17:05 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
00:51 20.04.2021

DƏMİR YUMRUĞUN ABİDƏSİ


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Hərbi aviasiyamızın ilk «qaranquşları», yaxud «qaçqın» təyyarənin aqibəti...
ANA SƏHİFƏ / CƏMİYYƏT
01:06 25.06.2013

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsasında genişmiqyaslı hərbi qarşıdurma 1991-ci ilin sonu, 1992-ci ilin əvvəlində başladı. Bu, SSRİ-nin dağılması ilə eyni vaxta təsadüf edirdi. Erməni diasporunun pulları ilə satın alınmış sovet ordusunun generallarının, ermənipərəst Kreml rəhbərlərinin köməyi ilə ermənilər mənfur məqsədlərini həyata keçirmək imkanı qazandılar. Ermənistan hərbi birləşmələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyata başladılar. Bu əməliyyatlar erməni havadarlarının təchiz etdiyi ən yeni silah-sursat, o cümlədən  döyüşlərdə böyük təcrübəsi olan Yaxın Şərq ölkələrinin terrorçu təşkilatları iştirak edirdilər. 1992-ci ilin mayından 1994-cü ilin mayınadək Şuşa şəhəri daxil olmaqla təkcə DQMV ərazisi deyil, ətrafındakı 7 rayonunun ərazisi də işğal olundu. Bütövlükdə Azərbaycan ərazisinin 20 faizi düşmən əlinə keçdi. Böyük məkrliklə xalqımıza Azərbaycanın cəlb edildiyi bu müharibədə 18 mindən çox həmvətənimiz həlak oldu, 50 mindən artıq insan yaralanaraq şikəst qaldı, 877 yaşayış məntəqəsi dağıdılaraq qarət olundu, 100 min yaşayış binası, mindən çox iqtisadi obyekt, 600-dən çox məktəb və tədris müəssisəsi, 250 tibb müəssisəsi məhv edildi. Yurd-yuvasından didərgin düşən 800 min məcburi köçkünün sayına Ermənistandan qovulmuş 220 min qaçqın da əlavə etsək, bunun yenicə azadlığa qovuşmuş Azərbaycan Respublikası üçün necə böyük faciə olduğu anlaşılar.

Hərbi toqquşmanın fəal dövründə hər iki tərəfdə aviasiyadan istifadə olunurdu. Ermənilər hərbi hava qüvvələrini rus ordusundan "hədiyyə" adlıqları halda biz bu sursatı təzyiq gücünə "qənimət" kimi əldə edirdik.

...1992-ci il aprelin 8-də Azərbaycan aviasiyası ilk hərbi təyyarəyə sahib oldu. Borisoqlebsk təyyarəçilik məktəbinin məzunu, baş leytenant Vaqif Qurbanov Sitalçayda yerləşən 80-ci əlahiddə hərbi aviasiya alayının aerodromundan "Su-25" tipli şığıyıcı döyüş təyyarəsini qaçırmağa nail oldu. O, digər iki vətənpərvər həmyerlisi - təyyarə texniki leytenant Məmmədovun və aviamexanik proporşik Quliyevin köməyi ilə "Su-25"-i uçuşa hazırlayaraq,  nəzarətçilərin gözləri qarşısında havaya qalxmış və Azərbaycanın Yevlax aerodromunda (mülki aviasiya aerodromu) yerə enmişdi. Qaçırılan təyyarə barədə "hay-küy" yatandan sonra V.Qurbanov döyüş uçuşlarına başlamışdı.

