20 Fevral 2021 00:38
2423
SİYASƏT
A- A+

İLHAM ƏLİYEV MÖCÜZƏSİ

 

Növbəti  möcüzə isə Qarabağın cənnətə çevrilməsi olacaq

 

Qəfil möcüzə baş verdi!

Azərbaycan hərbi əməliyyatlara başlayaraq 44 gün ərzində  qudurmuş düşməni diz üstə çökdürdü!

İpə-sapa yatmayan, sülhə gəlməyən, özünü yekəxana və yekəbaş aparan Paşinyan Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün şərtlərini qəbul etdi, məhvolma təhlükəsindən qorxaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarını qrafik üzrə, həm də döyüşsüz təslim etdi!

Kapitulyasiya  sənədinin imzalanmasının təşəbbüsçüsü  və vasitəçisi olan Rusiya əslində növbəti dəfə Ermənistanın xilaskarına çevrildi.

30 il ərzində işğal etdiyi ərazilərdə özünə bunker, səngər, istehkam yaradan, yaşayış məskənlərini xarabalıqlara çevirən, meşələri qırıb  faydalı qazıntı yataqlarını çapıb-talayan, torpaqları, xüsusən  Şuşa şəhəri ilə Kəlbəcər və Laçın  rayonlarını qaytaracağını ağlına belə gətirməyən Ermənistan  İlham Əliyevin dəmir yumruğu qarşısında  quzuya, müti qula çevrildi!

Bu nə möcüzə idi?!

Xalq həmin xalq, döyüşənlər həmin vətənpərvər insanlar, ərazi həmin ərazi...

Düşmən də əvvəlki kimi arxalı və hiyləgər, özünü məğlubedilməz sayan...

Bəs nə dəyişib, nə baş verib?!

Niyə Birinci Qarabağ müharibəsində  uduzduq,  torpaqları əldən verdik, indi isə möhtəşəm qələbə qazanmışıq?!

Əgər 44 gün ərzində  münaqişəyə  son qoymaq, torpaqları azad etmək (hələ qorumaq hücuma keçməkdən daha asan və əlverişli sayılır)  mümkün idisə, niyə bizi  30 illik məşəqqətə salan məğlubiyyət  baş verdi?!

Necə oldu ki, Qarabağda  doğulub böyüyən, onu canı və qanı ilə sevənlər,  gözünü qırpmadan şəhidliyə yüksələnlər torpağı qoruya bilmədilər,  amma Qarabağı görməyən,  doğma yurd-yuvadan kənarda doğulan gənclərdən ibarət ordu  dəmir yumruq kimi  düşmənin başını qısa müddətdə əzdi?

Sualı bir də təkrar edirik:  nə dəyişib, nə baş verib?

Sualın cavabı həm sadə, həm mürəkkəbdir!

Həm də aydın və anlaşılandır.

Qarabağlıların  təbirincə söyləsək, Birinci Qarabağ müharibəsində yiyə-vay dərdindən uduzmuşduq!

Bəli, ötən əsrin  90-cı illərində  millətin əsl yiyəsi, yol göstərəni, qabağına düşəni, səfərbər edəni, ordu yaradaraq onu silahlandıranı yox idi!

Dünyanın çalxalandığı, qırmızı imperiyanın  dağıldığı bir vaxtda baş verənlərdən  müdrikcəsinə baş çıxardan, düzgün siyasət yürüdən, müstəqillik gəmisini  təlatümlərdə, qasırğa və fırtınada məharətlə idarə edən, sualtı qayalardan qoruyaraq sağ-salamat düz istiqamətdə apararaq  mənzil başına çatdıran təcrübəli kapitan yox idi!

Sualın mürəkkəb tərəfi isə “niyə yox idi”  şəklində verilə biləcək növbəti sualdan doğur!

Bunun  cavabı isə çox sadə və aydındır:

Çünki xalq həqiqi rəhbərindən ayrı düşmüşdü;

Çünki həmin illərdə ölkəyə maymaqlar, qorxaqlar, qətiyyətsizlər və  səriştəsizlər - bir sözlə şəxsi maraqlarını ümumi mənafedən üstün tutanlar başçılıq edirdilər!

Nəticə fəlakətli oldu: 20 min şəhid verilməklə 20 faiz ərazi itirildi, üstəlik otuz il ərzində bir milyondan çox qaçqın və məcburi köçkün zillət  çəkdi!

Biz millət kimi gözükölgəli, dili qısa olduq!

