18 Oktyabr 2017 12:10
341
Mədəniyyət
A- A+

Məhsəti Gəncəvi Mərkəzində maraqlı tədbirlər keçirilir

 

XI-XII əsrlərdə Gəncə Şərqin intibah mərkəzi olmaqla, ədəbi mühitə görkəmli mütəfəkkir və dahilər bəxş etmişdir. Belə mütəfəkkirlərdən biri də Azərbaycanın ilk qadın şairəsi, şahmatçısı, musiqiçisi və bəstəkarı Məhsəti Gəncəvidir ki, onun yaradıcılığına daim diqqətlə yanaşılır. Heç təsadüfi deyil ki, 1972-1980-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli şairənin rübailəri Azərbaycan dilindən ingilis, italyan və fransız dillərinə tərcümə olunaraq çap edilmişdir. 1980-ci ildə doğulub boya-başa çatdığı vətəni Gəncədə onun heykəli ucaldılmışdır. 

Azərbaycan müstəqillik əldə etdikdən sonra da ölkəmizdə ədəbi irsə və onun təbliğinə, xüsusilə Məhsəti Gəncəvi yaradıcılığına diqqət xeyli artmışdır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın görkəmli klassiklərinin, o cümlədən Məhsəti Gəncəvinin rübailəri latın əlifbası ilə nəfis şəkildə yenidən nəşr edilmişdir. Bundan sonra dövlət başçısı şairənin yaradıcılığının 900 illik yubileyinin keçirilməsinə dair sərəncam imzalamış, 2012-ci ildə UNESCO-nun qərarı ilə Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyi Fransada qeyd olunmuşdur. Yubiley tədbirləri Heydər Əliyev Fondu tərəfindən Fransanın Strasburq, Reyms, Mulus, Paris şəhərlərində beynəlxalq səviyyədə keçirilmiş, şairənin həyat və yaradıcılığından bəhs edən və fransız dilində çap edilmiş əsərlərinin təqdimatı olmuşdur.
Dahi Azərbaycan mütəfəkkiri Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyi ərəfəsində onun vətəni Gəncədə möhtəşəm mərkəzin istifadəyə verilməsi isə əsl ümumxalq bayramına çevrilmişdir. 2014-cü ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə inşa edilən mərkəzin açılış mərasimində dövlət başçısı İlham Əliyev də iştirak etmişdir. Gəncə çayının sol sahilində 2915 kvadratmetr sahəni əhatə edən üçmərtəbəli möhtəşəm Məhsəti Gəncəvi Mərkəzi milli memarlıq üslubunda inşa edilməklə indi qədim Nizami yurdunda ən möhtəşəm tikililərdəndir. Mərkəzin qarşısında şairənin heykəli ucaldılmışdır. Burada rəsm qalereyası, onun külliyyatı ilə tanış olmaq üçün “Elektron kitabxana”, tədqiqatçılar üçün oxu zalı fəaliyyət göstərir. Rəsm qalereyasında Azərbaycanın görkəmli rəssam və heykəltəraşları tərəfindən Məhsəti rübailərindəki obrazları əks etdirən müxtəlif illüstrasiyalar çəkilmiş şəkillər və heykəllər nümayiş etdirilir.
Məhsəti Gəncəvinin adının əbədiləşdirilməsi, bədii irsinin tədqiqi, eləcə də şairənin yaradıcılığının beynəlxalq səviyyədə təbliği ilə əlaqədar həyata keçirilən tədbirlərlə bağlı ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və mədəniyyətimizin hamisi olan Mehriban xanım Əliyevanın fəaliyyətlərini əks etdirən ayrıca bir guşədə müxtəlif sənədlər yerləşdirilmişdir.
Görkəmli şairənin şahmatçı, musiqiçi, bəstəkar kimi dövrün istedadlı xadimlərindən olması nəzərə alınaraq mərkəzin ikinci mərtəbəsində döşəmə üzərində böyük ölçüdə şahmat lövhəsi və fiqurları düzülmüş, musiqi alətləri sərgisi təşkil edilmişdir. Bundan başqa, həmin mərtəbədə milli geyimlər sərgisi və “Məhsəti otağı” da fəaliyyət göstərir. Həmin otaqda divar boyu düzülmüş miniatür və rəsm əsərləri proyektor vasitəsilə ziyarətçilərə təqdim edilir.
Mərkəzdə yaradılmış xalça guşəsi bura gələnlərin diqqətini daha çox cəlb edir. Maraqlı eksponatlardan biri xalçaçı rəssam Afaq Məlikova tərəfindən hazırlanmışdır. Xalçanın baş tərəfində Məhsəti xanımın, aşağı hissəsində isə XI-XII əsrlərdə Gəncə şəhərində yaşayıb yaradan, dövrünün məşhur rübai ustadları Həkim Kavə qızı, Rəziyyə Gəncəvi, Xətib qəzə, Səti qızının surətləri əks olunmuşdur. Diqqəti cəlb edən əşyalardan biri də “Təbriz” xalçasıdır ki, onu Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərkəzə hədiyyə etmişdir. Xalçanın toxunma sıxlığı 35x450, ölçüsü isə 410x680 santimetrdir. Bundan başqa, xalça guşəsində qədim dövrlərdə nənə və babalarımızın işlətdikləri kilim, xurcun, heybə, farmaş, cəm, süddan, gülabdan, satıl, güyüm və sair nümayiş etdirilir.
