08 Dekabr 2020 01:03
1368
SİYASƏT
A- A+

İnkişafa söykənən Qələbə


İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan işğalçını cəzalandıraraq ərazi bütövlüyünü bərpa etdi


Müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu müharibədən qalib çıxan xalqımız öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə apardı. 44 gün davam edən hərbi əməliyyatlarla pozulmuş hüquqlarını bərpa edən Azərbaycan tək Ermənistana deyil, dünya erməniliyinə sağalmaz zərbə vurdu.


Ermənistan təcavüzkar siyasətin qurbanıdır


Hər bir tarixi dövr üçün müharibədə qalib gəlməyin şərtləri var. Hətta 20-30 il əvvəlin şərtləri ilə bu günün tələbləri kəskin fərqlənir. Təsadüfi deyil ki, Azərbaycanın 44 günlük müharibədə qalib gəlməsinin əsas şərtlərindən biri yerində sayan Ermənistandan fərqli olaraq hər bir sahədə inkişafı, irəli getməsi, dövrün tələblərinə uyğun yüksəlişi idi.

Ermənistanla bağlı bütün siyasi dairələrdə birmənalı şəkildə ümumiləşən qənaətlərdən biri odur ki, bu ölkə və onun xalqı öz işğal siyasətinin, erməni millətçilərinin əsrlərdir formalaşdırdıqları və indi də davam etdirdikləri xəstə ideologiyanın qurbanıdır. Bu siyasətə uyğun olaraq ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan torpaqlarını işğal edən Ermənistanın hərbi-siyasi dairələri, o cümlədən Fransa kimi dövlətlərin timsalında dünya erməniliyi artıq hər şeyin bitdiyini, işğal olunmuş torpaqların zamanla erməni əraziləri kimi tanınacağını düşünürdülər. Ötən əsrin 90-cı illərinin sonlarından isə Ermənistanda hakimiyyət müharibə cinayətkarlarının əlinə keçdi. Tarix sübut edir ki, hərbi xuntaların hakimiyyətdə olduğu cəmiyyətlər yeniliklərdən və inkişafdan məhrumdurlar. Elə buna görə Ermənistanın hərbi-siyasi rəhbərliyi bu illərdə yalnız ölkəsi və ordusu haqqında mif yaratmaqla məşğul olub, büdcəsini isə işğal olunmuş Azərbaycan ərazilərinin talan edilməsi və diasporun yardımı hesabına doldurub. Ona görə Ermənistanın bu günü ilə ötən əsrin 90-cı illəri arasında demək olar ki, fərq yoxdu.

Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan müharibəni deyil, döyüşü uduzmuşdu. 1994-cü ildə imzalanan atəşkəs müharibənin bitməsi deyildi. O illərdən Heydər Əliyevin başlatdığı siyasət Azərbaycanda gələcək inkişafın təməlini qoydu. İslahatlar, neft kontraktları Azərbaycanı getdikcə daha güclü dövlət etdi və təbii ki, bu amillər ölkənin beynəlxalq nüfuzunun artmasında, mövqelərinin möhkəmlənməsində, həqiqətlərinin dünya tərəfindən tanınmasında böyük rol oynadı.


Düşmən məğlub edilərək torpaqlarımızdan qovuldu


Bu siyasətin respublikamızda hansı dəyişikliklərlə əlamətdar olduğu ötən 17 ilin siyasi, iqtisadi və sosial mənzərəsinin fonunda daha aydın görünür. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsi bu günümüzün əsas reallığıdır. İlham Əliyevin düşünülmüş, əsaslandırılmış siyasəti nəticəsində dövlətimiz hər il əvvəlki ildən daha möhtəşəm nailiyyətlərə imza atdı və hazırda da atır.

Azərbaycanı tarixin ən güclü dövlətinə çevirən səbəblər həm də müstəqil siyasətin təzahürləri kimi çıxış edən faktorlardır.

Müstəqillik yalnız müstəqil dövlətə sahib olmaq deyil. Müstəqilllik həm də dövlətin yürütdüyü siyasətdə, beynəlxalq münasibətlərdə sərbəstliyin olması deməkdir. 2005-ci ildən öz neftini Avropaya çatdıran Azərbaycanın indi Xəzərdən hasil etdiyi mavi qazı dünya bazarlarına çıxarması, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, bütün beynəxalq məsələlərdə respublikamızın öz mövqeyinin ifadə olunması müstəqil siyasətin göstəriciləridir.

