03 Mart 2021 00:52
776
SİYASƏT
A- A+

İlham Əliyevin yeni layihələri regionda sabitliyin qarantıdır

 

Prezidentin müəyyənləşdirdiyi Milli Prioritetlərin sistemli şəkildə icrası Azərbaycanın hərtərəfli yüksəlişini təmin edəcək

 

“Dağlıq Qarabağ münaqişəsi sona çatıb. O, artıq tarixin bir hissəsinə çevrilib. İndi biz diqqəti qarşımızdakı məsələlərə cəmləşdirməliyik, ilk növbədə, əlbəttə ki, ərazilərin yenidən qurulmasına, bərpasına. Hər şey məhv olub. Biz dağıntıların miqyasını təsəvvürümüzə belə gətirə bilməzdik. Ağdamda, Füzulidə, azad edilmiş digər ərazilərdə, kəndlərdə, şəhərlərdə bir bina belə qalmayıb. Hər şey, tarixi abidələr dağıdılıb. Yenidənqurma işləri aparmaq üçün çoxlu tədbirlər görülməlidir. Əlbəttə, biz bu işə sadiqik, bunu etmək üçün bizim güclü iradəmiz, imkanlarımız var”.

Bu fikirləri Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən söyləyib.

44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb. İslahatlarla yanaşı, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa işlərinə start verilib. Bütün bu məsələlər Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında aydın şəkildə öz əksini tapıb. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair reallaşdırılacaq beş milli prioritet müəyyənləşdirilib. Bütün prioritetlər, əlbəttə ki, Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycanın gələcək yüksəlişinə hədəflənib.

Ölkəmiz həm də region üçün gələcək qurmağa hazır olduğunu nümayiş etdirir və görülən işlər bir daha göstərir ki, Azərbaycan artıq bu prosesə start verib. Dövlət başçısı bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycan yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik, proqnozlaşdırılma üçün faydalı olacaq layihələri həyata keçirməyə başlayıb. Azərbaycan öz öhdəliklərinə sadiqdir və müharibədən sonra da çox konstruktiv yanaşma nümayiş etdirir. Bu reallıqlar uzunmüddətli olacaq.

 

Yeni layihələr sistemli şəkildə reallaşdırılacaq

 

Bu gün mühüm hədəflərdən biri işğaldan azad edilmiş torpaqlarımızda bərpa, quruculuq işlərinin sistemli şəkildə reallaşması və yüksəliş dövrünün başlanmasıdır. Burada reallıq böyük qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır. Bu hədəf üzrə işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında xüsusi mərhələyə qədəm qoymaq deməkdir.

Çünki 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda beynəlxalq və regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm də bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək.

Azərbaycan dövlətinin əsas hədəflərindən biri də işğaldan azad olunmuş ərazilərimizdə əhalinin məskunlaşma səviyyəsini işğala qədərki səviyyəyə çatdırmaqdır. Buna nail olmaq üçün isə bütün imkanlar, o cümlədən iqtisadi potensial və insan resursları mövcuddur.

Tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək. Bu çərçivədə bölgədə təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşdırılması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi Azərbaycanın region iqtisadiyyatının ümumi mənzərəsinin müəyyənləşdirilməsində rolunu daha da gücləndirəcək.

 

Yeni dəmir yol xətləri, su elektrik stansiyaları, “ağıllı kənd” layihələri…

 

İşğaldan azad edilmiş ərazilərimizdə reallığa çevrilməkdə olan layihələrə gəlincə, fevralın 14-də Prezidentin Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çox aspektlərdən xüsusi önəm daşıdı. Səfər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin qoyulması həm siyasi, iqtisadi, həm də mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb edirdi.

Prezident bu səfər zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoydu, 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak etdi və stansiyanı işə saldı. Həmçinin “ağıllı kənd” layihəsinin necə reallaşacağı nümayiş etdirildi.

Əlbəttə ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilməsi mühüm strateji əhəmiyyət daşıyır. Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən layihənin başlanğıcı kimi qiymətləndirilməli olan bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın işğaldan azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Digər vacib məsələ isə odur ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsi yaranacaq.

Laçındakı “Güləbird” Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisə idi. Çünki bu, işğaldan azad olunan rayonlarda İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk layihə idi. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Mərasimdə çıxış edən Prezident qətiyyətlə vurğuladı ki, Kəlbəcər və Laçın rayonlarında ermənilər tərəfindən uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən dağıdılmış bütün su elektrik stansiyaları bərpa ediləcək. İşğaldan azad olunan ərazilərdə ekoloji cəhətdən təmiz, bərpaolunan enerji növləri yaradılaraq torpaqlar “yaşıl enerji” zonasına çevriləcək.

Birinci “ağıllı kənd” layihəsi isə Zəngilan rayonunda icra ediləcək. Rayonun Üçüncü Ağalı kəndindən başlayacaq “ağıllı kənd” layihəsinin icrası əsasən 5 komponent üzrə aparılacaq. Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.

Bir sözlə, dövlət başçısının düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrası həm Azərbaycana böyük iqtisadi və siyasi dividendlər qazandıracaq, həm də dünya bir daha şahidi olacaq ki, İlham Əliyev verdiyi vədləri daim uğurla gerçəkləşdirən qətiyyətli liderdir.

Bu günün reallıqları isə bir daha göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video