21 Fevral 2021 03:49
1490
SİYASƏT
A- A+

Mehriban xanımın mənəvi övladları Vətən savaşının da qəhrəmanları oldu

 

Birinci xanımın şəfqəti, qayğısı ilə yeni həyat qazanan, ailə quran, ev sahibi olan İbrahim Abzatov Vətən müharibəsində böyük şücaətlərə imza atdı

 

Bayaqdan bəri beşikdə mışıl-mışıl yatan və gördüyü hansısa şirin röyanın təsirindən gülümsəyən körpə qızına baxırdı. Səsini çıxarmağa, tərpənməyə, bu xoşbəxt anı pozmağa qorxur, tamaşa etdiyi mənzərəni, qızını, onun sevimli cizgilərini gözlərinə, ürəyinə bir daha silinməyəcək şəkildə həkk etməyə çalışırdı.

Və birdən ona illər uzunu kimi görünən bu qısa anın ağır məngənəsindən ayrılaraq  körpəyə tərəf əyildi, “bəlkə də sənə verdiyim sözü tuta bilmədim, bağışla məni, qızım...” deyə titrək səslə pıçıldayıb sürətli addımlarla qapıya yönəldi...

“İlahi, mənim yaşadığım acı taleyi qızımadamı yazmısan? Körpə yaşda odamı valideyn həsrətinin ağır yükünü çiyinlərində daşıyacaq? Hər açılan qapının arxasında gözləri elə hey kimisə axtaracaq, şəkillərləmi ovudacaq ata özləmini?”

Səhərin alaqaranlığında yatmış şəhərin sükuta qərq olmuş küçələri ilə beynini qamçılayan və dayanmadan amansızcasına təkrarlanan bu fikirlərlə döyüşə-döyüşə dəli xəzan küləyinin ahənginə qoşulub, verdiyi qəti qərarın arxasınca tərəddüdsüz irəliləyirdi...

Və ailəsindən, qızından addım-addım uzaqlaşdıqca yolboyu indiyə qədər yaşadığı nisgilli ömür yolu gözlərinin önündə vərəqlənirdi

1 saylı uşaq evində böyüyən və Vətən müharibəsinə könüllü yollanan İbrahim Abzatovun...

 

Biz də atalı-analı uşaqlar kimi döyüşə birinci yollanmalıyıq...

 

...İbrahim dil açandan Vətənə “ana” demişdi. Elə buna görə idi ki, “mənə analığı da, atalığı da bu Vətən edib, indi onun harayına yetmək vaxtıdır” söyləmiş, qızı körpə Əminənin də onun kimi valideynsiz qala biləcəyi ehtimalını belə gözlərinin önünə alıb, heç düşünmədən Vətən müharibəsinə, ön səngərə yollanmış, “bu torpağa, bu xalqa, bu dövlətə borcumu ödəməyin zamanıdır” düşünmüşdü...

Hərbi komissarlıqda kimsəsiz olduğu üçün qismən səfərbərlik dövründə müharibəyə getməyə biləcəyini ona dedikdə isə bu fikirlə razılaşmamış, israrla döyüşə yollanmaq istəyini bildirmişdi. Demişdi ki, biz - uşaq evində böyüyənlər digər valideynli uşaqlardan heç nə ilə fərqlənmirik: “Həyatımızın bütün dönəmində dövlətin himayəsində olmuşuq. Vətənimizə layiqli vətəndaş kimi yetişmək üçün bizə hər cür şərait yaradılıb. Ən ümdəsi isə daim Mehriban xanım Əliyevanın qayğısını duymuşuq, onu “mənəvi ana”mız bilib kimsəsizliyimizi heç zaman hiss etməmişik... Buna görə də biz uşaq evinin sakinləri də digər atalı-analı uşaqlar kimi döyüşə birinci yollanmalıyıq...” 

 

Mehriban xanımın “mən sizin ananızam” sözü bizi yaşadır, ruh verir, həyata bağlayırdı...