Bizi torpağını qoruya bilməyən, qorxaq xalq kimi tanıdılar!

Heç kim həqiqəti öyrənmək, həqiqəti dilinə gətirmək, haqqı-ədaləti müdafiə etmək fikrinə belə düşmədi!

Adımızı “vəhşi”, “qaniçən” qoydular!

Qəddar düşmənimizə isə “məzlum”, “zavallı millət”, “qədim xalq” yarlığı bağladılar!

Yanan da biz, yaman da biz olduq!

Ümidimizi ATƏT-in  Minsk qrupuna  bağladıq...

Gücümüzü ikili standartlarla mübarizəyə  yönəltdik...

Ulu  Öndər  Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıdanda  sanki  üstümüzə gün doğdu.

Hər şey dəyişdi, ümidimiz yenidən  cücərməyə başladı.

Heyhat, ömür vəfa etmədi, Ümummilli Liderimiz bizi siyasi  varisinə əmanət edərək haqq  dünyasına qovuşdu!

Xoşbəxtlikdən qoyub getdiyi siyasi kurs davamlı və uğurlu oldu!

İlham Əliyev nəinki  xalqın etimadını doğrultdu, faktiki olaraq dünya səviyyəli liderə çevrildi, xalqımızın tarixinə adını qızıl hərflərlə yazdıraraq itirilmiş torpaqları qaytaran  qalib Sərkərdəyə, Dağlıq Qarabağ  problemini həmişəlik  çözən dövlət başçısına,  əslində  möcüzə yaradan rəhbərə çevrildi!

***

Prezident İlham Əliyev  bu möcüzəni bir gündə, bir anda  yaratmayıb!

Ona addım-addım, yavaş-yavaş yaxınlaşıb.

Saysız-hesabsız problemləri həll  etməklə, çətinlikləri aradan qaldırmaqla, çoxlarına xoş  gəlməyən  müstəqil  xarici  siyasət yürüdərək Azərbaycanın  maraqlarını daim yüksəkdə   tutmaqla, bir-birilə bağlı vəzifələri əlaqəli şəkildə  həyata keçirməklə, böyük iradə, əzm, qətiyyət və fədakarlıq nümayiş etdirməklə  məqsədə  çatıb!

Müdrik  dövlət xadimi İlham Əliyev bütün işləri sonadək “qapalı” apardı, düşməni və onun havadarlarını ayıq salmadı, son ana qədər  hazırlıqlarını və etmək istədiklərini büruzə  vermədi.

Nəyi, nə vaxt və necə etməyi hamıdan  daha yaxşı bilməklə şanlı qələbəni təmin etdi!

***

Müzəffər Ali Baş Komandan  İlham Əliyevin  möcüzəsi bir neçə tərkib hissədən ibarətdir. Qısa şəkildə nəzərdən keçirək.

Ən əvvəl, cənab İlham Əliyev  tarixinin ən güclü Azərbaycanını yaratdı!

Prezident İlham Əliyevin rəhbərliyi dövründə  ümumi daxili  məhsul istehsalının artımı sahəsində Azərbaycan daim lider  dövlətlər sırasında olub!

Xəzərin  karbohidrogen ehtiyatları qeyri-ənənəvi marşrutlarla dünya bazarına çıxarılıb, ölkəmiz Avropanı  enerji daşıyıcıları ilə  ən etibarlı şəkildə  təmin edən dövlət imicini qazanıb, tərəfdaşlarına, qonşu dövlətlərə fayda gətirən transmilli  layihələri uğurla, öz gücü hesabına gerçəkləşdirib, logistika mərkəzinə, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişdiyi məkana çevrilib, qeyri-neft sektorunun, sahibkarlığın inkişafında diqqətəlayiq  nailiyyətlərə  imza atıb, iqtisadi imkanlarını siyasi nüfuzuna çevirməyi bacarıb.

İkinci, Azərbaycan beynəlxalq  layihələrə həyat vəsiqəsi verəndə əməkdaşlıq etdiyi dövlətlərlə dostluq əlaqələrini yarada, mövcud əlaqələri və münasibətləri daha da möhkəmləndirə bilib. Haqq işi uğrunda mübarizə aparanda, ordu quruculuğunda, hərbi əməliyyatların gedişində bu əlaqə və münasibətlər  ona kömək etdi.  Ölkəmiz  Türkiyə, İsrail, Rusiya, Ukrayna kimi dövlətlərdən müasir silahlar alaraq öz arsenalını möhkəmləndirdi.  Hətta dostlarımızın bir qismi bizə satdıqları silahlardan  düşmən ölkəyə vermədi.