Rusiyanın o zamankı hakimiyyəti qaçırılmış təyyarəni dərhal geri qaytarmağı Azərbaycandan tələb etsə də, bu tələb qanunauyğun və ən əsası ədalətsiz olduğu üçün yerinə yetirilmədi. Bu zaman Rusiyanın Müdafiə Nazirliyi belə bir əmrlə bölgədəki hərbi aviasiya alaylarına göstəriş verdi: "qaçırılmış təyyarə pilotla birlikdə məhv edilsin". Bu vəzifənin icrası xüsusi olaraq Vaziani aeroportunda (Şərqi Gürcüstan, Kaxetiya vilayəti) yerləşən 982-ci qırıcı aviasiya alayına tapşırılmışdı. Burada Azərbaycan şığıyıcısını vurmaq üçün 2 "MiQ-23" tipli qırıcı təyyarə daim hazır vəziyyətdə saxlanırdı.

MDB Hərbi Hava Qüvvələrinin Baş Qərargahı da bu barədə tələsik bəyanat yaymışdı ki, "qaçırılan təyyarənin Qarabağ müharibəsində iştirak etməməsi üçün bütün tədbirlər görülməlidir". Mayın 9-da Azərbaycanın döyüş vertolyotları Şoş kəndini atəşə tutdular. Vaqif Qurbanovun sığıyıcı maşını isə ermənilərin "Yak-40" tipli hərbi təyyarəsini vurdu. Məhz həmin "Su-25" erməni muzdlusu mayor Aleksandr Qorçakovun idarə etdiyi rus hərbi vertolyotunu raket atəşi ilə yerə sərdi. Sağ qalan həmin zabit məlumatında deyirdi ki, "mən buludların üstü ilə uçurdum və mənim maşınımın raketlə vurulacağını güman etmirdim".

1992-ci il iyunun 13-də Azərbaycan HHQ-nə ağır itki üz verdi. Vaqif Qurbanovun idarə etdiyi "Su-25" qırıcı təyyarəsi düşmən tərəfindən vuruldu və Vaqif ekipajla birlikdə həlak oldu. Bu cəsur təyyarəçinin döyüş karyerası cəmi üç ay çəkdi. Lakin bu az vaxtda o, adını əsl qəhrəmanlar siyahısına yazdıra bildi. Ermənilərin canına qorxu salan Vaqifin ölümü qarşı tərəfdə sevinclə qarşılandı. Erməni televiziyası təyyarənin qalıqlarını dönə-dönə nümayiş etdirdilər. "Su-25"-in bortunda Azərbaycan bayrağının şəkli həkk olunmuşdu. Qarabağ uğrunda şəhid olmuş Vaqif Qurbanov ölümündən sonra vətənin yüksək mükafatına - Azərbaycanın Milli Qəhrəmanı şərəfli adına layiq görüldü.

Ordumuzun ilk qırıcı təyyarəsi məhv edilsə də, cəsur oğullarımızın əldə etdikləri döyüş vertolyotları və təyyarələri hesabına hərbi aviasiyamız formalaşmağa başlayırdı. SSRİ-nin süqutundan sonra vahid Sovet Ordusu hüquqi baxımdan ləğv olunmuş, fəaliyyətini dayandırmışdı. Lakin ordunun ayrı-ayrı hissələri əvvəlki dislokasiya yerində qalmaqda idi. Bundan istifadə edən ermənilər rus generallarını pulla ələ alaraq, müxtəlif növlü hərbi texnikaya sahib olur, hətta ordunun canlı qüvvəsini "satınalma", yaxud məcburiyyət yolu ilə öz tərəflərinə çəkirdilər.

Yaranmış vəziyyətlə əlaqədar olaraq, Azərbaycan ərazisində yerləşən Sovet Ordusuna məxsus əmlakın müəyyən hissəsinə sahib olmaq hüququmuz var idi.1992-ci ilin əvvəllərində Azərbaycan aviatorları Sanqaçal aerodromunda keçmiş sovet ordusuna məxsus iki eskadriliyanı - "Mi-24" tipli 14 və "Mi-8" tipli 9 hərbi vertolyotu ələ keçirdilər. Zabrat aviamüəssisəsinin pilotu X.Səttarov həmin dövrü belə xatırlayır: "1992-ci il fevralın 13-də Sanqaçal yaxınlığında yerləşən aerodromdan "Mi-24" tipli vertolyotları gətirmək tapşırığı aldıq. Lakin bunlar döyüş maşınları olduğu üçün bizə tanış deyildi və bu səbəbdən də mütəxəssisə ehtiyacımız var idi. Belə bir köməyi bizə göstərən podpolkovnik S.Cəlilov, mayorlardan S.Senyuşkin və R.Şirinov oldular. Döyüş maşınlarının xüsusiyyətləri ilə tanış olandan sonra biz - Yavər Əliyev, Zakir Yusifov, Edison Həsənov, Mirməmməd Ağayev və mən üç saat ərzində vertolyotları Sanqaçaldan Zabrat aeroportuna gətirdik". Azərbaycan Müdafiə Nazirliyinin əmri ilə birinci döyüş vertolyotları eskadriliyası fəaliyyətə başladı. Eskadriliyanın təşkilatçısı və ilk komandiri Yavər Əliyev oldu. O, Azərbaycanda hərbi aviasiya yaratmaq arzusuna çatdı. Lakin Yavər və Vaqif Qurbanov kimi, Dağlıq Qarabağ uğrunda hava döyüşlərində həlak oldu və ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Keçmiş SSRİ-nin Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələrinin 4 aviasiya alayı Azərbaycan ərazisində yerləşirdi: Sitalçayda 80-ci ("SU-25"), Nasosnıda 82-ci ("MiQ-25 PDS"), Kürdəmirdə 976-cı ("SU-24"), Dəllərdə 882-ci ("MiQ-25 PB" və "SU-24 MR").

SSRİ dağıldıqdan sonra Hərbi Hava Qüvvələrinin Baş Qərargahı Müstəqil Dövlətlər Birliyinə tabe edildi. Lakin bu qurum qondarma olduğu kimi, qanunları da kəsərsiz idi. Odur ki, HHQ-nin bütün əmlakı tezliklə Rusiyanın yurisdiksiyasına keçdi. Belə bir vaxtda silah və sursata kəskin ehtiyac duyan Azərbaycan haqlı tələbini təkidlə irəli sürür, payına düşən hərbi vəsaiti almaq üçün qarnizonlarla danışıqlar apardı. Tələbimiz ona görə haqlı idi ki, bu cəbbəxana həm Azərbaycanın varidatı ilə yaranmış, həm də bütün sovet dövründə Azərbaycanın vəsaiti hesabına yaşamışdı.

İndi isə Azərbaycanın cəlb olunduğu müharibə şəraitində torpaqlarımızı, xalqımızı qorumaq üçün müxtəlif silah növlərinə ehtiyacımız vardı. Təəssüf ki, rus generalları bu silahları (halal payımızı) "könüllü" verməkdən imtina edirdilər. Odur ki, Azərbaycanın cəsur oğlanları bəzən xahiş və inandırma, bəzən də güc yolu ilə Azərbaycan ərazisində dislokasiya olunmuş hərbi texnikanın az da olsa bir hissəsini əldə edə bilirdilər. Ermənipərəst rus rəhbərliyi 1992-ci ilin əvvəlində hərbi texnikanı Azərbaycandan çıxarmaq əmri vermişdi. Lakin hərbçilər bu əmri tam qaydasında yerinə yetirə bilmədilər.