 

1989-cu ilin yanvarında Bakıda dünyaya göz açan İbrahimin qismətinə cəmi 10 ay ana qayğısı görmək düşmüşdü. Nitq qüsurlu olan anası tək olduğu və heç yerdə işləmədiyi üçün oğlunu Bakıda yerləşən körpələr evinə qoymağa məcbur olmuşdu.  Beləliklə, 3 yaşına qədər orada qaldıqdan sonra uşaq evinə təhvil verilən körpə İbrahim həyat yolunda tənha addımlamağa, uşaq evinin digər körpə sakinləri kimi gözləri yolda, qulaqları səsdə, ürəyinin dərinliyində kimsəsizliyin soyuq ürpərtisi, gələcəklə bağlı əndişələrlə böyüməyə başlamışdı.

Amma tale bəxtlərinə kimsəsizliyi yazsa da, bu körpələri ümidsiz, köməksiz də qoymamışdı. Məramı Azərbaycandakı bütün uşaqları xoşbəxt görmək olan Mehriban xanım Əliyeva idi uşaq evinin bütün sakinlərinin hamisi...

Onlar tək, kimsəsiz deyildilər. Əlamətdar günlərdə sevinclərini bölüşən, nailiyyətlərinə qiymət verən, xoş günlərində qol götürüb oynayan, gələcək həyatda uğurlara səsləyən, onlara dəstək olan insan vardı...

Elə İbrahimin də kimsəsiz uşaq dünyasının rəngarəng olmasının, özünü arxalı-dayaqlı hiss etməsinin səbəbkarı Birinci xanım idi.

- Mehriban xanımın bizim uşaq evinə ilk dəfə gəldiyi vaxtdan xeyli zaman ötüb, amma o gün indiki kimi yadımdadı. Mehriban xanım gəlişi ilə valideyn həsrətimizə son qoydu, kimsəsizliyimizi unutdurdu. Elə bil nağıl dünyasına düşmüşdük, o qədər sovqat, oyuncaq gətirmişdi ki...

Təəssüratlarımız çox zəngin idi. Hətta günlərlə, həftələrlə, aylarla danışırdıq ki, cənab Prezidentin xanımı məhz bizim görüşümüzə gəlib. Və bu gəliş bir dəfə yox, davamlı oldu. Elə olurdu ki, ildə 3-4 dəfə bizə baş çəkirdi. Birlikdə oturub çay içir, söhbət edir, bir valideyn kimi bizimlə maraqlanırdı. Bəzən hətta unudurduq ki, valideynimiz yoxdur... Sanki biz Mehriban xanımın övladlarıydıq.

O özü bizə deyirdi ki, mən sizin ananızam. Biləsiniz ki, bu söz idi bizi yaşadan, bizə ruh verən, həyata bağlayan...

Mehriban xanım bizə ana qayğısı göstərdi, öz övladları kimi qəbul etdi. Bu günə qədər də özümü tək, atılmış hiss etməmişəm...

Birinci xanım uşaq evinə qonaq gələndə onu müxtəlif rəqs və mahnılarla qarşılayırdıq. Bir dəfə bal rəqsi oynayırdım. Daha sonra isə keçib xalçaçılıq otağında xalça toxumağa başladım. Rəssamlıq əl qabiliyyətim olduğu üçün çəkdiyim rəsmləri sərbəst şəkildə ilmələrə köçürə bilirəm. Mehriban xanım məni orada da gördükdə müdiriyyətimizdən soruşmuşdu ki, “bu, bayaq rəqs edən oğlandır?” “Hə” cavabı alandan sonra isə demişdi ki, “bu oğlanın gələcəyi parlaqdır. Həqiqətən istedadlı bir insan olacaq...”

Çox sevinmiş, qürurlanmışdım ki, Mehriban xanım məhz mənim haqqımda belə gözəl ifadə işlədib...

 

Həyatımızda ən böyük dəstəkçi Mehriban xanım olub

 

İbrahim deyir ki, həyatının bütün mərhələlərində daim Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun dəstəyini görüb. Nizami rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə valideyn himayəsindən məhrum olan gənclər üçün inşa edilmiş yaşayış binasında mənzillə təmin olunub, hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində işləyir.

Xüsusi bir nüansı qeyd edək ki, İbrahimin sevib-seçdiyi, könül verdiyi Yasəmən də onunla bərabər uşaq evində böyüyüb. Kiçik yaşlarından atasını itirdiyi və ailələrinin maddi vəziyyəti çətin olduğu üçün Yasəmənin anası məcbur olub onu 6 yaşından 1 saylı uşaq evinə, dövlətin himayəsinə verib.

Yasəmən söyləyir ki, əvvəllər onu uşaq evinə qoyduğu üçün ürəyində anasını qınasa da, sonradan o dövrdə yaşadıqları həyatın reallığını dəyərləndirib və anlayıb ki, bəlkə də onun üçün beləsi daha məsləhətli olub: “Yaxşı ki anam bu gücü özündə tapıb, məni uşaq evinə, dövlətin qayğısına verib. O çətinliklərlə açıq cəmiyyətdə böyüsəydik, həyatımız daha ağır olardı”.

İbrahim kimi Yasəmən də daim vurğulayır ki, həyatının ən böyük dəstəkçisi Mehriban xanım olub. Hansı çətinliyi olubsa, başını çevirəndə hər zaman arxasında onu görüb. Mehriban xanım işlərinin çox olmasına, zamanının darlığına baxmayaraq, dəstəyini heç zaman əskik etməyib. Ona dayaq olub, təhsil almağa təşviq edib: “Hətta ali təhsil almasaydım belə uşaq evində bizə öyrədilən peşələrlə həyatımı normal şəkildə qura bilərdim. Məsələn, yaxşı aşpaz, toxucu, saç ustası ola bilərdim”.

Taleyindən söhbət açdığımız bu iki kimsəsiz gəncin xoşbəxt yuva qurmasında da Mehriban xanım Əliyeva köməyini əsirgəməyib. Uşaq evinin sakinləri İbrahim və Yasəmənin toyunun bütün xərcləri Heydər Əliyev Fondu tərəfindən ödənilib, toyda Mehriban xanım gəncləri bir daha sevindirərək onlara avtomobil hədiyyə edib...

Gənc Abzatovlar deyir ki, uşaq evində gördükləri qayğı, sevgi oranı tərk etdikdən sonra da bitməyib, əksinə, ikiqat artıb. Heydər Əliyev Fondundan mütəmadi olaraq hər biri ilə maraqlanır, işlərində hansısa çətinliklərin olub-olmamasını soruşurlar.

Onlar isə göstərilən bütün bu dəstəyə, köməyə, mənəvi dayağa görə hər zaman özlərini xalqımız, dövlətimiz qarşısında borclu hiss edib, minnətdarlıqlarını bildirmək üçün gücləri çatan qədər nə isə etməyə çalışıblar...

 

İki seçimi vardı: ya ana vətəni, ya da övladı

 

Elə Vətən müharibəsinin başlamasını bunun üçün ən gözəl fürsət kimi dəyərləndirən İbrahim qəlbindəki “ya ana vətənin, ya da övladın” seçimindən heç tərəddüdsüz birinciyə üstünlük vermişdi... Sonradan həyat yoldaşının bu qərarını öyrənən Yasəmən də mətinliklə ona dəstək olmuş, “gözün arxada qalmasın” söyləmişdi...

- Sentyabrın 29-da qismən səfərbərlik elan olunduqdan sonra evdən xəbərsiz hərbi komissarlığa yollandım. Dedim ki, top komandiri olmuşam, rütbəm var, çavuşam, Vətənim uğrunda döyüşə getmək istəyirəm. Müharibəyə yollanmaq üçün dəfələrlə müraciət etdim. Orada bir zabit uşaq evində böyüdüyümü və tək oğul olduğumu bilirdi. Dedi ki, hələlik qismən səfərbərlik olduğu üçün sən getməyə bilərsən.

Amma sentyabrın 29-dan oktyabrın 4-dək hər gün komissarlığa gedib soruşurdum ki, məni nə zaman ön cəbhəyə göndərəcəksiniz? Nəhayət, oktyabrın 5-i zəng gəldi ki, artıq istəyiniz qəbul olub, yaxınlaşın hərbi komissarlığa, döyüşə yollanırsınız. Ertəsi gün səhər saat 5-də hazırlaşıb yola düşdüm.

Əvvəlcə Gəncəyə getdik və orada bölmələrə ayrıldıq. Mən Kəlbəcər-Murov istiqamətində “N” saylı hərbi hissəyə düşdüm. Toğanaya gedib, oradan da Murovun Ömər aşırımı deyilən yerində döyüşlərə qatıldıq. Artilleriyaçı, top komandiri idim və 8 nəfər də əsgər heyətim vardı. Verilən döyüş tapşırığını layiqincə yerinə yetirmək üçün cid-cəhdlə çalışır, düşməni dəqiq atəşlə məhv etməyə can atır və bunu bacarırdıq da. Düşmənin külünü göyə sovururduq.

Onlar da bizi artilleriya atəşinə tuturdular. Elə vaxtlar olurdu ki, üzərimizə mərmi yağışı yağırdı. Sağımızda, solumuzda, önümüzdə, arxamızda dəhşətli partlayışlar olurdu...

Amma tam mübaliğəsiz deyirəm ki, bütün bunlar bizi nəinki qorxudurdu, əksinə, ikiqat qəzəblə onları məhv etməyə sövq edirdi. Ermənilər xeyli itki verirdi. Onlar ordumuzdan, döyüşçülərimizdən, atdığımız mərmilərdən qorxurdular, səngərlərində tir-tir titrəyirdilər. Bunun isə bir səbəbi var idi, ermənilərin gözündə bu yerlər sadəcə yanmış torpaq idi, biz isə yanmış olsa belə hər qarışı üçün ölməyə hazır olduğumuz doğma ana torpaq uğrunda vuruşurduq.

Orada yaxın olduğum döyüş yoldaşlarım var idi, Vüqar, Vüsal, Türkel, Emin, Elçin... Biz özümüzə

“5 üstəgəl” deyirdik, yəni 5 çavuş, bir əsgər. Hər dəfə döyüşə yollananda böyük əhvali-ruhiyyə ilə gedir, yolboyu “Uzaq sahillərdə” filmindəki “Partizanlar” mahnısını oxuyurduq...

“Bizim günəş, bizim dağlar, bizim dəniz, qurtararıq əsirlikdən sizi biz. Partizanlar!..”

Sanki bu mahnı bizə əlavə güc verirdi...

Bunlarla yanaşı, ölümün də hər an yaxınlığımızda dolaşdığını bilirdik. Döyüşçü yoldaşlarım mənə deyirdilər ki, “İbrahim, sən soyuqqanlısan, şəhid olsaq, ailəmizə ilk sən xəbər verərsən...”

Amma kim bilir, bəlkə elə mən özüm onlardan əvvəl şəhid olacaqdım...

Bilirsiniz, müharibə tamam başqa dünyadır və burada düşməni məhv etməkdən, torpaqlarımızı azadlığa qovuşdurmaqdan doğan qələbə sevincini, çiyin-çiyinə vuruşduğun döyüşçü yoldaşlarının gözünün qarşısında şəhid, qazi olmasından doğan hüzn, kədər hissi ilə bir yerdə yaşayırsan. Və hər an özünün də şəhid, qazi ola biləcəyini bilirsən, amma bundan qorxmursan. Çünki alın yazısı deyilən bir şey də var. Kimin alnına bu vətən uğrunda şəhid olmaq yazılmışdısa, o, bu zirvəyə ucaldı. Görünür, şəhidlik mənim qismətim deyilmiş...

 

Qızıma söz vermişdim ki, mən dünyanın ən yaxşı atası olacağam...

 

Noyabrın 10-da müharibənin bitməsi ilə bağlı müqavilə imzalanandan sonra İbrahimgilə bildirirlər ki, könüllü minaaxtaranlar lazımdır. O, bu vəzifənin çox təhlükəli olduğunu bilə-bilə “Vətənin mənə ehtiyacı var” deyib irəli çıxanlardan biri olur.

- Bizə 10 gün kurs keçdilər və noyabrın 26-dan etibarən Kəlbəcər ərazisini minalardan təmizləməyə başladıq. Düşmənin murdar ayağını torpağımızdan qazıyıb atdığımız kimi, indi də vətənimizin bağrına sancdıqları namərd tələlərini, minalarını təmizləyib atırdıq.

Dekabrın 2-də Ali Baş Komandanın imzaladığı əmrə əsasən, həmin ayın 15-də tərxis olunaraq evə qayıtdım.

Evə gələndə əvvəlcə qızım məni tanımadı, sonra isə saatlarla qucağımdan düşmürdü, qorxurdu ki, yenə gedərəm...

Onu da deyim ki, müharibəyə yollananda bilirdim ki, gedib dönməmək də var, amma beynimdə, ürəyimdə heç bir tərəddüd yox idi. Sadəcə qızımla vidalaşanda kövrəlmişdim. O, yatmışdı, heç oyandırmağa da qıymadım. Üzündən öpüb yavaşca dedim ki, “bəlkə də sənə verdiyim sözü tuta bilmədim, bağışla məni, qızım...”

Özüm valideynsiz böyüdüyüm üçün belə həyatın necə ağrı-acılı olduğunu bilirdim. Elə buna görə də Əminə dünyaya gələndə ona bir söz vermişdim: “Mən dünyanın ən yaxşı atası olacağam”...

Mən onu atalı-analı böyütmək, xoşbəxt görmək istəyirdim. Allahıma şükür olsun ki, geri döndüm, öz arzularıma, Əminəyə verdiyim o sözü tutmaq üçün qayıtdım...

 

Uşaqlar atasız-anasız böyüyə bilər, amma Vətənsiz yox!

 

- Dövlətim məni böyüdüb, yedirib, içirib, əziyyətimi çəkib. Yəni uşaq evində keçirdiyim 19 il ərzində daim qayğı ilə əhatə olunmuşam. İndi isə mənə çəkilən bu əziyyətin hədər getmədiyini sübut etməyin vaxtı idi. Bilirdim ki, ölümə gedirəm, qızım da mənim kimi valideynsiz qala bilər. Amma onu da bilirdim ki, uşaqlar atasız-anasız böyüyə bilər, amma Vətənsiz yox! Həm də axı biz - kimsəsiz uşaqların birinci anası Vətəndir.

Elə buna görə də düşünmədən könüllü müharibəyə yola düşdüm, gözüm arxada qalmadı. Əmin idim ki, şəhid olsam belə ailəm, qızım köməksiz, dayaqsız qalmayacaq, daim dövlətimizin himayəsində, Mehriban xanımın diqqətində olacaq. Bax bu güvəndən, bu etimaddan güc alaraq mən də Vətən qarşısında borcumu yerinə yetirməyə tələsdim, düşməndən qisas almağa yollandım. Və bu uğurda bir damla da mənim köməyim oldusa, deməli, dünyanın ən xoşbəxt insanıyam...

Bəli, nə artıq sözə, nə də əlavə şərhə ehtiyac var...

Bircə onu deyə bilərik ki, sən dünyanın ən yaxşı atası, ana Vətənin ən yaxşı övladlarından birisən, İbrahim...

Və o da bəlli bir həqiqətdir ki, bu torpağı özünə ana bilən, onun uğrunda canından, qanından, ailəsindən, övladından vaz keçməyə sənin kimi könüllü övladları olan Vətən bölünməz, min illər durduqca var olar...  

Mehriban xanımın mənəvi övladları Vətən savaşının da qəhrəmanları oldu...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video