Üçüncü, dövlət başçısı cənab İlham Əliyev torpaqların hərbi yolla azad edilməsi variantına hazırlığı təkcə ordunun gücləndirilməsi yolu ilə məhdudlaşdırmadı. Diplomatiya sahəsində də ardıcıl və məqsədyönlü addımlar atıldı.

Prezidentimizin  təşəbbüsü ilə hücum diplomatiyasına start verildi, dünya ölkələrində diaspor fəaliyyəti  gücləndirildi, Azərbaycan - Türkiyə  diaspor qurumlarının əlbir işi təmin olundu.

Erməni diasporunun geniş əl-qol açmasına yol verilmədi.

Dördüncü,  beynəlxalq qurum və təşkilatlarla aparılan iş əsaslı şəkildə gücləndirildi.  Bu sahədə ən ağır yükü dövlət başçısı öz üzərinə götürdü. BMT Təhlükəsizlik Şurasının iclaslarına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, Qoşulmama Hərəkatına  sədrliyi dövründə səlahiyyətlərindən  istifadə edən cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problemləri diqqət mərkəzinə gətirərək əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, Azərbaycana haqq işində dəstək verənlərin sayının artırılmasına nail olmuşdur. Həmçinin yaranan bütün imkanlardan, o cümlədən  “Valday” Beynəlxalq Diskussiya  Klubu və Münxen Təhlükəsizlik Konfransındakı çıxışlarından  bacarıqla istifadə edərək Ermənistanın işğalçı siyasətini, sülh danışıqlarından məqsədli şəkildə yayınmasını ifşa etmişdir.

Beşinci, bu möcüzənin yaranmasında qardaş Türkiyə dövlətinin yaxından dəstəyinin xüsusi əhəmiyyəti olmuşdur. Məhz cənab İlham Əliyevin səmimi, fədakar zəhməti sayəsində canbir, qanbir, dil və din bir Türkiyə ilə Azərbaycanın sarsılmaz dostluğu özünün ən yüksək, sıx qardaşlıq  səviyyəsinə yüksəlmişdir. Bircə faktı yada salırıq: 1992-ci ildə  Kəlbəcərin işğalı zamanı ozamankı  prezident  Ə. Elçibəy insanların mühasirədən çıxarılması üçün Türkiyədən bir mülki vertolyot belə ala bilməmişdi (buna görə türk qardaşlarımızdan incimirik),  NATO üzvü olan Türkiyə bu addımı ata bilməmişdi. Bugünkü Ərdoğan Türkiyəsi isə  müasir dünyada öz sözü, öz yeri olan, maraqlarını təmin etmək imkanına malik qüdrətli dövlətə çevrilmişdir. Qardaş Türkiyə  bu savaşda daima özü, sözü, silahı, imkanları ilə yanımızda durdu, bütün səviyyələrdə Azərbaycanın  dəstəkləyicisi olduqlarını birmənalı şəkildə bəyan etdi!

Altıncı, Prezident İlham Əliyev  yeni vətənpərvər gənclər nəslinin yetişməsinə nail oldu. Və həmin gənclər könüllü olaraq Azərbaycan Ordusuna yazılmaqla  müharibənin gedişində öz sözlərini dedilər. Milli  Olimpiya Komitəsinin  Prezidenti İlham Əliyev həmin gəncləri  şəxsi nümunəsi əsasında, idman meydanlarında, təhsil ocaqlarında yetişdirmişdir. Müxtəlif idman yarışlarında qalib gələrək, dövlət bayrağını qaldıraraq himnini səsləndirən, mükəmməl təhsil alaraq quruculuq işlərinə qoşulan müstəqil dövlətimizin gənc vətəndaşları düşmən işğalı ilə heç cürə barışmırdılar və Ali Baş Komandanın “irəli” əmri ilə dərhal silaha sarıldılar, bu dəfə işğaldan azad edilən ərazilərdə üçrəngli bayrağımızı ucaltdılar.

Yeddinci, yeni zabitlər heyəti və xüsusi hazırlıq görmüş döyüşçülərin yetişdirilməsi də təmin olundu. Onlarla daim təlim keçirildi, yerli şəraitə uyğun əməliyyatlara hazırlıqlar aparıldı. Məhz bu uzaqgörənlik qala şəhəri olan  Şuşanın yüngül silahlar və   əlbəyaxa döyüşlər yolu ilə alınmasında təsdiqini tapdı!