HHQ-in Nasosnı aerodromunda və təmir emalatxanasında "ləngimiş" bir neçə (bəzi məlumata görə 30 ədəd) "MiQ-25 PD" tipli döyüş təyyarəsi saxlanılaraq müsadirə olundu. Rus zabitlərinin heç də hamısı erməni təbliğatına uymuş, yaxud puluna satılmış hərbçilər deyildi. Belələrindən biri polkovnik Vladimir Kravtsov idi. Aviasiya alaylarından birinin köçürülməsini yerinə yetirən bu zabit Azərbaycan barədə edilən haqsızlığa etiraz edir, ermənipərəst siyasəti pisləyirdi. Məhz ədalətsizliyə qarşı dözümsüz xarakteri onu Azərbaycana bağladı, bir qədər sonra V.Kravtsov Azərbaycan HHQ-nın komandanı vəzifəsinə təyin olundu. Erməni siyasətindən analoji narazılar arasında Dəllərdəki kəşfiyyat aviasiyası alayının komandir müavini podpolkovnik Aleksandr Ples də var idi. O da həmkarı V.Kravtsov kimi, erməni azğınlığına və onların havadarlarına etiraz əlaməti olaraq, vicdanının səsinə qulaq asdı: Rəsmi Rusiyanın təcili surətdə alayı köçürmək əmri verdiyini Azərbaycan tərəfə xəbər verdi. Bu xəbəri alan xalqımızın vətənpərvər oğulları dəstə halında Dəllər aerodromuna həmlə etdilər. Onlar uçuş zolağını mühasirəyə alaraq, kəşfiyyat təyyarələrinin aerodromdan çıxmasına imkan vermədilər. Beləliklə, həmin gün 16 təyyarə - "MiQ-25 RB", 11 "Su-24 MR" müsadirə olundu. Bundan başqa,  1 ədəd "İl-76" da vardı. Bu nəhəng yük maşınını aerodromda olan hərbi texnikanı evakuasiya etmək üçün göndərmişdilər...

"Su-24 MR" tipli kəşfiyyat təyyarələrində bomba atmaq üçün avadanlıq yox idi. Lakin Azərbaycanda aviatəmir zavodu olduğundan (doğrudur, bu zavod "MiQ-25"lər üçün ixtisaslaşdırılmışdı) təyyarədəki bu "qüsuru" düzəltmək mümkün oldu. Digər tərəfdən şəhər (kənd) miqyasında hədəfi "gözəyarı" bombalamaq da mümkün idi. "MiQ-25 RB" tipli təyyarələr əsasən havadan fotoradio kəşfiyyat işləri üçün nəzərdə tutulsa da, onun naviqasiya məqsədi ilə bomba atan "Pelenq" sistemi var idi. Odur ki, bu təyyarədən erməni mövqelərinə dəqiq bomba zərbəsi endirmək mümkün idi.

Azərbaycan HHQ döyüş təyyarələri ilə yanaşı, "L-29" tipli təlim təyyarələrindən ibarət "Delfin" aviaparkına da sahib olmuşdu. İlkin məlumatlara görə, parkda 50-80 maşın vardı. Bu maşınlar Bakı yaxınlığındakı Sanqaçal aerodromunda Azərbaycan Müdafiə Nazirliyi tərəfindən yaradılmış Təlim Mərkəzində saxlanılırdı. Burada "L-29" təyyarələrinə də "əlavələr" edərək onları döyüş maşınına çevirirdilər. Başqa sözlə, təyyarənin bortuna bomba yerləşdirmək üçün asqılar və "UB-16-57" raketləri üçün bloklar əlavə edirdilər.

1992-ci ilin yayında Azərbaycanın aviasiya parkına daha 3 "MiQ-21" təyyarəsi əlavə olundu. Bu maşınlar Çuquyevsk təyyarəçilik məktəbinə verilən aviakerosinin əvəzində alınmışdı. Ukrayna hərbçiləri bu yolla hərbi hava qüvvələrinin yanacaq və sürtkü yağları problemini həll etmək istəyirdilər. Lakin Ukrayna "qaynar nöqtəyə" silah ixrac etdiyi üçün ABŞ-ın Dövlət Departamenti tərəfindən qınağa çəkildi. Əlbəttə, bu aksiyada erməni lobbisinin rolu az olmamışdı. Kiyevə böyük təzyiq göstərildi, Çuquyevskdə qalan "MiQ"ləri isə doğrayaraq, "metalloma" verdilər.

Azərbaycanın hərbi aviasiyasının şəxsi heyəti mülki aviasiyanın pilotları hesabına formalaşmışdı. Yuxarıda adları çəkilən vertolyotçu pilotlar siyahısına tezliklə yeniləri - Firuz Cəlilov, Zakir Məcidov, Fəxrəddin Musayev, Hüseynxan Əzimov, İlham Əliyev, Ramiz Hidayətov əlavə olundular. X.Səttarov özü oda bürünən Qarabağ səmasında 1000 saat uçuş keçirmiş, "Mi-24" vertolyotunda 150 döyüş tapşırığı yerinə yetirmişdi. 1992-ci ilin payızında gənc pilotlardan komandir heyəti yetişdirmək məqsədi ilə Təlim Mərkəzi yaradılmışdı. Həmin mərkəzin yetişdirmələri 1994-cü ilin mayında "atəşkəs" rejimi başlayanadək döyüş uçuşları keçirmiş və bir çoxu Qarabağ səmasında həlak olmuşdu.

1992-ci il iyunun 19-da Qarabağ uğrunda döyüşlər daha kəskin xarakter aldı. Erməni silahlı qüvvələri cəbhənin şimal cinahından hücuma keçdi. Havaların əlverişsiz olmasına baxmayaraq, Azərbaycan aviasiyası ermənilərin piyada dəstələrinə və artilleriya mövqelərinə fəal surətdə zərbələr endirirdi.

Ermənistan tərəfində vuruşan rus "könüllülərindən" biri, "3U-23-2" zenit qurğusunun komandiri etiraf edirdi ki, " erməni artilleriya batareyasını məhv etmək üçün nisbətən alçaqdan uçan iki Azərbaycan "Su-24" təyyarəsindən birini iyulun 19-da axşamçağı şəxsən mən vurmuşam". Axşam qaranlığı tez düşdüyündən vurulan təyyarənin qalıqlarını səhər axtarmalı oldular. Dağlıq ərazidə katapult kürsüsü və paraşüt, bir neçə kilometr aralıda isə partlamış təyyarənin qalıqları tapıldı...

Azərbaycan hava qüvvələri düşmənin istinad nöqtələrini məhv etməkdə qoşun hissələrinə kömək edirdilər. 1992-ci ilin oktyabrında Laçın "dəhlizi"ndə erməni silahlı birləşmələrini bomba, raket atəşinə tutmuş, Ermənistan ərazisindəki elektrik stansiyasına zərbə endirmişdilər. O zaman Ermənistanın döyüş təyyarələri olmadığından Azərbaycan aviasiyasına havadan müqavimət göstərilmirdi. Lakin keçmiş sovet ordusunun erməniləri texnika və aviasiya mütəxəssisləri ilə təmin etməsi nəticəsində Ermənistanda havadan müdafiə sistemi yaradıldı. Burada mövcud olan zenit qurğularına daha təkmil silahlar əlavə olundu. Bunlardan "Oka" və "Kruq" tipli zenit-raket komplekslərinin tətbiqi özünü Azərbaycan aviasiyasının itkilərində göstərdi. 1993-cü il yanvarın 15-də Ermənistan HHM-i Azərbaycanın "MiQ-21" təyyarəsini vurdu.

1993-cü ilin fevralında ermənilər Ağdərə rayonunda hücuma başladılar. Qalın qar örtüyünə bürünmüş ərazidə Azərbaycan tankları və piyada qoşunların döyüş maşınları lazımınca fəaliyyət göstərə bilmirdilər. Ermənilər isə əksinə, keçmiş sovet texnikası ilə yaxşı silahlandıqları üçün daha asan hücum üstünlüyünə malik idilər. Erməni silahlı dəstələri tezliklə Sərsəng su anbarını ələ keçirdilər və bununla da Kəlbəcər yolunu bağlamış oldular. Bundan əlavə, Azərbaycan Ordusunun 2-ci korpusu geriyə sıxışdırılaraq, Ermənistanla Qarabağı ayıran dağ aşırımını (3700 metr yüksəkliyi) tərk etməli oldu. 

Martın ortalarında Azərbaycan Ordusunun Ağdərəyə əks hücum cəhdi baş tutmadı. Martın 25-də isə Kəlbəcər əməliyyatı başlandı. Kəlbəcər əməliyyatında əsas qüvvə Ermənistan tərəfindən idi. Dağlıq Qarabağ separatçılarının bu döyüşdə iştirakı çox cüzi idi. Kəlbəcər əməliyyatı Ermənistanla Azərbaycan arasında  açıq müharibənin başlanması demək idi. O zamankı Azərbaycan rəhbərləri hərbi-siyasi məsələlərdə tam naşılığını nümayiş etdirdi, yaranmış situasiyadan istifadə etməyi bacarmadı.

Əməliyyat nəticəsində Azərbaycan-Ermənistan sərhədinin təxminən yarısını ermənilər nəzarət altına aldılar, bununla da Ermənistandan Qarabağa özləri üçün ikinci yol açdılar. Məhz həmin vaxtlarda ermənilər özlərini tam sərbəst və cəzadan uzaq hiss edirdilər. Tezliklə Şuşa, sonra isə DQMV ətrafındakı rayonlar işğal olundu. Ermənilər işğal etdikləri Azərbaycan rayonları hesabına özləri üçün "təhlükəsiz zona" ("bufer zonası") yaratdılar...

Bu gün biz tam əminliklə deyə bilərik ki, 1991-1994-cü illərin Qarabağ müharibəsində müvəqqəti uğursuzluğa baxmayaraq, Azərbaycan aviatorları vətənin müdafiəsi uğrunda şərəflə döyüşmüş, düşmənin infrastrukturuna ağır zərbə endirərək, Azərbaycana qarşı yönəlmiş erməni hərbi-strateji planları əhəmiyyətli dərəcədə heçə endirmişdir. Digər tərəfdən, birinci Qarabağ müharibəsində cəsur aviatorlarımızın səyi nəticəsində Azərbaycan hərbi aviasiyasının "bünövrəsi" qoyulmuş, bu gün dünyada qüdrətli silaha çevrilən Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasına və inkişafına layiqincə kömək etmişdir...

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda Silahlı Qüvvələrinin maddi-texniki imkanları yüksək və ən çox döyüş təyyarəsi olan ölkə sayılır. HHQ-nin aeroparkında "AeroL-29", "AeroL-39" təlim-hücumçu, müxtəlif təyinatlı "MiQ-21", "MiQ-25", "MiQ-29", "Su-17", "Su-24", "Su-25", "İl-76", "An-24", "An-12", "Tu-134A", "Tu-16", Pakistan istehsalı olan "JF-17" döyüş təyyarələri, "Mi-2", "Mi-6", "Mi-8", "Mi-24", "Mi-35M" markalı helikopterlər, həmçinin dünyanın tanınmış şirkətlərinin ("Aerostar", "Orbiter") istehsalı olan pilotsuz uçan aparatlar var.

Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (İPAP) çərçivəsində N.Z.Tağıyev qəsəbəsindəki hərbi aerodrom modernləşdirilib. Eyni zamanda, hərbi aerodromlarda uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə xüsusi avadanlıqlar quraşdırılıb, texniki təminat binaları yenidən tikilib və təmir olunub.

Azərbaycan HHQ-nin pilotları MDB məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Ukrayna, ABŞ və digər ölkələrdə müvafiq ixtisasartırma kursları və təlimlər keçirlər.

 

Yusif KƏRİMOV,

əməkdar jurnalist



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM