düşmənə zərbəni öz məqamında və zamanında vurdu. Bu zərbə elə olmalıydı ki, Ermənistan ilk andan büdrəsin. Belə də oldu və müharibənin ilk günündən işğalçı elə bir zərbəyə tuş gəldi ki, illər boyu möhkəmləndirdiyi istehkamları dərhal tərk edərək qaçmalı oldu.

İndi Ermənistan özünün heç vaxt xilas ola bilmədiyi işğal siyasətinin, erməni millətçilərinin xəstə təfəkkürünün acı nəticəsini yaşayır. Düşməni bu hala salan isə güclü Azərbaycan dövləti və müzəffər Ordumuzdur.


Xalqımız şəhidlərə əbədi heykəl ucaldıb


Prezident İlham Əliyevin müraciətində dediyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan öz Qələbəsi ilə bu münaqişəni həll etdi. Azərbaycan Ermənistanı kapitulyasiyaya məcbur etməklə Dağlıq Qarabağ problemini həll etdi.

Bununla da bölgədə yeni reallıq yarandı. Bu reallıq Azərbaycanın maraqları çərçivəsində, İlham Əliyevin şərtləri əsasında yarandı. Həm Ermənistan, həm də dünya erməniliyi bu reallıqla barışmağa məhkumdur. Ermənistanın kapitulyasiya aktı həm də bu reallığın hüquqi təsbitidir. Bu reallığın ən mühüm tərəfi odur ki, 44 günlük müharibənin nəticəsi olaraq Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Başqa bir mühüm reallıq odur ki, Azərbaycan Cənubi Qafqazda erməni faşizminin qarşısını aldı və ona elə bir zərbə vurdu ki, heç vaxt başını qaldıra bilməyəcək.

Prezident İlham Əliyev həmişə qeyd edir ki, biz qəhrəman əsgər və zabitlərimizin hesabına qələbə qazanmışıq. Nə qədər müasir silahlarımız olsa da, döyüşlərin qalibləri ordumuzun şəxsi heyətidir. Bu müharibədə Azərbaycan əsgərləri rəşadətlə döyüşdü, atalarının, babalarının yolunu davam etdirərək yeni qəhrəmanlıq nümunələri yaratdı, şəhidlik zirvəsinə ucaldılar. Torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edildi.

Bu müharibədə mülki vətəndaşlarımız, qadınlar, yaşlılar, uşaqlar erməni terrorunun qurbanı oldular. Bütün dünya 44 gündə mülki insanların qətliamı ilə erməni qaniçənliyinin şahidi oldu.

Xalqımız öz qəlbində şəhidlərimizə əbədi heykəl ucaldıb. O cümlədən bu müharibənin qurbanları olan mülki vətəndaşların əziz xatirəsi heç vaxt unudulmayacaq. Bu baxımdan Prezident İlham Əliyevin sərəncamı ilə sentyabr ayının 27-nin Anım Günü kimi təsis edilməsi bütün xalqımızın ürəyindən xəbər verən qərar oldu.


8 noyabr Zəfər Günüdür


Dövlətçilik tariximizi şərəfləndirən bayram günlərilə zəngin noyabr ayı indi bizim üçün daha da əlamətdardır. Çünki Prezident İlham Əliyevin digər sərəncamı ilə hər il noyabrın 8-i respublikamızda Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək. Bununla da Azərbaycan Respublikasının dövlət bayramlarının sırasına biri də əlavə olundu.

Sentyabr ayının 27-dən başlanan Vətən müharibəsinin hərbi əməliyyatlar dövrü məhz bu tarixdə başa çatdı. Şuşanın Azərbaycan tərəfindən azad edilməsindən sonra çıxış yolu qalmayan Ermənistan

İlham Əliyevin şərtləri ilə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Sərəncamda deyildiyi kimi, Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana qaytarıldı.

Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun qəhrəmanlığı sayəsində Vətən savaşı qələbə ilə başa çatdı. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd ediləcək.

Bu, Azərbaycan xalqının milli qürurunun təntənəsinə çevrilən Qələbə kimi tariximizə həkk olundu. İlham Əliyev sərkərdə qətiyyəti və siyasi müdrikliklə Ermənistanı diz çökməyə məcbur etdi.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM