27 Yanvar 2021 01:27
982
Səhiyyə
A- A+

Koronavirusla mübarizə davam edir

 

Ötən il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus hələ də bəşəriyyətin dəhşətli kabusudur. Tarixdən də məlumdur ki, müxtəlif vaxtlarda belə, hətta bundan da dəhşətli bəlalar Yer üzünü dolaşıb. Hər zaman da insan iradəsi, çalışmaları, cəhdləri qarşısında geri çəkilməli olub. Ancaq təəssüf ki, qlobal pandemiyalar çox insanın həyatına son qoyub. Koronavirus da can almaqda davam edir.

 

COVID-19 qurbanlarının sayı 2 milyonu ötüb

 

Ümumdünya Səhiyyə Təşkilatının açıqladığı statistika COVID-19-un yayılmaqda davam etdiyini göstərir. Belə ki, koronavirus infeksiyasına yoluxma halları sürətlə geniş miqyasda artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 96 milyonu, ölüm hallarının sayı 2 milyonu ötüb.

Azərbaycanda 229358 nəfər koronavirusa yoluxub. Bu təhlükəli virus səbəbindən 3100 nəfər həyatını itirib. Yoluxanlardan 221116 nəfəri sağalıb. Aktiv xəstə sayı 5142 nəfərdir. Koronavirusa yoluxma və ölüm sayında müşahidə olunan azalmalar ümidvericidir. Sevindiricidir ki, ölkəmizdə koronavirusla bağlı müsbət tendensiya əldə olunub. Karantin rejiminin, sosial məsafənin qorunmasının və maska taxmaq zərurətinin virusun yayılma sürətini azaltdığını söyləmək olar.

Pandemiya vəziyyəti nəzarət altına alınıb. Sağalmanın yoluxmanı üstələməsi, eyni zamanda, bu istiqamətdə fərqin getdikcə böyüməsi Azərbaycanda həyata keçirilən sistemli tədbirlərin öz bəhrəsini verdiyini söyləməyə əsas verir.

Müsbət tendensiya bir sıra yumşaldılmaların tətbiqi ilə nəticələnib. Belə ki, sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qismi yanvarın 18-dən yumşaldılıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, həmin tarixdən 5 şəhər və 12 rayonda yaşayış yerini və olduğu məkanı SMS icazə, icaze.e-gov.az portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv edilib.

Muzey və sərgi zallarının, ticarət obyektlərinin (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olunmaqla), bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərə, şəhərlərarası və rayonlararası hərəkətə yanvarın 25-dən icazə verilib.

Ümumtəhsil müəssisələrində isə fevralın 1-dən əyani tədrisin mərhələli şəkildə bərpa edilməsi nəzərdə tutulub. Qeyd olunan tarixdən etibarən məktəbəhazırlıq qrupları, icma əsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədrisin sanitar-gigiyenik tələbləri nəzərə alınaraq ənənəvi formada təşkili nəzərdə tutulur. İbtidai siniflər üzrə əyani təhsilin iri şəhərlərdə, o cümlədən Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpası planlaşdırılır. Fevralın 1-dən sonrakı müddətdə isə V-IX siniflərdə təhsil alan şagirdlərin tədrisə ənənəvi qaydada cəlb olunması barədə qərar veriləcək.

Həmçinin fevralın 1-dən eyni zamanda ölkə ərazisində ictimai iaşə obyektlərində, restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər də bərpa olunacaq.

Bakı Metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət qüvvədə qalır. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq. Virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 1 aprelədək uzadılıb.

 

Araşdırmalar davam edir

 

Dünya alimləri araşdırmalarına davam edir. Yeni nəticələrə gəlinir. Şimali Arizona Universitetinin və Genomika Translyasiyası Tədqiqat İnstitununun alimləri uzunmüddətli araşdırmalardan sonra belə qənaətə gəliblər ki, insan orqanizmi koronavirusdan sağalandan sonra SARS CoV-2 virusunu “yadında saxlayır”. Bu da həmin xəstəliklə mübarizədə kömək edə bilər.

Alimlər immunitet sisteminin bir neçə koronavirusa necə reaksiya verdiyini analiz ediblər. Aydınlaşdırıblar ki, koronavirusdan sağalan xəstələrdə SARS-CoV-2 virusu anticisimlərin reaksiyası ilə üzləşir. Alimlər nəticələrin koronavirus xəstələrinin diaqnostikası və müalicəsində yeni üsulların inkişafına kömək edəcəyinə inanırlar.

 

Təhlükəli virusdan qorunmağın ən effektiv yolu

 

Yoluxma və ölüm sayının azalması hələ ki bu qlobal bəlanın sonunun yaxınlaşdığını söyləməyə əsas vermir. Koronovirusa yoluxmamaq üçün ayıq-sayıq olmaqda davam etmək, lazımi tədbirlər yerinə yetirmək zərurəti qalmaqdadır. Dövlət tərəfindən pandemiyaya qarşı mübarizə hərtərəfli davam etdirilir. Ancaq təcrübə göstərir ki, COVID-19-la mübarizə yalnız dövlətin və ayrı-ayrı adamların vəzifəsi deyil. Hər kəs həm özünün, həm də başqalarının sağlamlığını düşünməlidir. Bu sadə qaydalar - maska taxmaq, sosial məsafə saxlamaq, gigiyenik qaydalara riayət etmək vacibdir. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

Hazırda mütəxəssislər bu təhlükəli virusdan qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu bildirirlər. Artıq dünyanın əksər ölkələrində koronavirus əleyhinə peyvənd edilməsinə başlanılıb. Azərbaycanda da vaksinasiya prosesinə start verilib. Nazirlər Kabinetinin 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosial və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır. Sosial cəhətdən yüksək risk qrupuna səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, təhsil sahəsində və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət”, DOST mərkəzlərində, ictimai nəqliyyat sektorunda, telekommunikasiya operatorları və provayderləri, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddirlər.

Tibbi cəhətdən yüksək risk qrupuna yaşı 65-dən yuxarı olan, yəni yaşlı əhali, tənəffüs sisteminin xroniki xəstəlikləri, xroniki hemodializ xəstələri, II tip şəkərli diabetdən əziyyət çəkən 50 yaşdan yuxarı əhali, 18 yaşından yuxarı piylənmədən əziyyət çəkənlər aiddirlər.

Ümid edilir ki, vaksinasiya prosesi genişləndikdən sonra ölkədə vəziyyət daha da yaxşılaşacaq. İnsanların koronovirusdan qurtulması, xiffətini çəkdikləri normal həyata dönmələrinin dəqiq tarixini söyləmək isə hələ də mümkünsüz kimi görünür. Ancaq qeyd etdiyimiz kimi, həyat və insan iradəsi mütləq bütün qlobal bəlalar kimi pandemiyanın da sonunu gətirəcək.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video