Səkkizinci, müharibənin ilk günlərindən orduda qeyri-adi ruh yüksəkliyi müşahidə olundu. Azərbaycanın  əsgər və zabitləri yüksək peşəkarlıqla, qəhrəmanlıqla çarpışır, düşmənə göz açmağa aman vermir, hətta yaralanan belə döyüş meydanını tərk etmir, digərləri yaralı əsgər yoldaşını tək qoymayaraq özü ilə  aparırdı. 44 günlük müharibə dövründə  bir nəfər belə fərarilik etmədi! Halbuki düşmən ordusunda öz etiraflarına görə, fərarilərin sayı on mini keçmişdi və geri qaçanların qabağını almaq üçün özləri güllələyirdilər.

Doqquzuncu,  Azərbaycan Vətən müharibəsinə yeni taktika və strategiya  ilə gəlmişdi. Bunu bütün dünya gördü, bildi, təsdiq etdi. Nəinki təsdiqlədi, hətta yeni müharibə nümunəsi ortaya qoyan Azərbaycanın təcrübəsindən nəticə çıxararaq öz ordularında  zəruri dəyişikliklərin aparılmasının və bu təcrübədən yararlanmanın  vacibliyini söylədilər. Ermənistan isə özünün olmayan qalibiyyətinə güvənərək XX əsrin ordusu və silahları ilə müharibəyə başlamışdı. Nəticədə çox qısa zaman ərzində dəmir yumruğun zərbəsindən sarsıldı, diz çökərək aman dilədi!

Onuncu, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının milli birliyini də təmin etmişdi. Müharibə başlayan kimi bir-ikisi istisna olmaqla, ölkədəki bütün siyasi partiyalar və qurumlar torpaqların işğaldan azad olunması uğrunda gedən savaşda  dövlət başçısını tam dəstəklədikləri barədə rəsmi bəyanat yaydılar. Bu da Azərbaycanın müstəqillik tarixində bir ilk oldu, düşmənə və onun havadarlarına qarşı mübarizədə mühüm dəstəyə çevrildi.

On birinci, müasir müharibələrin hibrid müharibəsi olduğunu gözəl bilən  Ali Baş Komandan İlham Əliyev informasiya müharibəsinə də irəlicədən hazırlaşmışdı. Elektron resurslarında, xüsusən sosial şəbəkələrdə hərbi əməliyyatlar barədə, habelə hərbi sirr ola biləcək informasiyaların yayılmasının qarşısının alınması üçün qanun əsasında bütün tədbirlər görülmüşdü. Müharibə dövründə dünya KİV-inə və informasiya agentliklərinə otuzdan çox müsahibə verən cənab İlham Əliyev bu sahədə də əsas ağırlığı öz çiyinlərinə götürdü, ölkəmizə qarşı atılan böhtanlara tutarlı cavab verdi, erməni faşizminin iç üzünü açıb göstərdi, qərəzli jurnalistlərə isə  jurnalistika dərsi  keçdi!

On ikinci, şübhəsiz ən böyük möcüzədən biri son  üç yüz il ərzində Azərbaycanın itirdiyi torpaqları geri qaytarması və iki əsr davam edən, zaman-zaman ölkəmizdən torpaq qoparılması ilə nəticələnən   Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinə  son qoyulmasıdır.   

Müzəffər Ali Baş Komandan İlham Əliyev  düşmənin başını dəmir yumruğu ilə elə əzdi ki, o, bir daha özünə gələrək qüdrətli Azərbaycandan ərazi qoparmaq iqtidarında olmayacaqdır!

***

Qarabağın 44 gün ərzində işğaldan azad edilməsi möcüzəsini yaradan Prezident İlham Əliyev bu zəfəri quruculuq sahəsində davam etdirməkdədir.

Eyni zamanda  bir çox mühüm istiqamətlərdə dövlət başçısı yorulmadan çalışır.

Bu işlər cənab İlham Əliyevin xalqımıza verdiyi sözün - Qarabağın yenidən  dirçəldilərək cənnətə çevrilməsinə xidmət göstərir!

ONLAR HANSILARDIR:

* Bütün dövlət sərhədlərinə sahib çıxan ölkəmiz hazırda həmin sərhədlərin delimitasiya və demarkasiyasını başa çatdırmaqdadır.

