04 Fevral 2021 00:46
2549
İQTİSADİYYAT
A- A+

İlham Əliyev növbəti 10 il üçün Milli Prioritetləri təsdiq etdi

 

Rəqabətqabiliyyətli iqtisadiyyat, ədalətli cəmiyyət, müasir innovasiyalar, böyük qayıdış və təmiz ətraf mühit

 

Son 17 ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf etmiş, ölkədə geniş sosial infrastruktur yaradılmış, əhalinin sayı artmış, yoxsulluğun səviyyəsi aşağı düşmüşdür. Maliyyə imkanlarının artması Azərbaycanı yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmləndirmişdir.

İqtisadi gücü Azərbaycanın hərbi qüdrətini də artırmışdır. Bu, torpaqlarımızın işğaldan azad edilməsində və ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici amillərdən olmuşdur. Əldə edilmiş qələbə indi yeni, sistemli və davamlı islahatlara yol açır. Koronavirus pandemiyası ilə aparılan səmərəli mübarizə, ümumdövlət məqsədləri naminə həmrəylik təcrübəsi və ərazi bütövlüyünün bərpası irimiqyaslı və dərin islahatların aparılmasına zəruri əsasları gücləndirir.

Həyata keçirilən sosial-iqtisadi quruculuq uzunmüddətli dövrdə Azərbaycanın yeni inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm zəmin yaratmışdır. Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021/2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də məhz bu mərhələdə qarşıda duran ən ümdə vəzifələr müəyyənləşdirilmişdir. Dövlət başçısı öz sərəncamı ilə bu prioritetləri təsdiq etmişdir. Sərəncamda bildirilir ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir.

Bu məqsədlə növbəti onillikdə beş milli prioritet reallaşdırılmalıdır. Ölkənin sosial-iqtisadi inkişafına yönəldilən həmin prioritetlərin birincisi dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyata nail olmaqdır. İkinci hədəf dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılmasıdır. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılması prioritetlərin üçüncü sırasında dayanır. Dördüncü taleyüklü məsələ işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın təmin olunmasıdır. Nəhayət, beşinci prioritet Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi də şöhrətlənməsidir.

Prioritetlərə əsasən, uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Çünki məhz belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün vacibdir, o, eləcə də daxili və xarici təsirlərə dayanıqlığı təmin edir. İqtisadi artım həmçinin vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyat davamlı və yüksək templərlə artdıqda ölkədə adambaşına düşən milli gəlir yüksəlir. Yəni iqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin edir.

Odur ki, prioritetlər iqtisadi artımın davamlı olmasını, milli iqtisadiyyatın daha da şaxələndirilməsini, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmasını qarşıya məqsəd qoyur. Qarşıdakı dövrdə neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir. Çünki yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. İqtisadi artım, eləcə də qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl əməkdaşlığı gücləndirilməlidir.

Prioritetlərdə makroiqtisadi sabitlik nəzərdə tutulur ki, bunun da əsas meyarı qiymətlərin aşağı və stabil olmasının təmin edilməsidir. Makroiqtisadi sabitliyin digər mühüm meyarı olan dayanıqlı maliyyə sabitliyi maliyyə bazarlarının daim səmərəli fəaliyyət göstərməsini, maliyyə dərinliyinin artmasını və maliyyəyə çıxışın genişlənməsini şərtləndirməlidir.

Qeyd edək ki, Milli Prioritetlər, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan dövlətinin siyasətinin mərkəzində daim vətəndaşın maraqları dayanır. Bu, prioritetlərdə də özünü aydın göstərir. Qeyd olunur ki, iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq, onların iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Çünki yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. Prioritetlər də məhz iqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsinin təmin edilməsini, əməkhaqqının artımının əmək məhsuldarlığının artımı ilə uzlaşdırılmasını nəzərdə tutur. Bu baxımdan paytaxtın və regionların inkişafının tarazlı şəkildə aparılması böyük əhəmiyyət daşıyır. Odur ki, regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət edilməlidir. Rayonlar Bakı ilə müqayisə edilə biləcək yaşayış standartlarına malik olmalıdır. Ölkədə pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəsi təmin edilməlidir.

Vətəndaşların uzunömürlülüyü və sağlam həyat tərzi yenə də diqqət mərkəzindədir. Bu, vətəndaşların məhsuldar fəaliyyəti və sosial rifahının artırılması üçün çox vacibdir. Prioritetlərdə sağlamlığın və uzunömürlülüyün ölkədə səhiyyə sisteminin keyfiyyətindən birbaşa asılı olacağı bildirilir.

Azərbaycanda XXI əsrin tələblərinə uyğun təhsilin təşkili də prioritetlər sırasındadır. Çünki dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. İnsan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə məhz təhsil vasitəsilə artırılmalıdır.

Prioritetlərdə işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməsi, bu regionun ölkənin ən abad guşələrindən birinə çevrilməsi də əsas yer tutur. Burada müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır.

Düşmən üzərində qazandığımız qələbənin əbədiləşdirilməsi üçün vaxtilə öz doğma torpaqlarından köçkün düşmüş insanların yurd-yuvalarına qayıdışı böyük önəm kəsb edir. Bu böyük qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşması ilə yanaşı, həmin ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında da bir körpü olacaq.

Azərbaycan həmçinin təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi nümunəyə çevriləcək. Bunun üçün ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Strateji dövrdə bu prioritet daxilində iki məqsədin səmərəli şəkildə reallaşdırılmasına nail olunmalıdır ki, bunlardan biri yüksəkkeyfiyyətli ekoloji mühit, digəri isə “yaşıl enerji” məkanıdır. Yəni ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Sözügedən dövrdə qabaqcıl ölkələrdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin artacağı gözlənilir. Azərbaycanda da enerjidən səmərəli istifadə edilməsinə və yeni dayanıqlı enerji mənbələrinə üstünlük veriləcək. İndiki və gələcək nəsillərin tələbatını dolğun ödəmək məqsədilə ekoloji baxımdan əlverişli olan “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsi vacib sayılır.

Qarşıdakı illərdə uzun müddət ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olacaq. İqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklər azaldılacaq. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılacaq. Başqa sözlə, Azərbaycan başdan-başa çiçəklənən bağa çevriləcək.

 

Flora SADIQLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video