07 Fevral 2021 00:51
3539
SİYASƏT
A- A+

Milli inkişafın yeni prioritetləri

 

Prezidentin müəyyənləşdirdiyi yeni yol xəritəsi Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçidini təmin edəcək

 

* Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

* Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

* Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

* İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

* Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

 

Bunlar Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamına əsasən növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə reallaşdırılacaq 5 Milli Prioritetdir. Dövlətin əsas hədəflərini müəyyənləşdirən Prezident bununla növbəti 10 il üzrə inkişafın yol xəritəsini təqdim etdi.  Milli Prioritetlər eyni zamanda BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

 

Sistemli və davamlı islahatlar, yüksəliş üçün yaranan yeni imkanlar

 

Dövlət başçısının imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamda deyildiyi kimi, Azərbaycan iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşamaqdadır. Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib.

Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda iqtisadi rolunu yüksəldib, xarici təsirlərə davamlı olmasına və müstəqil dövlət kimi suverenliyinin bərpasına möhkəm zəmin yaradıb.

Bu nailiyyətlər 44 günlük Vətən müharibəsindəki tarixi qələbəyə də transformasiya olundu. Ötən il noyabrın 10-da imzalanmış tarixi bəyanatla Azərbaycanın siyasi və iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin mövcud iqtisadi potensialından ölkə əhalisinin rifahı üçün tam istifadə olunmasına real zəmin yaradır. Əlbəttə ki, əldə edilmiş qələbə qarşıdakı illərdə sistemli və davamlı islahatlarla inkişafa yeni imkanlar açacaq.

Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək.

Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, yüksək rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcək.

Həmçinin sənəddə qeyd edilir ki, Azərbaycan postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə dövlətin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir.

 

Qüdrətli dövlət, dinamik və sosial ədalətə əsaslanan cəmiyyət

 

Son illərdə İlham Əliyevin mütərəqqi islahatları sayəsində əldə edilən uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə ölkənin iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.

Sənəddə davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına hər bir vətəndaşın öz həyatında bu inkişafı hiss etməsinə hədəflənib. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet üç məqsəd əsasında   (inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, paytaxt və regionların tarazlı inkişafı) reallaşa bilər.

Təbii ki, ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısına qalır. Ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.

 

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış

 

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm hadisədir. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu.

Sənəddə qeyd edilir ki, qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından məcburi köçkün düşən insanların vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq.

Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək.

Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür.

Bu prioritetin uğurla reallaşdırılması üçün aşağıdakı iki məqsədə nail olunmalıdır - dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya...

İlk məqsədə gəlincə, öncə onu deyək ki, Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası əhalinin öz doğma torpaqlarına qayıdaraq yaşaması üçün yeni mərhələ yaradıb. Ona görə də ilk növbədə işğaldan azad olunmuş bölgələrdə əhalinin dayanıqlı məskunlaşması təmin edilməlidir. Bu məqsədlə həmin ərazilər cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməli, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılmalıdır.

Hərtərəfli təhlükəsiz və əlverişli həyat şəraitinin yaradılması vətəndaşların əbədi məskunlaşması üçün böyük əhəmiyyət daşıyacaq. Bunun üçün yeni ərazilərdə layiqli yaşayış təmin edilməli, müasir infrastruktur qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə əlçatanlıq olmalıdır. Regionun iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin məskunlaşma səviyyəsinin işğaldan əvvəlki səviyyəyə çatdırılması təmin edilməlidir.

Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdırmaq və onu davamlı artırmaq mümkündür. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl tərəfdaşlığının inkişafı vacibdir.

 

Yeni mərhələyə yüksəliş

 

Göründüyü kimi, Vətən müharibəsində əldə olunmuş tarixi qələbə ölkəmiz üçün həm də yeni iqtisadi imkanlar açıb. Belə ki, işğaldan azad olunmuş ərazilər böyük iqtisadi potensiala malikdir və təbii ki, Azərbaycan bu potensialdan maksimum yararlanacaq.

Prezident İlham Əliyev tərəfindən növbəti 10 il üçün ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin müəyyənləşdirilməsi bu sahədə indiyədək görünməmiş nəticələrin əldə olunmasına zəmin yaradır. Qazanılan yüksək sosial-iqtisadi göstəricilər və möhtəşəm siyasi nailiyyətlər, formalaşmış milli və multikultural dəyərlər qarşıdakı illərdə dövlətin qüdrətinin daha da artacağına əminlik yaradır.

Müəyyən edilmiş Milli Prioritetlər birmənalı olaraq Azərbaycanın uzunmüddətli davamlı inkişafının təmin edilməsi üçün zəruri olan cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsini daha da möhkəmləndirəcək. Nəzərdə tutulan  istiqamətlər növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.

Bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasına bağlıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır.

Prezident İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlər qarşıdakı 10 il ərzində ölkəmizdə müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə və keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video