Mərkəzdəki “Məhsəti otağı” daha maraqlıdır. Burada ziyarətçilər ilk olaraq əlindəki qızıl gülü sinəsinə basaraq rübai deyən formada təsvir olunmuş Məhsəti Gəncəvinin heykəli ilə qarşılaşırlar. Sonra əməkdar rəssam İsmayıl Məmmədov tərəfindən hazırlanan rəsm-panno diqqəti cəlb edir. Divar rəsmində Gəncənin füsunkar təbiəti təsvir olunmuşdur. Buradakı tabloların və miniatür obrazların müəllifi əməkdar rəssam İsmayıl Məmmədovdur. Proyektor vasitəsilə pannonun sağ və sol tərəfində Məhsəti Gəncəvinin rübailəri Azərbaycan və ingilis dillərində təqdim olunur.
Mərkəzin elektron kitabxanasında oxu zalı da mövcuddur. Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən şəkillər, Azərbaycanın şanlı tarixi haqqında yazılmış əsərlər, Gəncə şəhərində yaşayıb yaradan sənətkarlardan Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh və digər ədiblərin həyat və yaradıcılığından bəhs edən kitablar xüsusi maraq doğurur. Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Məhsəti haqqında yazılmış 20 dildə kitab da yer alıb. Bundan başqa, elmin müxtəlif sahələrinə dair ensiklopediyalar, yerli və xarici ədəbiyyatlar oxu zalının fondunu zənginləşdirir. Hazırda oxu zalının fondunda 2441 ədəd kitab var. Bu kitabların çox hissəsini Heydər Əliyev Fondu mərkəzə hədiyyə etmişdir.
Şərqin ilk şahmatçı qadını olan Məhsəti Gəncəvinin mükəmməl şahmat oynaması tədqiqatçıların daim diqqət mərkəzində olub. Bunu bir çox rəssamlar öz əsərlərində dəfələrlə canlandırmışlar. Rəfael Abbasovun “Məhsəti Gəncəvinin şahmat oyunu” tablosunda da onun şahmat lövhəsi qarşısında düşünməsi təsvir olunmuşdur.
Azərbaycanın ilk musiqiçi qadın Məhsəti Gəncəvi çox ehtimal ki, məlahətli səsə və gözəl rəqs etmək bacarığına da sahib olmuşdur. Elə bu məqsədlə mərkəzdə milli musiqi alətləri sərgisi də təşkil olunmuşdur. Burada xalça üzərində Məhsəti xanım çəng çalarkən təsvir edilmişdir. Guşələrin birində şairənin rübailəri əsasında boşqablar üzərində çəkilmiş miniatür rəsmlərin nümayiş etdirilməsi də ziyarətçilərdə maraq doğurur. Bu dekorativ boşqabların müəllifi rəssam Rasim Hüseynovdur.
Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev söhbət zamanı dedi ki, son illər Gəncədə aparılan abadlıq və quruculuq işləri çərçivəsində çoxlu sayda yeni mədəniyyət mərkəzləri yaradılmışdır ki, onlardan da biri Məhsəti Gəncəvi Mərkəzidir. Fəaliyyətə başladığı gündən indiyədək burada xeyli mədəni-kütləvi tədbirlər həyata keçirilmiş, tanınmış rəssamların əsərlərindən ibarət sərgilər nümayiş etdirilmişdir. Mərkəzdə keçirilən elmi və praktiki konfranslar, bir çox layihələrin təntənəli təqdimat mərasimləri, gənclərin inkişafına xidmət edən görüşlər unudulmaz və yaddaqalan olmuşdur. Burada gənclər üçün xüsusi şərait yaradılmışdır ki, onlar da könüllülük prinsipi ilə mərkəzdə müxtəlif layihələr həyata keçirir, müasir dövr üçün aktual olan məsələlər ətrafında fəaliyyət göstərirlər. İş təcrübəsi olmayan, mədəniyyət sahəsində çalışmağa maraq göstərən gənclərin bu mərkəzdə könüllü olaraq fəaliyyəti onların bu sahədə bilik və bacarıqlarının inkişafına müsbət təsir göstərir. Könüllülük müddəti başa çatdıqdan sonra həmin gənclər müəyyən iş təcrübəsi əldə etməklə müxtəlif sahələrdə işləmək vərdişlərinə yiyələnirlər. Mərkəzdə fəaliyyət göstərən xalçaçılıq tədris mərkəzində də gənclər bu qədim sənətin sirlərinə yiyələnirlər.
Məhsəti Gəncəvi Mərkəzi gündən-günə zənginləşir. İndi burada müxtəlif ölkələrdən gətirilmiş qiymətli əşyalar ayrıca guşədə nümayiş etdirilir. Mərkəzi ziyarət edənlər İspaniya kraliçası və Danimarka şahzadəsi tərəfindən hədiyyə edilmiş Məhsəti Gəncəvinin rübailərinə çəkilmiş 4 nadir və orijinal əlyazmaya, Misirin İsgəndəriyyə kitabxanası, Almaniyanın Bavariya Universiteti tərəfindən hədiyyə edilən 110 illüstrasiya və miniatürlərə maraqla tamaşa edirlər.

Sabir ƏLİYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video