05 Fevral 2021 00:57
2898
SİYASƏT
A- A+

İlham Əliyev yeni inkişaf hədəflərini müəyyən etdi

 

Azərbaycanın milli sosial-iqtisadi inkişaf xəttinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının yüksəlişi, əhalinin rifahının daha da yaxşılaşdırılmasıdır.

Əsası hələ ötən əsrin 90-cı illərində Heydər Əliyev tərəfindən müəyyən edilmiş bu prinsiplər sürətlə həyata keçirilib, dövrün tələblərinə uyğun olaraq yenilənib, ən əsası isə, qarşıya qoyulan hədəflərə inamla çatıb. Nəticə etibarilə həyatın bütün sahələrində, o cümlədən sosial-iqtisadi sferada köklü institusional dəyişikliklər, cəmiyyətin daha yüksək inkişaf pilləsinə yüksəlməsi baş verib.

 

Ümdə vəzifə uğurların davamlı olmasıdır

 

Azərbaycanın dünyada enerji daşıyıcılarının etibarlı ixracatçısına və regionun ən mühüm tranzit mərkəzinə çevrilməsi, karbohidrogen ehtiyatlarının hasilatı və Avropa bazarlarına çatdırılması məqsədilə iri layihələrin işə salınması, nəqliyyat dəhlizlərinin yaradılması respulikamızın iqtisadi sferada qarşıda duran məqsədlərə doğru daha sürətlə irəliləməsinə yol açıb. Məhz bu amillər XXI əsrin əvvəllərindən etibarən ölkədə aparılan genişmiqyaslı islahatların daha da dərinləşdirilməsinə, cəmiyyətin yüksək sosial-iqtisadi inkişafına şərait yaratdı. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamında da qeyd olunur ki, bu dövrdə ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın güclənməsini və müasirləşməsini təmin etmişdir: “Son 17 ildə dinamik inkişaf əsasında ölkə iqtisadiyyatının həcmi üç dəfədən çox böyümüş, güclü sosial-iqtisadi infrastruktur yaradılmış, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli azalmışdır. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı ortagəlirli dövlətlər qrupunda möhkəmlənmişdir”.

Qarşıda dayanan ən ümdə vəzifələrdən, xalqımızın ən xoş arzularından biri əldə edilmiş bütün uğurların davamlı olması, cəmiyyətin bütün istiqamətlərində tərəqqinin artması, inkişafın keyfiyyətcə yeni mərhələyə yüksəldilməsidir.

Bunu zəruri edən səbəblərdən birincisi Azərbaycanın zamanın çağırışlarına vaxtında reaksiya verməsidir. Məlum olduğu kimi, qloballaşma şəraitində bütün dünyada iqtisadi və təsərrüfat proseslərinin dəyişmə tempi, innovativ yeniliklərin yayılması, onların istehsal sahəsində tətbiqi misli görünməmiş şəkildə sürətlənir. Proqnozlara görə, yaxın və nisbətən uzaq gələcəkdə dünya iqtisadiyyatında artım məhz bu amilin təsiri nəticəsində baş verəcək. Bu onu göstərir ki, müsbət iqtisadi göstəricilər daha çox ölkənin innovasiya sahəsində nailiyyətlərindən, qabaqcıl texniki standartların və metodların tətbiqindən asılı olacaq.

Bununla yanaşı, daha keyfiyyətli inkişaf mərhələsinə keçilməsini zəruri edən səbəblərdən biri torpaqlarımızın işğaldan azad edilməsidir. Bəli, torpaqlarımızın azad edilməsi onların mövcud iqtisadi potensialından tam istifadə olunmasına geniş imkanlar yaradıb. Eyni zamanda Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyası sınağından da inamla çıxır. Əvvəlki illərdə aparılmış islahatlar hesabına milli iqtisadiyyat bu dövrdə xarici təsirlərə qarşı dözümlü oldu. Beləliklə, həm torpaqlarımızın işğaldan azad edilməsi, həm də pandemiyanın inamla dəf edilməsi yeni sistemli və davamlı iqtisadi islahatları zəruri edir.

 

Növbəti 10 ilin milli prioritetləri

 

Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də bu məqsədə xidmət edir. Sərəncamda qeyd olunduğu kimi, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir: “Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir”.

Beləliklə, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş milli prioritet reallaşdırılmalıdır:

1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bu milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir. Nazirlər Kabineti milli prioritetlərə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini hazırlayacaq.

Əvvəlki illərdə həyata keçirilmiş sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaradır. Bu baxımdan indiyədək qazanılmış nailiyyətlər imkan verir ki, Azərbaycan öz qarşısına daha yüksək məqsədlər qoysun və bundan irəli gələn vəzifələri müəyyənləşdirsin. Prezident İlham Əliyevin təsdiq etdiyi milli prioritetlər də ölkəmizin yeni sosial-iqtisadi inkişaf mərhələsinə yüksəldilməsi ilə bağlıdır.

Prezident İlham Əliyevin təsdiq etdiyi milli prioritetlərin həyata keçirilməsi Azərbaycanın zamanın tələblərinə və qlobal çağırışlara uyğun yüksəlişini təmin edəcək. Bu istiqamətlərdə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi respublikamızın dünyada və regionda çəkisini daha da artıracaq.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video