Güclənən və inkişaf edən Azərbaycan günlərin birində torpaqlarını güc yolu ilə azad edə biləcəyini heç vaxt gizlətmədi. Artıq Ermənistana və dünya erməniliyinə da agah idi ki, əgər Azərbaycan ən çətin vaxtlarında onların şərtlərini yaxına buraxmayıbsa, güclənikdən sonra istənilən vasitə ilə ərazilərini azad edəcək. İlham Əliyevin qətiyyətli siyasəti və hücum diplomatiyası hər addımda Ermənistanın işğal siyasətini laxladır, ifşa edirdi. Ermənistanın son hərbi təxribatları isə nəticə etibarilə Azərbaycanın gözlədiyi tarixi fürsəti təmin etdi və işğalçı layiqli cəzasını alaraq torpaqlarımızdan qovuldu.


Bu zəfər Azərbaycanın beynəlxalq mövqelərini və nüfuzunu yüksəltdi


Sentyabrın 27-dən Dağlıq Qarabağda başlanan hərbi əməliyyatlar ilk gündən iki ölkənin atəşkəs dövründə inkişafı ilə fərqi ortaya qoydu. Bu inkişafın təsdiqi ilk növbədə Azərbaycanın döyüş əməliyyatlarını ən müasir vasitələrlə həyata keçirməsi oldu. Hətta Ermənistanın son dərəcədə möhkəmləndirdiyi səngərlər, təbii istehkam rolunu oynayan yüksəkliklər də işğalçı ordunu xilas edə bilmədi.

Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının ardınca Şuşanın alınması Vətən müharibəsində Azərbaycanın hərbi qələbəsinin zirvəsi oldu. Buna qədər təxminən 42 gün müddətində Ermənistanın aidiyyəti orqanları ölkə ictimaiyyətini aldatmaqla məşğul idi. Ötən 26 ildə yaratdıqları mif kimi müharibə günlərində də işğalçılar Ermənistan ordusunun guya Azərbaycana qarşı uğurla vuruşduğunu öz ictimaiyyətinə sırıdılar. Döyüşlərdəki məğlubiyyəti isə taktiki yerdəyişmə kimi qələmə verməklə ört-basdır etməyə çalışdılar.

Noyabrın 10-da Ermənistanın baş nazirinin imzaladığı kapitulyasiya aktından sonra ölkənin hakimiyyət orqanları müharibədəki məğlubiyyəti rəsmən etiraf etdilər. Azərbaycan torpaqlarının bir hissəsini döyüş yolu ilə azad etdi. Kapitulyasiya aktına əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxarması ilə bağlı öhdəlik götürdü. Artıq bu rayonların hər birində Azərbaycan bayrağı dalğalanır və onların azad edilməsi ordumuzun döyüş meydanlarındakı şanlı qələbələrinin nəticəsidir. Bu qələbələrin nəticəsi kimi Ermənistan rəhbərliyi Prezident İlham Əliyevin şərtlərini yerinə yetirməyə məcbur oldu.

Nəiniki müharibənin davam etdiyi 44 gün ərzində, bütövlükdə ötən 30 ildə yalanlarla idarə olunan Ermənistan tarixinin ən acınacaqlı, ən utancverici dövrünü yaşayır. Bu ölkənin vətəndaşları işğal siyasətinin qurbanına çevriliblər və üzləşdikləri əzaba və rüsvayçılığa boyun əyməkdən başqa yolları yoxdur. Xəstə erməni təfəkkürünün, özgə torpaqlarına göz dikməyin sonu başqa cür ola da bilməzdi.

Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsi olaraq Azərbaycan regionun lider dövlətinə çevrilib. Bu qələbə isə respublikamızın nəinki Cənubi Qafqazda, həmçinin bütün dünyada mövqelərini daha da möhkəmləndirdi, nüfuzunu yüksəltdi. İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan öz maraqlarını qətiyyətlə təmin etdi. Ermənistan isə bütün tarixboyu işğal siyasətinin ağır nəticəsi olan rüsvayçılıq və məğlubiyyət damğası ilə yaşamalı olacaq.

Rəşad CƏFƏRLİ,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video