06:17 09 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması üçün investorlarla müzakirələr aparılır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
11:52 27.01.2021

 

İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat və Energetika nazirliklərinin birgə məlumatında deyilir.

Məlumatda bildirilir ki, Azərbaycanın elektroenergetika, o cümlədən bərpaolunan enerji mənbələri sahəsinə xarici və yerli investorların marağı artır. “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli Sərəncamı ilə müəyyən edilmiş vəzifələrin mühüm istiqamətlərindən biri elektroenergetika sahəsinə özəl investisiyaların cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsidir. Energetika Nazirliyi tərəfindən ilkin layihəsi hazırlanmış 2050-ci ilədək dövrü əhatə edən energetika sektorunun uzunmüddətli inkişaf strategiyası məhz özəl investisiyalara istiqamətlənən inkişaf modelinə əsaslanır. Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin resurslara malik ölkələrdəndir. Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəf olaraq müəyyənləşdirilib. Bununla əlaqədar olaraq, 2030-cu ilədək təqribən 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulur. Bu vəzifənin məhz özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılır.

Beynəlxalq tələblərə cavab verən qanunvericilik bazasının mövcudluğu investorları maraqlandıran başlıca şərtlərdəndir. Qeyd olunan Sərəncama əsasən, “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi hazırlanıb və aidiyyəti qurumlarla razılaşdırılaraq baxılmaq üçün təqdim edilib. Qanunun qəbulundan sonra Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birlikdə enerji mənbələrindən istifadə sahəsində özəl investisiya hesabına kiçikhəcmli layihələrin həyata keçirilməsinə başlanılacaq.

Bununla yanaşı, bu sahədə pilot layihələr də həyata keçirilir. Ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanı Krallığının “ACWA POWER” şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının tikintisi ilə bağlı müqavilələr imzalanıb. Layihənin həyata keçirilməsinə ümumilikdə 300 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu, il ərzində 1 milyard kilovat saata yaxın elektrik enerjisinin istehsalı nəzərdə tutulur. Bu layihənin icrası nəticəsində il ərzində 200 milyon kubmetr qaza qənaət ediləcək, habelə ətraf mühitə atılan tullantıların həcmi ildə 400 min tonadək azaldılacaq. Layihənin reallaşdırılması həmçinin, müasir istehsal və xidmət sahələrinin yaranmasına, yeni iş yerlərinin açılmasına töhfə verəcək. 2020-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə günəş elektrik stansiyasının tikintisi ilə bağlı icra müqaviləsi imzalanıb. Hazırda şirkətlə müzakirələr davam edir və mart ayında digər müqavilələrin imzalanması gözlənilir.

Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonasının yaradılması məqsədilə bərpaolunan enerji mənbələrindən istifadə ilə bağlı da özəl investisiyaların cəlb olunması üçün investorlarla müzakirələr aparılır. Bunlarla yanaşı, ənənəvi enerji resurslarından elektrik enerjisi istehsalı sahəsinə də özəl investisiyaların cəlb olunması istiqamətində işlər davam etdirilir.

Müasir yanaşmalara əsaslanan “Elektroenergetika haqqında” qanun layihəsinin qəbul edilməsi bu sahədə rəqabət mühitinin formalaşmasını təmin edəcək. İnvestisiyaları həm mövcud stansiyaların özəlləşdirilməsi, həm də yeni özəl elektrik stansiyalarının tikintisi yolu ilə cəlb etmək nəzərdə tutulur. Artıq İqtisadiyyat və Energetika nazirlikləri tərəfindən bəzi kiçik güclü elektrik stansiyalarının özəlləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. Eyni zamanda, nazirliklər yeni qaz-turbin elektrik stansiyasının tikintisi üçün investisiya şirkətləri ilə danışıqları davam etdirir və bir çox beynəlxalq şirkətlər layihədə iştiraka marağını ifadə edib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM