25 Yanvar 2021 16:47
1052
PARLAMENT
A- A+

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

 

Yanvarın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclisdən AZƏRTAC-a bildiriblər ki, videoformatda keçirilən iclasda Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli payız sessiyasının Vətən müharibəsi günlərinə təsadüf etdiyini və hər bir azərbaycanlının həyatında ən yaddaqalan tarixə çevrildiyini qeyd edib. Vurğulayıb ki, 44 günlük müharibədə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun rəşadəti ilə qazanılan Qələbə xalqımızın 30 illik nisgilinə son qoyub, dünya dövlətləri arasında ölkəmizin yerini və mövqeyini gücləndirib.

Sədr müavini qeyd edib ki, düşmənlə savaşda Milli Məclisin rəhbərliyi və hər bir deputatı müharibənin reallıqlarını dünyaya çatdırmaq və işğalçı tərəfin yalanlarını ifşa etmək istiqamətində ciddi fəaliyyət göstərib. Vurğulayıb ki, müharibə və pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, payız sessiyasında Azərbaycan parlamenti öz işini ən yüksək səviyyədə davam etdirib, qarşıda duran vəzifələr layiqincə yerinə yetirilib.

Sonra Fəzail İbrahimli 2020-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 9 məsələyə baxılıb. O cümlədən sessiya ərzində “Siyasi partiyalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələ Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə videokonfrans formatında üç oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olunub və Milli Məclisdə qəbul edilib. Komitə büdcə zərfinin müzakirəsində də fəallıq göstərib.

Hesabat dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 242 ərizə və məktuba, müxtəlif xarakterli digər sənədlərə, elektron poçt vasitəsilə gələn məktublara komitədə baxılıb və tədbir görülməsi üçün aidiyyəti qurumlara 220 məktub göndərilib. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılaraq qanun çərçivəsində məsələlərin həllinə nail olunub. Vətəndaşların şifahi müraciətlərinə də həssaslıqla yanaşılıb.

Koronavirus infeksiyasına qarşı mübarizə ilə əlaqədar vətəndaş qəbulunda elektron və telefon rabitəsi vasitələrinə üstünlük verilib. Həmin qəbullarda 167 vətəndaşın müraciəti dinlənilib və zəruri tədbirlər görülüb.

Sessiya ərzində ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən komitə üzvləri parlamentlərarası əlaqələr üzrə işçi qruplarla da onlayn qaydada müxtəlif görüşlər keçiriblər.

Hesabatın müzakirəsində komitə sədrinin müavini Sahib Alıyev, deputatlar Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Azər Badamov, Anar İsgəndərov rəy və təkliflərini bildiriblər. Payız sessiyası dövründə görülmüş işlər müsbət dəyərləndirilib. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi günlərində ölkədəki bütün siyasi partiyalar vahid amal ətrafında birləşdi və Prezidentin siyasətini, xalqın mənafeyini dəstəklədi.

Hesabat məqbul sayıldıqdan sonra komitə sədri Fəzail İbrahimli 2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib. Həm qanunvericilik fəaliyyətini, həm də müxtəlif səpkili tədbirlərin təşkilini nəzərdə tutan iş planı iclasda səslənmiş təkliflər nəzərə alınmaqla qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video