Bu prosesdə ermənilərin uzun illər boyu  bizdən oğurladıqları ərazilər də  müəyyənləşdirilərək geri qaytarılır, sərhədlərin qorunması Azərbaycan sərhədçilərinə verilir.

* Murdar düşmənin özündən sonra qoyub getdiyi “ölüm tələləri” aşkarlanaraq ləğv edilir.

Minalardan təmizlənmə prosesində  türk hərbçiləri və rusiyalı sülhməramlıları  da  yaxından iştirak edirlər.

* İşğal və müharibə dövründə ölkəmizə dəyən ziyan, habelə xarici şirkətlərin ölkəmizdə apardıqları talançılıq işləri  müəyyənləşdirilir,  səlahiyyətli və təcrübəli beynəlxalq qurumlar tərəfindən sənədləşdirilir.

Azərbaycan dövləti həmin sənədlər əsasında  Ermənistanı və digər şirkətləri beynəlxalq məhkəməyə verərək vurulan maddi ziyanı kompensasiya etdirəcəkdir.

* Dövlət başçısı cənab İlham Əliyev müntəzəm surətdə işğaldan azad olunan bölgələrə gedir, görülən işlərlə tanış olur, yeni layihələrin gerçəkləşdirilməsi üçün  tapşırıq və göstərişlərini verir, təməlqoyma mərasimi keçirir, dirçəliş proqramının icrasının sürətləndirilməsinə çalışır.

Görülən işlərin sayı və çeşidi isə həddindən çoxdur:

* ilk növbədə yeni avtomobil yolları çəkilməli, dəmir yolları salınmalı, beynəlxalq  aeroport  tikilməlidir;

* əhalinin geri qayıtması üçün digər zəruri infrastrukturlar - elektrik enerjisi, içməli su, kanalizasiya xətti çəkilməli, təbii qaz verilişi təmin edilməlidir;

* ən vacib məsələlərdən biri investisiya cəlbi, bu hesaba müxtəlif layihələrin reallaşdırılmasıdır;

* geri qayıdan əhali üçün yaşayış məskənlərinin salınması, inzibati binaların inşası, yeni iş yerlərinin yaradılması, ilk növbədə, görülən işlər sırasındadır;

* kənd təsərrüfatının, sahibkarlığın, turizmin inkişafı da Qarabağın potensialını üzə çıxaracaq sahələrdir.

Qalib dövlət başçısı İlham Əliyev Şuşanı mədəniyyət paytaxtı elan edib. Bu məqsədlə görüləcək  işlərə artıq start  verilib.

Mədəni-tarixi abidələrin, dini məbədlərin, həm də bütün dini məbədlərin bərpası və yenidən qurulması gündəlikdəki məsələlərdəndir.

Bütövlükdə Prezidentimiz yaxın gələcəkdə Qarabağı cənnətə çevirməyi planlaşdırır!

Prezidentimizə inanırıq:  sözünün sahibi olan dövlət rəhbəri kimi!

Həm də daim düşünülmüş siyasət yeridən, hesablanmış addımlar atan, xalqın maraqlarını həmişə qoruyan və üstün tutan vətənpərvər dövlət başçısı kimi!

Eyni zamanda əminik ki, cənab İlham Əliyev dediklərini gözləniləndən də tez başa gətirəcəkdir!

Axı  İlham Əliyev möcüzə yaratmağı bacarır!

Budur,  dünyanı çıxılmaz duruma salan, bütün sahələrdə tənəzzül yaradan, insanları fəaliyyətdən kənarda saxlayan COVID-19-un uğursuz ilə çevirdiyi 2021-ci il İlham Əliyevin qələbəsi  hesabına Azərbaycan üçün tarixi zəfər ili oldu!

Həm də təkcə tarixi zəfər  ili  yox!

“Gallup  International”ın “Xoşbəxtlik  İndeksi” beynəlxalq sorğusunun nəticələrinə görə, Azərbaycan 76 faiz xoşbəxtlik  indeksi ilə ən xoşbəxt  ölkələrin  ilk beşliyinə, Ermənistan isə 12  indekslə ən bədbəxt ölkələr siyahısında yer alıb!

Hamı üçün uğursuz ilin Azərbaycan üçün ən xoşbəxt ilə çevrilməsi bir möcüzə deyilmi?!

Bunun da  müəllifi Azərbaycan xalqının sevimlisi İlham Əliyevdir!

 

Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video